155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Nurlan MƏMMƏDZADƏ /HAQQIN DƏRGAHINA AÇILAN QAPI

    PDF faylını alÇapE-poçt

      Share

           Çağırmaq, əl açmaq, yalvarmaq mənasına gələn dua insanın birbaşa Rəbbi ilə əlaqə qurmasıdır. Allahı Rəbb olaraq tanıyan hər bir müsəlmanın həyatında duanın xüsusi yeri olmalıdır. Çünki dua hər halın Ona açılmasıdır. Bəzən dua sevincli anların Ona şükürlə ifadəsi olur.

           Bəzən də eynilə Həzrət Yaqubun dediyi kimi hüznün və kədərin yalnız Allaha şikayəti olur. Bəzən dua yalvarış, bəzən təşəkkür ifadə edir. Daimi dua halını yaşamaq Xalq içində Haqla bərabər olanların bacaracağı bir işdir. Çünki dua Onun rububiyyət və uluhiyyət sifətlərini haqqıyla tanımağın təzahürüdür. Dua bəzən təcəlli edən şərtlər gərəyi, sadəcə qəlbdən keçirilən bir anlıq istək, bir ləhzə duyğu olur, bəzənsə bu duyğunun kəlmələrə bürünərək, isti göz yaşlarıyla dilə gəlməsi. Bəzənsə sadəcə göz yaşı olur, halın tərcümanına çevrilir...

           Dua və istiğfar Allahın insan oğluna bəxş etdiyi ən ülvi hiss və ən gözəl duyğulardan biridir. İnancımıza görə peyğəmbərlərin həyatlarında kiçik zəllələr işləməsinin bir səbəbi də məhz bu duyğudan məhrum olmamaları üçündür.  

           Duanın əhəmiyyətini bu kiçik qissə nə gözəl ifadə edir: Günahkar bir adam bir Allah dostunun hüzuruna gələrək deyir: “Ey Allahın əməlisaleh bəndəsi, ey Rəbbimin izni ilə sirlərə vaqif olan şəxs, mən bugünə qədər xeyli günah işlədim. İsrarla işlədiyim günahlar üçün tövbə də etmədim. Allahın günahkarları cəzalandıracağından söz açırsınız. Amma mənə heç bir bəla göndərmədi”. Mübarək zat: “Sən heç dua edirsənmi?”, deyə soruşur. Günahkar adam: “Xeyr”,- deyir. Allah dostu bu cavabı verir: “Daha bundan da böyük bəla gözləyirsən? Allah sənə bəla verib, amma fərqində deyilsən”.

           Buradan gördüyümüz kimi dua insana verilmiş bir lütfdür. Dua etmə ehtiyacı hiss etməmək insanın Rəbbindən uzaqlığının və qəlbinin qatılaşdığının göstəricisidir. Həyatın duasız yaşanması bəndə ilə Rəbbi arasında yüksək nəfs dağlarının varlığından xəbər verir. Belə bir durumda “nəfsi təzkiyə” külüngü ilə aradakı dağları yarmaq və bütün əngəlləri aşmaq lazımdır.

