Home Arxiv 2013 № 82 Sentyabr Kamran MƏMMƏDOV / "MÜDƏSSİR" SURƏSİ


    Kamran MƏMMƏDOV / "MÜDƏSSİR" SURƏSİ

    PDF faylını alÇapE-poçt

      Share

           “Muddəssir” surəsi Məkkədə nazil olmuş və 56 ayədir. Hz. Peyğəmbərin (s.ə.s) şəxsiyyətinin bəzi yönlərini izah edir. Ona görə “Müddəssir” surəsi deyilmişdir. Bu mübarək surə Peyğəmbərə (s.ə.s) dəvət məsuliyyətini, təbliğ vəzifəsini cəhd və səylə yerinə yetirməsini, kafirləri xəbərdar etmə və Allah, Onunla düşmənləri arasında öz hökmünü 

           verincəyə qədər səbir etməyi əmr edərək sözə başlayır: "Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!  Öz Rəbbini uca tut!  Libasını təmizlə! Pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!) (Etdiyin yaxşılığı) çox bilib başa qaxma! Rəbbinin yolunda səbir et!" (1-7)

           Sonra bu surə günahkarları xəbərdar edərək onları şiddətli, çətin bir günlə təhdid edir: "Elə ki, sur çalındı, O gün çox ağır bir gün olacaqdır; (O gün) kafirlər üçün asan olmayacaqdır!" (8-10)

      İnsanı titrədib dəhşətə salan bu şərhdən sonra surə bədbəxt kafir Vəlid b. Muğirədən bəhs edir. Vəlid Quranı dinləmiş və Allahın kəlamı olduğunu anlamışdı. Lakin liderlik və qövmünə başçılıq sevdası uğrunda, Quranın insanın bildiyi sehr kimi bir şey olduğunu iddia etmişdi. (11-26)

           Daha sonra bu surə Uca Allahın kafirləri təhdid etdiyi cəhənnəmdən, onun sərt gözətçilərindən, cəhənnəm əhlinə əzab etməklə vəzifələndirilən əzab mələkləri olan zəbanilərdən, onların sayından və bu sayın xüsusilə qeyd edilməsindəki hikmətdən bəhs edir.

           Surə, cəhənnəmin böyük bəlalardan biri olduğuna dair aya və işığına; səhərə və aydınlığına and içir: "Xeyr! (İş heç də bu müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya; Dönüb-qayıdan  (yaxud gündüzün dalınca gələn) gecəyə. Və sökülməkdə olan dan yerinə ki, (Cəhənnəm) böyük bəlalardan biridir! (O, Allahın əzabı ilə) qorxudur insanları" (32-36).

           Daha sonra surə kafirlərin cəhənnəmə girmələrinin səbəbi haqqında, möminlərlə kafirlər arasında keçən qarşılıqlı söhbəti izah edir: "...bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): “Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq; Haqq-hesab gününü yalan sayardıq" (40-46).

           Surə müşriklərin imandan üz çevirmə səbəbini açıqlayaraq sona çatır: "Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar). Onlar sanki vəhşi eşşəklərdir. (O eşşəklər ki) aslandan hürküb qaçarlar! Xeyr, onların hər biri özünə (göydən) nazil olmuş səhifələr verilməsini istəyər. Xeyr, daha doğrusu, onlar axirətdən qorxmazlar! Xeyr, bu (Quran) bir öyüd-nəsihətdir! İstəyənlər ondan öyüd alar. Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur!" (49-56)

           Ənəsdən (r.a) rəvayət edilən bir hədisə görə, Rəsulullah (s.ə.s.) bu ayəni oxudu və belə dedi: "Rəbbiniz buyurdu ki; Mən özündən Qorxub çəkinməyə layiqəm. Kim Məndən çəkinərsə, Mənimlə yanaşı başqa tanrı qəbul etməsin. Mən onu bağışlamağa da layiqəm” (Tirmizi, Təfsiri-Quran, 71).

      • Hits: 700 clicks

      Tecox component by www.teglo.info