Pərvanə ƏFƏNDİYEVA / ELİMİZƏ NOVRUZ GƏLİR

      Share

      Azərbaycan xalqının bayramları çoxdur. Onların bəziləri qədim, bəziləri isə yeni dövrdə yaranmış bayramlardır. Bu bayramların bəziləri başqa xalqların bayramları ilə ümumi mahiyyət kəsb edir. Bəziləri isə özümüzəməxsus bayramlar kimi məişətimizə daxil olmuşdur. Bu gözəl bayramların içərisində Novruz bayramının özünəməxsus yeri vardır.

      Beləliklə, insanlara bahar arzuları, bahar diləkləri, bahar əhval-ruhiyyəsi bəxş edən bir bayramdan – Novruz bayramından söz açacağıq.

      Bahar təbiətin ən gözəl çağıdır. Bütün canlı təbiətin dirçəldiyi, gözəllik rəmzi, həyat rəmzi olan yaşıllıqların oyandığı, sanki bütün (təbiətin) aləmin dilə gəldiyi, coşduğu, sevindiyi çağ. Torpağın isindiyi, dünyanın nura qərq olduğu, eşqin, məhəbbətin, arzu və istəklərin çiçəkləndiyi vaxt. Belə bir munis vaxtın, fəsillərin tacı olan baharın başlanmasını bayram etməkdən gözəl nə ola bilər?!

      Novruzun tarixi min illərə gedib çıxır. Tarix boyunca bu bayramın ölkəmizdə qeyd olunmasını qrafik surətdə  göstərsək bu xəttin dəfələrlə qalxıb-endiyinin şahidi olarıq. İnqilabın ilk illərində bu bayram layiqincə keçirilirdi. Sonralar şəxsiyyətə pərəstişin yarandığı, cəza tədbirlərinin keçirildiyi vaxtlarda xalqın içində “millətçilik”, “əks inqilabçılıq”, “xalq düşmənləri” axtarılması nəticəsində bu bayram qadağan edildi. Bütün bunlara baxmayaraq xalq bu bayramı sevirdi, əzizləyirdi. Necə də sevməyəsən, əzizləməyəsən insanlara səadət bəxş edən,  xoş niyyətlərlə bağlı olan belə bir bayramı?! Babaların,  nənələrin, ata və anaların, ağsaqqal və ağbirçəklərin bizə yadigar qoyduğu, nəsildən-nəslə ötürdükləri əsl xalq bayramını, el-oba bayramını.

      Müharibə illərində aclıq və qıtlıq olsa belə, camaat çovdar çörəyini kartoçka ilə məhdud normalar üzrə alsalar belə, Novruz unudulmadı. İmkan daxilində səməni göyərdən, yumurta boyayan, plov bişirən də olurdu.

      50-ci illərdə xalq adət və ənənələri canlandırılsa da bu çox çəkmədi. Bir müddət durğunluq yaşandı.

      1967 – ci ildə Bakıda və respublikamızın rayonlarında Novruz bayramı təntənəli qeyd olundu.  Maraqlı tamaşalar, mərasimlər, oyunlar oldu. Xüsusən Bahar xanınım gətirilməsi səhnəsini təsvir edən epizodlar. Qız qalası və onun ətrafında, İçərişəhərdə keçirilən tədbirlər, mağaza və ictimai yerlərdə çoxlu səmənilərin olması, rəngli yumurta və şərq şirniyyatının satılması, televiziya tamaşaları və s.

      80 – ci illərdə isə Novruz tamamilə yaddan çıxdı.  “Novruz” sözü rəsmi yazılarda aradan belə götürüldü.

      1985 – ci ildən ölkəmizdə yeni bir xətt – inqilabi yenidənqurma xətti vüsət tapdı. Novruz bayramı təntənəli qeyd olunmağa başladı. Bu, bərəkət, mehr-məhəbbət, ülfət bayramıdır. Eyni zamanda müəyyən dərəcədə beynəlmilər bayramıdır. İndi şərq xalqlarının əksəriyyəti Novruz bayramını təntənə ilə qeyd edir, axı bu bayramın həyati əsasları var. Lap qədimlərdən baharın gəlişi bayram edilib.

