Elşən RZAYEV / GƏLİN İMANIMIZI TƏZƏLƏYƏK

      Share

      Əsasən ilk qaynaqlarından çıxan bulaq suları son dərəcə təmiz, şəffaf və duru olur. Ancaq suyun keçdiyi yataqların torpağına və bu yataqlara qarışan maddələrin cinsinə görə suların dadında, qoxusunda və rəngində müəyyən dəyişikliklər baş verir. İlk çıxdığı qaynağında təmiz və duru olan çayların və bulaqların suyu keçdiyi torpaq yataqlarının rənginə görə bəzi dəyişikliklərə məruz qalır. Torpaq növlərinin fərqliliyinə görə bu suların müxtəlif rənglər almalarında təəccüb ediləcək bir hal yoxdur. Məhz bunun kimi yaşanan dindarlıqlarda da zaman-zaman bəzi aşınmalar ola bilir. Elə buna görə də Uca Yaradan insanları günün müəyyən vaxtlarında, həftənin müəyyən günündə və ilin müəyyən ayında yenidən şəxsiyyət inşasına dəvət edir. 

      Ənəs bin Malik (r.a) Peyğəmbərimizin (s.ə.s) belə buyurduğunu rəvayət edir:

      “Yenə Ramazan gəldi bütün bağışlama imkanları ilə. Cənnət qapıları sona qədər açıq, cəhənnəm qapıları sona qədər bağlı. Şeytanlar zəncirlərə vurulmuş. Belə bir ayda yaşayıb bağışlanmamış olana yazıqlar olsun. Ramazanda da bağışlanmazsa insan, bəs nə zaman bağışlanacaq?” (İbn Əbi Şeybə, Müsənnəf, II, 270; Təbərani, əl-Mucəmil-əvsad, VII, 323; Heysəmi, Məcməuz-zəvaid, III, 143; Munziri, ət-Tərğib vət-Tərhib, II, 99)

      Hər kəs üçün mənalı, acı və bəlkə də təsirli bir xəbərdarlıq, bir sual, bir xatırlatma: “Ramazanda olmasa, bəs nə zaman bağışlanacaq?” İnanıram ki, bu sual sinəsində ürək daşıyan hər bir vicdan sahibini ən az mənim qədər düşündürür. “Bəs nə zaman bağışlanacaq?” sualı qədər mənə təsirli, düşündürücü, narahatedici başqa bir “nə zaman?” sualı varmı, bilmirəm. Sanki sevinc yumağının içinə, tam orta yerinə təşvişi bir atom kimi yerləşdirən sual... Qaralanmış, kirlənmiş ömür dəftərini təmizləmə ümidinin doğduğu mövsümdə ən acı sonu xatırladan bir sual... Nəyin bahasına olursa olsun, paklaşmağı hədəf alan, bu iş üçün “başqa zaman yox” deyən bir sual...

      “Bəs nə zaman?” sualına “Bu Ramazan, bəli, bu Ramazan!” deyə biləcəyikmi?

      Ona görə bağışlanma ayında əfv edilməyə layiq həyat yaşamaq hər birimizin hədəfi olmalıdır. Bu ayın axırında içimizdə cənnət çiçəkləri açmalıdır. Ürəyimizin pasını təmizləməli, ürəyimizi cəmiyyət içində ovcumuza götürüb gəzdirdiyimizdə üzümüzdə utanc əlamətləri görünməməlidir. Pak ürəklərin insanı olmalıyıq.  

      Təmizlənməliyik. Ramazanın yandırıb yox edən alovu yandırmalıdır kirlərimizi. Oruc iliklərimizə işləməlidir. Hər gün bir üzvümüz bağışlanmağı haqq etməlidir.

      İnanclarımızı möhkəmləndirmə ayı olmalıdır bu ay. “Gəlin bir saat iman edək” deyərmiş Muaz bin Cəbəl (r.a) dostlarına. Bir ay boyunca hər gün Uca Yaradana imanımızı təzələməliyik. Hər ibadətin bünövrəsi o imandır...

      Müsəlman olduğumuzu bir kərə yenidən dərk etməliyik, məzlum müsəlmanların göz yaşlarını paylaşaraq. Acılar da paylaşılmaq üçündür, sevinclər də... Ətlə dırnaq isək, qardaş isək, bir divarın kərpicləri isək, bir-birinə bağlanmış əllər isək, iman etmədikcə cənnətə girə bilməyəcəyimizi, bir-birimizi sevmədikcə iman etmiş olmayacağımızı biliriksə... Peyğəmbərimizin izi ilə getmək cəhdində isək... Orucu ürəkdən-ürəyə gəzdirməli və onun sevindirici, birləşdirici və ucalara aparan iqlimində yaşamalıyıq.

      Bərəkət paylaşmaqdadır. Sevimli Peyğəmbərimiz Əbu Hüreyrənin (r.a) rəvayət etdiyi bir hədisində belə buyurur:

      “Səhrada səfərdə olan bir nəfər səfər əsnasında bulud içindən “filankəsin bağçasını sula” deyə bir səs eşidir. Bundan sonra həmin bulud daşlıq bir yerə doğru istiqamətlənir və suyunu oraya boşaldır. Buludu müşahidə edən adam o suyun bir dərədə toplandığını görür və suyun axıb getdiyi istiqaməti izləməyə başlayır. Bir də baxır ki, bir nəfər əlindəki kürəklə bağçasında arx açır və məhsulunu sulayır. Ona:

      - Ey Allahın qulu! Adın nədir? -deyə soruşur.

      O, adını deyir. Bu ad, bir az əvvəl buluddan eşidilən ad idi. Bağın sahibi:

      - Ey Allahın qulu! Adımı nə üçün soruşursan ki? -deyir. O da:

      - Mən bu suyu yağdıran buluddan sənin adını çəkərək “filankəsin bağçasını sula!” deyə bir səs eşitdim. Ona görə də sənin adını soruşdum. Sən nə etmisən ki, belə bir lütfə nail olmusan? -deyir.

      Bağça sahibi:

      - Madam ki, soruşursan, deyim. Mən, bu bağçanın məhsulunu hesablayıram. Sonra üçdə birini sədəqə olaraq paylayıram, üçdə birini ailəmlə birlikdə yeyirəm, üçdə birini də toxumluq olaraq saxlayıram, -deyir.” (Müslim, Zöhd, 45)

      Sevinci paylaşmaq... Kədəri paylaşmaq... Hər iki halda da paylaşmaq insanda mənəvi rahatlıq yaradır. İnsan olaraq yaşamağın nişanəsidir paylaşmaq. Eyni zamanda sosial rifahın təmin edilməsi üçün də son dərəcə mühümdür paylaşmaq. Paylaşma hissi insanlararası münasibətləri möhkəmləndirdiyi zaman cəmiyyətdə tərk edilmiş ac insan qalmaz.

      Bu Ramazan sahib olduğumuz imkanarı paylaşma ayı olsun...

      • Hits: 800 clicks

      Tecox component by www.teglo.info