155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Şahin XƏLİLLİ / PRESVİTERİANLIQ VƏ ROBERT BERNS

      Share

      Tarixən iskit – türk tayfalarının məskəni olan və bu gün də Şotlandiya (Scotland) adında tarixi izini saxlayan məmləkətin böyük nəğməkarı Robert Bernsin (Robert Burns (1759-1796) yaradıcılığına dair bir ədəbiyyatşünas alimin monoqrafiyasını oxuyurdum. Onun şeir və nəğmələrini təhlil edən Tomas Kroufordun Berns yaradıcılığında dövrün dini firqələrinin çox böyük təsiri olduğu qeyd olunmuş və yeri gəldikcə onlar barədə müəyyən şərhlər verilmişdir. Kalvinizm, presviterianlıq haqqında məlumatlı olmayan oxucunun Bernsin şeir və nəğmələrini təfəkkür etməsinin çətinliyini qeyd edən müəllifin mühakiməsində bir həqiqət var.

      İstər-istəməz xristianlığın firqələri arasında özünə xas özəllikləri olan presviterianlıq haqqında müəyyən bilgiləri əldə etmək izinə düşdük. Bu haqda “İrfan”in oxucularına qısa məlumatı təqdim etməyi məsləhət bildik.

      * * *

      Əvvəla, xristian protestant kilsəsinin bir qolu sayılan presviterian firqəsi daha çox şotlandların dini düşüncəsində və əqidəsində çox mühüm yer tutur. Və presviterian kilsəsi Şotlandiyanın milli kilsəsi sayılır. Bu tipli kilsələrin ABŞ-da geniş yayıldığı göstərilir və onun üzvləri əsasən buraya mühacir olunmuş şotlandlardan ibarətdir. Kanada, Avstraliya, İngiltərə, Şimali İrlandiya, Koreya Respublikası (Cənubi Koreya) və Afrikada keçmiş ingilis koloniyalarında da presviterianlıq firqəsinin yayıldığı qeydə alınmışdır.

      Əslində Şotlandiyada protestant inqilabı dövründə - 1559-60-cı illərdə presviterian firqəsinin əsası qoyulmuşdur. Onun yaradıcıları ruhani Jan Kalvinin şagirdi olan radikal protestant Con Noks və Əndrü Melvill olmuşdur.

      Yeni yaranan presviterian kilsəsinin təşkilatı insan – Allah münasibətlərində din xadimlərinin vasitəçiliyindən imtina üzərində qurulmuşdur. 1560-cı ildə presviterianlıq doktrinası şotland parlamenti tərəfindən təsdiq edilmişdir.

      Allahın ali hakimiyyətinə, ilahi qədərə, İncilin qüsursuzluğuna inam, eləcə də Allah rizası üçün mütləq imanın olması doqmatı üzərində qurulan presviterian firqəsinin özünəməxsus özəllikləri vardır. Presviterianlıq 1688-ci ildə Şotlandiya­nın dövlət dini kimi təsdiq edilmişdir. Şotlandiya kilsəsində birləşən və müasir dövrdə ən böyük şotland presviterian firqəsi kimi tanınan presviterianlığın bu ölkədəki üzvlərinin sayı bir milyondan çoxdur. ABŞ-dakı presviterianların sayı isə təxminən 4 milyon nəfərdir. ABŞ-da presviterian kilsəsinin əsası 1706-cı ildə qoyulmuşdur.

      Əvvəla, presviterianlıq firqəsinin İngiltərənin ruhani dünyasına ingilis kraliçası I Yelizavetanın (Elizabeth I) 1558-1603-cü illər – 45 illik hakimiyyə­tinin son illərinə təsadüf  etdiyi söylənilir. İngiltərənin kralı şotland əsilli I Ceymsin (James I) 1603-1625-ci illərdəki hakimiyyəti dövründə isə şotlandların böyük hissəsi İrlandiyaya köç etmiş və kralın ölümündən 17 il sonra – 1642-ci ildə bu ölkədə İrlandiya Presviterian kilsəsinin əsasını qoymuşlar.

      İndinin özündə İngiltərədə, Uelsdə, İrlandiyada, xüsusilə Şotlandiyada fəaliyyət göstərən presviterian kilsələri presviterianlığın Böyük Britaniyada geniş vüsət aldığını söyləməyə əsas verir.

      Presviterianlığın inkişafı tarixində Əndrü Melvillin (1542-1622) xidmətləri olmuşdur. Onun fəaliyyəti və səyi nəticəsində yeni “Təslim kitabı” qəbul edilmiş­dir. Eləcə də şotland kilsələrində previteriyalar – prixod səviyyəsində pastorlar, ilahiyyatçılar və presviterlərdən ibarət olan kilsə özünüidarəsinin xüsusi orqanları yaradılmışdır. Sonralar dövlətin ruhanilərin təyin olunması işindən kənarlaşdırıl­ması qərara alınmışdır. Beləliklə, presviterianlığın kilsələri kilsə ziyarətçilərinin seçdiyi pastor və presviterlər tərəfindən idarə edilir.

      Ümumiyyətlə, presviterianlıqda möminlər aləminə daxil olmağın əsas əlamətləri – dünyaya gələn körpənin xaç suyuna salınması, surələrin xor şəklində ifası, din xadimlərinin priçastiye ayinində iştirak etməsi ilə bağlıdır, bunlara xüsusi önəm və əhəmiyyət verilir.

      Presviterianlıqda ayin presviter tərəfindən bəstələnən duaların və moizələrin dinlənilməsi, surələrin oxunması ilə məhdudlaşır. Nikahlar evdə xeyir-dualarla başa çatır, həyatdan köçən insanlara evlərində dualar verilir. Priçastiye ayinində dindarlar diz çökmürlər. Ruhanilər dini mərasimlərdə adi geyimlərdə iştirak edirlər.

      Onu da qeyd edək ki, priçastiye ayininin həyata keçirilməsində istifadə olunan çörək və şərabda İsa Məsihin gerçək varlığı inkar edilir...

      Yazımızın əvvəlində şotland şairi Bernsin poeziyasının düzgün təfəkkür edilməsində xristianlıq istiqamətləri və firqələrinin öyrənilməsinin vacibliyini qeyd etmişdik. Şairin məhəbbət nəğmələri ilə yanaşı satirik şeirlərində onun bu firqələrə açıq münasibətini görmək olar. O, 1785-ci ildə bir şeirində yazırdı:

      But twenty times I rather would be

                           An atheist clean

      Than under gospel colors hid be

                           just for a screen.

       

      İncilin rəngləri altında yalnız görünmək xatirinə gizlənməkdənsə,

      İyirmi dəfə saf ateist olmağım yaxşıdır. (Sətri tərcümə)

      Yaxud başqa bir şeirində:

      Lord, hear my earnest cry and pray’r,

      Against that Presbyt’ry of Ayr!

      Allah, sən Ayr (şairin doğulduğu kəndin adıdır – Ş.X.) presviterianlığının əleyhinə mənim həqiqi haraylarımı və dualarımı eşit!

      - deyə öz ürəyindən qopan könül nəğməsini oxumuşdu.

      Tədqiqatçı T.Krouford Bernsin ölkəsində “dini riyakarlığa” olan üsyankar səsinə haqq qazandırmışdır.

      • Hits: 840 clicks

      Tecox component by www.teglo.info