Əlyazmalar İstitutunun elmi işçisi Zaur Orucovla REPORTAJ

    PDF faylını alÇapE-poçt

      Share

       

      AMEA M. Füzuli adına Əlyazmalar İstitutunun elmi işçisi

      Zaur Orucov:

      Sənət insan ruhunun zahirə əks etməsidir.

      Zaur Orucov kimdir?

      Zaur Orucov Balakən rayonunun Qullar kəndində anadan olmuşdur. Orta məktəbi S. Vurğun adına Qullar Kənd Orta Məktəbində oxumuşdur. Şəki İslam Mədrəsəsində təhsil aldıqdan sonra 1996-cı ildə İstanbul Memar Sinan Universitetinə daxil olan Z. Orucov magistratura təhsilini də həmin universitetin ənənəvi sənətşünaslıq bölümündə tamamlamışdır. Məzun olduqdan sonra bir müddət Bakı İslam Universitetinin Zaqatala korpusunda xəttatlıq müəllimi kimi fəaliyyət göstərmişdir. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Gigiyena və Bərpa Labarotoriyasında işə başlamışdır. Hal-hazırda həmin şöbədə elmi işçi kimi fəaliyyət göstərir. Rusiyanın paytaxtı Moskvada MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən “Debütlərin Birliyi” beynəlxalq müsabiqəsinin diplomantı olmuşdur. Həmsöhbətimiz Türkiyədə keçirilən sərgilrədə iştirak etmişdir. Azərbaycan, Gürcüstan, Türkiyə, İnquşetiya və Dağıstanda inşa edilmiş 36 məscidin yazı və bəzək tərtibatında iştirak etmişdir. Əlyazmalar İnstitutunda Nizami Gəncəvi, Füzuli divanı başda olmaqla dahi şəxsiyyətlərimizin 40-a yaxın əlyazma kitablarını bərpa etmişdir. Həmçinin ötən ay cənab prezident İlham Əliyevin iştirakı ilə açılışı edilən Qəbələ Şəhər Yeni Məscidinin bədii tərtibatçısıdır.

      İrfan: Bir çoxları sizi ölkəmizin müxtəlif bölgələrindəki məscidlərin bəzək və xətt yazılarından tanıyır. Bu sənətə marağınız hardan qaynaqlanır?

      Zaur Orucov: Orta məktəb illərində rəsm və rəsmxətt dərsinə böyük marağım vardı. Məktəbimizin divar qəzetində əl işlərimin sərgilənməsi bu işə marağımı daha da artırırdı. Sonrakı seçimlərimdə də bu amil əsas rol oynadı. Bildiyiniz kimi Sovetlər dönəmində islami sənətləri unutdurmağa çalışırdılar. Ali təhsil illərimdə İslam sənətlərinə aid əsərlərlə tanış olduqca bunların bizdə olmamasından təəssüf hissi keçirirdim. Lakin sonra əbru, xəttatlıq, cildçilik, təzhib, nəqqaşlıq və miniatür sənətinin dahilərinin bu torpaqlardan çıxdığını öyrəndim. Azərbaycan sənətkarları Çaldıran döyüşündən sonra kütləvi şəkildə Osmanlı İmperiyası tərkibində öz fəaliyyətlərini davam etdirdikləri üçün bəzən yanlışlıqla səhv salınır. Halbuki Nizami, Füzuli və digər dahilərin XIII-XV əsrə aid əsərlərində tərtib olunan miniatürlər və dövrün mücəllidləri tərəfindən hazırlanan cildlər və kitabın bədii tərtibatı buna misal verilə bilər. Qeyd edim ki, sözügedən sahələrdən yalnız miniatür sənəti rəssamlığa yaxınlığı səbəbilə Sovetlər dövründə ölkəmizdə qismən icra olunurdu. Xülasə, coğrafiyamız olduqca zəngin istedada malikdir. Tarixdən buna saysız nümunələr göstərmək mümkündür.

       

      İrfan: Öyrəndiyimizə görə Əlyazmalar İnstitutunda İbn Sinanın “Qanun” əsərini, Nizami Gəncəvi, Füzuli, Xaqani, Nəsimi, Ürfi və bu kimi dahilərin əlyazma əsərlərinin cildlərini bərpa etmisiniz. Eyni zamanda əbru və məscidlərin bəzənməsi ilə məşğulsunuz. Bu qədər işi bir arada görmək sizin üçün çətin olmur ki?

      Zaur Orucov: Sualınızın cavabını bir hədislə vermək istəyirəm. Hz. Peyğəmbərin buyurduğu kimi “Allah gözəldir, gözəlliyi sevər”. (Müslim, İman, 147) Düşünürəm ki, bizim İslam sənətləri müsəlmanın ruh dünyasını əks etdirir. Hətta xəttatlıq sənətinə ruhun həndəsəsi deyiblər. Sənətlə məşğul olmaq insanın zəkasına təsir edir. İnsanın birbaşa beyninə xitab edən oxumaq kimi fəaliyyətlər onu yorduğu halda sənətlə məşğul olmaq yorucu deyil, əksinə, ruhun dərinliklərinə enir. Bu nöqtədə ruh Allahın camal sifətinin təcəllisi ilə qarşılaşır. Mənə elə gəlir ki, bu fəaliyyət insan ruhunu qidalandırır, nəcib xislətləri zənginləşdirir. Möhtərəm Şeyxülislam həzrətlərinin buyurduğu kimi “Daxili ruh xarici ruhdan ilham alır”. İslam sənətləri məhz bu amala xidmət edir. İnsanın özünüdərk prosesində sənətin rolu əvəzsizdir. İnsanın daxili aləmini zənginləşdirən bu sənətlər onu bir fərd kimi düzgün formalaşdırır ki, bu da öz növbəsində cəmiyyətə töhfələrini verir. Qədim dövrlərdə demək olar bütün müsəlman padşahlar sənətin hansısa növü ilə məşğul olurdular. Xəttatlıq, miniatür, şairliklə məşğul olan padşahlar var. Mən də bütün bu fəaliyyətlərimi iş olaraq görmürəm, ona görə zövqlə, yorulmadan icra edirəm.

