Home Arxiv 2014 № 89 Aprel Osman Nuri TOPBAŞ / HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Cəfəri-Sadiq q.s -3-


    Osman Nuri TOPBAŞ / HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Cəfəri-Sadiq q.s -3-

    PDF faylını alÇapE-poçt

      Share

           Cəfəri-Sadiq həzrətləri buyurur:

           “Rəsulullah r -in zahirində yaşayan kəs sünnidir. Onun (həm zahir həm də) batinində yaşayan kəs isə sufidir.”[1]

           [İnsan oğlunun yaradılışdan gələn iki tərəfi var:

           1) Turabi, yəni torpaqdan yaradılmış cismani tərəfi.

           2) Ruhi, yəni dəruni və qəlbi tərəfi.

           İnsan oğlu ruhi və cismani quruluşdan ibarət olduğu kimi ilahi əmr və qadağalar da insanın həm zahirini, həm də batinini tənzimləyir.

           Məqbul qulluq həyatı üçün bədən və ruh, ağıl və qəlb, maddə və məna daim ahəng içində olmalıdır. Çünki bədənsiz namaz qıla, oruc tuta bilmərik. Xeyirli və saleh əməllər işləyə bilmərik. Lakin bədən insanın əsas varlığı deyil. Bədən bir növ ruhun libası kimidir. Ona görə də bədənin hökmü ölümlə sona çatır.

          Düşündüyümuz zaman iki qapılı karvansaraya bənzəyən bu dünya Hz. Adəm u -dən bugünə qədər saysız-hesabsız insanın gəlişi ilə bir qapıdan dolub, digərindən boşalıb. Torpaqdan yaranan insanın təkrar torpağa qayıdışı ilə taşanan bu dövriyyə qiyamətə qədər davam edəcəkdir. Üstündə gəzdiyimiz yer üzü bir tərəfdən dünyaya gələcək bütün insanların mayasını/nüvəsini özündə saxlayarkən, digər tərəfdən də bu günə qədər gəlib-keçmiş milyardlarla unsanın torpağa dönmüş cəsədləri ilə doludur… Sanki üst-üstə düşən milyardlarla kölgə kimidir… Sabah biz də toprağın qoynuna girərək bu qaranlıq kölgənin içində yerimizi tutacağıq. Ondan sonra isə əbədi həyat başlayacaq.

           Məhz həmin əbədiyyət səfərində bizə cismani gücümüz və gözəlliyimiz yox, qəlbi gözəlliyimiz və bunun isbatı olan saleh əməllərimizdir.

           Ona görə də Mövlana həzrətləri belə nəsihət edir:

           “Vücudunu həddən artıq bəsləməyə çalışma! Çünki o, sonunda torpağa veriləcək qurbandır. Sən könlünü feyz bulaqlarından doldurmağa bax. Çünki ucalara gedəcək və şərəflənəcək olan odur…

           Ruhuna mənəvi qidalar ver. Kamil düşüncə, incə anlayış və ruhi qidalarla bəslə ki, gedəcəyi yerə gülcü və qüvvətli getsin!”.

           Əslində bu fani imtahan dünyasına göndərilməyimizdən məqsəd də nəfsani ehtirasları kənarlaşdıraraq mənən təmizlənmiş səlim bir qəlb ilə Rəbbimizin hüzuruna qayıda bilməkdir. İnsanın bu qayətə çatması üçün Allah-Təala ilahi kitablar, peyğəmbərlər və mürşidi-kamillər lütf etmişdir. 

           Uca Allah bu lütfünün ən mükəmməlini isə insanlıqda təcəlli edən ilahi sənətin ən müstəsna xariqəsi olan Həbibi-Əkrəm r -in misilsiz nümunəvi şəxsiyyətində sərgiləmişdir.

           Hidayət rəhbərimiz Qurani-Kərimin canlı təfsirindən ibarət olan nəbəvi həyat Rəbbimizin biz qullarından istədiyi “kamil insan” modelinin ideal nümunəsidir.

           Fəqət Cəfəri-Sadiq həzrətlərinin də işarə etdiyi kimi, Allah Rəsulunu özümüzə rəhbər seçərkən onu yalnız şəkli və zahiri tərəfi ilə deyil, bununla yanaşı ruhi, dəruni və əxlaqi tərəfi ilə də gücümüz çatdığı qədər nümunə götürməliyik. Əks təqdirdə sanki bir qanadlar uçmağa çalışan quş kimi qulluğumuz da Haqqın rizasına vüslət yolunda nöqsanlı qalar.

