REPORTAJ / Tarix elmləri doktoru, professor ANAR İSGƏNDƏRLİ

    PDF faylını alÇapE-poçt

      Share

           İrfan:   Anar müəllim, sizi “İrfan jurnalı” adından salamlayırıq və xahiş edirik ki, oxucularımıza özünüz haqda məlumat verəsiz?

           Anar İsgəndərli:  Anar İsgəndərli-tarix elmləri dokturu, professor, Bakı dövlət Universitetinin kafedra müdiri işləyirəm. Tədqiqat sahəmə XIX-XX əsrlərdə Osmanlı və Cənubi Qafqazda erməni-türk və Azərbaycanlı-erməni münasibətlərinin  tarixşünaslığı daxildir. Bir tarixçi olaraq tədqiqatlarımı erməni hərbi birləşmələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirtdiyi soyqırımlar sovet, vətən, mühacir və qərb müəlliflərinin əsərləri əsasında araşdırmışam.

       Vətən tarixinin aktual problemləri ilə bağlı beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak etmişəm. 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin  75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda Türkiyə cümhuriyyətinin baş nazirinin qol saatı və “Altun” medalı, 2008-ci ildə “Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin” “Qızıl döş nişanı”, 2009–cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Türk-müsəlman soyqırımı ilə bağlı “1918-ci il mart qırğınlarının tarixşünaslığı”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan xalq cümhuriyyəti Biblioqrafiya”, “Azərbaycanda türk müsəlman soyqırımı problemlərinin tarixşünaslığı”, “Təzəpir” (Azəırbaycan, rus ingilis və ərəb dillərində), “Azərbaycan ərazisində  erməni hərbi terrorçu birləşmələrinin törətdiyi cinayətlərə dair faktlar” (Yaddaş kitabçası), (Azərbaycan, rus və İngilis dillərində). “Realites of Azerbaijan 1917-1920”, USA. Monoqrafiyaları və 200-dən artıq məqalələrimlə müxtəlif mətbuat orqanlarında çıxış etmişəm. Həmçinin dövrü mətbuatla yanaşı müxtəlif televiziya kanallarında Vətən tarixinin ayrı-ayrı problemləri ilə bağlı müntəzəm çıxışlar etmişəm.

           İrfan:  Jurnalımızın buaykı ana mövzusu “Qafqaz İslam Ordusu”dur. Tarixə səyahət etsək, 1918-20-ci illərdə Azərbaycanda ümumi vəziyyəti necə xülasə etmək olar? Bir tarixçi olaraq həmin illəri necə dəyərləndirərdiniz?

           Anar İsgəndərli: 1918-1920-ci illərdə Azərbaycanın  qərbində, cənubunda və şimalında ermənilər tərəfindən türk-müsəlman  əhalisinə qarşı həyata keçirilən qırğınlarla bağlı kifayət qədər sənədlər mövcuddur. Bu baxımdan 1918-1920–ci illərdə Azərbaycan  Xalq Cümhuriyyəti tərəfindən təşkil edilmiş Fövqəladə təhqiqat Komissiyasının tərtib etdiyi sənədlər xüsusi maraq doğurur. Bu sənədlər 36 cilddən və 3500 vərəqdən ibarətdir və hər biri ermənilər tərəfindən  soyqırıma  məruz qalan əhalinin şahid ifadələridir. Bu sənədlər birmənalı olaraq sübut edir ki, 1918-ci ildə Bakı, Şamaxı, Quba və Azərbaycanın digər bölgələrində  yaşayan əhaliyə qarşı soyqırım həyata keçirilmişdir. Hətta 1919 və 1920-ci illərin mart ayının 31-i Azərbaycan dövləti tərəfindən milli matəm günü kimi qeyd olunmuşdur. Amma Cənubi Qafqazda sülh və əmin-amanlığın tərafdarı kimi çıxış edən müstəqil Azərbaycan dövlətinin qurucuları nə qədər çətin olsa da, 1918- ci ildə keçmiş İrəvan xanlığının paytaxtı İrəvan şəhərini ermənilərə güzəştə getdilər, təşkil olunmuş ilk Azərbaycan parlamentlərində ermənilərə 21 yer ayırdılar. Sovet Rusiyasının yaxın köməkliyi ilə Azərbaycanın Zəngəzur qəzasına sahib oan ermənilər bu güzəştlərdən şirnikləşərək Dağlıq Qarabağın və Naxçıvanın onlara verilməsi  ilə bağlı ədalətsiz ərazi iddialarına başladılar. 1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri  və daşnakları ciddi narahat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şürası və “daşnaksütyan” partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı sözün əsl mənasında müharibəyə başladılar. Bakıda Azərbaycanın milli qüvvələrinin sayca az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı. Beləliklə, martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu.

