Home Arxiv 2013 № 79 İyun Müşfiq Xəlilov / İçki və qumar


    Müşfiq Xəlilov / İçki və qumar

    PDF faylını alÇapE-poçt

      Share

      Əmr verən, qadağa qoyan hər şeyi yaradan Uca Allahdır. Onun əmr etdiklərinə fərz, qadağan etdiklərinə də haram adı verilir. Müsəlman olan bir kimsə Allahın əmrlərini yerinə yetirməli, qadağan etdiklərindən çəkinməlidir. Çünki, Uca Allahın bizlərə əmr etdiyi hər şey halal və gözəl, qadağan etdiyi şeylər də pis və çirkindir. Allah Təalanın qadağan etdiyi bu çirkin əməllərin başında heç şüphəsiz ki, içki və qumar durur.

      İçki və qumar, fərt, ailə və bütün cəmiyyət üçün böyük bir fəlakətdir. Bunun üçün Uca Allah tərəfindən qadağan edilmiş və Qurani Kərimdə  “Şeytanın əməlindən olan murdar bir şey  olaraq” bildirilmişdir.

      Maidə surəsinin 90 və 91 ci ayələrində    Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də fal oxları da Şeytanın əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şüphəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”

      Hər bir müsəlman içgi və qumardan çəkinmək məcburiyyətindədir. Əks halda içki və qumar bataqlığına düşənlər həm özlərini, həm ailəsini, həm də yaşadığı cəmiyyəti məhv edir.

      İnsanlar arasında adı nə olursa olsun, sərxoş edən hər spirtli içki haramdır. Necə ki, Peyğəmbərimiz (s.ə.s) bu barədə belə  buyurur. “Sərxoş edən hər şey “içki”dir və hər “içki” də haramdır.”[1]

      Bütün pisliklərin anası olan içkinin azıda çoxuda haramdır. Hədisi şərifdə belə  buyurulur:  “Çoxu sərxoş edən şeyin azı da haramdır.”[2]

      Bu səbəblə müsəlman içki içməz, içirməz. İçki emal etməz, onun ticarətini etməz. İçki süfrəsinə oturmaz.

      Peyğəmbərimiz (s.ə.s) ümmətini içkidən uzaqlaşdırmaq üçün kəskin ifadələrdən istifadə etmiş, onunla əlaqəli hər şeyi qadağan etmişdir. Bəzi insanların söylədiyi kimi: “içkini ancaq içmək günahdır” anlayışı İslamda yoxdur. Çünki Rəsulullah (s.ə.s) bir hədisi-şərifində bu barədə belə buyurur:  “Şübhəsiz ki, Allah təala içkiyə, onu içənə, paylayana, satana, alana, hazırlayana, daşıyana və aparılana lənət etmişdir!”[3]

      Nəfsinə və şeytana uyaraq içki içən bir müsəlman, etdiyi bu günahdan dolayı dərhal tövbə etməli və bir daha bu günahı etməməyə söz verməlidir.

      Digər bir məsələ müsəlmanın içki olan sufrədə oturmamasıdır. Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində:  “... Allaha və axirət gününə iman edən şəxs (özü içməsə də) içki içilən süfrədə oturmasın!”[4]  deyə buyurmaqdadır. Bu səbəbdən Allaha və axirət gününə iman edən mömin içki olan süfrədə oturmamalı, İslamı qaydalara uymayan toy və buna bənzər mərasimlər təşkil etməməli və bu cür mərasimlərdə iştirak etməməlidir. Bu mövzuda kiminsə xətrinə dəyməyə və qəlbini qırmağa baxmadan, içkili süfrə arxasında nəyə görə oturmadığını və məclislərdə nəyə görə iştirak etmədiyini də açıq bir şəkilsə söyləməlidir ki, Allahın haramlarına məhəl qoymayanlar günahlarını başa düşsünlər. Əks təqdirdə günahkarın qəlbini qırmaq üçün Allahın lənət və qəzəbinə düçar olmaqdan söhbət gedir ki, dünyanın ən böyük nadanlığı da elə budur.

      Qumara gəlincə, çalışmadan, heç bir əmək sərf etmədən, şans və təsadüflərə bağlı olaraq başqasının malını haqsız yerə almaqdır.   Oynayanlardan biri udacaq, digəri isə uduzacaqdır. Uduzan udmaq üçün, udan da daha çox udmaq üçün yenə oynayacaqdır. Bu baxımından adı nə olursa olsun bir oyunda udmaq və uduzmaq varsa o oyun qumardır. Hər qumar da haramdır.

      Uca dinimiz İslma nəyinki qumar oynamağı hətda qumar oynamasa belə bir kimsəyə “gəl qumar oynayaq” deməyi belə xoş qarşılamamışdır. Necəki, Peyğəmbərimiz (s.ə.s) bu barədə bir hədisi şərfində belə buyurur:    

      “Kim  hər hansı bir dostuna (qumar oynamasa belə) “Gəl səninlə qumar oynayaq” deyərsə o kimsə dərhal sədəqə versin”[5]

      Demək ki, müqədddəs kitabımız Qurani-Kərimdə “Şeytanın əməlindən olan murdar bir şey” olaraq bildirilən içki və qumar, müsəlmanlara qəti olaraq qeydsiz-şərtsiz haram qılınmışdır. Bunun üçün hər bir müsəlman içki və qumardan uzaq durmağa məcburdur.


      [1] Müslim, Beyhəqi, Müxtəsər Şuabül iman s. 137.

      [2] Əbu Davud, Tirmizi, Nəsai, Əhməd Ət tac: c. 3. s. 143.

      [3] Tirmizi, Büyu: 58

      [4] Tirmizi, Ədəb, 43/2801

      [5] Buxari, Müslim, R.S. tərc. c. 3 № 1839. 

       

      • Hits: 829 clicks

      Tecox component by www.teglo.info