           Bu baxımdan Rəsulullah r -i söz, fel və davranışları etibarilə tanımaq qədər Onun könül dünyası ilə də yaxından tanışlıq zəruridir. Bu isə Allah Rəsulunu

           - Daim axirəti seçməsi,

           - Zöhd və riyazəti,

           - İxlas və təqvası,

           - Ehsan və müraqibə həssaslığı,

           - İbadətlərdəki xüşu halı,

           - İlahi qüdrət və əzəmət təcəlliləri karşısında Allah qorxusu, acizlik, heçlik hissiyatı və dərin təfəkkürü,

           - Bəşəri davranışlarda müstəsna nəzakət, zəriflik, ədəb və həyası,

           - Bütün məxluqata qarşı geniş şəfqət və mərhəməti,

           - Misli görülməmiş comərdlik, fədakarlıq və qayğıkeşliyi kimi, bütün örnək halları və əxlaqı cəhətiylə də tanımaq deməkdir.

           Təsəvvüfi tərbiyənin əsasını Hz. Peyğəmbərin zahiri və batini bütün hal və hərəkətlərində bütünləşmə cəhdi təşkil edr. Rəsulullahın halı ilə həmhal olmaq, əxlaqıyla əxlaqlanmaq üçün Onun sünnələri dəqiqliklə riayət etməklə yanaşı qəlbi keyfiyyətlərindən də faydalanmağa çalışmaqdır. Bu sayədə dini şəriət, təriqət, həqiqətmərifət kamilliyi ilə idrak edib yaşamağa cəhd göstərməkdir.

           Dini dərk edib yaşamaq xüsusundakı bu qəlbi dərinlik fərqini məşhur misalla xülasə edə bilərik:

           * Şəriətdə doyandan sonra yemək israfdır.

           Təriqətdə doyana qədər yemək israfdır.

           Həqiqətdə kifayət miqdarını Allahın hüzurundan qafil olaraq yemək israfdır.

           Mərifətdə isə bütün bunlara əlavə olaraq nümətlərdəki ilahi təcəlliləri idrak etmədən yemək israfdır. Çünki Allah-Təalanın yaratdığı hər varlıq Onun sonsuz qüdrət və əzəmətinin dəlili mahiyyətindədir.

           Məhz təsəvvüf Hz. Peyğəmbərin nümunəvi əxlaqından və könül aləmindən əks edən bu kimi qəlbi həssaslıqları və təfəkkür dərinliyini bütün qulluq həyatına nəqş edə bilmə cəhdindən ibarətdir.

           Haqq-Təala Həbibi-Əkrəm r -i “misilsiz nümunəvi şəxsiyyət” olaraq qiyamətə qədər gələcək bütün insanlığa ərməğan etmişdir. Xüsusilə zəmanəmizdə Rəsulullahın nümunəvi şəxsiyyət və xarakteri ilə birlikdə qəlbi həssaslığını da bütün ehtişamı ilə idrak etməyə möhtacıq. Aləmlərə rəhmət olaraq göndərilən Allah Rəsulunun müsəlman və ya qeyri-müsəlman, canlı və ya cansız bütün məxluqata şamil olan mərhəmət duyğusunu bu gün daha çox idrak etmək məcburiyyətindəyik.

           Kainatın iftixar qaynağı Rəsulullah r-ın acından qarnına daş bağladığı zamanlar olardı, günlərlə evində ocaq yanmaz, yemək tapılmazdı. Lakin əlinə dünya malı düşən kimi –borcu varsa, onu ödəmək üçün ayırdığı xaric- özü üçün heç nə saxlamazdı. Özü möhtac olsa da israrla nəyi varsa, möhtaclara infaq edərdi. Bu hal Rəsulullah r üçün misilsiz ləzzət idi. Əshabının ehtiyacını təmin etmədən özünün və ailəsinin ehtiyacını düşünməzdi. Hər halda “əvvəlvə ümmətim” deyər, ümməti hüzura qovuşmadan rahatlıq tapmazdı.

