Murad BABAYEV / AĞSAQQAL NƏSİHƏTİ : “Qəbirlərini də özlərinə qazdırmışdılar”

    PDF faylını alÇapE-poçt

      Share

           İrfan: Zəhmət olmasa, özünüz haqda qısa məlumat verəsiniz?

           Babayev Murad: Mən, Babayev Murad Fərrux oğlu 1929-cu ildə Astaranın Lovayn kəndində anadan olmuşam. Birinci sinifdən dördüncü sinfə qədər elə Lovayn kəndində oxumuşam. Maddi cəhətdən imkan olmadığına görə, məktəbi davam etdirə bilmədim. Məcbur olduq işləməyə. 

          1940-cı ildə Kijəbə qəsəbəsinə- sovxoza gəlib burada çilingər işləmişəm. Müharibə başlananda Mircəfər Bağırov Stalinə zəng edib dedi ki, neftçıxarmada problemlər var. Buna görə də 1943-cü ildə bizi Bakıya neft mədənlərinə işləməyə apardılar. Üç gecə Astara məscidində qaldıqdan sonra 1943-cü ilin oktyabrın 26-sında bizi Bakıya apardılar. Müharibə qurtarana kimi orada, neft mədənində işləmişəm. Müharibəyə görə, neft mədənində işləyənlərin hamısını cəbhəyə aparmışdılar. Bizə on iki gün dərs keçdilər, bəzi şeyləri öyrətdib işə cəlb etdilər. Beləliklə işə başladıq. Müharibə qurtarandan sonra 1946-cı ildə yenidən Kijəbə qəsəbəsinə qayıtdım. Üç il sürücü işlədim. 1949-cu ildən Elektrik Stansiyasında çalışdım. Sonra 1968-ci ilin avqust ayına kimi düz 17 il suvarmada (o zaman Vodakaçka nömrə iki deyirdilər) çalışdım. 1968-ci ilin avqustundan Kijəbə qəsəbəsində, sovxozda 25 il çayçı işləmişəm. 1989-cu ildə təqaüdə çıxmışam. 57 il iş stajım var.

            İrfan: Bildiyimizə görə ibadətlə də məşğulsunuz. İbadətə gəlişinizə nə səbəb oldu? Bir az da bu haqda danışın mümkünsə!

           Babayev Murad: Mənim atam-anam namaz qılardılar. Mən də onları namaz qılan gördüm və qəlbimdə namaz qılmağa həvəs oyandı. Dəqiq yadımdadır, 1957-ci ilin aprelin 2-də Ramazan ayı girirdi. Həmin tarixdən sonra namaz qılmağa, oruc tutmağa başlamışam. Ondan sonra bu günə kimi daimi olaraq ibadətə davam etmişəm. 1990-cı ildən sonra məscidlərə getməyə başladım.

           İrfan: Bəs namazı kimdən öyrəndiniz?

           Murad  Babayev: Mən namazı öz anamdan öyrənmişəm. Biz hələ məktəbə getməmişdən anamızla bir yerdə hamımız namaz qılardıq. Düzdür, mən uşaqlıqdan namaz qılmışam, amma bir gün qılmışam, bir gün qılmamışam, arada qılıb, arada buraxmışam. Ancaq dediyim kimi 1957-ci ilin aprel ayının 2-dən davamlı şəkildə qılmağa başlamışam. Suvarmada işləyəndə həmişə namazımı qılardım. Orada işim ağır deyildi, ancaq monumetrə baxırdım. Ona görə də ora əlverişli idi. Namaz qılmağa vaxtım olurdu. Ancaq başqa vaxtlarda imkan yox idi. Öz həvəsimlə ibadətə başlamışam. Elə vaxt olub ki, çayçı işləyəndə avqust ayında oruclu halda çay sahəsində, sağımda-solumda samovar, qarşımda da kürə olub, onun istisi də mənə dəyə-dəyə işləmişəm. Çayçı işləyəndə də həmişə orucumu tutmuşam, heç vaxt buraxmamışam.

           İrfan: Yaşınızı da nəzərə alsaq, yay aylarında xeyli oruc tutmusunuz?

           Murad Babayev: Bəli, çox tutmuşam. Məsələn, iki dəfə avqust ayında üç il oruc tutmuşam. Elə vaxt olmayıb ki, mən oruc tutanda xəstələnim, ya da oruc tuta bilməyim. Həmişə orucluq ayı gələndə şükür ki, sağlam olmuşam, orucumu tutmuşam. Oruc qurtarandan sonra xəstələnmişəm, ancaq oruc ayında heç vaxt xəstələnməmişəm.

           İrfan: Quran oxuya bilirsinizmi?

           Murad Babayev: Quran oxuya bilmirəm. Ancaq bəzi surələri əzbər bilirəm. Latın qrafikası ilə öyrənmişəm. Çünki mən uşaqlıqda latınca oxumuşam. 1933-1934-cü ildə latın qrafikasını öyrədiblər bizə. Yazı yaza bilməsəm də, latınca oxuya bilirəm. Atamın əmisi molla idi. O, repressiyaya məruz qaldı. 1937-ci ilin avqust ayında gecəliklə tutub apardılar. Onlar üç nəfər idilər: biri Lənkərandan, biri Masallıdan, bir də o. Bayılda dəniz qırağında onlara öz qəbirlərini qazdırıb, elə orada da güllələdilər. O, Qurandan dərs verərdi. Bütün camaat gedib ondan Quran öyrənərdi. Mənim də Quran oxumağa həvəsim var idi. Elə istəyirdim ki, onun yanına gedib Quranı öyrənim, kişini tutub apardılar. Ondan sonra da Quran öyrənməyə imkan olmadı, arzum ürəyimdə qaldı.

           İrfan: Siz bu gün bizim gənclərimizə bir ağsaqqal kimi hansı nəsihəti verərdiniz?

           Babayev Murad: Müstəqillik qazandıqdan sonra mən həmişə gənclərə demişəm ki, Allahın yolunu tutsunlar, Allahın yolundan heç zaman ayrılmasınlar. İnsan daim vicdanlı olmalı, Yaradanının tanımalıdır. Onun buyurduqları ilə əməl etməlidir. Onun dedikləri ilə durub-otursan Allah da sənə kömək olar. Pis yollardan uzaq olsunlar.

           İrfan: Dəyərli vaxtınızı bizə ayırdığınıza görə sizə təşəkkür edirik.

           Murad Babayev: Mən də öz növbəmdə sizə dərin təşəkkürümü bildirirəm. Sizin jurnalınızın bütün əməkdaşlarına öz minnətdarlığımı, səmimi arzularımı çatdırıram.

      • Hits: 1189 clicks

      Tecox component by www.teglo.info