REPORTAJ / ŞƏKİ AĞSAQQALI NADİR PİRİMOV

    PDF faylını alÇapE-poçt

      Share

      İrfan:  Nadir Əfəndi sizi “İrfan” jurnalı adından salamlayırıq. “Ağsaqqal Nəsihəti”nin buaykı qonağı sizsiniz. Xahiş edirik, əvvəlcə oxucularımıza özünüzü təqdim edəsiniz.

                 Nadir Əfəndi: 1947- ci ildə Şəki rayonunun Aydınbulaq kəndində anadan olmuşam. 8-ci sinfi bitirdikdən sonra komsomol xətti ilə Bakıda peşə məktəbinin mexanizasiya ixtisası üzrə təhsil almışam. 1966-cil ildə Ukraynanın Zaporoje şəhərində iki il hərbi xidmətdə olmuşam. Mən hərbi xidmətdə olduğum vaxt əsgərlik 3-il idi. Həyat elə gətirdi ki, mən əsgərliyi iki il çəkdim və hərbi xidmətdən qayıdandan sonra oxuduğum ixtisas üzrə iki il işlədim. O vaxtlar Şəki İslam Mədrəsəsi texnikum idi və mən orada Bakı Kooperativ texnikumuna imtahan verdim.  1971-1972-ci ildə ticarətlə məşğul olmağa başladım, 15 il ticarətdə işlədim. İşlədiyim dükan indiyə kimi də kəndimizdə durur. Kəndimizdə yeganə dükan idi ki, orada hər şey satılırdı. 15 il içərisində dükan müdiri oldum və bu sahədə işlədiyim illər ərzində uğurlarım çox oldu.

                  İrfan: Necə oldu ki, o çətin illərdə siz ibadətə gəldiniz?

                  Nadir Əfəndi: 1984-ci ildə bərk xəstələndim, xəstəliyim çox ağır oldu. Sanki Allah məni dünyaya yenidən gətirdi. Sağalandan sonra 1985–ci ildə  istirahət məqsədi ilə  Krıma getməli oldum. Krıma Bakıdan yola düşəcəkdim. Fikirləşdim ki, istirahətdə oxumaq üçün özümə maraqlı bir kitab alım. Kitab mağazasında “İslam” adlı bir kitab gözümə sataşdı və düşündüm ki, bu kitab mənim üçün oxumağa daha münasibdir. O vaxta qədər dinlə heç bir əlaqəm olmamışdı, başım ancaq ticarətə qarışmışdı. İş elə gətirdi ki, Krımda otaq yoldaşlarım özbəklər oldu. Onlar İslama bağlı insanlar olduğu üçün bildiklərindən mənə də öyrədirdilər. Aldığım kitabı isə maraqla oxuyurdum və ürəyimdə dinə qarşı maraq hissi oyanmışdı. Dini öyrənməyə güclü həvəsim var idi.  20 Yanvar hadisəsində kəndimizdə şəhidlər üçün ehsan verilirdi, amma kəndimizdə Quran oxuya bilən adam yox idi ki, onların ruhuna Quran oxusun. Bu da məni çox narahat edirdi və özümə söz verdim ki, kənddən Şəkiyə gəlib kirilcə yazılı “Yasin” surəsi kitabı alıb şəhidlərimizin 40-na kimi onu öyrənəcəyəm. Beləliklə, Şəkiyə gəlib həmin kitabı aldım, şəhidlərmizin 40-ına kimi “Yasin” surəsini  öyrənib onların ruhuna oxudum. Sonra məscidə gəlib Şəkinin Qazısı Səlim Əfəndi ilə görüşdüm. 1991-ci ildə Səlim Əfəndi bizə Quran öyrənmək üçün kurs açmışdı və o vaxtlar ölkəmizdə dini kitablar az olduğuna görə kitab çatışmamazlığı vardı. Yadıma gəlir o vaxt Səlim Əfəndi əlifbanı bizə kitabdan yazdırırdı. Bu da Allahın bir neməti oldu ki, ölkəmizə Türkiyədən müəllimlər və dini sahədə mütəxəssislər gəldi. 70 il ərzində bizə dinimizi öyrənməyə qoymamışdılar, ona görə dini bilən kadrlara ehtiyacımız vardı. Həmin müəllimlər gələn gündən dizlərinin dibində oturan tələbələrdən biri də mən oldum. Sonra bizi dini təhsil almaq üçün Türkiyəyə kursa yolladılar. 1992-ci ildə yola düşdük. 7 ay orada kurs keçdikdən sonra ölkəmizə qayıtdıq.

