Ülvi MƏMMƏDOV / HƏYAT DƏFTƏRİNDƏN

    PDF faylını alÇapE-poçt

      Share

      Tövbə Edən Gənc                                                                                                 

      Allah-Təala Musa Peyğəmbərə: “Ey Musa! Filan məhəllədə bizim dostlarımızdan biri vəfat etdi. Get onun cənazə işlərini gör. Sən getməzsənsə, bizim rəhmətimiz onun işlərini görər”,- buyurdu. Həzrət Musa əmr olunan məhəlləyə getdi. Ordakılardan: “Bu gecə burada Allah dostlarından biri vəfat etdimi?”,- deyə soruşdu.

       “Ey Allahın Peyğəmbəri! Allah-Təalanın dostlarından heç kim vəfat etmədi. Amma filan evdə vaxtını pis işlərlə keçirən fasiq bir gənc öldü. Günahının çoxluğundan heç kim onu dəfn etmək istəmir”,- dedilər.  Musa əleyhissalam: “Mən onu axtarıram”,- buyurdu. Göstərdilər.  Həzrət Musa həmin evə girdi. Rəhmət mələklərini gördü. Allahın rəhmət və lütfünün əsərləri ilə dolu idi hər tərəf. Həzrət Musa, yalvararaq dua etdi: “Ey Rəbbim! Sən buyurdun ki, o mənim dostumdur. İnsanlar isə fasiq olduğuna şahidlik edirlər. Hikməti nədir bu işin?”.  Allah-Təala: “Ey Musa! İnsanların onun üçün fasiq demələri doğrudur, amma günahından xəbərləri var, tövbəsindən xəbərləri yoxdur. Mənim qulum səhər vaxtı yerə qapandı və tövbə etdi. Bizim hüzurumuza sığındı. Mən ki, Allaham! Onun sözünü və tövbəsini qəbul etdim. Ona rəhmət etdim ki, bu dərgahın ümidsizlik qapısı olmadığı aydın olsun”,- buyurdu.        

      GÖL KİMİ DƏRİN OL!

      Yaşlı bir hind usta şəyirdinin elə hey hər şeydən şikayət etməsindən bezmişdi. Bir gün şəyirdinə duz gətirməsini tapşırdı. Həyatındakı hər şeydən bezgin olan şəyird geri qayıdanda yaşlı usta ona bir ovuc duzu, bir stəkan suya atıb içməsini söylədi. Şəyird yaşlı adamın söylədiyini etdi, amma sudan bir udum alan kimi ağzındakıları tüpürməyə başladı.

      “Dadı necədir?”, deyə soruşan yaşlı ustasına hirslə “çox duzlu” cavabını verdi.

      Usta gülümsəyərək qolundan tutdu və onu çölə çıxartdı. Səssizcə bir az irəlidəki gölün sahilinə apardı və bu dəfə şəyirdinə bir ovuc duzu gölə atıb, göldən su içməsini söylədi. Deyiləni edən şəyird ağzının kənarlarından axan suyu qoluyla silərkən eyni sualı soruşdu:

      “Dadı necədir?”.

      “Yaxşı”, -dedi şəyird.

      Yaşlı usta bir daha soruşdu: “Duzun dadını hiss etdin?”. Şəyirdi bu cavabı verdi: “Xeyr”.

      Bu zaman yaşlı adam suyun yanında diz çökmüş şəyirdinin yanında oturdu və belə dedi:

      “Həyatdakı ağrı-acılar duz kimidir, nə azdır, nə də çox. Acının miqdarı həmişə eynidir. Ancaq dərdin acılığı nəyin içinə qoyulduğuna bağlıdır. Dərdin olanda edəcəyin şey acı verən məsələ ilə bağlı duyğularını genişləndirməkdir. Ona görə də artıq stəkan olmaqdan əl çək, göl olmağa çalış.

      SÜD

      Yaşlı adam çətinliklə gətirdiyi süd qablarını çadır dirəkləri arasından keçirməyə çalışarkən:

      - Süüd...!,- deyə səsləndi. Süd istəyən, süd istəyən...

      Qoca hələ sözünü tamamlamamışdı çadırından çıxan qəzəbli bir adam:

       

      - Sən ağılını itirmisən yəqin!,- deyə qışqırdı. Biz yaralılarımızla məşğul ikən, sən pul qazanmaq dərdindəsən.

      Yaşlı adamın gözləri dolmuşdu. Mülayim səslə:

      - Bu zəlzələdə dörd nəvəmi itirdim, oğlum,- dedi. Onların içəcəyi südü obiri balalarıma vermək istəmişəmsə, günahım nədir?

      Bu hadisəni danışanlar “Qocanı danlayan o adamın ağlamasını və ona sarılaraq üzr istəməsini heç unutmuruq”,- deyirlər.

       

       

      EVLİLİK AĞACI

      Bir-birlərini sevərək evlənmişdilər. Evləndikləri ilk aylar çox gözəl keçmişdi. Amma sonrakı günlər? Xəyal aləmindən gerçək dünyaya keçdilər. Evliliyin heç də düşündükləri kimi olmadığını anladılar.

      Bəli, bir-birlərini sevirdilər, amma aydındır ki sevgi kifayət etmir. Evlənmədən əvvəlki qədər olmasa da, bir-birlərinə sevgilərini etiraf edirdilər, ancaq kiçik bir söz, kiçik bir hadisə aralarında dava-dalaşın çıxmasına səbəb olurdu.

      Bir axşam oturub ailədaxili münasibətlərini götür-qoy etməyə qərar verdilər. Heç biri boşanmaq istəmirdi, amma evliliklərinin də bu cür davam etməyəcəyinin fərqində idilər. Kişi:

      “Ağlıma bir fikir gəldi”,- dedi. “Bağçaya bir ağac əkək. Bu ağac bizim evliliyimizin simvolu olsun. Əgər bu ağac üç ay içində qurusa, boşanaq. Qurumasa, böyüsə bunu bir daha ağılımızdan keçirməyək.

      Bu maraqlı fikir xanımının da xoşuna gəldi. Ertəsi gün gedib bir meyvə fidanı aldılar və bağçada əkdilər.

      Aradan bir ay keçdi. Bir gecə bağçada qarşıladılar. Hər ikisinin də əlində içi su ilıə dolu vedrə vardı…

      • Hits: 730 clicks

      Tecox component by www.teglo.info