MEDET BALA İLƏ REPORTAJ

      Share

      RAMAZAN AYININ ƏVVƏLİNDƏ SOMALİYƏ GÖNDƏRİLƏN ƏZİZ MAHMUD HÜDAYİ VƏQFİNİN KOORDİNATORU MEDET BALA …

      İrfan jurnalı: Medet bəy, ilk növbədə Somalidəki son vəziyyətdən bizi xəbərdar edərdiniz, mümkünsə!

      Medet Bala:

      Somali Şərqi Afrika ölkələri arasında strateji cəhətdən çox mühüm yerə sahibdir. Lakin xüsusilə 1991-ci ildə başlayan daxili çəkişmələr əhalinin qonşu ölkələrə köç etməsini və köç etdikləri ölkələrdə köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdur. Daha sonra daxili münaqişələr bir az düzəlib içəridə sabitlik təmin edilərək müəyyən nöqtəyə gəldikdən sonra bu sabitlik təəssüf ki, bəziləri tərəfindən təkrar pozuldu və bilmədiyimiz səbəblərlə meydana gələn qarışıqlıqlarla yenidən çətinliklər ortaya çıxdı. Son üç ildir Şərqi Afrika ölkələrinin bir çoxunda meydana gələn quraqlıq və aclıq Somalidə hədd mərhələyə çatdı. Həm daxili qarışıqlığın, həm də quraqlığın eyni anda meydana gəlməsi Somalidəki xalqı sanki canından bezdirmiş vəziyyətə gətirib. Somali əhalisinin bir qismi Kenya, Efiopiya kimi həmsərhəd ölkələrə, bir qismi də paytaxt Moqadişu ətrafındakı düşərgələrə sığınmışlar.  Təəssüf ki, vətənlərini tərk etmiş, özləri ilə heç bir şey götürə bilmədən ev-eşiklərini qoyub gəlmiş olan bu insanlar, bəlkə bir loğma çörək tapa bilmə, bəlkə canlarını qoruya bilmə ümidiylə (əgər tapa bilsələr) bir çadırın altına sığınmışlar. Hazırda təxminən iki milyon yarım insanın bu şəkildə mühacir düşərgələrində sığınacaq tapdığını bilirik. Son üç-dörd aydır bizim xidmət etməyə çalışdığımız Dadap düşərgəsinə hər gün təxminən iki yüz ailənin gəldiyi deyilir. Bu iki yüz ailə də orta hesabla beş-altı nəfərdən ibarət olduğuna görə, hər gün düşərgəyə min iki yüz, min üç yüz nəfər əlavə olur.

       İrfan jurnalı: Siz orada haralara getdiniz və nələr etdiniz?

      Bala: Biz Əziz Mahmud Hüdayi Vəqfindən bir qrupla Ramazanın əvvəlində Kenyadakı Dadap düşərgəsinə getdik. Somalili mühacirlərin çox sıx olaraq gəldiyi və sığındığı bu düşərgə Somali sərhədinə yüz kilometr uzaqlıqda yerləşir. Həqiqətən burada somalili müsəlmanların vəziyyəti ürək ağrıdandır. 1991-ci ildəki ilk daxili münaqişələrdə gələnlər nisbətən bir az daha yaxşı vəziyyətdə idilər, ancaq son üç-dörd aydır gələnlər artıq verilən hər şeyə möhtacdırlar. Çünki əldə yemək, içəcək, geyəcək yoxdur.  Əgər pis yaxşı bir çadır tapa bilmişlərsə bəlkə ilk baxışda küləkdən, günəşdən qorunacaq bir şeyləri var deməkdir. Lakin çadırın içərisində heç bir şey yoxdur. Yemək bişirmək üçün əlverişli şərait və vəsaitlər mövcud deyil. Yatacaq yer ya torpağın üstüdür, ya da sadə bir həsirdir ki, o da varsa çox yaxşı hal sayılır. Biz Dadab düşərgəsində Ramazanın ilk günlərindən etibarən ərzaq payladıq. Bir ailəyə təxminən bir ay çatacaq qədər ərzaq paketləri hazırladıq və təslim etdik. Bununla birlikdə iftar süfrələri hazırladıq. Axşamlar heç olmazsa isti bir plov və ət yesinlər düşüncəsi ilə. Topladığımız ərzaq yardımlarını oradakı qardaşlarımıza çatdırdıq. Bir qədər də nağd pul yardımı etdik. İlk gələnlər düşərgənin ətrafında yaxşı-pis bir ticari həyat başlatmışlar. Təbii ki, bizim yardımlar bəlkə onların bir anlıq ən zəruri ehtiyacı olan qida ehtiyacını bir ay, iki ay, üç ay qarşılayacaq. Lakin üş-dörd ay sonra yenə eyni vəziyyət davam edəcək, çünki burada heç nə yoxdur.

