AĞSAQQAL NƏSİHƏTİ / Məhərrəm RÜSTƏMOV

      Share

      - Ağsaqqal, zəhmət olmasa özünüzü təqdim edin.

      - Mən 1926-cı ildə Şamaxı rayonunun Dərə kəndində anadan olmuşam. 7 illik təhsilimi Qızılburun kəndində almışam. O vaxt vəziyyət ağır olduğundan və müəllim çatışmazlığından 7 il oxuduqdan sonra müəllim işləmişəm. 

      Eyni zamanda təhsilimi Ələt qəsəbəsində davam etdirirdim. 1942-ci ildə məni Qızılburun kənd orta məktəbinə müəllim təyin ediblər. 1948-ci ildə isə Bakı Pedoqoji məktəbini qiyabi bitirmişəm. Oranı bitirdikdən sonra Qızılburun məktəbinə direktor vəzifəsinə təyin edilmişəm. Direktor vəzifəsinə təyin edildikdən sonra 1956-cı ildə isə BDU-nun tarix fakültəsinin ilk məzunlarından olmuşam. Həmin ildən sonra Atbulaq kəndinin orta məktəbinə direktor təyin olunub bu vəzifədə 15 il çalışmışam. 1992-ci ildən sonra Qızılburun məktəbində direktor müavini vəzifəsində işləmişəm. Yetirmələrimdən beş nəfəri elmlər doktoru, professor və iki nəfəri isə dövlət mükafatı laureatıdır. Yüzlərlə tələbəm ali təhsil alıb. Mətbuatda elmi və publisistik yazılarla çıxış etmişəm. “Hacıqabuldan çıxan yollar” adlı kitabda rayon fəalları kimi mənim də adımı çəkilir. Respublika səviyyəli konfranslarda və VIII Müəllimlər Qurultayında iştirakçı olub mərhum liderimiz Heydər Əliyev ilə görüşmüşəm. Qızılburun kəndində yeni tikilmiş orta məktəbin açılışında Prezidentimiz İlham Əliyev və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva ilə də görüşüm olub. Ali kateqoriyalı müəlliməm, Təhsil Nazirliyinin Fəxri Fərmanını və təşəkkürlərini almışam. Arxa cəbhə əmək və müharibə veteranıyam. 1997-1998-ci ildə ilin ən yaxşı müəllimi adına layiq görülmüşəm. El ağsaqqalı kimi rayonda hörmət qazanmışam. Məni Rayon Ağsaqqlar Şurasının sədri seçiblər. Bunların hamısını qazanmaq üçün böyük əmək sərf etmişəm. Allaha şükürlər olsun ki, məni hər işdə müvəffəq edib. 2005-ci ildən iş fəaliyyətimi dayandırmışam.

      - Ateizmin məcburi təbliğ olunduğu dövrdə müəllim olmusunuz, amma bildiyimizə görə Quran da oxuyursunuz. Sizdə Quran-Kərim oxumağa maraq necə yarandı?

      - O vaxtlar rayonumuzda Quran oxuyanların sayı az idi və bizə adət-ənənələrimizi unutdurmağa çalışırdılar. Mən isə bir ziyalı kimi həmişə xalqımızın gələcəyini düşünürdüm. Fikirləşirdim ki, əgər biz İslamdan uzaqlaşsaq, adət-ənənələrimizdə köklü dəyişikliklər olacaq. Atam Səftər, anam Əpriz dövrün çətinliklərinə baxmayaraq namaz qılan insanlar olublar və mənə də namazı onlar öyrədiblər. Amma mən həmişə heyfislənirdim ki, onlardan Quran oxumağı öyrənə bilmədim. Quran oxumağı ilk dəfə müəllim yoldaşımdan öyrənmişəm, sonra mütaliələrim sayəsində Quranı tam oxumağa nail oldum. Müharibə illərində və insanların çətin vəziyyətində camaatımız üçün əlimdən gələni edirdim, gənclərə yol göstərirdim. Vətən uğrunda şəhid olan həmyerlilərimizin dəfn mərasimlərində iştirak edib Quran oxumuşam. Müstəqillikdən sonra ölkəmizdə İslamın yenidən dirçəlməsində Qafqaz Müsəlmanları İdarəsinin çox böyük rolu olub.

      - Bir ağsaqqal, ziyalı müəllim kimi bu gün cəmiyyətimizdəki dini vəziyyət sizi qane edirmi?

      - Əlbəttə, qane edir. Bu gün istədiyin dini məlumatı əldə etmək çox rahatdır. Bir vaxtlar islami qaydalar ağızdan-ağıza öyrənilirdi, indi isə onun elmini araşdırmaq və onu daha da dərindən öyrənmək çox rahatdır. Müasir dövrdə yetişən ilahiyyatçılarımızı və məscid imamlarını dəstəkləyirəm ki, onlar dini xalqa sağlam çatdırıb insanları düzgün maarifləndirsinlər. Şükür ki, biz müsəlmanıq, vətən, millət sevgisini də bizə dinimiz öyrədir və ona görə də biz vətən uğrunda ölənlərə şəhid deyirik. Əgər biz müsəlman olmasaydıq, gələcəyə ümid bəsləməyə gücümüz qalmazdı. Bu gün ölkəmizdə eşidilən azan səsi sübut edir ki, ölkəmizin dini vəziyyəti çox yaxşıdı və indiki vəziyyət məni çox sevindirir. Dövlət rəhbərlərinin də ölkəmizdə İslamın geniş yayılmasına göstərilən qayğı və bir çox rayonlarda tikilən məscidlər, təmir olunan abidələr bunun bariz nümünəsidir. Yeri gəlmişkən bu gün Qızılburun kəndində yeni məscidin tikilişi məni çox sevindirir.

      - Bəs, gələcək nəslin nümayəndəsi olan gənclərimizi necə görmək istəyərdiniz?

      - Bir vaxtlar arzuladığım gələcək nəsli, demək olar ki, istədiyim şəkildə görürəm. Bugünkü elmin, təhsilin inkişafı göz qabağındadır, oxuyub öyrənən insana heç nə mane olmur və indiki dövrdə arzu etdiyin həyatı yaşamaq çox rahatdı. Mən heç vaxt istəmərəm ki, Azərbaycan gənci Allahın yolundan uzaqlaşsın. Mən həmişə istəyərəm ki, Azərbaycan gənci Allahı, dinini sevən bir gənc olsun. Vətənini, valideynlərini və övladlarını sevsin. Həmişə Allahdan ölkəmizə bu cür gənclər azrulamışam. İslam əxlaqı ilə tərbiyə alıb heç vaxt Allahın yolundan uzaqlaşmasınlar.

      - Son söz olaraq İrfan” oxucularına nə demək istəyərdiniz?

      - Çox sağ olun ki, sayıb məni ziyarət etdiniz. “İrfan” mənim ən çox sevdiyim jurnallardan birdirdir. Hər sayını səbirsizliklə gözləyirəm. Maraqla oxuyub, sizdən çox şey öyrənirəm. “İrfan” jurnalının oxucuları ilə də ürək sözlərimi bölüşüb demək istəyirəm ki, oxusunlar, öyrənsinlər. Hz. Peyğəmbərin yolunu tutub onun əxlaqı ilə yaşasınlar.

      - Dəyərli vaxtınızı bizə ayırdığınıza görə sizə təşəkkür edirik.

      - Mən də sizə təşəkkür edirəm.

      • Hits: 804 clicks

      Tecox component by www.teglo.info