Osman Nuri Topbaş / Məqbul Bir Qulluq Üçün TƏQVA HƏYATI və XİDMƏT

      Share

      İslamın hədəflədiyi “kamil bir mömin” ola bilmək üçün dini “elm, əməl və ixlas” bütünlüyü içində idrak edib yaşamaq lazımdır. Həqiqətən;

      ● Məqbul bir qulluq həyatı üçün “elm” zəruridir. Lakin elm bəndəni xüşu, təqva və saleh əməllərə sövq edərək mərifətullaha çatdırarsa Haqq qatında bir qiymət ifadə edər. Ayeyi-kərimədə buyurulur:

      “...Allahdan Öz bəndələri içərisində ancaq alimlər (layiqincə) qorxar...” (Fa­tır, 28)

      Demək ki, elmlə məşğul olduğu halda 1əlbində kifayət qədər təqva duyğusu / Allah qorxusu inkişaf etməmiş bir insanın bu təhsilində heç bir xeyir yoxdur. Nəbəvi deyimlə o elm faydasız elmdir.[1] Nə son nəfəsdə fayda verər, nə qəbir həyatında, nə də axirətdə...

      ● Məqbul bir qulluq həyatı üçün mömin “elmiylə amil” olmalıdır. Əməl edilməyən bir elm Həzrət Mövlananın ifadəsiylə “borc alınmış bərbəzəkli paltar” kimidir. O elm insanın şəxsiyyət və xarakter mayasına qarışmaz, ona görə də irfana çevrilməz.

      Elm yalnız zehnə yığılıb dildə qalarsa, qəlbə təsir etməyib davranışlara əks olunmazsa, faydasız bir hamballıqdan ibarət qalar. Haqq-Təala bu cür Bəni-İsrail alimləri üçün təşbehlə “kitab yüklü eşşəklər” buyurmuşdur.[2] Doğrudan da ilahi həqiqətlər qarşısında heç nə hiss etməyənlər nəfsani arzularının səfil əsiri olmaqdan qurtula  bilməzlər.

      ● Məqbul bir qulluq həyatı üçün “ixlas və təqva” zəruridir. Yəni dinin zahirini təşkil edən elm və əməllər, batinini təşkil edən ixlas və təqva ilə sintez edilməlidir. Çünki elm və əməlin məqbul olması yalnız qulun ixlas və təqvası dərəcəsindədir.

      İbadətlərin şəkli formasını əsasən Süneyi-Səniyyədən öyrənirik. Allah-Təala isə Qurani-Kərimdə daha çox ibadətlərin qəlbi cəhətindən bəhs edir. Məsələn, “Möminlər qurtuluşa nail oldular…” buyurur. Ardınca isə bunun qəlbi bir xüsusiyyətə bağlı olduğuna diqqət çəkərək; “O möminlər ki, namazlarını xüşu və mütiliklə qılarlar.” buyurur. (Bax. əl-Muminun, 1-2)

      Yəni ibadətlərin həm şəkli, həm də qəlbi yönləri var. Təsəvvüf də Quranda bəhsolunan ixlas, təqva, xüşu, tövbə, riza kimi ruhani halların necə yaşanacağını, bunun əksinə, riya, xudbinlik, təkəbbür, həsəd kimi nəfsani xəstəliklərin necə aradan qaldırılacağını öyrədən mənəvi bir tərbiyə yoludur.

      İmam Rəbbani həzrətləri söhbətlərində və məktublarında tez-tez bu xəbərdarlığı etmişdir:

      “Şəriətin (dini həyatın) üç qismi vardır: Elm, əməl və ixlas. Bunlar tam olaraq ifa edilmədikcə şəriətin zərurəti yerinə yetirilmiş olmaz… Təsəv­vüfi bir həyatı əldə etməkdən məqsəd, şəriəti kamilləşdirməkdir. Yoxsa təsəvvüf şəriətdən kənar bir şey deyil…” (Bax. İmam Rəbbani, Məktubat, I, 206,: 36)

      Yəni elm, əməl və ixlas, bir-birini tamamlayan üç ünsürdür. Dinin batini tərəfi, ruh və məna dərinliyi olan təsəvvüf də qulluq həyatının kamil və məqbul olmasını təmin etmək üçün bir-birini tamamlayan bu üç əsasdan biridir. Bu istiqamətiylə təsəvvüf sanki südün içindəki laktoza və zülal kimidir. Südün içindən bu maddələr çıxarıldıqda onun əsl mahiyyəti itdiyi kimi, dini həyatdan da təsəvvüfi dərinlik və incəliklər çıxarıldıqda geriyə zahiri qaydalar mənzuməsindən ibarət, nöqsan bir din anlayışı qalar.

