Zəki ŞAHİN / UŞAQLARA GÖZƏL ADLAR VERMƏK

      Share

      İslam təfəkkürünə görə dünyaya gələn hər bir uşağa gözəl adlar verilməlidir. Məqaləmizdə bu haqda söhbət açacağıq.

      Hz. Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Allahın ən çox sevdiyi adlar Abdullah və Abdurrahmandır.” (Müslim, 2132)

      Hz. Aişənin bildirdiyinə görə Hz. Peyğəmbər (s.ə.s) çirkin adları (gözəl adlar ilə) əvəzləyərdi. (Tirmizi, 2839)

      Hz. Ömərin qızının adı Asiyə idi. (Ayn və sad hərfi ilə yazılar üsyankar mənasına gələn Asiyə adından söhbət gedir) Hz. Peyğəmbər (s.ə.s) ona Cəmilə adını verdi.  (Müslim, Ədəb, 3/15 (2139)

      İnsanla onun ömrü boyu daşıdığı ad arasında hansısa bağlılığın olmasında müəyyən məntiq vardır. Bu faktı psixoloqlar da təsdiqləyirlər. Onlar qeyd edirlər ki, ad hər şeydən əvvəl insan səsi olduğu üçün onun xüsusi səs titrəşimi olur. Bu səs titrəşimi beynin müxtəlif hissələrində müvafiq qıcıqlandırmalar əmələ gətirir. Hər gün öz adını eşidən insan uşaqlıqdan öz daxili ruhi vibrasiyalarını adının emosional səs vibrasiyaları üstündə tənzimləyir. Adın hansı səslərdən ibarət olmasından asılı olaraq insanda şüursuz olaraq xarakterin müvafiq cizgiləri formalaşır. Çox vaxt ilk tanışlıq zamanı ətrafdakıların insana ilkin münasibəti məhz onun adının necə səslənmədən asılı olur. Bəzi adlar ətrafdakılarda yaxşı hisslər yardır: məsələn, Saleh, Həsən, İrfan və s. kimi.

      Digərləri isə əksinə, xoş olmayan emosiyalar yaradır: məsələn: kolxoz, partiya və s. kimi. Təbii ki, adı yaxşı səslənməyən insan ilk baxışdan özü haqda mənfi fikir yarada bilər. Ona görə də valideynlər uşaqlara ad seçərkən bu və digər faktları nəzərə almalıdırlar.

      Bu həssasiyyətə sahib olan Hz. Peyğəmbər (s.ə.s) bununla valideynlərə təlim etmişdi ki, uşağa verilən adın onun şəxsiyyətinin formalaşmasında, cəmiyyətlə olan əlaqələrində mühüm yeri var. Qəribə və insanda xoş təəssürat yaratmayan adlar müəllim sinif jurnalından adları oxuyarkən belə uşaqda məktəb yoldaşları arasında utanmağa və kompleksə girməyə səbəb ola bilir.

      Dini adlara gəldikdə Peyğəmbərlərin adlarının uşaqlara verilməsi gözəldir, bəyənilən əməllərdəndir.  Allahın rəhmətini cəlb etməyə bir vasitədir. Allah-Təalanın isimləri bəziləri istisna olmaqla insana verilə bilməz. Rauf, Malik, Əziz kimi adlar verilə bilər. Uşağa Allahın “Rəzzaq”, “Xaliq”, “Rəhman” kimi uluhiyyət / rəblik mənası daşıyan isimləriniverməksə caiz deyil. Bunlar ad kimi verildikdə “abd” kəlməsinə izafə olunmalıdırlar. Məsələn: Abdurrəzzaq / Ruzi verən Allahın qulu, Abdulxaliq / yaradan Allahın qulu və s. Ümumiyyətlə uşağa belə bir isim vermək qərarına gələn valideynlər mövzuya vaqif olan bir ilahiyyatçı ilə məsləhətləşməlidirlər.

       

      • Hits: 668 clicks

      Tecox component by www.teglo.info