Home Arxiv 2013 № 79 İyun Səfa Muradov / BİR HƏDİS


    Səfa Muradov / BİR HƏDİS

    PDF faylını alÇapE-poçt

      Share

      عَنْ أَبِي مُوسَى رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَثَلُ الَّذِي يَذْكُرُ رَبَّهُ وَالَّذِي لاَ يَذْكُرُ رَبَّهُ، مَثَلُ الحَيِّ وَالمَيِّتِ

      Əbu Musadan (r.ə) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allahı zikr edənlə, zikr etməyənin misalı ölü ilə dirinin misalı kimidir.” (Buxari, Dəavat, 66)

      Rəsulullah (s.ə.s) hədisi-şərifdə zikr edənlərlə etməyənləri qarşılaşdıraraq Allahı zikr edənlərin diri, Allahdan qafil qalanların isə ölü olduğunu qeyd etmişdir.

       Diri olmaq həyatın davam etməsi mənasına gəlməkdədir. Ölünün isə artıq həyatı sönmüş və gələcəyi üçün hər hansı bir fəaliyyət göstərməsi mümkün deyildir. Bu mənada düşünüldüyü zaman Allahın zikriylə məşğul olan bir mömin həm cismən, həm də ruhən yaşayan, Allahın zikrindən qafil olan bir kimsə isə cismən var olmuş olsa da əslində ruhən ölən kimsədir. Çünki zikr damarlarda dolaşan qan kimi qəlbin döyüntülərini təmin edər. Yəni zikr qəlbin qidası və insanın ruhudur. Ona görə də, Allah Təala Qurani-kərimdə; “Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rad 13/28) – buyurmuşdur.

      Zikr Allahı xatırlamaq, yaddaşda canlı tutmaqdır. Zikr qəlb, söz və əməl bütünlüyünün adıdır. Söz və əməllər qəlbdə birləşərək vəhdət təşkil edərsə, o zaman bu həqiqi zikr olmuş olar. Məsələn; Quran oxumaq ən önəmli sözlü zikr, namaz qılmaq isə ən önəmli feli zikrdir. Bunların birləşdiyi nöqtə isə qəlbdir. Yəni insanın həm feli, həm də qövlü (sözü) qəlbinə mənəvi qida olmalıdır. Əksi təqdirdə insan “Vay o namaz qılanların halına....” (Maun 107/4) və ya “elə Quran oxuyanlar vardır ki, oxuduqları boğazlarından aşağı keçməz....” (Müslim, Zəkat, 49) qınaqlarına məruz qalmış olar.

      Qul Rəbbini nə qədər zikr edərsə, o qədər Rəbbinin xatirində olar. Allahın qulunu yad etməsi, qulun Rəbbinə olan bağlılığı ilə ölçülər. Hər kəs Allahın qatındakı dəyərini Allah ilə olan münasibətinə görə qiymətləndirməlidir. Allah təala Qurani-kərimdə belə buyurur: “siz Məni zikr edin ki, Mən də sizi yada salım!” (Bəqərə 2/152). Kainat davamlı olaraq hərəkət halındadır. İnsanın da, kainat kimi canlı və diri olması lazımdır. Günün müxtəlif saatlarında ibadət məcburiyyətinin olması qəlbləri gün boyu canlı tutmaq üçündür. Elə bu səbəblə də, Allahı zikr etmək ən böyük ibadətdir.

      Zikr ruhun qidası, qəlbin cilasıdır. Zikrdən məhrum qalan bir qəlbə şeytan hakimlik etməyə başlayar. Çünki qəlb boşluq qəbul etməz. Boş olan bir yer gözəlliklərdən məhrum buraxılarsa, pisliklər oranı işğal edər. Şeytanın hakimlik etdiyi bir qəlb qaranlığa, Rahmanın (Allahın) hakimlik etdiyi bir qəlb isə firavanlığa qərq olar.

      • Hits: 609 clicks

      Tecox component by www.teglo.info