Ali ÇİNAR / HƏZRƏT PEYĞƏMBƏR İLƏ QƏLBİ BƏRABƏRLİK: SALAVATİ-ŞƏRİFƏ

      Share

          Allah-Təala Qurani-Kərimdə Peyğəmbərimizin (s.ə.s) həyatına and içmişdir. Uca adını Onun (s.ə.s) adı ilə birlikdə qeyd etmiş və mömin bir qul olmağı Onun nübüvvətinə iman gətirmək şərtinə bağlamışdır. Yanında yüksək səslə danışılmasına razı olmamış, mübarək adının sıradan bir ad kimi çəkilməsini istəməmişdir. Bütün bunlara əlavə olaraq, Allah və Onun mələklərinin Ona çoxlu salavat və salam dediklərini bildirərək ümməti-Muhəmmədin də eyni şəkildə Ona çoxlu-çoxlu salavat və salam göndərmələrini əmr etmişdir.

          Allah-Təala belə buyurur: "Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!" (Əhzab, 56).

          Allah-Təala və saylarını Ondan başqa heç kimin bilmədiyi mələkləri Hz. Peyğəmbərimizə davamlı salavat gətirməkdədirlər. O halda biz də həyatımızın hər anında daima Rəsulullahı (s.ə.s) xatırlamalı, Ona tam mənası ilə təslim olmalı və çoxlu-çoxlu salavat və salam göndərməliyik.

          Peyğəmbər aşiqləri salavatı dillərində vərdiş halına gətirmişlər. Çünki salavatlar mömin könüllərdə Rəsulullaha məhəbbətin artmasına vəsilə olur. Rəsulullaha layiqli şəkildə tabe olub Onun üsveyi-həsənəsindən lazımi şəkildə istifadə edə bilmək, şübhəsiz, Quran və Sünnə həqiqətini dərk etməklə mümkün olur. Bu da ancaq Hz. Muhəmmədin (s.ə.s) nümunəvi əxlaqına və qəlbi dərinliklərinə yaxınlaşa bilməklə mümkündür. Onun xüsusiyyətinin əslini vəsf etməyə heç bir fani müvəffəq ola bilməmişdir. Yüksək əxlaqı və yaradılışı layiqincə dərk edilməyib. Alimlər, mütəfəkkirlər, könül sultanları və Cəbrayıl Onun yolunda olmağı izzət, qapısında sail (dilənçi) olmağı dövlət bildilər.

          Digər tərəfdən İslam ədəblərinə görə, dualar da Allaha həmd və Rəsulullaha salavat ilə başlayıb, yenə salavatla sonlandırılır. Çünki Peyğəmbər (s.ə.s) haqqında Allaha bir dua və niyaz hökmündə olan salavati-şərifənin cavabsız qalmayacağına dair bir qənaət mövcuddur. Dualarımızın əvvəlini və sonunu salavat və salam ilə bəzəmək də bu həqiqətdən qaynaqlanır. Yəni qəbul olunacağına ümid edilən iki duanın arasına öz dualarımızı yerləşdirmək, onların da qəbulunu təmin etmək düşüncəsilədir.

          Hz. Ömər (r.a) buyurmuşdur: "Dua göy ilə yer arasında qalar. Rəsulullaha salavat gətirilmədikcə, Allaha yüksəlməz" (Tirmizi, Vitr, 21/486).

          Belə ki, bir gün Rəsulullah (s.ə.s) namazdan sonra Allaha həmd etmədən və Onun peyğəmbərinə salavat gətirmədən dua edən bir nəfəri gördü. Bunun üzərinə: "Bu adam tələsdi"- deyə buyurdu. Sonra o adamı yanına çağırdı və belə buyurdu: "Sizdən biri dua edən zaman öncə Allah-Təalaya həmd-səna etsin, sonra Peyğəmbərinə salavat gətirsin. Daha sonra da dilədiyi şəkildə dua etsin" (Tirmizi, Dəavat, 64/3477).