           İrfan: Keçən əsrin əvvələrində xalqımıza qarşı yönəldilmiş soyqırım dəhşətlərinin qarşısının alınmasında  Qafqaz İslam Ordusunun rolu nə oldu?                

           Anar İsgəndərli: Bu məsələdə Qafqaz İslam Ordusunun rolu həyati əhəmiyyət kəsb edir. Türkiyə tarixin qardaşlıq sınağından həqiqi mənada üzüağ çıxdı. Belə ki, özü çətin vəziyyətdə olan türkiyəli qardaşlarımız Azərbaycanın dərdini öz dərdi bilərək hadisələrə hərbi müdaxilə etməyi vacib amil kimi dəyərləndirdi.

           Ölkənin bir çox bölgələrində olduğu kimi Bakıda da kütləvi qırğınlar törədilmişdi. Erməni terroru nəticəsində ümumi bir xaos hökm sürürdü. Azərbyacan xalqı Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyirdi. Bakının azad edilməsi ölüm-dirim məsələsi idi. İstanbulda olan M. Ə. Rəsulzadə xarici işlər naziri M. Hacınskiyə göndərdiyi məktubunda yazırdı: “Hansı yolla, nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmamalıdır. Əks  təqdirdə, baş vermiş fakt qarşısında çətin vəziyyətdə qalarıq. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!”

           Məhz belə bir vaxtda Qafqaz İslam Ordusu özünü yetirmişdi. Azərbaycanın bir sıra rayonlarında vuruşa-vuruşa Bakıya gəlmişdilər. Kiçikdən-böyüyə hamı Qafqaz İslam Ordusuna böyük ehtiram bəsləyirdi. Bakıya daxil olan Türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqalarının Azərbaycanda böyük nüfuz sahibi olan və “el atası” adlandırılan Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qalması bu faktı bir daha təsdiq edir. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycanın tarix muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxmışdı. O, öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi. Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbayacan xalqına qarşı həyata keçirtdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam ordusunun bir hissəsi isə Dağıstan isiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı.

           İrfan: Belə bir sual yaranır: Əgər Qafqaz İslam ordusu olmasaydı, ölkənin ümumi mənzərəsi necə olardı?

           Anar isgəndərli: Məlum olduğu kimi, 1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan Tiflisdə öz müstəqilliyini elan etdilər. Yeni elan olunan üç dövlətdən Gürcüstanın paytaxtı Tiflis, Ermənistanın paytaxtı İrəvan oldu. Azərbaycanın paytaxtı Bakı, Şaumyanın rəhbərlik etdiyi Bakı xalq komissarları Sovet tərəfindən işğal edildiyindən Gəncə şəhəri müvəqqəti paytaxt oldu. Elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq və onu real dövlət qurumuna çevirmək milli-demokratik qüvvələrin ən çətin vəzifələrindən biri idi. Dövlətin ən böyük çətinlikləri bunlardan ibarət idi:

           Əvvəla, Azərbaycan dövləti özgə bir ərazidə elan olunmuşdu; Azərbaycan Xalq Cümhuriyyərinin öz torpaqlarını qoruya biləcək gücü yox idi; Azərbaycan xalqına düşmən olan, Azərbaycan torpaqlarını işğal edən və Bakını özünə paytaxt seçən Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin 20 mindən artıq nizamlı silahlı qüvvəsi var idi; Azərbaycandakı mövcud siyasi, iqtisadi və hərbi durum çox mürəkkəb idi; Sovet Rusiyası Bakı Neftindən yararlanmaq üçün nəyin bahasına olursa-olsun, Azərbaycanı əlində saxlamağa cəhd göstərirdi; I Dünya müharibəsində bir-birinə qarşı vuruşan İngiltərə və Almaniya Azərbaycanla bağlı müxtəlif planlar qurmuşdular; Çar Rusiyasından Azərbaycana qalan miras hərbi xidmətdən və silah daşımaqdan məhrum edilən əhalidən və primitiv qaydada mövcud olan dağınıq təsərrüfatdan ibarət idi. Bütün bunları nəzərə alan Azərbaycan Xalq cümhuriyyəti  rəhbərliyi 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh müqaviləsi imzalamışdı. Gürcüstan və Ermənistanla imzalanan müqavilədən fərqli olaraq Azərbaycanla bağlanan müqavilə daha səmimi və azərbaycan xalqının xeyrinə idi. Hələ 1917-ci ilin fevralında çarizmin devrilməsindən sonra Rusiyada müvəqqəti hökumətin dövründə ermənilər və gürcülər öz milli qüvvələrini təşkil edərkən heç bir çətinliklə qarşılaşmadılar. Çünki Çar Rusiyası dövründə rus ordusunun tərkibində kifayət qədər erməni və gürcü əsilli əsgər və zabit var idi. Bunu azərbaycanlılarla bağlı demək mümkün deyil. Məhz belə bir reallıq qarşısında əlbəttə ki, nə isə müsbət dəyərləndirmədən söhbət gedə bilməzdi. Bir tərəfdən türk qanına susamış azğın erməni quldur birləşmələri, digər tərəfdən onlara havadarlıq edən xarici qüvvələr bu torpaqları ələ keçirməyə və ağalıq etməyə çalışırdılar. Bir sözlə, Qafqaz İslam Ordusu gəlməsəydi, bu istəklərinə nail olacaqdılar.

