MÜSAHİBƏ / İNSANLARA YARDIM ETMƏNİN SEVİNCİNİ YAŞADIQ

    PDF faylını alÇapE-poçt

      Share

           İrfan jurnalı: Namiq bəy, Tanzaniyada həyata keçirdiyiniz xeyriyyəçilik fəaliyyətiniz ölkə mətbuatında kifayət qədər işıqlandırıldı. İndi isə birbaşa özünüzdən eşidək, nə idi bu fəaliyyətin əsas məqsədi?

           Namiq Sərdarov: Əvvəlcə həyata keçirmiş olduğumuz “Qafqazlardan Afrikaya Yardım Əli, Türkiyə - Azərbaycan Əməkdaşlığı Çərçivəsində Tanzaniyada Göz Əməliyyatı” layihəsini İrfan jurnalında işıqlandırıb Azərbaycan cəmiyyətinə bu nəcib fəaliyyət haqqında məlumat verdiyiniz  üçün sizə və jurnal kollektivinə öz təşəkkürümü bildirirəm. Bu layihə Azərbaycan Respublikası “Gəncliyə Yardım Fondu”, “TİKA”-nın Bakı Koordinatorluğu, Türkiyənin “Yer Yüzü Doktorları”, Azərbaycan Respublikası Prezidenti yanında “QHT-lərə Dövlət Dəstəyi Şurası” və Tanzaniyada fəaliyyət göstərən “Rehama” təşkilatı tərəfindən birgə həyata keçirildi.

           Layihə 15-22 fevral tarixləri arasında Şərqi Afrika ölkəsi olan Tanzaniyanın keçmiş paytaxtı Darüssalam şəhərinin yaxınlığında yerləşən Mukranqa qəsəbəsində icra olundu. Layihəyə Azərbaycandan üç, Türkiyədən isə iki oftalmoloq həkim könüllü olaraq cəlb edildi. Layihə çərçivəsində həkimlərimiz tərəfindən 550 insanın gözü müayinə edildi və 54 xəstənin gözündə katarakt əməliyyatı həyata keçirildi. Görmə qabiliyyəti zəif olan 163 xəstəyə isə eynəklər hədiyyə olundu.

           Bundan əlavə azərbaycanlı xeyriyyəçilər tərəfindən qazdırılan, Azərbaycanın tanınmış mütəfəkkiri və din alimi olan Seyyid Yəhya Şirvaninin adına bir su quyusunun  açılışında iştirak etdik. Bayram əhval-ruhiyyəsində təşkil olunan  su quyusunun açılış mərsinində yerli xalqın sevinc göz yaşlarını və əllərində dalğalandırdıqları Azərbaycan bayraqlarını sevinc və qürurla seyr etdik. Qarşılaşdığım bu mənzərədən sonra düşündüm ki, insan həyatında suyun nə qədər qiymətli, nə qədər dəyərli olduğunu anlamaq üçün  insanın Afrika coğrafiyasını görməsi şərtdir.

           - Nə üçün bu layihə məhz Tanzaniyada həyata keçirildi?

           - Əslində Afrika coğrafiyasında yaşayan insanlar zənginliklər içərisində yoxsulluğu yaşamağa məhkum ediliblər. Çünki bir çox Afrika ölkəsi yeraltı və yerüstü təbii zənginliyə sahibdir. Lakin uzun illər Avropa ölkələri bu coğrafiyanın bütün sərvətini öz mənfəətləri üçün istifadə edərək yerli xalqı kölələşdirmək surətiylə istədikləri kimi idarə ediblər. Bu gün Tanzaniyanın durumuna nəzər ettiyimiz zaman bunu bariz şəkildə görmək mümkündür. Tanzaniya dünyanın ən az inkişaf etmiş 40 ölkəsindən biridir. Adam başına düşən illik gəlir 1.413 dollardır. Ölkə əhalisinin sadəcə 22 %-i elektrik enerjisi ilə təchiz olunur. Bu baxımdan Tanzaniyada bu cür layihələrin həyata keçirilməsinə ciddi ehtiyac var.

           - Lahiyənin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

           - Həyata keçirmiş olduğumuz bu layihənin bir çox yönləri ilə ciddi əhəmiyyətə malik olduğu düşüncəsindəyəm.

           1. Bu layihə sayəsində ağır şərtlər altında yaşayan, maddi imkansızlıq səbəbi ilə ən zəruri sağlıq ehtiyacını təmin edə bilməyən insanların sağlıq problemi qismən həll olundu.

           2. Azərbaycanla Türkiyə iki dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və sosial sahələrdə bir çox əməkdaşlıqlar mövcuddur. Və bu günə qədər  bu iki ölkə arasında bir çox sahədə beynəlxalq səviyyəli, dünya və Avropa ölkələri üçün stratejik əhəmiyyətə malik layihələr həyata keçirilib. Lakin bu iki ölkə QHT-ləri arasında əməkdaşlıq və birgə layihələrin icra olunması arzuolunan səviyyədə deyil. Bizim icra etmiş olduğumuz layihə bu yönüylə olduqca mühüm əhəmiyyətə malikdir.

