Nurəddin RÜSTƏMOV / EV SAHİBİ

    PDF faylını alÇapE-poçt

      Share

           Atalarımızın dediyi bir söz var: “Qonaq Allah qonağıdır, gələndə bərəkəti özü ilə gəlir”. Bu hikmətli sözün mənası olduqca dərindir. 

           Çünki hər bir insan bu dünyanın müvəqqəti qonağıdır. Ona görə də dünya bizim müvəqqəti sığınacaq yerimiz sayılır. Ona görə ki, insanın bu dünyaya gəlişi kimi, gedişi də var. Demək olar ki, müvəqqəti həyat qanunları hər kəs üçün eynidir. Həyatda insanların yaşam tərzi isə bir-birindən çox fərqlidir. Kimisi sadə, kimisi əyləncəli həyat tərzi sürür. Bəziləri də səmimi bir qəlblə Allaha inanaraq əbədi həyat deyilən cənnət sevdası ilə yaşayırlar. Bu dünya evində bir-birindən fəqrli saysız-hesabsız insanlar yaşayır. Hamısı da bu dünyanın qonağıdır. Biz də bu dünyanın içində bir dünya qururuq. Özümüzə dost-tanış qazanırıq. Hərdən vaxt tapanda dostlarımızı evimizə qonaq çağırırıq. Ara-sıra biz də onların evində qonaq oluruq. Dost evində qonaq olmaq məsuliyyətini dərk edərək şərəf və ləyaqətimizi dostumuza göstəririk. Əgər hər hansı bir səhv hərəkətimiz olarsa, dost bizdən inciyə bilər və bizim üçün o evdə sonuncu qonaqlıq olar. Bundan sonra o, heç vaxt ikinci dəfə dost deyib üzümüzə qapı açmaz. Bu, həyatın praktik tərəfidir. Həqiqətlərlə üz-üzə olduğumuz üçün ağı qaradan seçirik. Dostumuzu, düşmənimizi yaxşı tanıyırıq.  Bu həyatın gerçək tərəfi də odur ki, yuxarıda qeyd etdiyimiz kimi, biz də bu dünyanın qonağıyıq. Hər zaman bizdən yüksəklikdə dayanan bir ev sahibi var. Bu dünyanın naz-nemətindən bizə süfrə açan rəhmət və mərhəmət sifətini bizdən əsirgəməyən Allahın bizim üçün xəlq etdiyi dünya adlı evindəyik. Bu dünyada bizə ev sahibliyi edən Allah, görəsən, hansı qullarını daha çox sevir?

           Əslində biz bu sualın cavabını özümüzdə axtarsaq, Allahın ən çox sevdiyi qullarını müəyyənləşdirə bilərik. Sözsüz ki, Allahın bu dünyada ən çox sevdiyi bəndələr müsəlmanlardır. Çünki müsəlman Allah varlığına inanıb Muhəmmədin (s.ə.s) həyat tərzini yaşayan insandır.

           Biz özümüz də yalan və xəyanətdən uzaq və hər halı ilə bizə sadiq qalan insan görəndə o  insanı ən yaxın dostumuz sayırıq. Hər zaman bu cür insanları evimizdə qonaq görməyi çox istəyirik. Allah da öz qulunu müsəlman olaraq görəndə çox sevinir. Çünki müsəlman olmaq Allahın insanlar üzərindəki ən vacib haqqıdır. Hətta bu, birbaşa ev sahibinin qonağından tələbidir. Necə ki, Allah Rəsulu hər anı ilə Allahın əmrinə tabe idisə, daim Yaradanın qulluğunda hazır idisə, müsəlman da onun kimi olmalıdır. Hal və hərəkəti ilə Ona bənzəməlidir. Əgər sən də qonaq olaraq özünü bu hörmətə layiq görmək istəyirsənsə, qəlbini imanla təmizlə və şərəfinlə bu evdə qonağa layiq insan ol.

           Bu evin hər yanı Quran ayələri ilə bəzənib. Hər sözdə bir hikmət və hər bir cümlədə isə ibrətlərlə dolu ayələr yazılıb. Görən gözlərin  sadəcə başını qaldırıb bu yazıları oxuması lazımdır ki, həqiqəti anlasın. Qurani-Kərimdə buyurulan bu ayənin0 “Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.” (İnsan, 2) həqiqətini dərk etsin ki, bu dünya evində onu imtahana çəkirlər. Həmçinin bu ayə ev sahibinin insanlara xəbərdarlığıdır. Əzabla qarşılaşanda bilmədim, görmədim, eşitmədim, deməyə heç kimin haqqı yoxdur.

           Dünya evi o qədər genişdir ki, onun sonsuzluğuna gedib çıxmaq olmur. Bu evdə o qədər sirli qapılar var ki, bu haqda biz çox şeyi bilmirik. Sadəcə Quran və hədisi-şəriflərin buyurduğu kimi yaşayan insanın cənnətlik və ya cəhənnəmlik olacağı bizə bildirilib.  Bu iki yerə aparan yolları yaxşı tanıyırıq. Hələ ki, seçim bizdədir. Cəhənnəm üçün fərq etməz, atəş hər şeyi yandırar. Cənnət isə müsəlman olaraq şərəf və ləyaqətlərini qoruyan insanları səbrsizliklə gözləyir. Çünki ora girən insanlar əzəli və əbədi ev sahibi olan Rəhmanın ən gözəl bəndələridir.

      • Hits: 1091 clicks

      Tecox component by www.teglo.info