      Bu gerçəyə baxmayaraq, xüsusilə zəmanəmizdə təsəvvüfi həyata sahib olduğunu  iddia edərək riyakarlığa əl atan bəzi qafillər kimi, dini tamamilə batini hökmlərdən ibarət görüb zahiri hökmlərə əhəmiyyət verməmək də, təsəvvüfün məqsədini idrak edə bilməməkdir. Necə ki, “Ürəyin təmiz olsun, başqa şeylər mühüm deyil.” qəbilindən nəfsani yaşayışa zəmin yaradan bir anlayışın nəfsi tərbiyə yolu olan gerçək təsəvvüflə heç bir əlaqəsi ola bilməz.

      Necə ki, Allah Rəsulu r, mənəvi kamilliyin zirvəsində olmasına baxmayaraq, dinin zahiri mükəlləfiyyətlərindən özünü azad görməyib onları son nəfəsinə qədər böyük bir eşq və şövq ilə ifa etmişsə, Ondan nümunə götürməli olan hər bir mömin də -mənən hansı mərtəbədə olursa olsun- bu vəzifələrini yerinə yetirmək məcburiyyətindədir.

      Çünki İslamın zahiri hökmləri sanki bədənə dəstək olan skelet kimidir. O skelet möhkəm deyilsə, bədən binası çökməyə məhkumdur. Lakin sırf skeletdən ibarət bir dini həyat da -kimilərinin qəsdli olaraq göstərmək istədikləri kimi- ürküdücü, soyuq və ruhsuz bir İslam anlayışı ortaya qoyar.

      İslam beşikdən məzara qədər həyatın hər mərhələsini tənzimləyir. İslamın bu xüsusiyyəti unudulub, ilahi əmrlər həyatın bəzi mərhələlərində arxa planda atılsa, qulluq həyatında dərin mənəvi boşluqlar meydana gələr və o boşluqları nəfsi təmayüllər doldurmağa başlayar. Bu isə qulluq həyatının Haqq qatında məqbul bir səviyyəyə çatmasına mane olar.

      Bu səbəblə ən doğru yol Rəbbimizin “kamil insan” modeli olaraq bəşəriyyətə hədiyyə etdiyi Rəsulullah r -in mübarək izindən ayrılmamaqdır. Necə ki, elm, əməl, ixlas və təqva, Allah Rəsulunun nəbəvi həyatında mükəmməl bir surətdə cəm olmuşdu. Biz də Onun ümməti olaraq: “İnsan sevdiyi ilə bərabərdir.” (Buxari, Ədəb, 96) hədisi-şərifi gərəyi, Peyğəmbərimizə duyduğumuz məhəbbət, itaət və qəlbi rabitəmizi Onunla daimi bir hal birliyi, hərəkət birliyi, hissiyyat və fikiriyyat birliyinə çevirməyə cəhd göstərməliyik.

      Çünki könüllər Allah Rəsulunun halıyla həmhal olduğu ölçüdə Onunla birliyə nail ola bilər. Bunun ən bariz misalı əshabi-kiramdır.

      Sıravi bir insanı təqlid edib ona bənzəmək asandır. Allahın saleh bir qulunu təqlid etmək isə nəfsə bir xeyli çətin gəlir. Fəxri-Kainat r-i təqlid edib Ona bənzəyə bilmək isə, nəfsani arzuları aradan qaldıraraq, lazım gəldikdə çox ağır əvəzlər ödəyə bilməyi zəruru qılar. Əshabi-kiram bunu bacarmışdı. Qəlbi həyatda mərhələlər qət edərək Allah Rəsulu ilə dostluğu təmin etmişdilər. Buna görə də peyğəmbərimiz r-in əmrlərini həyəcanla gözləyib, Onun hər arzusuna: “Canım, malım, hər şeyim Sənə fəda olsun, ya Rəsulallah!” cavabını vermişdilər. Çox vaxt hikmətini bilmədikləri xüsuslarda belə tam bir sevgi və təslimiyyətlə Ona tabe olmuş, sual soruşmağa belə ehtiyac duymamışdılar.

