AZƏRBAYCAN-TÜRKİYƏ ARASINDAKI KÖNÜL KÖRPÜLƏRİNİN TARİXİ ÇOX QƏDİMDİR

    PDF faylını alÇapE-poçt

      Share

      Prof. Dr. Hasan Kamil YILMAZ:

      AZƏRBAYCAN-TÜRKİYƏ ARASINDAKI KÖNÜL

      KÖRPÜLƏRİNİN TARİXİ ÇOX QƏDİMDİR

      İrfan: Əfəndim, İslam dünyasında tanınmış Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq simpozium məqsədilə Azərbaycandasınız. Bakuvi və onun timsalında digər irfan ərlərinin Türkiyə-Azərbaycan arasında hansı mühüm rolu var?

      Prof. Dr. H. K. Yılmaz: Bildiyiniz kimi İstanbul boğazı Qara dənizinin sularını Marmaraya ötürən önəmli bir boğazdır, amma bu görünən şəkli ilə belədir. Bunun bir də görünməyən, yəni aşağıdan axışı var, o da Marmaranın sularını Qaradənizə ötürən cəhətidir. Yəni Qaradəniz və Marmara İstanbul boğazı sayəsində bir-birinə öz gözəlliklərini ötürməkdədirlər. Eynilə Marmara və Qara dənizin İstanbul boğazı ilə bir-birinə axması kimi, Azərbaycan və Türkiyə tarix boyunca könül körpüləri və ariflər, irfan əhli vasitəsilə həmişə bir-birinə axmışdır. Üstdən axış ümumiyyətlə, Azərbaycandan Türkiyəyə olmuş, zaman-zaman altdan da, yəni Türkiyədən Azərbaycana ciddi bir mənəvi axının olduğunu bilirik.

      Türkiyə və Anadolu ənənəsində irfan gələnəyinin dörd önəmli qaynağı var. Kubrəvilik, Mühyiddin ibn Ərəbi yolu, dövrün paytaxtı Bağdad və Şam üzərindən gələn qadirilik, rüfailik, sührəvərdilik və həmçinin Bağdadda doğulmuş Xəlifə Nasir Lidinilləh tərəfindən təsis edilmiş Fütüvvət ənənəsi ilə Anadoluda Əxilik və sonuncusu isə Azərbaycandan Türkiyəyə axan Türkiyədə və hətta dünyanın hər tərəfində çox önəmli bir təsirə malik olan irfan ənənəsidir. Bu irfan ənənəsinin də ilki indiki İran ərazisi olan Azərbaycanda doğulan İbrahim Zahid Gilanidir. İbrahim Zahid Gilaniyə bağlı olan iki önəmli yol və qol Anadoluda çox önəmli bir təsir meydana gətirmişdir.

      Bunlardan birincisi Safiyyyüddin Ərdəbilinin başçılıq etdiyi Ərdəbil sufiləridir. İkincisi Pir Ömər Xəlvəti vasitəsilə qurulan İbrahim Zahid Gilaninin xəlifələrindən Pir Ömər Xəlvəti vasitəsilə genişlənən Xəlvətilikdir ki, onun ikinci piri Seyyid Yəhya Şirvanidir. Məhz bu iki qol Azərbaycan mənşəli, həm Anadolu, həm Qafqazda, İslam coğrafiyasında birliyin, qardaşlığın ünvanı olmuşdur.

      Yəni bir tərəfdən Ərdəbil sufiləri ilə Azərbaycan üzərindən mənəvi axış var, digər tərəfdən yenə Zahid Gilaninin tələbələrindən o qola bağlı olan Yəhya Şirvani vasitəsi ilə qurulan Xəlvətilik Anadoluda və daha sonra İstanbulda Bəyazidi Vəli deyə bilinən Fatehin oğlu II Bəyazid zamanında çox sistemli şəkildə yerləşmişdir. Camal Xəlvəti vasitəsilə İstanbula yol tapan, Sünbül Sinan, Mərkəz Əfəndi ilə davam edən bu ənənə Osmanlının süqutuna qədər uzun zaman ən təsirli təriqət olaraq davam etmişdir. 1925-ci ildə İstanbulda üç yüz əlliyə qədər təkyə vardı, bu təkyələrin yarısından çoxu xəlvəti idi. Bu da bizə XV əsrdən etibarən XX əsrin ilk çağına qədər İstanbulda, Anadoluda, Balkanlarda və Osmanlı ölkələrində bu yolun nə qədər təsirli olduğunu göstərir.