           Dua ömrə bərəkət qatar. Müsbət energinin yaranmasına, ətrafa sirayət etməsinə səbəb olar. Dua edənlərin olduğu cəmiyyətlə duadan uzaq cəmiyyətlər arasında açıq şəkildə hiss olunacaq qədər hüzur fərqi vardır. Müsəlman duasız olmaz dedik, elə isə sadəcə dara düşəndə yox, işlərimiz yolunda gedəndə də Rəbbimizə duanı əskik etməməliyik. Allah Rəsulu bir gün miniyinin tərkində ona yoldaşlıq edən azyaşlı Abdullah İbn Abbasa nəsihət edir. “Ey gənc, sənə bəzi xüsusları öyrədəcəyəm”, deyə başladığı nəsihətində bu cümlə də yer alır: “Sən Allahın dinini və hüquqlarını qoru ki, O da səni qorusun. Allahın hüquqlarına riayət et ki, Onu qarşında görəsən. Bir şey istəyəcəyin zaman Allahdan istə!..” Buradan anlayacağımız kimi, duanın məqbul olması və insanın Rəbbindən istədiyinə nail olması üçün vacib şərtlərdən biri də Onun əmrlərinə itaət etməsidir. Qüdsi-hədisdə də buyurulduğu kimi qul Rəbbinə ibadətlə yaxınlaşmağa davam etdikcə Allah onu sevər və nəticədə Rəbbindən nə istəyərsə, verər. Deməli, duaların qəbulu Quran və Sünnəyə bağlılığımızdan asılıdır. Duada halal loğmanın da bu baxımdan mühüm rolu var. Əbu Hüreyrənin nəql etdiyi bir hədisdə Allah Rəsulu təmiz və halal qidaya diqqət çəkdikdən sonra belə buyurur: “Bir nəfər Allah yolunda uzun səfərlər edər. Saç-saqqalı dağınıq, üst-başı toz-torpaq içində olan bu adam əlini səmaya qaldırıb “Ya Rəbb, Ya Rəbb”,- deyə dua edər. Halbuki yediyi haram, içdiyi haram, geydiyi haram, qidası haramdır. Belə birinin duası necə qəbul edilsin?!” (Müslim, Zəkat, 65; Tirmizi, Təfsirul-Quran, 3)

           Dua menyumuzda nələr var?

           Bir ziyafətə çağırıldıqda, hansısa yeməkxanada nahar etmək istədikdə əvvəlcə yemək menyusunda nələrin olduğuna baxarıq. Hətta son zamanlar texnologiyanın inkişafı ilə həyatımıza girən bir sıra məişət və texniki avadanlıqların da özünəməxsus menyusu olur ki, bunlara çox əhəmiyyət veririk. Məsələn, aldığımız mobil telefonun, rəqəmsal televizorun menyusu mütləq şəkildə o malı seçməmizə təsir edər. Elə isə gəlin dua menyumuza da bir nəzər salaq. Görək dua menyumuzda nələr var, kimlər var? Yalnız özümüz üçün dua edirik, yoxsa yaxın qonşumuzdan tutmuş, minlərlə kilometr uzaqda yaşayan müsəlman bacı-qardaşlarımızı da yad edirik? Rəbbimizdən nə kimi istəklərimiz var? Bu istəklərimizin sıralaması necədir, birinciliyi hansı təmənnilərimiz təmsil edir? Şübhə yoxdur ki, möminin duası onun keyfiyyətindən xəbər verir. Eqoizmin buxovları altında əzilən, lakin bunun fərqində olmayan bir insan əlbəttə ki, duasında yalnız özünü və dünyaya aid istəklərini ön planda tutar. Kamil möminlərsə, dualarına Allah Rəsulunun təlim etdiyi kimi istiğfar və tövbə ilə başlayar, Allahdan özü və inanan insanlar üçün dünya və axirət səadəti istəyər, müşküllərin həllini asanlaşdırması üçün Rəbbinə niyaz edər. Eynilə Allah Rəsulunun hər zaman dualarında ümmətini istəməsi, əshabının da bundan nümunə götürərək dualarını Onun kimi etməsi bizə bu xüsusda ən gözəl örnək olmalıdır.

           Duanda məni də unutma!