      Yenə Peyğəmbər aşiqi səhabələr Rəsulullah r-in şifahi olaraq bildirdiyi əmrlər qədər, Onun eyham və işarələrinə də böyük bir həssaslıq göstərmişdilər. Belə ki, Onu hər hansı saleh əməli işləyərkən bir dəfə görmələri kifayət idi. Həmin əməlin fərz, vacib, sünnə olduğunu soruşmamış, Peyğəmbərimiz o saleh əməli əmr etmə ehtiyacı görməsə belə, onu ömürləri boyu həyata tətbiq etməyə çalışmışdılar. Necə ki, səhabələrdən biri olan Ənəs t buyurur:

      “Bir gün Rəsulullahı Duha namazı qılarkən gördüm. O gündən sonra bu namazı heç vaxt tərk etmədim.”

      Bu rəvayəti nəql edən Həsən Bəsri həzrətləri də eyni həssaslıqla belə deyir:

      “Həzrət Ənəsin bu söündən sonra mən də o namazı heç vaxt tərk etmədim.” (Bax. Təbərani, Əvsat, II, 68/1276)

      Əshabi-kiram Allah və Rəsulunun yolunda canlarıyla və malla­rıyla fədakarlıq etməyi özləri üçün ən böyük nemət, ləzzət və səadət bilirdi. Bu yolda çəkdikləri cəfaları səfaya çevirmişdilər. Çünki əsl məhəbbətin tərəzisi fədakarlıqdır. Bu fədakarlıqları sayəsində də Peyğəmbərimizlə bərabərliklərini əbədiyyət üfüqünə daşımışdılar.

      Biz də səhabələrdən nümunə götürərək elm, əməl və təqvamızla Allah Rəsuluna bənzəməyə çalışaq ki, Onunla bərabərliyin izzət və bəxtiyarlığından -Allahın lütfü ilə- özümüzə pay ala bilək.

      ♦ Elmdə Allah Rəsuluna bənzəmək üçün: Ağlımızı və qəlbimizi Quran və Sünnənin təlim və tərbiyəsi altında ömrümüzün sonuna qədər tərbiyə etməyə cəhd göstərək. Çünki əbədi gələcəyi qazandıracaq olan gerçək elm Qurani-Kərimdir. Bu, bütün elmlərin hikməti və zirvəsidir.

      Çünki Quranın mənşəyi Allah-Təaladır. Quran bu fani iman dərsxanasının ən böyük dərs kitabıdır. Ən mühüm elm də Quranın təqva ilə öyrənilib qəlbə nəqş edilməsi və könüllərdə mərifətullaha bir qapı açılmasıdır. Haqq-Təala buyurur:

      Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. (əl-Bəqərə, 2)

      “…Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədər…” (əl-Bəqərə, 282)

      Elmin insanlıq aləmindəki zirvə təcəllisi, şübhəsiz ki, Həzrət Peyğəmbər r-dir. Elmdə yol qət edə bilməyin göstəricisi isə Quranın əyani təfsiri olan Allah Rəsulunu eynilə Əshabi-Suffə kimi yaxından tanıya bilmək, Onun ruhaniyyətindən pay alıb, həqiqi və əməli müsəlman ola bilməkdir. Quran və Sünnənin tədrisində görüləcək olan belə bir təqva təhsilinin nəticəsi isə dünyada səadət, qəbirdə dinclik, axirətdə bəxtiyarlıqdır.

      ♦ Əməldə Allah Rəsuluna bənzəmək üçün: Quran və Sünnədə bildirilən ilahi təlimatları həyatımıza əks etdirərək İslamı hal və davranışları­mızla təmsil və təbliğ etməyə səy göstərək.

