155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Səfa MURADOV/ BİR HƏDİS

    PDF faylını alÇapE-poçt

      Share


      عن النُّعْمانِ بْنِ بشيرٍ رضِي اللَّه عنْهُما، عَنِ النَّبيِّ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم قَالَ: "الدُّعاءُ هوَ العِبَادةُ"

           Numan ibn Bəşirdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Dua  ibadətdir” (Əbu Davud, Vitr, 23; Tirmizi, Dəavat, 1)

           İbadət insanın Rəbbi qarşısında qul olduğunun şüuru içərisində hərəkət edərək Ona yaxınlaşmaq üçün səy göstərməsidir. İbadət insanın qul olduğunun fərqində olub, qulluq vəzifəsini yerinə yetirməsidir. İbadət insanın Allaha qul olub Allah xaricində qalan varlıqlara arxa çevirməsidir. İbadət qulun öz həddini bilməsidir. Qısacası, ibadət insanın insan olduğunun fərqində olmasıdır. Çünki Allah-Təala yer üzünün xəlifəsi və yaradılmışların ən şərəflisi olaraq yaratdığı insandan Ona qulluq etməyi tələb etmişdir. Digər varlıqlar insandan tələb olunan şəkildə bir qulluq vəzifəsi ilə məsul deyillər.

           Dua insanın Allaha qul olduğunu əks etdirən ən önəmli ibadətlərdəndir. Çünki dua qulun Rəbbini tanıyaraq Onun ucalığı, gücü-qüvvəti və qüdrəti qarşısında öz acizliyini etiraf etməsi, dərin bir sevgi ilə Ona bağlanaraq yalnız Ondan mədəd ummasının adıdır. Bu səbəblədir ki, Rəsulullah (s.ə.s) duanı “ibadətin özəyi” olaraq tərif etmiş və Allaha qulluğu ən gözəl şəkildə ifadə edən hal və davranışın dua olduğunu bildirmişdir. Əşyanın özəyi onun sağlam olması üçün nə qədər əhəmiyyətlidirsə, dualar da möminin kamil imana sahib olması üçün o dərəcədə əhəmiyyət kəsb edir. Çünki dua qulun Rəbbinə nə qədər yaxın olduğunun göstəricisidir. Beləliklə, dua qulun Allahın qarşısında heçliyini, fəqirliyini və ancaq Ona möhtac olduğunu dilə gətirmək olduğu üçün Allaha yaxınlaşmağın da ən əsas yollarından biridir. Yəni qul acizliyini hiss etdiyi nisbətdə Allaha yaxınlaşmış olar.

           Dua, eyni zamanda, insanın gələcəyə nikbin baxması və ümidlə yaşaması üçün ən önəmli amildir. Başına gələn müsibətlərə güclü iradə ilə sinə gərən insan etdiyi dualarla sıxıntıdan qurtulacağına və Rəbbinin onun üçün daha xeyirli qapılar açacağına ümid edər. Bunun nəticəsində gələcəyin aydınlıq olacağı ümidi ilə həyatına davam etmiş olar. Duadan məhrum qalan qulların isə belə bir ümid yerinin olmadığı məlumdur. Dua insana ümid verdiyi kimi, duasızlıq da insanı ümidsizliyə sürükləyər.

           Allah-Təala öz bəndələrindən dua etməyi və Ona yaxınlaşmağı tələb etməkdədər. Ayeyi-kərimədə bu haqda belə buyurulmuşdur: “Mənə dua edən ki, duanızı qəbul edim”. Bu əmirdən qafil qalan qulların aqibəti ayənin davamında gələn hissədə belə açıqlanmışdır: “Mənə ibadət etməyi özlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər” (Mömin 40/60). Bu ayədə duanın Allahın dərgahında nə qədər əhəmiyyətli bir ibadət olduğu vurğulanmış və duaların Allahın dərgahında qulun dəyər ölçüsü olduğuna işarə edilmişdir. Bu mənada Quranın bu ayəsi də diqqət çəkicidir. Allah-Təala buyurur: “De: “Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?!” (Furqan, 25/77)

      • Hits: 1021 clicks

      Tecox component by www.teglo.info