       İrfan jurnalı: O zaman bu insanlar üçün daha nələr edilməlidir?

      Bala: Doğrusu, oralara yardıma davam etmək lazımdır. Bu yardımların sağlam davam etdirilməsi üçünsə, əvvəlcə dövlətlərə aid bir sıra problemlər həll edilməlidir. Bu problemlər həll edilmədən oradakı çətinliyin tam olaraq aradan qaldırılma imkanı yoxdur. İlk növbədə bu insanlar torpaqlarından, vətənlərindən didərgin edilməməlidirlər və problemləri də mümkün mərtəbə öz bölgələrində həll edilməlidir. Hər kənddə bir su quyusu açarsanız, heç olmazsa su ehtiyacı ödənilmiş olar. Halbuki hazırda həm Kenya hökuməti baxımından, həm də Birləşmiş Millətlər baxımından bu düşərgələrin ortasında su quyusu açma problemi var. Hərçənd hələlik su ehtiyacları böyük anbarlarla, tankerlərlə aradan qaldırılmağa çalışılır. Əslinə baxılsa bəli, quraqlıq bir fəlakətdir. Ancaq bu fəlakətin mümkün mərtəbə zərərini azaltmağa cəhd göstərmək lazımdır. Görüşdüyümüz insanlar heyvanlarının susuzluqdan, aclıqdan öldüyünü dedilər. Biz də şəxsən bunlara şahid olduq. Yollarda tez-tez heyvan leşləri ilə qarşılaşmaq mümkündür. Bu səbəblə yeraltı qaynaqlardan, ya da çox az olan axar sulardan daha məhsuldar istifadə edilməsiylə ancaq quraqlığın qarşısı alına bilər. Bu isə təbii ki, bizim kimi qeyri-hökumət təşkilatlarının öhdəsindən gələ biləcəyi bir iş deyil. Biz səy göstərib,  duanı da unutmamalıyıq. Oradakı insanların qida ehtiyacı olduğu kimi sağlamlıq, geyinmə, sığınma, təhsil ehtiyacları da var. Somali xalqı əslinə baxsanız dindar bir xalqdır. Demək olar ki, tamamı müsəlman olan bir xalqdır. Buna görə məscidə ehtiyac var. Evlənmək problemi var, bəlkə gənclərin asanca evlənə bilmələrini təmin etmək də bir ehtiyacdır. Ağlınıza gələ bilən bir ailənin, bir insanın nə ehtiyacı varsa, onların da eyni şeylərə ehtiyacları var. Nə qədər yardım edilə bilsə, nə qədəri qurtarıla bilsə, müsəlmanların üzərindən məsuliyyət o qədər qalxar, insanlığın məsuliyyəti o qədər azalar. Quraqlıq eyni şəkildə Efiopiya, Kenya, Uqanda, Tanzanya kimi ölkələrin müəyyən bölgələrində də var. Somalinin problemi isə eyni zamanda daxildə bir iç qarışıqlığın olmasıdır. Bu səbəblə xalqımızın, dostlarımızın, Hüdayi Vəqfinin dostlarının Afrikadakı qardaşlarımıza əlaqələrinin, könüllərinin, imkanlarının axmasını arzu edərik. Bölgəylə əlaqədar xidmətlərimiz Ramazan Bayramından sonra da eyni sürətlə davam edəcək.

      İrfan jurnalı: Medet bəy, biz də İrfan jurnalı kollektivi adından belə gözəl bir xidmətə rəhbərlik etdiyiniz üçün sizi ürəkdən təqdir edir və təşəkkür edirik.

      • Hits: 998 clicks

      Tecox component by www.teglo.info