           Qeyd edəcəyimiz hadisə bu nəbəvi həssasiyyətin necə də gözəl nümunəsidir:

           Səhabədən Əbu Hüreyrə t bir gün çox acmış, yeməyə heç nə tapmadığı üçün də qarnına daş bağlamışdı. Belə bir vəziyyətdə Hz. Əbu Bəkrlə qarşılaşdı və onu doyduracağını ümid edərək bir ayə haqqında sual verdi. Həzrət Əbu Bəkr isə suala cavab verdikdən sonra getdi. Daha sonra Hz. Ömər gəldi. O da eyni cür rəftar etdi. Çünki o anda heç birinin imkanı yox idi. Bu zaman Allah Rəsulu r Əbu Hüreyrəni gördü və qəlbindən keçəni üzündən oxuyaraq onu evinə dəvət etdi.

           Rəsulullahın evinə bir az süd gətirmişdilər. Əbu Hüreyrə südü görüb sevindi. Lakin Allah Rəsulu Əbu Hüreyrəyə Suffə əshabını çağırmağı əmr etdi. Suffə əshabı özünü tamamilə İslamı öyrənməyə həsr etdiyi üçün dünyalıq qazanmaqla məşğul olmayan kasıb səhabələrdi.

           Allah Rəsulunun Suffə əshabını dəvət etməsi Əbu Hüreyrənin o qədər də xoşuna gəlmədi. Çünki içəcəkləri süd onlara kifayət etməyəcəkdi. Lakin Allah Rəsulunun əmrinə itaətsizlik də olmazdı. Bu düşüncə ilə dərhal gedib Suffə əshabını dəvət etdi.

           Rəsulullah Əbu Hüreyrəyə tapşırdı ki, südü bir-bir bütün Suffə əshabına təqdim etsin. Qabı əlinə alan hər səhabə doyunca süddən içdikdən sonra Əbu Hüreyrəyə verdi. Bütün Suffə əshabı içdikdən sonra Əbu Hüreyrə t qabı Rəsulullah r-ə uzatdı. Allah Rəsulu əlinə aldığı qabı Əbu Hüreyrəyə verərək:

           “– Otur, iç!”,- buyurdu. O da oturub doyunca içdi. Nə zaman qabı Rəsulullaha vermək istəsə, təkrar:

           “– Otur, iç!”,-  buyurdu. Nəhayət, Əbu Hüreyrə t:

           “– Xeyr, Səni haqq peyğəmbər olaraq göndərən Allaha and olsun ki, artıq içəcək yerim qalmadı”,- dedi. Nəhayət Rəsulullah r qabı əlinə götürdü, Allaha həmd etdi, bismillah deyərək qalan südü içdi.” (Bax. Buxari, Riqaq, 17)

           Məhz Allah Rəsulunun könül iqlimindən hissə alan Peyğəmbər aşiqləri də yer üzündə üşüyən möminlər var olduqca isinə bilməyən, qonşuları ac ikən tox yata bilməyən, din qardaşlarının iztirabı ilə kədərlənən, özünü məzluma, qəribə, yetimə və kimsəsizə zamin bilən və könüllərini bir rəhmət dərgahı halına gətirmiş olan ali ruhlardır.

           Görəsən, bizim könül dünyamız bu qəlbi duyğulardan nə qədər nəsib almışdır? Bu nəbəvi həssas ölçülər vicdanlarımıza nə qədər tanış gəlir? Ağır iztirablar içində qıvrılsa da yüksək həya, iffət və heysiyyəti səbəbilə heç kimə ehtiyacını ərz edə bilməyən qəlbiqırıq din qardaşlarımızı simasından tanıya biləcək könül gözünə sahibikmi? “Əvvəlcə nəfsim” demək yerinə, “əvvəlcə din qardaşım” deyə biləcək qayğıkeş ruha sahibikmi?..

           Allah-Təala əziz Peyğəmbərini bizə belə təqdim edir:

           “Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə qarşı rauf (şəfqətli), rəhimdir (mərhəmətlidir)!” (Tövbə, 128)

           Yəni Uca Rəbbimiz Rəsulunun ümmətinə olan məhəbbət və düşkünlüyünü özünə aid iki böyük sifət olan “rauf”“rəhim” ilə ifadə edir. Zira Allah Rəsulu şəfqətli bir ananın övladına olan məhəbbət və mərhəmətindən daha çoxunu ümməti üçün his sedirdi. Bunun saysız-hesabsız nümunələrini dəfələrlə həyatında göstərmişdir.