      Hər bayrama bir neçə gün ( Novruza isə ən azı bir ay, daha doğrusu 4 həftə, bəzi mənbələrə görə, hətta 50 gün ) hazırlıq görülür. Bayram özü ən azı 1-2, bəzən də 3 gün çəkir. Sonra bir neçə gün bayramın təəssərüfatı ilə yaşayırıq, bayram əhval-ruhiyyəsini, şadlığı davam etdirir, bir-birimizi təbrik edirik.

      Novruzda cəmi 4 çərşənbə axşamı qeyd olunur. Bu həftələrə “cəmlə”lər deyilir. Dörd çərşənbə axşamı 4 ünsürlə (od, torpaq, hava, su) bağlıdır. Novruzda süfrəni müxtəlif şirniyyatlarla qoyulmuş xonça ilə bəzəyir, şamlar yandırırlar. Şadlığın, şənliyin zirvəsi sonuncu çərşənbə axşamı sayılır. El adətinə görə sürfədə ən azı 7 növ şirniyyat və nemət düzülməlidir. Hər evdə plov bişirilir, qırmızı və digər rənglərdə boyanmış yumurtalar qoyulur. Ən vacib isə  süfrədə səməninin olmasıdır. Səməni halvası çalanlar da olur. Məhəllələrdə,  xüsusən kəndlərdə, uşaqlar və gənclər qapı-qapı gəzib bayram hədiyyələri toplayırlar. Şənliklər səhərə kimi davam edir, oynayır, oxuyur və əylənirlər.

      Hər bir adam, hər bir ailə yeni ilə başdan-ayağa təzə daxil olmaq istəyir. Odur ki, evdə, gündəlik həyatda, xüsusən məişətdə olan şeyler təmizlənir, həyət-bacalar ağardılır, xalça-palaz, yorğan-döşək havaya çıxarılıb sərilir, çırpılılır. Adamlardan mənəviyyatca, ruhən təmizlik, saflıq tələb olunur. Küsənlər barışmalı, dedi-qodu aradan götürülməli, hamı mehriban, dost və sədaqətli, səmimi və bir-birinə diqqətli, həssas olmalıdır.

      Xalq arasında, el içində xoş arzular, gözəl istək və diləkləri tərənnüm edən bayatılar  oxunur.

      Novruz bayramında gənclərin və uşaqların sevdiyi oyunlar da çoxdur. Bu oyunların arasında “Kosa-kosa” oyunu xüsusi yer tutur. Bu oyunun müxtəlif variantları var. Onların bəziləri “Azərbaycan folkloru antologiyası” kitabında verilib.

      Novruz bayramı mərasimlərindən elələri var ki, onlar məhz bizim diyarda – Azərbaycanda icra olunur. Məsələn: “Xıdır-xıdır”, “Qodu-qodu”, “Kosa-kosa” mərasimləri. Xıdır haqqında nəğmələr əkinçiliklə,  yaşıllıqla, yağış arzusu ilə bağlıdır. Bahar yağıntılı olduqda torpağın bərəkəti artır, məhsul da bol olur.

      “Qodu-qodu” mərasimi isə həddən artıq yağıntının olması ilə bağlıdır. Bu mərasimdə Günəşin rəmzi olan gəlincik düzəldilir, onu bəzəyir, qapı-qapı gəzir, nəğmə oxuyur, hədiyyələr toplayırlar.

      Novruzda yalnız bahar fəslində bitən çiçəklər açır. Bənövşə, novruzgülü, nərgiz və s.

      Novruzun gözəllikləri klassiklərimizin, yazıçılarımızın, şairlərimizin yaradıcılığında, ümumiyyətlə mədəniyyətimizin bütün sahələrində özünəməxsus yer tutmuşdur və tutmaqdadır. Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, Aşıq Ələsgər, Nəcəf bəy Vəzirov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Abbas Səhhət, M.S.Ordubadi, Ü.Hacıbəyov, H.Cavid, C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, Rəsul Rza, B.Vahabzadə, və bir çoxları buna misal verilə bilər.

      Nizami “Leyli və Məcnun ” əsərində vüsal ilə görüş çağını baharın ilk günü ilə, Novruzla müqayisə edir:

      Günəş ki, eşq ilə öpdü gündüzü,

      O eşqə baş əydi bütün yer üzü.

      Göylərə nur verən bu işıqlı gün

      Novruz bayramından xoş idi o gün.

      • Hits: 663 clicks

      Tecox component by www.teglo.info