      ♦ Təqvada Allah Rəsuluna bənzəmək üçün: Elm və əməllərimizi öz şəxsi və nəfsani fikirlərimizlə deyil, daim təqva ölçüləriylə götür-qoy edək. Çünki Haqq qatındakı əsl dəyərimiz təqvamıza bağlıdır. Necə ki, Uca Rəbbimiz:

      “…Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır…” (əl-Hucurat, 13) buyurmaqdadır.

      Təqva; Qəlbi Allahdan uzaqlaşdıran hər şeydən qorumaq, nəfsani arzuları cilovlayıb, ruhani qabiliyyətləri yüksəldərək Haqqa gözəl bir qul və dost ola bilmək sənətidir. Yenə təqva hər hal və hərəkətində Allahın qəzəbindən çəkinərək Onun rəhmətinə sığınmağa cəhd göstərməkdir.

      Dinin təqva, ixlas, ehsan, xüşu, mərifətullah, məhəbbətullah kimi bir sıra incəlikləri bir növ eyni mənanın fərqli ifadələridir və təsəvvüfün əsas məzmununu təşkil edir. Təsəvvüfün məqsədi də bu halların qazanılmasıdır. Çünki;

      TƏSƏVVÜF: İslamın qəlbi həyatıdır. Allah Rəsulunu eşq ilə yaxından tanımaq və Onun könül iqlimindən pay almaq surətiylə İslamı Allah Rəsulu və səhabədəki əsl keyfiyyətiylə idrak edib eynilə onlar kimi eşq, şövq, vəcd və gözəl əxlaq ilə yaşamağa çalışmaqdan ibarətdir. Bu istiqamətiylə təsəvvüf hər nəfəsdə Peyğəmbərimizlə bərabər olmağa cəhd göstərməkdir. Çünki ayeyi-kərimədə buyurulur:

      Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur …” (ən-Nisa, 80)

      TƏSƏVVÜF: Həm zahirən, həm də batinən Peyğəmbərimizin həyatıyla bütünləşə bilmə cəhdidir. Necə ki, buna müvəffəq olan Haqq dostları da dinin zahiri və batinini layiqiylə sintez edərək öz şəxsiyyətlərinə nəqş etmiş, zöhd və təqva yolunda məsafələr qət edərək mükəmməlliyə və “Peyğəmbər varisliyi” şərəfinə nail olmuş bəx­ti­yar­ qullar­dır.

      On­lar Həz­rət Pey­ğəm­bər və səhabələrini görmə şərəfinə nail olama­yanlar üçün nümunə götürüləcək zirvə şəxsiyyətlərdir. Çünki Haqq dostları eynilə nuru­nu günəşdən alan ay kimi, nəbəvi əxlaqın gözəlliklərini əks etdirən aydın bir aynaya bənzəyirlər. Onların hal və davranışlarını qəlbi riqqətlə seyr edənlər onların aləmində nəbəvi əxlaqın zərif təcəllilərini müşahidə edərlər.

      Məsələn, Peyğəmbərimiz r bir gün səhabələrinə:

      “- Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, bir-birinizə mərhəmət etmədikcə cənnətə girə bilməzsiniz.” buyurmuşdu.

      Əshabi-kiram:

      “- Ya Rəsulallah! Hamımız mərhəmətliyik.” Dedikdə Allah Rəsulu r:

      “- (Mənim nəzərdə tutduğum) mərhəmət sizin başa düşdüyünüz kimi yalnız bir­birinize olan mərhəmət deyil. Əksinə, bütün məxluqata şamil olan mər­həmətdir, bütün məxluqatı bürüyən mərhəmət!..” buyurdu. (Hakim, IV, 185/7310)

      Məhz belə bir nəbəvi əxlaqla əxlaqlanan Həzrət Ömər t: “Dəclə sahilində bir qoyun suya düşüb boğulsa, ilahi ədalət bunun hesabını Ömərdən soruşar.” düşüncəsiylə vicdanını hesaba çəkərdi.