           Bir səfərə gedəndə ordunun ən önündə irəliləyərək ümmətinə düçar ola biləcək əziyyət və məşəqqətlərə əvvəlcə özü sinə gərmək istəyir, geri qayıdarkən də ən arxadan gələrək yaralı və kədərli müsəlmanlara kömək edir, onların dərdlərinə şərik olaraq təsəlli verirdi.

           Həmçinin o Rəhmət Peyğəmbəri r:

          “Mən hər möminə öz nəfsindən daha yaxınam. Bir adam ödlüyü zaman malı qalarsa, o mal yaxınlarına aiddir. Lakin borcu və ya yetimləri qalmışsa, həmin borc mənə aiddir, yetimlərə baxmaq da mənim vəzifəmdir”,- buyururdu. (Müslim, Cümə, 43; İbn Macə, Müqəddimə, 7)

           Ömrü boyu ümmətinin yaxşılığı üçün çırpındığı kimi vəfatından sonra da ümmətinin dərdiylə dolu olacağını belə ifadə edirdi:

           “Həyatım sizin üçün xeyirlidir. Başınıza bəzi hadisələr gələr, bunun üzərinə sizə ilahi vəhy və hökmlər nazil olar. Vəfatım da sizin üçün xeyirlidir. Əməlləriniz mənə ərz olunar. Gözəl bir əməl gördüyüm zaman  Allaha həmd edərəm, pis bir əməlinizi gördükdə də sizin üçün Allahdan bağışlanma diləyərəm” (Heysəmi, IX, 24).

          “Diqqətli olun! Mən yaşadığım müddətdə sizin üçün əmin-amanlığa vəsiləyəm. Vəfat etdikdən sonra isə qəbrimdə: “Ya Rəbbi, ümmətim, ümmətim!..”, -deyə-deyə sura üfürülənə qədər nida edəcəyəm…” (Əli əl-Müttəqi, Kənzul-Ummal, c. 14, s. 414)

           Gördüyümüz kimi Allah Rəsulunun ən böyük dərdi ümmətinin səadəti və əbədi qurtuluşu idi. Ömrü boyu olduğu kimi indi də bərzəx aləmində ümmətini dilindən və könlündən düşürməyəb Rəsulullah r-ə eyni eşq və məhəbbətlə cavab verə bilmək Ona ümmət olmaqla şərəflənən hər bir möminin vəfa borcudur.

           Bəs bu xüsusda bizim vəziyyətimiz necədir? Allah Rəsulu qiyamətə qədər qəbrində bizim üçün dua edərkən, bizim arzularımız, istək və hədəflərimiz nə qədər “nəfsi-nəfsi” eqoizmi izhar edir, nə qədər “ümməti-ümməti” qayğısı daşıyır?

           Rəsulullah r –in ümməti üçün etdiyi bir çox duasındakı arzularının gerçəkləşməsi yolunda hansı cəhdləri etdik? Nəbəvi bir arzunun həyata keçməsi uğrunda hansı dünyəvi arzumuzdan üz çevirdik?

          Ümməti-Muhammədin maddi və zahiri ehtiyacları ilə birlikdə mənəvi və imani dərdlərinin nə qədəri ilə maraqlana bildik?

          Millətimizin din, iman və əxlaq sahəsində yaşadığı dəhşətli erroziyanın qarşısını ala bilmək üçün hansı mücadiləni verdik?

          Alla Rəsulu r sevincdə və kədərdə, zəfərdə və məğlubiyyətdə, bolluqda və qıtlıqda daim “əsas həyatın axirət həyatı olduğu”nu vurğulamış və:

          “Allahım, bizi dinimizdə müsibətə düçar etmə! Dünyanı ən böyük düşüncəmiz və qayəmiz, emlimizin çata biləcəyi son nöqtə qılma!...”[2],- deyə dua etmişdir. Bəs bizim dərdlərimizin və təlaşlarımızın əsas ağırlığı dini və uxrəvi məsələlərdir, yoxsa gündəlik dünyəvi təlaşlar və nəfsani ehtiraslardır?..

           Gündəmimizi məşğul edən saysız təlaş və qorxularımız içində “son nəfəs” qorxusu, “axirət” təlaşı və “ümməti-Muhamməd”in dərdləri neçənci sırada yer alır?..

           Unutmayaq ki, Allah Rəsulunun biz ümməti ilə bağlı bütün bəyanları hər birimizə böyük bir məsuliyyət yükləyir. Biz də o “rauf və rəhim” Peyğəmbərə vəfa göstərərək ümmətin dərdini çəkməli, Rəsulullahın gül üzündə bir təbəssüm ola bilmək səyləri ilə çırpınmalıyıq.

