Alpay Əhməd / Çözülməyən İraq dərdi

    PDF faylını alÇapE-poçt

      Share

      Hər çözülməyən problem dərddirmi? Bu suala hardasa “Hə”, hardasa “Yox” cavabı vermək olar. Məsələn, ümummilli səviyyədə elə bir problem ola bilər ki, onu əhalinin böyük bir hissəsi özü üçün dərd hesab etməz. Fransada, eynicinslilərin evliliklkərinin leqallaşdırılmasına etiraz edən fransızlar çoxsaylı nümayişlər keçirdir, amma bütün bunlara baxmayaraq Senat həmin mənfur qanunu qəbul edir, prezident təsdiq edir və bununla bağlı, etiraz edənlər çiyinlərini tərpətməklə, yəni nə etmək olarla, kifayətlənə bilər.

      2003-cü ildən ABŞ və koalisiya hərbi qüvvələrinin İraqda Səddam Hüseyn rejimini devirdikdən və keçən il bu ölkəni həmin qüvvələrinin tərk etdikdən bu yana terror dalğası nəinki səngimir, əksinə daha da şiddətlənməkdədir. Regionun, elə dünyanın, ən əsası, müsəlman dünyasının İraq dərdi sanki sağalmaz bir dərdə çevrilib.

      Amma eyni zamanda bu dərdə istər dünya ictimaiyyətinin, istərsə də iraqlıların sanki öyrəşdiyini görürük. Bostonda üç amerikalının terror nəticəsində öldürülməsi dünya KİV-lərində səs-küy  doğurursa, İraqda bir gündə otuz nəfərin terror qurbanı olması faktı artıq adi xəbər kimi qarşılanır.

      Xatırlayıram, 2006-cı ilin iyun ayında İslam Konfransı Gənclər Forumunun nümayəndə heyətinin üzvü kimi Bakıda İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin sessiyasında iştirakım zamanı İraq Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə söhbət edirdim.  Sünni idi, mənə danışırdı ki, əvvəllər şiələrlərlə münasibətimiz o qədər yaxşı idi ki, bir-birimizə qız verib, qız alırdıq öz aramızda.“İndi isə mən şiələrin yaşadığı küçələrdən keçməyə belə cəsarət etmirəm,” – deyirdi həmin adam...

      Dəhşətlisi burasındadır ki, ABŞ qoşunlarının ölkədən çıxarılması da problemi çözməyib, halbuki, bir zamanlar onların İraqda mövcudluğu daxili qarşıdurmanın əsas səbəbi kimi göstərilirdi.

      Sözsüz ki, İraqda daxili münaqişələrin kökündə hər şeydən öncə siyasi faktorlar durur. Bəlli olduğu kimi, uzun müddət Səddam Hüseynin hakimiyyəti illərində ölkəni idarə edən sünni azlığının nümayəndələri əhalinin əlli faizindən çoxunu təşkil edən şiə çoxluğunun yüksək dövlər postlarını tutmasının qarşısını almaqla, repressiyalar həyata keçirməklə, onların hüquqlarını pozurdu. Diktatura rejimi devrildikdən sonra parlamentli respublika prinsipləri əsasında hakimiyyətə gəlmiş şiələr təbii ki, hökumət təmsilçiliyi məsələsində öz maraqlarından çxış etməyə başladılar. Sünnilərin yeganə yüksək səviyyəli hökumət nümayəndəsi olan vitse-prezident sünni Tarix əl-Haşimi isə keçən il sui-qəsddə günahlandırılaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu həbs olunmaq təhlükəsindən qaçmaq üçün Türkiyəyə qaçmış, müvəqqəti siyasi sığınacaq almışdır.

      İraq probleminin həll edilməsini əngəlləyən digər ciddi problem isə Əl-Qaedeyə və onun hal-hazırkı lideri Ayman əl-Zəvahiriyə beyət etmiş orta hesabla həftədə bir dəfə terror aktı törədən özünü elan etmiş İraq İslam Əmirliyinin üzvləridir. 2006-cı ildə Samirə şəhərində şiələrin imamı Əl-Əskəriyyə məscidində qanlı terror aktı törədən “sələfilər” həmin ildən bu yana minlərlə günahsız insanın qanını axıtmaqdadırlar. Hətta iş o yerə çatmışdı ki, sünni tayfa başçılarının başçıları bu terror bəlasını törədənlərlə mübarizə aparmaq üçün amerikanlarla gizli iş birliyinə getməyə məcbur olmuşdular.

      Acı etiraf da olsa deməliyik ki, İraqda faktiki olaraq məzhəblərarası müharibə gedir. Və bir vaxt tolerantlığı ilə şiələr belə artıq cavab kimi sünni məscidlərində terror aktları törədirlər və hər iki məzhəbin tanınmış alimlərinin xalqa sülh çağırışları təəssüf ki, nəticə vermir.

      Firkimizcə, İraqda əl-Qaedə problemi həll edilməyincə, hətta sünnilər və şiələr arasında baş tutacaq uğurlu siyasi dialoq belə sonda heç nəyi dəyişməyəcək. Məsələ burasındadır ki, sünni-şiə qarşıdurmasından fərqli olaraq, əl-Qaedə-şiə qarşıdurması siyasidən öncə ideoloji xarakter daşıyır və bu qarşıdurmanın təəssüf ki, qanlı tarixi var.

      Mübarizədə radikal üsullardan istifadə edən əl-qaedeçilər şiələri ümumiyyətlə, müsəlman hesab etmir, onları rafizi (yolundan sapmışlar) adlandırır, istər şiə, istərsə də qeyri-müsəlmanların qanını halal hesab edirlər. Hökumətin dəfələrlə terrorçulara bu yoldan əl çəkib dinc metodlarla mübarizə aparmaq çağırışları hələ ki, heç bir nəticə vermir.

      İraqdakı daxili münaqişə eyni zamanda Yaxın Şərqin digər ölkələrində analoji proseslərin start verməsinə səbəb oldu. Hətta biz artıq Suriyadakı hadisələrin “iraqlaşması” prosesinin şahidi olmaqdayıq. İki il öncə Bəşər Əsəd istibdadına qarşı aparılan mübarizəyə kənar qüvvələrin, xüsusilə, İraqdkı əl-Qaedəçilərin də qoşulması, - söhbət - Suriyada vuruşan Cəbhət-ən-Nüsrə qruplaşmasının İraq İslam Əmirliyi ilə birləşməsindən gedir, - öz xoşagəlməz nəticələrini göstərməkdədir.

      Məzhəblərarası müqanişələrin daha aşağı tempdə baş verdiyini mütəmadi olaraq Yəməndə və Livanda da müşahidə etməkdəyik. Əslində, İraqda gedən proseslər digər müxtəlif məzhəblərin yaşadığı müsəlman ölkələri üçün örnək olmalıdır. Düzdür, “Tarixdən dərs çıxarmaq olmur” - fikirini söyləyən mütəfəkkirlər də olmuşdur, necə ki, bu fikrə opponentlik edənlər də az deyil.

      Məsələn, sonuncular hesab edir ki, məhz böyük xalqlar öz tarixlərini, eləcə də o biri xalqların keçdiyi yolu dərindən öyrəndikləri üçün ciddi səhvlərə az halda yol veririlər. Əlbəttə bu tipli məsələrə dəqiq qiymət vermək çox çətindir. Amma istənilən halda müxtəlif məzhəblərin və din nümayəndələrinin yaşadığı tolerant sayılan Azərbaycanın belə İraqda gedən prosesləri öyrənməyə həmişə ehtiyacı var.

      • Hits: 825 clicks

      Tecox component by www.teglo.info