      İslam tarixində beşinci raşid xəlifə sayılan Ömər bin Əbdüləziz g də daim bu məsuliyyət narahatlığı içində idi. Ümmət içindəki kasıbların, qəribələrin, kimsəsizlərin, dərman tapa bilməyən xəstələrin, haqqını axtara bilməyən məzlumların köməyinə yetişə bilmədiyi təqdirdə Rəbbinin bundan ötrü onu hesaba çəkməsindən və Rəsulullahın inciməsindən narahat olaraq gözyaşlarına hakim ola bilməzdi.

      Məhz nəbəvi əxlaq ilə əxlaqlanan bir könül insanı özünü qəlbinin çata bildiyi hər yerdə məsul hiss edər, möhtacların imdadına tələsər, şəfqət və mərhəmət saçar.

      TƏSƏVVÜF: Paklaşmaqdır. Allahdan uzaqlaşdıran hər şeydən çəkinərək təqvaya nail ola bilmə yoludur. Nəfsə qarşı sülhü olmayan bir cəngdir. Çünki nəfs ancaq böyük cihad ilə tərbiyə edilə bilən, sirlərlə dolu bir gücdür.

      Həqiqətən nəfs iki uclu bir bıçaq kimidir; onun tərbiyəsi xüsusunda laqeydlik göstərilsə, mənəvi həyata zəhər saçar. Lakin tərbiyə edildikdə də Haqqa vüslət yolunda qulun ən qüvvətli miniyi olar.

      Nəfs təzkiyəsi əhəmiyyət və çətinliyinə görə “böyük cihad” sayılmışdır. Bu fikri də Rəsulullah r çox çətinliklə keçən Təbuk Səfərindən qayıdarkən ifadə etmişdir. Hansı ki, bu səfərdə əshabi-kiram, min kilometr gedib, geri qayıtmışdı. Səfərdə aclıq, susuzluq kimi bir çox məhrumiyyətlər çəkilmişdi. Səhabələrin görünüçü dəyişmiş, saç-saqqalları bir-birinə qarışmışdı. Dəriləri sümüklərinə yapışmışdı. Əshabi-kiram bu vəziyyətdə ikən Həzrət Peyğəmbər r:

      “- İn­di ki­çik ci­had­dan ən bö­yük ci­ha­da; nəf­sin istəkləri ilə mü­ca­hi­də­yə qayıdırıq!" bu­yurdu. (Bax. Süyuti, Camius-Sağir, II, 73)

      Təsəvvüf də Rəsulullahın təzkiyə və tərbiyəsi nəticə­sində əshabi-kiramın nail olduğu mənəvi mərtəbədən nəsiblənməyi hədəfləyən ülvi bir səfərdir. Həzrət Peyğəmbərə varis olmuş gerçək mürəbbilərin əlində nəfsin tərbiyə, qəlbin təzkiyə edildiyi mənəvi bir məktəbdir.

      TƏSƏVVÜF: “İman”ı “ehsan” kimi uca bir mərtəbəyə yüksəltməyin başqa adıdır. “…Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar! (ər-Rad, 28) ayəsinin gərəyincə, hər an Allah ilə bərabərliyin şüur və idrakı içində olmaqdır.

      TƏSƏVVÜF: Həyat və kainata qafilanə və səthi bir nəzərlə deyil, sanki bir rentgen cihazıyla baxırmış kimi dəruni nəzər etməkdir. Bu vəsiləylə hər hadisənin iç üzünə, hikmətinə və pərdə arxasındakı muradi-ilahiyyə diqqət kəsilən bir könül dərinliyi qazanmaqdır.

      TƏSƏVVÜF: Təslimiyyət bulağından doya-doya içərək hər vaxt və məkanda Allahın təqdirindən razı olmaq və Onunla dost qala bilmək sənətidir. Həyatın eniş-yoxuşları, dəyişən şərtləri və sürprizləri qarşısında könül tarazlığını qoruyub şikayət və sızlanmağı unutmaq məharətidir.

      TƏSƏVVÜF: Bir zöhd təhsilidir. Əsl həyatın axirət həyatı olduğunu idrakedərək fani və eqoist arzulara könül bağlamaqdan xilas olmaqdır.

