Saleh ŞİRİNOV / Tövbə

      Share

      Şeytan insanı aldadar, günaha sövq edər.

      Çünki şeytan insanın düşmənidir. İnancı güclü insanlar belə şeytanın tovlamasıyla xəta edər. Allahın qoruduqları xaric, hər kəs günah işləyə bilər.

      İşlənən hər günah qəlbdə qara bir nöqtə şəklində iz salar. Əgər bəndə işlədiyi günahı buraxaraq Allaha yönələr və Ondan əfv diləyərsə, qəlbi yenə əvvəlki parlaqlığına qovuşar. Əgər belə etməyib günah işləməyə davam edərsə, qəlbindəki qara nöqtələr çoxalar. “Xeyr, onların etdiyi günahlar qəlblərini qaraltmışdır” ayəsi bu qara nöqtələrə işarə edir.

       

      Kiçik günahlardan çəkinmək

      İnsanlar ümumiyyətlə kiçik günahlara əhəmiyyət verməz, onları işləməkdə bir qəbahət görməz. Bu anlayış günahların çoxalmasına yol açar.

      Peyğəmbərimizin xidmətkarı Ənəs bin Malik Rəsulullah (s.ə.s)-in vəfatından sonrakı illərdə insanların laqeyd davrandıqlarını, Peyğəmbərimiz zamanında böyük günah sayılan davranışları adi və əhəmiyyətsiz gördüklərindən üzülərək bəhs edir.

      Halbuki Rəsuli-Əkrəm əziz xanımı Hz. Aişəyə xalqın kiçik gördüyü günahlardan çəkinməyi tövsiyə etdi; kiçik günahları belə izləyib yazan vəzifəlilər olduğunu xatırlatdı.

      Kiçik görülən günahların şeytanı çox sevindirdiyini xəbər verdi.

       

      Vaxt varkən tövbə etməli

      Bu səbəblə də Allah-Təala günahlara arxa çevirməyimizi istəyir.

      Qəlbdən tövbə edərək və peşmanlıq duyaraq özünə yönəlməyizi arzu edir.

      Bizi bağışlaması üçün Ona yalvarmağımızı gözləyir.

      Ancaq o vaxt pisliklərimizi bağışlayacağını bildirir.

      Çünki bəndələrinin tövbələrini qəbul edən, pislikləri bağışlayan və etdikləri hər şeyi bilən yalnız Odur. Həqiqət bu olduğuna görə tövbə etməkdə gecikməməli, ölüm gəlib çatmadan əvvəl Allaha yönəlməli və Ona təslim olmalıyıq.

      Belə edilmədiyi təqdirdə gələcəkdə başa gələcək sıxıntılardan insanı qorumağa heç kimin gücünün çatmayacağı bilinməlidir.

      Çox təəssüf ki, insanların çoxu bu mövzuda laqeyd davranır, ölüm anına qədər pislik işləməyə davam edir; ölüm gəlib çatdıqda “indi tövbə edirəm” deyərək bağışlanmasını istəyər. Amma Allah-Təala belə edənlərin tövbələrini qətiyyən qəbul etməz.

       

      Peyğəmbər örnəyi

      Əziz Peyğəmbərimiz (s.ə.s) bizə bu mövzuda da örnək oldu. Günahlarının bağışlandığı müjdələndiyi halda bəzən gündə yetmiş dəfə,  bəzən yüz dəfə Allahdan əfv diləyərək tövbə etdi.

      Hətta bəzən oturduğu bir yerdə yüz dəfə:

      “Allahım! Məni bağışla və tövbəmi qəbul eylə! Şübhəsiz sən tövbələri qəbul edən mərhəmət sahibisən” deyə yalvarardı.

      İnsan işlədiyi pislikdən ötrü Allahdan utanmalı, vicdan əzabı duymalı və peşman olmalıdır. Günaha peşmanlığın ən uyğun şəkli tövbə etməkdir.

      Bəndə bir günah işlədiyi zaman “Rəbbim, məni bağışla!” deyə yalvarmalıdır.

      Buna istiğfar deyilir.

      Tövbə etmək etdiyi günahlardan ötrü peşmanlıq duymaqdır.