                  İrfan: Bəs sizin üçün Türkiyə təəssüratları necə oldu və maraqlı hadisələrdən hansı yadınızda qalıb?

                  Nadir Əfəndi: Həyatımda ilk dəfə 1992-ci ildə Türkiyəyə getməyim mənim üçün  yadda qalan bir hadisə oldu. Biz ora gedəndə ölkəmizdəki vəziyyət çox çətin idi və müharibə şəraitində yaşayırdıq. Bizimlə Türkiyəyə təhsil almağa gedənlərin arasında bəzilərinin övladı müharibədə idi. Həmin il mənim də övladlarımdan biri müharibəyə ilk yollananlardan olmuşdu. Biz ölkəmizin acınacaqlı bu vəziyyətində təhsil almaq üçün Türkiyəyə getmişdik. Bizə orada dərs verən müəllimlər bizi çox yaxşı qarşıladılar. Orada olduğumuz müddət ərzində heç bir sıxıntımız olmadı. Hətta bizə orada təhsil verən yaşlı bir müəllim vardı, ziyarətimizə gələr və bildiklərindən öyrədərdi. Ondan sonra ən çox yadımda qalan o oldu ki, müəllim həmişə bizdən ayrılanda deyirdi ki, sizdən bir xahiş edirəm ki, mənim üçün dua edin, çünki qonağın duası keçərlidir. Biz indiyə kimi də həmişə onlara dua edirik!

                  İrfan: Onlar təəccüblənmədilər ki, siz ölkənin çətin bir şəraitində Türkiyəyə dini təhsil almağa getmisiniz?

               Nadir Əfəndi: Bir dəfə mağazaya girəndə belə bir hadisə ilə qarşılaşdıq. Dükanın qarşısında yaşlı kişilər əyləşmişdilər və biz satıcı ilə söhbət edəndə onlar azərbaycanlı olduğumuzu bildilər. Həmin yaşlı kişilərdən biri məni yanına çağırıb belə bir sual verdi: “Deyəsən, siz azərbaycanlısınız?” Mən də ona azərbaycanlı olduğumuzu dedim. Onlar soruşdular ki, sizin ölkədə vəziyyət necədi? Mən də ölkəmizin vəziyyəti haqqında onlara danışdım ki, hal-hazırda ölkəmizdə müharibə gedir. O, təəccüblə məndən soruşdu ki, bəs siz burada nə gəzirsiniz? Sonra bizə məsləhət verdi ki: “Elm qaçmır, istədiyin vaxt elmi öyrənə bilirsən, vətən, torpaq isə əldən gedir. Əgər bizə icazə versələr, biz ayaqyalın gedib azərbaycanlı qardaşlarımıza kömək edərik”, dedi. Biz onlara izah etməyə çalışdıq ki, övladlarımız vətən keşiyində dayanıblar. Biz isə burdan gələcək nəslə elm aparıb onları daha da savadlı etmək istəyirik. Məqsədimiz xalqımızı elm sahibi etməkdir. Ölkəmizdə dini elmə çox ehtiyac var. Allah onlardan razı olsun, dini sahədə maariflənməmizə böyük kömək etdilər. Bu gün isə Allaha şükürlər olsun ki, artıq ölkəmizdə milli-mənəvi sahədə xeyli irəliləyişlər var. Ölkə başçımız, dini sahəyə rəhbərlik edən qurumlar durmadan çalışırlar ki, xalqımız öz milli və dini kimliyini qoruyub saxlasın.

                 İrfan: Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirik. Son olaraq “İrfan” oxucularına nəyi tövsiyə edərdiniz?

                 Nadir Əfəndi: Əvvəlcə sizə öz təşəkkürümü bildirirəm ki, məni jurnalınızın qonağı sayırsınız. Oxuculara tövsiyəm  odur ki, əllərindəki nemətin qədrini bilsinlər. Vaxtı ilə ölkəmizdə baş verən hadisələr Allahın bizə imtahanı idi. Allah bundan sonra bizi heç vaxt bu cür imtahana çəkməsin. İndi ölkəmiz əmin əllərdədir. Üzümü gənclərə tutub deyirəm ki, dinimizə, milli şüura, dövlətçilik ənənələrimizə sahib çıxsınlar.  Amin...

      • Hits: 890 clicks

      Tecox component by www.teglo.info