      TƏSƏVVÜF: Mənəvi tərəqqidə müəyyən bir yetkinluq səviyyəsinə çatmış möminlərin qayğıkeş bir könüllə məxluqata yönələrək onların ehtiyac və nöqsanlıqlarını aradan qaldırma məsuliyyətidir. Xaliqin nəzəriylə məxluqata baxış tərzi qazanmaqdır. Şəfqət və mərhəmətin vərdiş halına gəlməsi, Allah yolunda xidmətin bir həyat tərzinə çevrilməsidir.

      Həqiqətən təsəvvüfi tərbiyə ilə ruhən kamala çatmış qullar öz təkamülləriylə kifayətlənməyib, ətraflarında qurtaracaq başqa ruhlar axtararlar. Möhtac və çarəsizlərin dərdi ilə dərinləşən kamil möminlərin könüllərində sanki bir məhşər yaşanar. Bu qəlbi yanğı onları Yaradandan ötrü yaradılanlara xidmət eşqiylə bürüyər. Könüllər bir rəhmət dərgahına çevrilər.

      XİDMƏT

      Kamil bir imanın ən böyük meyvəsi mərhəmət, onun təzahürü isə “xidmət”dir. Kamil bir mömin başda insan olmaq üzrə məxluqatdan heç birinin səsli və ya səssiz fəryadına biganə qala bilməz. Allahı zikr edən bir qəlbin mərhəmət, fədakarlıq və xidmətdən heç bir nəsib almaması düşünülə bilməz.

      Məşhur deyimə görə: “Haqqa gedən yollar məxluqatın nəfəslərinin sayı qədər çoxdur.” Bu yolların ən feyzlilərindən biri də Yaradandan ötrü yaradılanlara xidmətdir. Bunun üçündür ki, bütün mürşidi-kamillər tələbələrinin tərbiyəsində xidmət etməyi mühüm bir irəliləyiş vasitəsi olaraq qəbul etmiş və: “Xidmət edən, himmətə nail olar.” buyurmuşlar­.

      Haqq dostlarından Übeydullah Əhrar həzrətləri belə buyurur:

      “Ustadlarımız gələcəyindən ümidvar olduqları kəsləri xidmət ilə məşğul edərdilər.”[3]

      Yenə Übeydullah Əhrar həzrətləri nail olduğu mənəvi mərtəbənin xidmətin bərəkətindən qaynaqlandığını qeyd edərək -nemətə şükür edərək- belə buyurur:

      “Biz bu yoldakı məsafələri yalnız təsəvvüf kitablarını oxuyaraq deyil, oxuduqlarımızı imkan nisbətində tətbiq etmək və xalqa xidmətlə qət etdik. Hər kəsi bir yoldan apararlar, bizi də xidmət yolundan apardılar.”

      Digər tərəfdən təsəvvüfün qayəsi daxildən varlıq, mənlik, təkəbbür və xudbinliyi silib ataraq “heçlik” və “yoxluq” halını idrak etdir­məkdir. Bunu təmin edən ən gözəl tərbiyə metodlarından biri də xidmətdir.

      Necə ki, Xalid Bağdadi həzrətləri elmdə “Şəmsüş-Şu­mus”, yəni “Günəşlər Günəşi” adı ilə məşhur olduğu bir zamanda dərgahına getdiyi Ab­dullah Dəhləvi həzrətləri onu qarşılamağa belə çıxmadı. Üstəlik onu der­gahın nə mehrabında, nə də kürsüsündə vəzifələndirdi. Əvvəlcə ayaqyolu təmizliyi xidmətinə verdi. Əziz Mahmud Hüdayi həzrətləri də Bursa qazısı ikən Üftadə həzrətlərinin dərgahında heçlik və yoxluğa çata bilmək üçün bunlara bənzər mərhələlərdən keçdi. Şah Nəqşbənd həzrətləri də hacəgandan, yəni elm mütəxəssisi sayılan müəllimlərdən idi. O da şeyxə bağlandığı ilk illərdə yolların təmizliyi, xəstə heyvanlara baxmaq kimi xidmətlərlə vəzifələndirilmişdi.

      Bu mənəvi tərbiyəni peyğəmbərlərin nümunəvi həyatlarında da görürük. Peyğəmbərlərin demək olar ki, hamısı çobanlıq etmişdir. Bu, həm bir təvazö təlimi, həm məxluqatın hiss etdiklərini anlayıb mərhəməti öyrənmə, həm də insanları sövq və idarə etməyin ana meyarlarını qavrama mərhələsi idi.