           İslam alimləri yer üzünün hansısa bölgəsində zülmə məruz qalan, əsir düşən və ya əzilən din qardaşlarına kömək etməyə gücü çatdığı halda yardım etməyən müsəlmanların böyük günaha batacaqları xüsusunda ittifaq etmişlər.

           Bu gün Myanma, Suriya, Afrika və digər İslam torpaqlarındakı din qardaşlarımızın acınacaqlı halı bizim üçün ilahi imtahan tablosudur!..

           Biz ümmətin dərdiylə dərdlənib Allah Rəsulunun əmanətinə nə qədər sahib çıxa bilərsək, Rəsulullahın mübarək siması da bizim sayəmizdə həmin nisbətdə güləcəkdir. Lakin –Allah qorusun- biz eqoizm bataqlığına düşüb nəfsani didişmələrlə din qardaşlığı hüququnu tapdalayarsaq, bu dəfə də Onun rəqiq və lətif ruhu bizim ucbatımızdan inciyəcək, hüznə qərq olacaq.

           Necə ki, Rəsulullah r qəlbini titrədən bu təlaşı biz ümmətinə xəbərdarlıq edərək belə dilə gətirmişdir:

           “Mən axirətə sizdən əvvəl gedəcəyəm və sizin üçün hazırlıq görəcəyəm, sizin Allah yolundakı xidmətlərinizə şahidlik edəcəyəm. Görüş yerimiz Kövsər hovuzunun yanıdır. Mən hal-hazırda olduğum yerdən Kövsər hovuzunu görürəm. Sizin Allaha şərik qoşmağınızdan qorxmuram. Amma dünya ehtirası ilə bir-birinizi qırmağınızdan qorxuram” (Buxari, Məğazi, 17; Müslim, Fəzail 31).

           Unutmayaq ki, məhşərin o dəhşətli anında Allah Rəsulunun şəfaətinə möhtacıq. Onun bayrağı altında toplaşıb kövsər hovuzunda rahatlıq tapmağa möhtacıq. Yəni Ona yaxın olmaq və Onunla birlikdə olmaq ən həyati zərurətdir.

           Bu yaxınlıq və bərabərliyin yolunu isə Könüllər Sultanı belə müjdələyir:

           “İnsan sevdiyi ilə bərabərdir” (Buxari, Ədəb, 96).

           Lakin bu bərabərliyin həqiqəti hal bərabərliyi, əməl bərabərliyi, əxlaq bərabərliyi, duyğu və fikir bərabərliyi, xülasə, istiqamət bərabərliyidir. Allah Rəsulunun ümmətinə təşnə olmasında Onunla birlikdə olmaqdır. İbadətlərdəki xüşu halında Onunla bərabər olmaqdır. davranışlarındakı nəzakət və zərifliyində Onunla bərabər ola bilməkdir…

           Belə bir bərabərlik olduqdan sonra ən uzaqdakı adam belə yaxın sayılar. Lakin bu bərabərlik yoxdursa, ən yaxındakı belə uzaq sayılar. Yağan ilahi rəhmətdən yalnız nəfsini torpaq kimi qəbuledici hala gətirənlər istifadə edə bilərlər. Lovğalıq, təkəbbür və eqoizm səbəbilə daşlaşmış xam nəfslrə isə eynilə bərk qayalıqlar kimi üzərlərindən axıb gedən yaz yağışının rəhmət damlalarından pay ala bilməzlər.

           Mövlana həzrətləri ilahi rəhmətin iki böyük təcəlligahı olan Qurani-KərimAllah Rəsuluna yaxınlıq və onlardan istifadə xüsusunda insanların vəziyyətini belə təşbeh edir:

           “Günəş quru budağa da, yaş budağa da yaxındır (hər ikisinə işıqlandıran və isidən şüalarını əsirgəməz). Lakin zamanı gəldikdə yetişmiş, ləzzətli və gözəl ətirli meyvələrini yeyəcəyin yaş və təzə budağın günəşə yaxınlığı hara, quru budağın yaxınlığı hara?!

           Quru budaq günəşə yaxın olduğu üçün daha da qurumaqdan (və yandırılacaq odun olmaqdan) başqa nə əldə edə bilər?!”.