           Allah Rəsulu hədisi-şərifində buyurur: “Bir müsəlmanın din qardaşına qiyabında etdiyi dua qəbul olunar. Dua etdiyi zaman başının üstündə vəzifəli bir mələk qardaşına xeyir dua edən üçün “Amin, sənin üçün də eynisi olsun!”,- deyər.” (Müslim, Əbu Davud) Bu hədisi-şərif İslam qardaşlığının cəmiyyət fonunda necə yaşanacağını göstərən bariz misallardan biridir. Mömin qardaşı üçün dua edəcək, onun müşkülünün həlli, çətinliklərinin asanlaşması üçün Rəbbinə yalvaracaq, lakin haqqında dua edilənin bundan xəbəri olmayacaq. Sırf Allah üçün edilən dua olduğundan qəbula daha yaxın belə duaları artıqmaq əlbəttə ki, cəmiyyət çapında səadətin yaşanmasına təminat verəcəkdir. Din qardaşlarının bir-birinə dua etməsinin əhəmiyyətini və fəzilətini göstərən başqa bir hədis isə belədir. Bir gün Həzrət Peyğəmbər (s.ə.s): “Allah-Təalaya günah işləməyən dillə dua edin!”,- buyurdu. Əshabi-kiram sual etdi: “Ya Rəsulallah, hamımız günah işləmişik, günahsız ağızla dua necə olur?”. Allah-Rəsulu buyurdu: “Bir-birinizə dua edin, çünki nə sən onun dili ilə, nə də o sənin dilinlə günah işləyib”. (Tərğibus-Salət) Qardaşlıq sadəcə gündəlik işlərdə, zahirən yardımlaşma deyil, eyni zamanda dua kimi mənəvi vasitələrlə də yardımlaşmaqdır. Buradan çıxaracağımız başqa bir dərs isə budur: müsəlman heç kimi xor görməməli, hər kəsin duasını və hüsnü-zənnini qazanmağa çalışmalıdır. Hətta Həzrət Peyğəmbər özü də şəxsən çox sevdiyi səhabələrindən olan Hz. Ömərdən dua istəmişdi. Bir gün Rəsulullahdan (s.ə.s) ümrəyə getək üçün icazə alan Hz. Ömərə: “Qardaşım, bizi də duanda unutma”,- demişdi. Həzrət Ömər (r.a) onun bu sözlərinə nə qədər sevindiyini ifadə etmək üçün sonralar belə buyurmuşdur: “Rəsulullahın bu sözünə o qədər sevindim ki, əvəzində dünyalar verilsə, o qədər sevinməzdim”. (Əbu Davud, Tirmizi) Bu gün bəlkə də Rəsulullah cismən aramızda yoxdur, amma mənən hər zaman bizimlə birlikdə olduğunu, ölmədiyini unutmamalı və dualarımızda Ona salətu-salamlara yer verməliyik. Duada Allah Rəsuluna salam göndərmək diləklərimizin daha tez qəbuluna səbəb olar və duamıza bərəkət qatar. Dualarımızda salavata nə qədər yer ayıracağımızı isə Übey bin Kabın Rəsulullahla olan bu dialoqundan öyrənə bilərik. Übey bin Kab deyir: “Bir gün Rəsulullaha: “Ya Rəsulallah, mən çox dua edirəm. Duamın nə qədərini sənə salətu-salam gətirməyə ayırım?”,- dedi. Rəsulullah: “İstədiyin qədərini”,- buyurdu. “Dörddə birini?”, -deyə soruşdum, “İstədiyin qədərini ayır, amma bir az da artırsan, sənin üçün xeyirlidir”,- buyurdu. “Üçdə ikisini?”,- dedim. “İstədiyin qədər. Amma artırsan, sənin üçün daha da yaxşı olar”,- buyurdu. “Yarısını ayırsam, necə?”, -deyə soruşdum. “İstədiyin qədərini ayır, amma bir az da artırsan, sənin üçün daha da yaxşı olar”, -buyurdu. “Duamın hamısını sənə salavat gətirməyə həsr etsəm, necə?”,- dedikdə Allah Rəsulu bu cavabı verdi: “O zaman dərdlərdən azad olarsan, günahların bağışlanar!”.

           Bəlkə biz dualarımızın tamamını ayıra bilmirik. Amma yenə də bir hissəsini, ən gözəl anlarını Rəsulullaha həsr etməliyik. Hər dəfə duaya başlamadan “Duanda bizi də unutma” sözünü xatırlamaq diləyilə…

      • Hits: 1224 clicks

      Tecox component by www.teglo.info