Səfa Muradov / BİR HƏDİS

    PDF faylını alÇapE-poçt

      Share

       


      عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ اللهَ لَا يَنْظُرُ إِلَى صُوَرِكُمْ وَأَمْوَالِكُمْ، وَلَكِنْ يَنْظُرُ إِلَى قُلُوبِكُمْ وَأَعْمَالِكُمْ)

      Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allah sizin (xarici) görünüşünüzə və var-dövlətinizə deyil, qəlblərinizə və əməllərinizə baxar. (Müslim, Birr, 10; İbn Macə, Zöhd, 9)

                  İnsan Allahın yaradılış məqsədinə müvafiq bir həyat tərzini mənimsəyərək əməllərinə Allahın qoyduğu istiqamətdə yön verərsə, o zaman qəlbini və ruhani aləmini inkişaf etdirmiş olar. Mənəvi cəhətdən irəliləyiş qət edən bir kimsəyə qiyməti sadəcə Allah verə bilər. İnsanların bu mövzuda hər hansı bir şəxsə müsbət və ya mənfi mənada dəyər vermə səlahiyyəti yoxdur. Allahın insanlığa baxışını düzgün dərk edə bilməyən bir kimsə insanın zahiri görünüşünə, sərvətinə, əsil-nəcabətinə və s. görə dəyər verərək nəticədə xətaya düşər. Çünki onun insanları qiymətləndirmək üçün müraciət etdiyi mənbələr, yalnız gözünün görməsi, qulağının eşitməsi kimi məhdud vasitələrdən ibarətdir. Halbuki Rəsulullah (s.ə.s) Allahın insanlara görünüşlərinə görə deyil, qəlblərinə və əməllərinə görə dəyər verdiyini ifadə edir. Çünki xarici görünüş, mal-mülk, əsil-nəcabət qalıcı deyil. Allah-Təala Qurani-Kərimdə; “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır” (Hucurat 13) – buyurmuşdur. Ayeyi-kərimə hədisimizin mənasına aydınlıq gətirməkdədir. Belə ki, qulun saleh əməllər işləməsi onun təqvasının görünən tərəfini təşkil edir. Təqvanın isə mərkəzi qəlbdir.

                  Hədisi-şərifdə keçən “Allah sizin qəlblərinizə baxar” ifadəsi qəlbin insanda dəyərli bir mərkəz olduğunu açıqlamaqdadır. Qəlb insanın savab və ya günah olaraq işlədiyi əməllərinin birbaşa təsir etdiyi yerdir. Allah-Təala Qurani-Kərimin bir ayəsində qəlbin bu funksiyasına təmas edərək; “Allah qəlblərinizin kəsb etdiyi şeylərə görə sizi cəzalandırar” (Bəqərə 225) – buyurmaqla qəlbin bu yönünü bizim üçün açıqlamışdır. Rəsulullah (s.ə.s) də bir hədisi-şərifində qəlbinə işarə edərək; “Təqva buradadır” (Tirmizi, Birr, 18) buyurmaqla insanın həqiqi dəyərinin ixlaslı bir qəlbə sahib olmaqla mümkün olacağını ifadə etmişdir. “İnsanda bir ət parçası vardır ki, əgər o ət parçası sağlam olarsa, bütün bədən sağlam olar. Əgər o ət parçası xəstə olarsa, bütün bədən xəstə olar. Diqqət edin! O qəlbdir.” (Buxari, İman, 39) –buyuran Allah Rəsulu (s.ə.s) qəlbə bilinən xüsusiyyətlərdən əlavə yeni mənalar yükləmişdir.

                  Əməllər qəlbin görünən üzüdür. Qəlbi Allah sevgisi ilə dolu olan bir şəxs yalnız Allahın razı olacağı əməllər işləyər. İnsanlar bir-birlərinə əməllərinə görə qiymət verərlər. Çünki insana qəlbinə görə qiymət verən yalnız Allahdır. İnsan daxili aləminə görə özünə dəyər verməyə belə acizdir. Ona görə də “-qəlbim təmizdir” deyərək günahsızlığını sığortalayan bir anlayış İslama uyğun bir anlayış deyil. Çünki İslamda əməldən sonra qorxu və ümid vardır.  

       

      • Hits: 744 clicks

      Tecox component by www.teglo.info