           Allah-Təala ayeyi-kərimədə belə buyurur:

           “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.” (əl-İsra, 82)

           Deməli, Qurani-Kərim və Rəsulullaha həqiqi yaxınlığımız yalnız mənəvi istifadəmiz və həmhal olmamız ölçüsündədir.

           Bir gün Allah Rəsulu belə buyurdu:

           - Qardaşlarımızı görməyi çox istədim. Onlar üçün darıxdım!

           Əshabi-kiram:

           - Biz Sənin qardaşların deyilikmi, ya Rəsulallah?,- dedikdə Allah Rəsulu buyurdu:

           - Siz mənim əshabımsınız. Qardaşlarımız isə hələ dünyaya gəlməyənlərdir.

           - Ümmətinizdən hələ dünyaya gəlməyənləri necə tanıyacaqsınız, ey Allahın Rəsulu?,- deyə sual verdikləri zaman:

           - Düşünün ki, bir adamın ayaqları və üzü ağ olan atı var. Həmin adam bu atını hamısı qara olan bir at ilxısının içində tanıya bilməzmi?,- deyə soruşdu. Əshabi- Kiram:

           - Bəli, tanıyar, ya Rəsulallah!,- dedilər. Allah Rəsulu belə buyurdu:

           - Məhz onlar da dəstəmaz üzvləri ağappaq olduğu halda gələcəklər. Mən əvvəlcə gedib hovuzumun başında onlara ikram etmək üçün gözləyəcəyəm. Diqqət edin! Bəziləri vəhşi dəvənin sürüdən qovulub uzaqlaşdırıldığı kimi mənim hovuzumdan qovulacaqlar. Mən onlara “bura gəlin”,- deyəcəyəm. Mənə “Onlar səndən sonra hallarını dəyişdirdilər (Sənin sünnəni tərk edib başqa yollara düşdülər)”,- deyiləcək. Bu zaman mən də “Uzaq olsunlar, uzaq olsunlar!”,- deyəcəyəm”. (Müslim, Təharət, 39)

           Deməli, Allah Rəsulu ilə axirətdə bərabər ola bilməyin yolu bu dünyada daim Onunla olmaqdan keçir. Onun bizə bəslədiyi məhəbbət və həsrəti qarşılıqsız qoymayıb hər vasitə ilə Ona məhəbbət və bağlılığımızı yeniləməli və canlı tutmalıyıq. Çünki əsil məhəbbət iki qəlb arasında cərəyan xətti qurar. Bu xətt vasitəsilə davamlı “hal nəqli” gerçəkləşər. Həqiqi mənada sevən adama sevdiyinin hal və hərəkətləri davamlı olaraq əks edər.

           Yəni sevən sevgisi nisbətində sevdiyinə bənzəyər, onun şəxsiyyət və xarakterindən pay götürər. Rəsulullah r -dən alacağımız ən mühüm mənəvi təhsil daxili dünyamızı Onun könül iqlimindəki hissiyatla müştərək hala gətirə bilməkdir.

           Bir sözlə, “Mən Allah Rəsulunu sevirəm” demək kifayət etmir. Seviriksə, Onun əxlaqi və qəlbi həssasiyyətləri bizə nə qədər sirayət edir? Mərhəmətimiz nə qədər, şəfqətimiz nə qədər, əxlaqımız hansı səviyyədə?.. Dünya ilə axirət arasında seçim qarşısında qalanda “əsas həyat axirət həyatıdır” deyə bilirikmi? Lazım gəldikdə nəfsimizdən fədakarlıq edib din qardaşımızı özümüzə tərcih edə bilirikmi? Yoxsa bütün bu sevgi ifadələrimiz əsilsiz bir iddiadan ibarətdir?..

           Zaman Allah Rəsuluna məhəbbətlə bağlılıq xüsusunda halımızı gözdən keçirmə zamanıdır. Nöqsanlarımızı görüb düzəltməyə cəhd etmək vaxtıdır…]

           Allah-Təala hər birimizə Əziz Peyğəmbərinin könül iqlimindən pay götürməyi nəsib etsin! Qəlblərimizi Onun sevgisiylə, həyatımızı da Onun sünnəsiylə bəzəsin. Axirətdə şəfaətinə nail eyləsin…

           Amin!..


      [1] Ebû Nuaym, Hilye, I, 20.

      [2] Tirmizi, Dəavat, 79

       

      • Hits: 701 clicks

      Tecox component by www.teglo.info