Rövşən Əliyev / QAYNAĞINDA “ALLAH” OLMAYAN SEVGİ SAXTADIR

      Share

      İnsanların çoxu həyatları boyunca həqiqi sevgini yaşaya bilmək üçün müxtəlif yollar axtarıb dururlar. Hər dəfəsində “Bu dəfə tapdım” dedikləri an, o sevginin digərləri kimi aldadıcı, gəlib keçici və saxta olduğunu dərk edirlər. Dindən uzaq yaşayan cəmiyyətin fərdləri kimi həqiqi məhəbbətin sirrinə çata bilmirlər. Səmimiyyətlə inanan insanların məqamları isə tamamilə fərqli olur.

      Söhbət həqiqi möminlərdən gedir. Onlar səmimi və həqiqi məhəbbəti öz qaynağında axtarırlar. Həqiqi məhəbbətin qaynağı isə ən böyük sevgiyə layiq olan Allah-Təaladır. Bu insanlar gözəl əməlləri təkcə cənnəti ümid etmək məqsədi ilə yox, eyni zamanda Uca Allahın cənnətlərdən də üstün olan rizasını qazanmaq məqsədi ilə həyata keçirirlər.

      Həyatlarını Qurana görə tənzimləməyən insanların həqiqi sevgini yaşamaları da imkansızdır. Qaynağını qəlblərindəki imandan alan, həqiqi sevgini yaşayan insanların həyatlarında daha çətin hadisələr olsa belə, bir-birilərinə olan sevgiləri əsla bitməz. Möminlər heç bir şeyi Allahı sevdikləri qədər sevməzlər. Nə özlərini, nə də başqalarını. Nə bütləşdirilmiş şəxsləri, nə də insanların meyil etdiyi maddi dəyərləri.

      Ən çox Allahı sevmək! Hər cür ölçünün üstündə mütləq bir sevgidir bu. Burada “sevgi” sözü, həqiqəti ifadə edən bir kəlmədir. Allaha nisbət edilən sevgi “hubb” və “vudd” sözləri ilə ifadə edilir. Dini ədəbiyyatda “eşq” kəlməsi ilahi sevgi üçün işlədilmir. Çünki bu kəlmə, bəşəri sevgini ifadə edir. Hubb isə “toxum, nüvə, özək” mənasındadır. Sevgiyə “məhəbbət” deyilməsinin səbəbi də budur.

      Hər şeyin saxtası olduğu kimi, sevginin də saxtası olur. Həqiqi sevgi qəlbi düzəldir, zehni rahatladır. Ona görə də, qaynağında Allah olmayan bir sevgi saxta sevgi sayılır. Meyvə öz kökünə olan sədaqətini sevgi ilə necə sübut edirsə, müsəlmanların öz aralarındakı sevgi də “Allah mərkəzli” bir sevgi halına çevrilməlidir. Buna əsasən də Quran sevgidə ən böyük hissənin Allaha ayırmasını istəyir: “….İman edənlər, Allahı hər şeydən daha çox sevərlər.” (əl-Bəqərə, 165) Hz. Peyğəmbərə isə belə deyilməsi əmr edilir: “De ki: ‘Əgər Allahı sevirsinizsə məni təqib edin ki, Allah da sizi sevsin.” (Ali-İmran, 31)

      Bu mövzu ilə bağlı, yadımıza Allahın “əl-Vədud” ismi-cəlili gəlir. Vədud ismi fəul vəznindədir. Bu vəznin xüsusiyyəti həm fail (təsir edən) həm də məful (təsirlənən) olması ilə seçilir. Ona görə də Vədud sifəti həm “ən çox sevən”, həm də “ən çox sevilən” mənasındadır. Bir başqa ifadə ilə desək, həm “hədsiz dərəcədə sevən”, həm də “hədsiz dərəcədə sevilməyi istəyən” mənalarını ifadə edir.

      Allah Rəzzaq ismi ilə “ruzi verir”, Xəllaq ismi ilə “yaradır”, Ğaffar ismi ilə  “bağışlayır”, Rəhman ismi ilə “mərhəmət edir”. Allahın bu və buna oxşar isimləri həmişə tək tərəflidir. Ancaq Vədud isminə gəldikdə isə, iki tərəfli bir əlaqə var. Yuxarıda da qeyd etdiyimiz kimi, həm sevir, həm də sevilməyi istəyir.

      Aqibətini düşünən hər idrak sahibi insan, asanlıqla anlayar ki, sonsuz istəklərə, zövqü-səfalara, fani sevdalara bir hədd qoymaq yaradılış məqsədinin ana parçasıdır. O bilir ki, mütləq gözəllik Allahın gözəlliyidir. Heyran-heyran baxdığımız bütün gözəlliklər ancaq cəmali-ilahidən əks olunan zərrəciklərdir. Leyli ilə Məcnun arasındakı məhəbbət səhnəsi bu həqiqətin bir misalıdır. Əgər Məcnunun könlü Leyliyə ilişib qalsaydı, Leyli onun üçün büt olacaqdı. Çünki Leyli Məcnun üçün müvəqqəyi bir rol oynadı. Allah Məcnunun qəlbini ilahi eşqə müxatəb ola biləcək şəkildə yüksəltdikdən sonra Leyli onun gözündən düşdü. Məcnun Leylidən yola çıxdığı halda orada qərarlaşmayıb, qəlbini Mövlaya yönəltmə fərasətini göstərdi. Artıq onun üçün Mövla olan yerdə Leyliyə ehtiyac yox idi. Özünün də etiraf etdiyi kimi, “Artıq neyleyirəm Leylayı, Mövlaya çatdıqdan sonra ?!”

       

      • Hits: 728 clicks

      Tecox component by www.teglo.info