           3. İcra olunan bu cür humanitar layihələr xalqımızın tarixi köklərində, milli mədəniyyətində və adət-ənənəsində var olan, fəqət günümüzdə unudulan, möhtaclara əl tutmaq, kimsəsizlərə arxa durmaq və çarəsizlərə dayaq olma duyğusunu yenidən canlanacaq və bu həyat tərzinin cəmiyyətimizdə yenidən formalaşmasına yardımçı olacaqdır.

           4. Doxsanıncı illərin əvvəlində başqa ölkələrdən yardım alaraq ayaqda durmağa çalışan ölkəmiz bu gün başqa ölkələrdə həyata keçirdiyi bu cür sosial və humanitar tipli layihələrlə artıq yardım alan ölkə deyil, yardım edən ölkə statusuna yüksəldiyini dünya ictimaiyyətinə sübut etməkdədir.

           İcra etmiş olduğumuz bu layihədə əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirir və gələcəkdə də buna bənzər layihələrin həyata keçirilməsi ümidi ilə sizlərlə vidalaşıram.

           İrfan jurnalı: Bəhruz bəy, səhv etmiriksə, Afrikada ilk dəfə olurdunuz. Bizim üçün o bölgəni necə xülasə edərdiniz?

           Bəhruz Quliyev: Bəli, mən ilk dəfə olmağıma baxmayaraq Afrika barəsində çox oxumuşdum. Ancaq ən həyəcanlı olanı Rəbbimizin o torpaqlarda sərgilədiyi böyük kainat kitabının kiçik bir səhifəsini oxumaq idi. Fərqli rəngdə insanlar, onların danışıq dilləri, bitki örtüyü, okean, heyvanlar, hətta  torpağın rəngi də başqa idi. Uzun sözün qısası, Afrika mənim üçün bir zikr ziyafəti oldu.

           - Tibbi baxımdan məhrumiyyətlərin olduğu bir yerdə bu kimi fəaliyyətinizdə hansı çətinliklərlə üzləşdiniz?

           - Niyyət xeyriyyəçilik olduqdan sonra çətinliklər haqda düşünmürsən. Siz bu sualı verəndə öz-özümə fikirləşməyə başladım ki, görəsən hansı çətinlikləri çəkdik? Çətinlık çəkdiyimizi dilə gətirsəm, düşünürəm ki, bu işlərdən aldığım həzzə xələl gələr. Yeganə çətinlik bizim təşkilati işlərdə bəzi unutduğumuz məqamlarda idi. Onları da tezliklə aradan qaldırdıq. 

           - Tanzaniyada neçə gün qaldınız və bu günlər ərzində konkret nə kimi fəaliyyətiniz oldu?

           - Afrikada 8 gün olduq. Ən həyəcanlı anlar Seyyid Yəhya Şirvani adına su quyusunun açılışı və Tanzaniyyanın sabiq prezidentini müayinə etdiyim səhnə oldu. Ayrı-ayrı növlərdə 54 əməliyyat həyata keçirdik. Böyüklü-kiçikli 560-dan çox ambulator pasiyentimiz oldu.

           - Sizcə bu kampaniyanın əsas əhəmiyyəti nədən ibarətdir?

           - Kampaniyamızın ana istiqamətlərini 3 yerə bölmək olar. Sıralamada yanıla bilərəm, ancaq deyəcəyəm: İslam,dövlət və axirət.

           İslam- oradakı insanlara dinimizin gözəlliyini göstərmək. Müsəlman qardaşlarımıza onların tək olmadığını və dinlərinə daha bərk sarılmalarını xatırlatmaq.

           Dövlət- dövlətlərimizin, türkün  insansevər, xeyirsevər olduğunu göstərmək.Onun bayrağını, dilini nümayiş etdirmək.

           Axirət-  Səmimi desəm, mənim əsas dərdim elə budur. Axirət üçün nə isə toplamaq. Ayrılarkən bir daha oralara getməyi arzuladım. İndiki zamanda ən çox axirət azuqəsi məncə Afrikadadır.

           İrfan jurnalı: İmran bəy, səfər barədə nə deyə bilərsiniz?

           İmran Cərullazadə: Bu, mənim Afrikaya ilk səfərim idi. Bütün Afrikadan danışmaq düzgün olmaz, çünki biz ancaq Tanzaniyada olduq. Oradakı insanların yaşayış tərzi çox aşağı səviyyədədir. Onların tibbi köməkdən məhrum olması böyük bir problemdir. Oralarda olan xəstələri Azərbaycanda görmək mümkün deyil. Bizim xəstələrimizin demək olar ki, hamısı özləri həkimə gəlirlər. Amma Tanzaniyada əməliyyat olunan xəstələrin 80-90% ancaq işığı qaranlıqdan ayıra bilirdilər və illər uzunu evdən bayıra çıxa bilməmişdilər. Tibbi yardımdan məhrum olmaqdan da böyük problemləri də vardı. Təsəvvür edin ki, insan bir vedrə su üçün gündə evdən 10 km. uzaqda olan quyuya gedib qayıtmalıdır.