      İrfan: Belə bir sual yaranır: bəs nə üçün xəlvətilik xüsusilə önə çıxır?

      Prof. Dr. H. K. Yılmaz: Bu yolun və xüsusilə Səfəviliyin Anadoluda təsirli olmasının, məncə, ən önəmli səbəblərindən biri hər iki silsilədə həm İmam Museyi-Kazımın olması, həm də əhli-beyt sevgisinin Xəlvətilikdə təsirli rol oynamasıdır.

      Məzhəb olaraq İran – Cənubi Azərbaycanda yaşayan qardaşlarımızın bir çox qismi şiə-cəfəri olmaqla, Anadoluda yaşayanların bir çox qismi sünni olmaqla birlikdə onların könüllərinin birləşdiyi ortaq dəyərləri əhli-beyt məhəbbəti olmuşdur. Elə buna görə də həmin coğrafiyada yaşayan insanlar bu sevgi zəminində birləşmişlər. Hətta XX əsrin əvvəlinə qədər Azərbaycandan Anadoluya gələn Nəqşi əsilli Həmzə Nigari kimi ərənlərimizin də yenə əhli-beyt məhəbbətini Anadoluya gətirən xidmət sahiblərinin olduğunu görməmək mümkün deyil.

      Qaldı ki, istər Şimali Azərbaycan, istərsə də Cənubi Azərbaycanın Anadolu torpaqlarındakı təsiri sadəcə Seyyid Yəhya Şirvani və İbrahim Zahid Gilani ilə məhdudlaşmır. Burada Anadolunun aydınlanmasında rolu olan Şəmsi Təbrizinin də adını çəkmək lazımdır. Şəmsi Təbrizidən əvvəlki həyatını "Xamdım", onu tanıdıqdan sonra "bişdim" və onun vəfatı ilə "yandım" deyə xülasə edən Hz. Mövlana gerçək irfanını Şəmsi Təbrizidən aldığını açıq-aşkar ifadə etməkdədir.

      Dolayısıyla, Mövləviliyin Anadoluda, Balkanlarda və Osmanlı coğrafiyasındakı təsirini nəzərə aldığımız zaman Mövlananın yetişmə prosesində Şəmsi Təbrizini də düşündüyümüzdə bu iki coğrafiyanın, bu iki qardaş ölkənin xalqlarının və ənənələrinin eynilə İstanbul boğazı vasitəsilə bir-birinə axan Qara dəniz və Marmara kimi bir-birinə davamlı axdığını, bir-birini bəslədiyini göstərən ən gözəl örnəklərdən birisidir.

      Xüsusilə bu gün İslam ölkəsinin bir çoxunda məzhəb müharibələrinin, qan və göz yaşlarının hakim olduğu nöqtələrdə istər Türkiyədə yaşayan müsəlmanlar, istər Azərbaycanda yaşayan müsəlmanlar və istərsə də dünyada yaşayan bütün müsəlmanlar olaraq Seyyid Yəhya Şirvaninin, Səfiyyəddin Ərdəbilinin, Şəmsi Təbrizinin, İmam Rəbbaninin empatisini və əhli-beyt sevgisini təlqin edən ilkələrini könül dünyamıza daşımağa ehtiyacımız var.

      İrfan: Çox dəyərli vaxtınızı bizə ayırdığınıza görə təşəkkür edirik.

      Prof. Dr. H. K. Yılmaz: Mən də öz növbəmdə sizə təşəkkür edir, yeri gəlmişkən bu möhtəşəm simpoziumun ərsəyə gəlməsində əməyi olan bütün qurumlara, hər kəsə minnətdarlığımı bildirirəm.

      • Hits: 771 clicks

      Tecox component by www.teglo.info