                İrfan: Anar müəllim, sizcə, bu gün cəmiyyətmizdə Qafqaz İslam ordusu layiqincə tanınırmı? Bu sahədə hansı addımlar atılıb?

           Anar İsgəndərli: Cənubi Qafqazda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qırğınlar az tədqiq olunmuş problemlərdəndir. Tarixçilərin bir qismi məsələyə Rusiya işğaçılarının hərbi aspektindən yanaşmış, lakin region əhalisinin başına gətirilən müsibətlərdən bəhs etməmişlər. Məlum məsələdir ki, Cənubi Qafqazda bu gün də sakitçilik yoxdur. Bu sakitliyi pozan qüvvələrin kimliyi və onlara havadarlıq edənlər də məlumdur. Cənubi Qafqazda silah gücünə özgə torpaqlarını işğal edən və bir milyon insanı qaçqınlıq  həyatı yaşatmağa məcbur edən qüvvələr də məlumdur. Narahatlıq doğuran odur ki, işğalçı siyasəti həyata keçirən bu qüvvələr böyük dövlətlər tərəfindən müdafiə olunurlar.

      Təəssüflər olsun ki, 1920-ci ilin bolşevik işğalından sonra Sovet dönəmində bu faciə, nəinki unuduldu, hətta ona vətəndaş müharibəsi damğası vurularaq hadisələrin əsil günahkarı kimi milli qüvvələr təqsirləndirildi. Qırğını törədən müsəlman qanına susayan Şaumyan və başqaları milli qəhrəman səviyyəsinə qaldırıldı və bu canilərin xatirəsini əbədiləşdirmək üçün Bakının ən çox qan tökülən küçələrinə onların adları verildi. 1918-ci ilin türk-müsəlman soyqırımı bolşevik dönəmində bizim yaddaşımıza belə həkk edildi.

           Lakin sevindirici haldır ki, ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyini əldə edən Azərbaycan sürətlə inkişaf edir. Bu prosesdə milli özünüdərk, özünəqayıdış aspektindən xeyli irəliləyişlər müşahidə olunur. Artıq kimin haqq, kimin nahaqq olduğunu rahatlıqla söyləmək mümkündür. O dövrün öyrənilməsi və araşdırılması ilə bağlı müəyyən işlər görülüb, lakin bu hələ son deyil. Hələ işıq üzünə çıxarılacaq xeyli məsələlər var.

           Ümüd edirəm ki, yazdığım “Azərbaycan həqiqətləri kitabı: 1917-1920” əsəri Azərbaycan türklərinin qırğınına həsr olunmuş sonuncu tədqiqat işi olmayacaq. Birinci dünya müharibəsi və erməni-azərbaycanlı münaqişəsinə həsr olunmuş bu tədqiqat işi obyektiv tarixin bərpası üçün mühüm bir mənbədir. XX əsrdə Azərbaycan türklərinə qarşı həyata keçirilən işgəncələri və qırğınları bilmədən bu dövrü obyektiv qiymətləndirmək də mümkün deyil.

           İrfan: Anar müəllim, dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirik!

           Anar İsgəndərli:  Mən də sizə təşəkkür edirəm ki, “İrfan” jurnalı olaraq bu cür mövzulara toxunursunuz və xalqımızın maariflənmə işində mühüm addımlar atırsınız.

       

       

      • Hits: 1091 clicks

      Tecox component by www.teglo.info