      Peyğəmbər varisi Haqq dostları da xidmət vasitəsiylə tələbələrini həm tərbiyə edər, həm də onları Haqqa yaxınlaşdırmağa səy göstərərlər. Bu səbəblə “Təsəvvüf bir xidmət yoludur.” deyə bilərik.

      Yəni təsəvvüf dərgaha, təkyəyə bağlanıb sırf öz ruhunu təkamüldən ibarət bir həyat tərzi deyil. Çünki təsəvvüf fərdiyyətçiliyi, eqoizmi, nəfs planında yaşamağı rədd edib, qayğıkeş, fədakar, xidmət əhli bir mömin olmağı təlim və təlqin edir. Bu istiqamətiylə təsəvvüf nəfsini məğlub etmə, özünə qalib gəlmə səyidir.

      Bəzi təriqətlərin mənəvi təhsil üsullarından olan “üzlət, xəlvət, inziva, çilə / ərbəin” kimi xalqdan uzaqlaşıb daxili aləmi inkişaf, ruhən paklaşma və təfəkkürdə dərinləşmə fəaliyyətləri də, müəyyən bir müddət üçündür və xarici aləmdəki xidmətləri daha yetkin bir şəxsiyyətlə ifa edə bilmənin qəlbi hazırlıq dövrüdür. Çünki bir soba belə əvvəlcə özünü istilətmədən başqalarını üşüməkdən qurtara bilməz. Ayrıca, içi boş qabla ehsan olmaz. Könül qabını mənəvi gözəlliklərlə doldurmadan ediləcək bir ehsandan heç bir fayda yoxdur. Könül feyzindən məhrum bir xidmət həyatı bərəkətsiz olar. Üstəlik, belə hallar qaş düzəldərkən göz çıxarmağa da səbəb ola bilər.

      Nəhayət, təsəvvüf tərki-dünyalıq etmək deyil, könlünü bütün məxluqatın dinclik tapdığı bir rəhmət dərgahı halına gətirməkdir. Əlindən və könlündən bütün insanlığa, hətta heyvanat, nəbatat və cəmadata rəhmət və mərhəmət saça bilməkdir. Bu səbəblədir ki, təsəvvüf insanın əbədi qurtuluşunun başqalarının da qurtuluşuna xidmət və himmət etməkdən keçdiyini könüllərə nəqş etməyə çalışır.

      Bu barədə mərhum atam Musa Əfəndi g belə buyurardı:

      “Bizim yolumuz ətalət və tənbəlliklə bir kənara çəkilmə yolu deyil. Əksinə əshabi- kiramın yoludur... Gecə-gündüz xidmət yoludur. Biz sevə-sevə həm evradımızı icra edər, həm söhbətlərimizi edər, həm də cəmiyyətə xidmət xü­susunda əlimizdən gələn səyi göstərərik.” (Sadiq Danə, Altınoluk Söhbətləri, c. 5, s. 40)

      Haqq-Təala hər birimizə Quran və Sünnə istiqamətində ömür sürməyi nəsib etsin. Gözəl dinimiz İslamı dar və dayaz bir dünyagörüşüylə deyil; elm, əməl və təqva bütünlüyü içində anlamağı və yaşamağı hamımıza ehsan etsin. Ürəklərimi­zi içində bütün məxluqatın hüzur və sükunət tapdığı bir rəhmət dərga­hı etsin…

      Həmçinin mənəvi irşadına məzhər olduğumuz Mahmud Sami Ramazanoğlu həzrətlərinin vəfatının ildönümü vəsiləsiylə onu rəhmətlə xatırlayırıq. Haqq-Təala bizi axirətdə də o saleh qullarıyla birlikdə etsin.

      Amin!

       

       


      [1] Bax. Müslim, Zikr, 73.

      [2] Bax. əl-Cümuə, 5.

      [3] Kişmi, Nəsəmətul-Quds, s. 244.

       

      • Hits: 655 clicks

      Tecox component by www.teglo.info