           - Qeyd etdiyiniz şəraitdə tibbi baxımdan məhrumiyyətlərin olduğu yerdə bu kimi fəaliyyətinizdə hansı çətinliklərlə üzləşdiniz?

           - Çətinliklər bundan ibarət idi ki, xəstələr xəstəliyin ən son formasında gəlirdilər. Tibbi yardımdan məhrum olmalarına görə demək olar ki, xəstələrin əksəriyyəti özləri gəzə bilmirdilər. Onları qohumları va ya kənddəki qonşuları gətirirdilər. İnsanıar bütün günü evdə oturub korluqdan əziyyət çəkirlər. Əməliyyatdan sonrakı gün isə öz ayaqları ilə evlərinə sərbəst gedirdilər.

           - Sizin sahənizə aid ən çox hansı xəstəlikdən əziyyət çəkirdilər?

           - Əksəriyyəti katarakt idi, 2 ci yerdə qlaukoma gəlirdi. Bir nəfəri isə pterigiumin əleyhinə əməliyyat etdik.

           - Ayrılarkən hansı təəssüratlarla ayrıldınız?

           - Bilirsiniz ki, dinimizdə yoxsullara və nədənsə əziyyət çəkənlərə kömək etmək ən böyük savab işlərdən biri sayılır, biz də öz borcumuzu səmimiyyətlə həyata keçirdik. Hər bir insanın həyatında elə anlar olur ki, o, başqalarına kömək etmək istəyir. Bu səfəri təşkil edənlərə təşəkkür edirəm ki, bizi belə bir xeyriyyə işinə ortaq etdilər

           İrfan jurnalı: Qoşqar bəy, yəqin sizin də Afrikaya ilk səfəriniz idi. İlk növbədə nələri vurulamaq istərdiniz?

           Qoşqar Məmmədov: İlk dəfə idi ki, Afrika qitəsində bir ölkədə olurdum. Sözün düzü, o bölgənin vəziyyəti haqda kitablardan, jurnallardan, internetdən az da olsa təsəvvürüm var idi, ancaq öz gözlərimlə tanış olduqda vəziyyətin düşündüyümüzdən daha da acınacaqlı olduğunun şahidi oldum. Bizim Tanzaniyada olduğumuz şəhər, yəni Darussalam şəhəri ölkənin paytaxtdan sonrakı ən inkişaf etmiş şəhəri sayılsa da, ordaki məhrumiyyətləri sayıb qurtarmaq mümkün deyil. Bizim fəaliyyət göstərdiyimiz Tibbi Mərkəz Darussalam yaxınlığındakı Mkuranqa bölgəsində yerləşir və bu mərkəz ərazi üzrə bəlkə də yeganə xəstəxana olmasına baxmayaraq həddən artıq çatışmazlıqlarla qarşılaşdıq. Həm xəstəxananın durumu, həm maddi çatışmazlıqlar, həm anti-sanitariya qaydalarına əhəmiyyət verilməməklə qarşılaşmaq və həm də oradakı əməkdaşların aşağı təhsil səviyyəsi ilə də olsa əhaliyə xidmət etmək məcburiyyətində qaldığını görmək ağır idi.

           - Belə bir xeyriyyəçilik fəaliyyətində hansı hissləri yaşadınız?

           - Mən daha əvvəllər də xeyriyyə kampaniyalarında iştirak etmişdim, amma Afrikaya ilk dəfə idi gedirdim. Orada o insanları görəndə keçirdiyimiz hissləri sözlə ifadə eləmək çox çətindir. Sadəcə onu deyə bilərəm ki, susuzluqdan əziyyət çəkən insanları suya qovuşdurmaq və bu yardımlarla sevindirmək, üzlərini güldürmək, o insanların əməliyyatdan sonra gözlərinin görməsinə necə sevindiklərinin şahidi olmaq bizə də hədsiz sevinc hissi yaşatdı.

           - Yorulmadınız ki?

           - Düşünmürəm ki, etdiyimiz hər hansı bir yaxşılığın sevinci bizdə yorğunluq hissi saxlasın. Ağır şərtlər altında da olsa, bu fəaliyyətimizi uğurla başa vurmaq bizim üçün çox önəmli idi və əlhamdulillah, bu yardımımızı uğurla həyata keçirdik.

           - Bildiyimizə görə bu sahədə hələ yeni addımlar atırsınız. Tanzaniyada yaşadığınız təcrübə sizin üçün nə ifadə edir?

           - Əlbəttə, bu kampaniyada iştirak etmək mənim üçün təcrübi olaraq da çox əhəmiyyətli oldu. Bu işdə mənə yardım etdiklərinə görə bütün həkim heyyətimizə öz təşəkkürümü bildirirəm. Bu gözəl xeyriyyə yardımında haqqı keçən hər kəsə təşəkkür edirəm və Allahdan bu kimi işlər görməkdə bizə və bunu istəyən hər kəsə yardım etməsini diləyirəm.

      • Hits: 1073 clicks

      Tecox component by www.teglo.info