Kamran MƏMMƏDOV / "DUHA" SURƏSİ

    PDF faylını alÇapE-poçt

      Share

           Duha surəsi Məkkədə enmişdir və 11 ayədir. Surə Hz. Peyğəmbərin (s.ə.s)  şəxsiyyətini və Allahın  dünya və axirətdə ona verdiyi nemət və ehsanını ələ alır. O böyük nemətlər müqabilində Allaha şükür etməsinin əhəmiyyətini bildirir.

           Bu mübarək surə Peyğəmbərin (s.ə.s)  qədrinin ucalığına və müşriklərin iddia etdiyinin əksinə,  Rəbbinin onu tərk etmədiyinə, ona acıqlanmadığına, Allah qatında dəyərinə, mövqeyinin ulu olduğuna andla başlayır: "And olsun səhərə; And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki, (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu. Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!" (Duha, 1-4)

           Sonra surə axirətdəki bol lütfləri və Uca Allahın peyğəmbərləri üçün hazırlamış olduğu müxtəlif ikramları müjdələyir. Bu ikramlardan biri də böyük şəfaətdir. Abdullah ibn Abbas (r. anhumə) belə deyir: “Rəbbinin ona verəcəyi şey razı olana qədər ümməti haqqında şəfaət icazəsidir”. Çünki rəvayət edildiyinə görə Hz. Peyğəmbər (s.ə.s) ümmətini xatırlamış, “Allahım! Ümmətim, ümmətim!”,- demiş və ağlamışdır. Bunun üzərinə Uca Allah özü daha yaxşı bildiyi halda, Cəbrayıla (ə.s) “Muhammədin (s.ə.s)  yanına get və nə üçün ağladığını soruş”,- buyurdu. Cəbrayıl (ə.s) Rəsulullahın (s.ə.s) yanına gəldi və Ondan nə üçün ağladığını soruşdu. Rəsulullah (s.ə.s) ona nə istədiyini bildirdi. Bunun üzərinə Allah-Təala Cəbrayıla (ə.s): “Muhammədin yanına get və de ki: Ümmətin haqqında səni razı edəcək və üzməyəcəyik”,- buyurdu. (Müslim, İman, 346) "Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!" (Duha, 5) Hədisdə belə buyurulmuşdur: “Hər peyğəmbərin qəbul edilmiş bir duası vardır. Bütün peyğəmbərlər dualarını dərhal etmişdir. Mən isə duamı, qiyamət günü ümmətimə şəfaət üçün saxladım”. (Buxari, Tövhid, 31; Müslim, İman, 338). Uca Allah dünyada Ona düşmənlərinə qarşı kömək və zəfər vermiş, Ona tabe olanları çoxaltmış, bir çox fəth nəsib etmiş, dinini ucaltmış və ümmətini ümmətlərin ən xeyirlisi etmişdir. Axirətdə də Ona ümumi şəfaəti və təriflənən məqamı (məqami-mahmud) vermişdir. Bunlardan başqa bir sıra başqa dünya və axirət nemətləri lütf etmişdir.

           Daha sonra surə Peyğəmbərə kiçikliyində yaşadığı yetimlik, yoxsulluq və Məkkədə itmə hadisəsini xatırladır. Rəbbi Ona sığınacaq verdi və zəngin qıldı, onu himayə etdi:

           "Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!?" (Duha, 6-8)

           Surə bu üç nemətin müqabilində Uca Allahın Peyğəmbərə (s.ə.s)  üç tövsiyəsi ilə sona çatır. Peyğəmbər (s.ə.s) yetimə şəfqət göstərsin, möhtaca mərhəmət etsin və səfilin, yoxsulun göz yaşını silsin: "Elə isə yetimə zülm etmə! Dilənçini də (qapıdan) qovma! Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!" (Duha, 9-11)

      • Hits: 847 clicks

      Tecox component by www.teglo.info