          Salavati-şərifə o qədər mühümdür ki, Allah Rəsulu (s.ə.s) şəxsən özü də peyğəmbərlik məqamına salavat göndərmişdir. Bunu Allah-Təalanın əmrini yerinə gətirmək və ümmətinə nümunə olmaq üçün etmişdir (Buxari, İstizan, 28; Əbu Davud, Salat, 18/465; Tirmizi, Salət, 117/314; İbn Macə, Məsacid, 13).

          Bir mömin Rəsulullaha (s.ə.s) salavat göndərərsə, Allah Rəsulu (s.ə.s) ona daha gözəli ilə cavab verər. Bu da möminə mükafat olaraq kifayətdir. Çünki Peyğəmbərimizin duası Haqqın dərgahında məqbuldur, rədd edilməz.

          Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Bir nəfər mənə salavat gətirdiyi zaman onun salamına cavab vermək üçün Allah-Təala ruhumu geri qaytarar" (Əbu Davud, Mənasik, 96).

          Həmçinin cümə günü salavat ilə məşğul olmaq çox fəzilətli bir ibadətdir.

         Əbu Dərda (r.a) rəvayət edir: "Bir gün Rəsulullah (s.ə.s) buyurdu: "Cümə günü mənə çox salavat gətirin! Çünki o gün mələklərin hazır və şahid olduğu bir gündür. O gün bir nəfər mənə salavat göndərəndə onun salavatı mənə təqdim olunur. Salavat gətirməyi dayandırıncaya qədər belə davam edər". Mən Ondan soruşdum: "Vəfatından sonra da?" Peyğəmbərimiz (s.ə.s) belə cavab verdi: "Bəli, vəfatımdan sonra da! Allah-Təala peyğəmbərlərin bədənlərini çürütməyi torpağa haram etmişdir. Allahın peyğəmbəri həyatdadır və daima ruziləndirilir" (İbn Macə, Cənaiz, 65. Bax: Əbu Davud, Salat, 201/1047, Vitr 26).

          Çoxlu salavat gətirmək Rəsulullaha (s.ə.s) bəslənən məhəbbətin böyüklüyünün əlamətidir. Bu da adamı nəticədə Allah Rəsuluna yaxınlaşdırır. Necə ki, hədisi-şərifdə: "Qiyamət günü insanların mənə ən yaxın olanı mənə ən çox salavat göndərəndir"- deyə buyurulmuşdur (Tirmizi, Vitr, 21/484).

         Allah-Təala bütün insanlığa rəhmət olaraq hədiyyə etdiyi Rəsuli-Əkrəminə qarşı biganə qalmağımıza razı deyil. Bu səbəblə Rəsulullaha (s.ə.s) salavat gətirmək xüsusunda xəsislik edənlər cənnətin yolunu tapa bilməzlər. Allah Rəsulu (s.ə.s) bu xüsusda belə buyurmuşdur: "Bir topluluq bir məclisdə oturub, bu məclisdə Allah-Təalanı zikr etməz və Peyğəmbərinə salavat gətirməzlərsə, bu etdikləri böyük bir nöqsanlıqdır və özləri üçün bir həsrət və peşmançılıq olar, eyni zamanda Allah tərəfindən bir cəzanı da haqq etmiş olarlar. Artıq Allah-Təala istəsə, onlara əzab edər, istəsə onları bağışlayar" (Tirmizi, Dəavat, 8/3380).

          Həzrət Əbu Bəkr Siddiq (r.a) belə buyurmuşdur: "Həzrət Peyğəmbərə (s.ə.s) (ixlasla) salavat gətirmək günahları suyun atəşi söndürməsindən daha tez yox edər. Ona (məhəbbətlə) salam göndərmək, çoxlu kölə azad etməkdən daha fəzilətlidir. Rəsulullahı (s.ə.s) sevmək isə candan və Allah yolunda qılınc vurmaqdar daha üstündür" (Xatib əl-Bağdadi, Tarixu Bağdad, Beyrut 1422, VIII, 39).

      • Hits: 974 clicks

      Tecox component by www.teglo.info