       

      Tövbə edəni Allah sevər

      Haqq-Təala qulun tövbə etməsindən çox məmnun olar. Peyğəmbərimizin bənzətməsiylə ucsuz-bucaqsız səhrada üstündəki azuqəsiylə birlikdə dəvəsini itirib ölümlə qarşı-qarşıya gələn, sonra da dəvəsini tapan adamdan daha çox sevinər.

      Bir insanın tövbə etməsi Allah-Təalanı niyə bu qədər məmnun edər?

      Onun bəndəsinə olan dərin mərhəməti səbəbilə.

      Rəsulullah (s.ə.s)-in ifadəsilə, Allahın gündüz günah işləyənin tövbəsini qəbul etmək üçün bütün gecəni gözləməsi, gecə günah işləyənin tövbəsini qəbul etmək üçün də bütün bir gündüzü gözləməsi, bu sevgi və mərhəmət səbəbilədir.

       

      Tövbə qapısı daima açıqdır

      Tövbə edərək təmizlənməyin müəyyən bir vaxtı yoxdur.

      Bir insan can verməyə başlamadığı müddətcə tövbə edərək günahlardan təmizlənə bilər.

      Səmimiyyətlə edilən bir tövbə qul haqqı xaricindəki bütün günahları silib yox edər.

      Qul haqqı isə sadəcə ödənmək və halallaşmaq surətilə bağışlana bilir.

      Əziz Peyğəmbərimiz (s.ə.s)-in zamanında bir qadın zina etmişdi. Etdiyinə peşman oldu. İşlədiyi günahın ağırlığını ürəyində hiss etdi; dəfələrlə Rəsuli-Əkrəmin yanına gələrək cəzasını dünyada çəkmək, axirətə saxlamaq istəmədiyini israrla bildirdi. Bunun üzərinə cəzası verildi.

      Səhabələrdən biri qadını xor gördü. Hz. Peyğəmbər onun bu davranışını doğru görmədi. O qadının ürəkdən tövbə etdiyini, hətta onun tövbəsi Mədinə xalqından yetmiş nəfərə paylanarsa hamısının bağışlanmasına yetəcəyini söylədi.

      Tövbəni dəyərli qılan şey;

      günah işləməkdən ötrü qəlbin peşmanlıq duyması,

      günahkarın o pis davranışı tamamilə tərk etməsi

      və onu bir daha etməyəcəyinə dair söz verməsidir.

      Məsələnin qul haqqıyla əlaqəli tərəfi varsa, haqqına girdiyi şəxsdən halallıq almaqdır.

       

      Allahın varlığını bilmək

      Müsəlman böyük günahlardan uzaq olarda, onun arada bir işlədiyi kiçik xətaları Allah-Təala bağışlaya bilər; çünki O, bağışlamaq mövzusunda comərddir.

      Xətasını bağışlayacaq bir Rəbbi olduğunu bilmək, Allaha yönələrək səmimiyyətlə əfv diləmək, günahları əritməyə kifayətdir.

      Peyğəmbərimiz (s.ə.s)-in xəbər verdiyinə görə bir qul bilərək günah işlədikdən sonra:

      “Ya Rəbb! Mən bir günah işlədim, qüsurumu bağışla!” deyə Rəbbinə yalvardığı təqdirdə Allah-Təala:

      “Demək ki, qulum günahını əfv edəcək və ya onu cəzalandıracaq bir Rəbbi olduğunu bildi. Elə isə mən də qulumu bağışladım” buyurar.

      O bəndə bir müddət günahsız yaşadıqdan sonra yenə günah işləyər və eyni şəkildə Rəbbinə yönələrək əfv diləyərsə, Allah-Təala onun Rəbbinə yönəlməsindən məmnun olar və bağışlayar.

      Bu ilahi müjdə imanlı qəlblərə rəhmət əsintisi gətirər və günahkarların ümidsizlik batağına düşməsinə mane olar.

      Bəs yaxşılıqlarım yetməzsə!

      Uca Rəbbimiz yaxşılıqlara qat-qat artıqlamasıyla savab verəcəyini vəd etmişdir.

      Bəzən bir yaxşılığa on misli mükafat verəcəyini söyləmiş, bəzən on mislindən yeddi yüz mislinə qədər, hətta daha çox savab verəcəyini ifadə etmişdir.

      Bu rəhmət ölçüsü səmimi bir tövbənin dağlar qədər günahı belə əridib yox edə biləcəyini göstərməkdədir.

      • Hits: 833 clicks

      Tecox component by www.teglo.info