Rüfət Şirinov / ÜÇ AYLAR

      Share

      İslam mədəniyyətində özünəməxsusluğu ilə seçilən “Üç aylar” geniş xalq kütləsi tərəfindən xüsusi əhəmiyyət göstərilərək müəyyən ibadətlərlə əhya edilir. Buna baxmayaraq üç aylarla bağlı bəzi mübahisələr hələ də davam etməkdədir. Günümüzdə, “üç aylar”ın bidət olduğunu ifadə edənlər olduğu kimi, bu aylara həddindən artıq dəyər verərək ifrad dərəcəsində önəm verənlər də mövcuddur.

      Bu qısa yazımızda heç bir tərəfin təsirində qalmadan Kitab və Sünnə çərçivəsində mövzuya aydınlıq qazandırmağa və bu aylardakı müəyyən günlərə həsr edilmiş ibadətlərin mənbələrdə yer alıb almadığını qeyd etməyə çalışacağıq.

      Sözü gedən “üç aylar” Rəcəb, Şaban və Ramazan aylarıdır. Ramazan ayının içindəki oruc ibadəti, qədr gecəsi və təravih namazı ilə qazandığı müqəddəs və mübarəkliyi hər kəs tərəfindən qəbul edilir və bu barədə heç bir ixtilafa təsadüf edilmir. Məhz buna görə də  Ramazan ayının ayrıca incələnməsinə ehtiyac yoxdur.

      Rəcəb ayı

      Rəcəb ayı İslam dini gəlmədən əvvəl də xalq arasında hörmət ve ehtiram göstərilən aylardan idi. Bu ayda qəbilələr arasında savaş, soyğun və digər cinayətlər işlənməzdi. İslamın gəlməsiylə də Rəcəb ayı özünəməxsus ehtirama layiq görülmüş və haram aylardan qəbul edilmişdir. Həzrət Peyğəmbər bu ayın haram aylardan olduğunu bir hədisində belə ifadə etmişdir: “... il on iki aydır. Bunlardan dördü haram aylardır. Üçü arxa-arxaya gəlir. Bunlar Zilqədə, Zilhiccə və Məhərrəm aylarıdır. Dördüncüsü də Cəmadiyəl-axir ilə Şaban ayı arasındakı Rəcəb ayıdır. (Buxari Təfsir, 9). 

      Müfəssirlərə görə haram ayların Quranda qeyd edilməsi Allahın onlara verdiyi xüsusi təzim və dəyərin isbatıdır. Hər nə qədər zülm etmək bütün aylarda haram isə də, bu aylarda zülm etməyin günahı qat-qat çoxdur. Əlbəttə ki, bu aylarda saleh əməl işləməyin savabı da qat-qat artıqdır. Nəticə etibarilə ayələrdə (əl-Bəqərə 217, ət-Tövbə 36) haram aylara hörmət göstərmək və bu aylarda günah işləməməyə səy göstərmək tələb olunur. 

      Peyğəmbər əleyhissalamın Allahla görüşdüyü Merac hadisəsinin də bu ayda olması ona başqa bir dəyər qazandırır. İslam alimlərindən Ləknəvi Rəcəb ayının 27 –ci gecəsi olaraq qəbul edilən Merac gecəsini çox ibadət edərək əhya etməyin müstəhəb oluduğunu ifadə edir. Bu gecəni hər kəs istədiyi şəkildə əhya edə bilər. Ayrıca, mübarək Ramazan ayına mənəvi hazırlıq da əsasən bu aydan etibarən başlanır. Məhz buna görə də bu ayda Həzrət Peyğəmbər: “Ya Rəbb! Rəcəb və Şabanı bizə mübarək qıl və bizi Ramazana çatdır” deyərək dua edərdi.

      Bu aya məxsus mübarək gecələrdə  (Rəqaib və Merac gecəsi) Peyğəmbər tərəfindən o günə məxsus hər hansı namazın (Rəqaib namazı Merac namazı kimi) qılındığına səhih mənbələrdə təsadüf etmək çətindir. Ancaq müəyyən qəliblərlə məhdudlaşdırmadan nafilə namaz qılmaq, nafilə oruc tutmaq və s. ibadətlər etmək alimlər tərəfindən müstəhəb qəbul edilərək tövsiyə edilmişdir.

       

      Şaban Ayı

      “Üç aylar”dan ikincisi Şaban ayıdır. Bu ayı müqəddəsləndirən on beşinci gecəsi olan Bərat gecəsidir. Həzrət Peyğəmbər bu gecənin önəminə belə işarə edir: “Allah-Təala rəhmətiylə Şaban ayının on beşinci gecəsi dünya səmasına təcəlla edər və Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayısından çox insanı bağışlayar.” (Tirmizi, Savm 8). Başqa rəvayətlərdə də bu gecə namaz qılıb gündüzünü də orucla keçirmək tövsiyə olunur (bax. İbn Macə, İqamə 191). Alim Ləknəvi: “Hər kəs istərsə bu gecədə namaz qılar, istərsə digər ibadətlərlə məşğul ola bilər. Nə qədər və necə qılınacağı hər kəsin istəyinə həvalə edilib. Ancaq bu ibadət şəkli Peyğəmbərin qadağan edib çəkindirdiyi şəkildə olmalı deyil” -deyərək ibadətin mahiyyət və şəklinə açıqlıq qazandırır.

      Bəzi alimlərin qiblənin Qüdsdəki Məscidi-Əqsadan Məkkədəki Kəbə istiqamətinə çevriləməsinin də Şaban ayında, Bərat gecəsində meydana gəldiyini qəbul etmələri bu aya ayrı bi önəm qazandırmışdır. Odur ki, belə gecə və günləri bağışlanmaq üçün bir vəsilə hesab edərək bol-bol dua, istiğfar, zikr və nafilə namaz qılmaqla keçirmək daha məqsədə uyğundur. Həmçinin Peyğəmbər (s.ə.s)-in ən çox bafilə oruc tuttuğu ay məhz Şaban ayıdır.

      Nəticə etibarilə ifadə edə bilərik ki, bu aylarda və onlardakı mübarək gecələrdə çox ibadətlə məşğul olmağın heç bir zərəri yoxdur. Ancaq bilinməlidir ki, Peyğəmbər (s.ə.s) tərəfindən bu gecələrin hər birinə məxsus qıldığı namaz və ibadət şəkli yoxdur. Hər kəs istədiyi qədər nafilə namaz qıla bilər.

      Ayrıca, belə gün və gecələrlə əlaqəli hədislərin zəif olduğunu qəbul edərək, əməllərin fəzilətləri ilə əlaqəli zəif hədislə əməl edilə biləcəyini ifadə edən alimlərin görüşünü də məqsədinə uyğun şəkildə anlamaq lazımdır.

      Ramazan ayına mənəvi hazırlıq olaraq qəbul edilən mübarək Rəcəb və Şaban ayı xüsusilə də Ramazan ayı Yaradanımıza, ailəmizə, uşaqlarımıza, vətənimizə və bütün insanlığa qarşı olan vəzifələrimizi bizə xatırlatmasını təmnna edirəm...

      Bu üç ayı Allah bizə məqsədinə uyğun şəkildə idrak edib yaşamağı nəsib etsin...

      Allahummə bərik lənə fi Racəbə və Şaban və bəlliğnə Ramazan...

      • Hits: 1036 clicks

      Tecox component by www.teglo.info