NƏ TÖKƏRSƏN AŞINA / Kamran MƏMMƏDOV

      Share

      Düşünürəm ki İlahi, yaratdığı qarışqadan tutmuş filə qədər hər canlını öz nəzarətində saxlayır. Onları haqsız incidəni, məhv edəni gec-tez cəzalandırır. Zülm edəni heç vaxt cəzasız qoymur.

      1957-ci il idi. Qardaşım Bayramla İçərişəhərdə, Asəf  Zeynallı küçəsində yerləşən bir binanın üçüncü mərtəbəsində kirayədə qalırdıq. Hər ikimiz də tələbə idik. Ev sahibi Əhməd kişi özü, arvadı və iki uşağı ilə ikiotaqlı mənzildə yaşayırdı. Otağın birini bizə vermişdilər. Əhməd kişi sakit, təmkinli, zəhmətkeş, ortayaşlı bir kişi idi.

      Həmin mərtəbədə ev sahibinin anası, 80 yaşlı Xeyrənsə arvad üç nəvəsi ilə bir yerdə yaşayırdı. Qarının yaşı çox olmasına baxmayaraq, olduqca gümrah və çevik idi. Xeyrənsə nənənin üç qızı, bir oğlu vardı. Hamısı da ailəli idi. Qızlarından biri ərindən ayrılmışdı, onun  16 və 14 yaşlarında iki oğlu vardı. Qadın ikinci dəfə ərə getdiyi, ataları da başqası ilə ailə qurduğu üçün oğlanları, nənələrinin yanında qalırdılar. Qarının iknci qızının da taleyi eynən birincininkinə oxşayırdı, onun da 8-9 yaşlı qızı nənənin yanında olurdu. Anaları hərdənbir gəlib uşaqlarına baş çəkərdilər. Aranı qatar, söyüşüb, dalaşıb gedərdilər. Bu qalmaqalın bir dəfə şahidi olmuşam. Davanın qızğın vaxtında biri o birinə dedi ki, ay qız, elə söymə, Seyfəddin evdədi, eşidir, ayıbdır. Söyüş söyən qız dedi: “Seyfəddin bu iki ildə hər şeyi eşidib, öyrənib!” həmin vaxt bayıra çıxdım. Dedim ki, düzdü, mən burda hər şeyi eşitdim, gördüm, ancaq heç birini öyrənmədim. Sizdə öyrəniləsi heçnə yoxdur.

      Bir sözlə, Xeyrənsə qarının övlad sarıdan bəxti “yaman gətirmişdir”.

      Bir gün qarının böyük nəvəsi Dadaş mənə yaxınlaşıb onun üçün iş düzəltməyimi xahiş etdi. Vəziyyətlərinin ağır olduğunu nəzərə alıb bu barədə bir nəfərə ağız açdım, üç-dörd günə bir cavab deyəcəyini bildirdi. Həqiqətən də, az keçmiş həmin şəxs oğlana iş tapdığını xəbər verib məni sevindirdi. Dadaş köşkdə qəzet satacaqdı. Tez-tələsik bu sevincli xəbəri ona çatdırdım. Oğlanın əhvalı dəyişdi. Düşündüm ki, görəsən, buna nə oldu? Oğlan qayıtdı ki, ay Seyfəddin qardaş, mən hərfləri tanımıram, necə qəzet sata bilərəm axı? Hardan bilim ki, bu “Kommunist” qəzetidir, yoxsa “Pravda” qəzeti?!

      Həmin andaca fikirləşdim  ki, uşaqlarını başlı-başına buraxıb ərə gedən qadının və özünə yeni arvad tapan kişinin övladları da elə belə olmalıdır!. Şəhərin mərkəzində yaşayasan, bu qədər savadsız olasan? İndi də yadıma düşəndə dəhşətə gəlirəm, vallah!

      Qaldığımız bina çox köhnə idi. Adama elə gəlirdi ki,  İçərişəhər tikiləndə elə birinci bu binanı tikiblər. Pillələri taxtadan düzəldilmişdi. Düşüb-çıxmaq qorxulu idi. Evin hər yanı deşik-deşik olmuşdu.

      Bir gün dedilər evdə siçovul var. Uşaqlar görüblər. Ev sahibi Əhməd kişi işlədiyi yerdən qəribə bir tələ gətirdi. Bu tələyə nə düşürdüsə, əzilib zədələnmədən hazır qutunun içinə düşür və qutunun ağzı o andaca bağlanırdı.

      Əhməd kişi tələni münasib bir yerdə qurdu. Səhər hay düşdü ki, tələyə siçovul düşüb. Hamı cəm oldu tələnin başına. Gördüm ki, bu, tükləri dovşan tükünə oxşayan iri bir siçovuldur, qutunun içində fırfıra kimi fırlanır. Ağız deyəni qulaq eşitmir, siçovulu oradan çıxarmaq üçün hərə bir təklif irəli sürdü. Bu ara Xeyrənsə arvad irəli yeridi. Dedi, narahat olmayın, mən bu dəqiqə işə əncam çəkərəm. Hamı kənara çəkildi, gözlədilər görək, işin axırı necə olacaq. Qarı evə keçdi, bir azdan əlində qaynar su ilə dolu çaydanla geri qyıtdı. Qəfildən çaydanı qaldırıb qaynar suyu  siçovulun düz ütünə tökdü. Heyrətdən hamı bu işə məəttəl qaldı. Yazıq heyvanın diri-diri qovrulmasını izləyən hər kəsin əhvalı pozuldu. Əvvəlcə heyvanın tələyə düşməsi marağıyla toplaşanlar, onun bu cür amansızlıqla tələf edilməsinə heç də sevinmədilər.

      Aradan üç-dörd ay keçmiş, Novruz bayramı gəlib yetişmişdi. Dərsdən evə qayıdanda gördüm ki, qaldığımız otaqda Xeyrənsə nənə bayram hazırlığı görür. Sacağı yerə qoyaraq, ortasında premusu herslə alışan peçi yandırıb, üstündəki iri qazanı isə plov bişirmək üçün suynan doldurub. Qazandakı suya gözüm sataşanda gördüm ki, su qaynara düşmək ərəfəsindədir.

      Xeyrənsə nənə arxamca içəri keçdi. Qaynar qazanın yanından keçəndə, necə oldusa, suynan dolu qazan onun üstünə aşdı. Qəfil qışqırtı evdə onların hamısını ayağa qaldırdı. Başına yığışdılar, təcili yardıma zəng etdilər. İnsafən, onlar da özlərini hadisə yerinə tez çatdırdılar. Nənəni yerə uzatdılar, soyuq olduğundan ayağına getdiyi uzunboğaz corabı çıxaranda ayağının dərisi də tamamilə soyuldu. Balıq yağı alıb gətirdilər. Toyuq lələyi ilə yanan yerlərə sürtdülər. Bütün bunların hamısı gözlərim qarşısında baş verirdi. Xeyrənsə arvadın siçovulu yandırması əhvalatı bircə-bircə gəlib gözlərim önündə canlandı.

      Nənə 6-7 aydan da artıq müddətə yataqda uzanılı qaldı. Barmaqlarının onu da soyulub qabıqdan çıxdı. Dabanları cırıq-cırıq oldu. Qarı bir də əvvəlki, gümrah halına qayıtmadı.

      Mənə elə gəlir ki, Cənab Allah onun yaratdıqlarına verilən zülmü bu cür “dəyərləndirmişdir”. 

      • Hits: 775 clicks

      Tecox component by www.teglo.info