      İrfan: Dediyiniz kimi İslam sənətləri insanın ruh dünyasını əks etdirir. Bu haqda daha ətraflı nə deyə bilərdiniz?

      Zaur Orucov: Sadəcə islami deyil, bütün sənətlər insanın ruh dünyasını əks etdirir. Bir insanın daxilində nə varsa, hansı duyğuları yaşayırsa, hansı dinə mənsubdursa, ortaya qoyduğu əsər də o istiqamətdə olacaqdır. Yaşanmış məşhur bir hadisə var. İstanbulun fəthindən sonra şəhərin yenidən abadlaşdırılmasına ehtiyac yaranır. Leonardo Davinçi II Bəyazidə məktub yazaraq İstanbulun məscidlərinin, yollarının çeşmələrinin və s. layihəsini çəkə biləcəyini bildirir. Bu təklifi eşidib sarayda sevinənlər olur. Zarafat deyil, bütün dünyada tanınan bir memar gələcək və şəhərin inşasında, abadlaşdırılmasında rol alacaq. II Bəyazid isə təklifi qəbul etmir. “Əgər o gəlsə, İstanbul ruhumuzu əks etdirməyən, bizə yad olan memarlıq üslubu ilə qurulacaq”, -deyir. Maraqlı yanaşmadır, elə deyilmi? Eyni zamanda haqlıdır.

      Buna bənzər bir misal mənim də başıma gəlib. Universitetdən məzun olduğumuz il diplom işi sayıla biləcək əsərlərimizi masaya qoymuşduq. Müəllimlərimiz əl işlərimizə baxıb yekun qiymətləndirmələr aparırdılar. Elə bu zaman sinfə əslən Təbrizdən olan miniatür ustası Yaqub Cem daxil oldu. İçəri girən kimi birbaşa masaya yaxınlaşdı, əl işimi götürüb mənə xitabən “Bu sənin əsərindir?”, -dedi. Müəllimim Tahsin Aykutalp ustaddan “Hardan bildin ki, onun əsəridir?”, -deyə soruşduqda belə cavab verdi: “Mən bu əsərdə o torpaqların (Azərbaycanın) rəngini gördüm, ruhunu hiss etdim”.

       

      İrfan: İslam sənəti digər mədəniyyətə aid sənətlərdən nə ilə fərqlənir?

      Zaur Orucov: Məsələyə bir az geniş təmas etsək, İslamın canlı şəkil çəkməyə və heykəltəraşlığa münasibəti o qədər də müsbət deyil. Hikməti yaradana məlumdur. Bildiyimiz qədəri ilə rəsm və heykəl insanın təxəyyül dünyasını dondurur. Halbuki Allah-Təala Quranın bir çox ayəsində kainatdakı möhtəşəmlik və gözəllikləri müşahidə edərək təfəkkür və təxəyyül dünyamızı zənginləşdirməyimizi istəyir. İslamda rəsmin qadağan olması səbəbilə insanda var olan rəsm çəkmə ehtiyacı nəqqaşlıq və miniatür sənətlərini ortaya çıxardı. Ancaq burada da Allahın yaratdıqlarına qarşı zərif bir yanaşma mövcuddur. Məsələn, çiçəkləri olduğu kimi deyil, stilizə edilmiş formada çəkmişlər. Burada Allahın yaratdıqlarına ehtiramın şahidi oluruq. Zatən, Allah ən gözəlini çəkmişdir, bunun təkrar çəkilməsi sənət deyil, zənaət (təqlidçilik) olardı. İslam sənətlərinin inkişaf etməsinin əsas səbəbi Allahın kəlamı olan Qurani-Kərimə sevgi və ehtiramdır. Xəttatlıq sənəti Qurana olan sevgi və ehtiram səbəbilə ən kamil zirvəyə yüksəldi. Hətta xəttatlar hörmət əlaməti olaraq xətt qələmini (qarğını) yonarkən çıxan yonqarı toplayar və vəsiyyət edərdilər ki, öldükləri zaman onu yandırıb ocağında isidilən su ilə cənazəsini yusunlar və külü kəfəninə tökülsün. Heç vaxt dəstəmazsız bir hərf də yazmamışlar. Quranın tərtibatında da eyni ehtirama şahid oluruq. İslam tarixində ilk gözəl yazı, ilk gözəl bəzək, ilk gözəl cild məhz Qurani-Kərimə məxsusdur. Bunun ardınca gələn bütün əsərlərdə Quranın möhrünü görmək mümkündür. Məscid, mədrəsə, əczaxana, karvansaray, dərgahlarda Quran ayələrinin nəfis örnəkləri buna misaldır.

      Sualınıza gəlincə, İslam sənətlərində pərgərin sabit ayağı Quran müstəvisindədir. Ərsəyə gətirilən hər bir əsərin mərkəzində Quran əxlaqı olduğu üçün insanların ruhuna xitab etdiyi kimi, kamilləşməsinə də xidmət edir.    

      Digər mədəniyyətlərdə daha çox sənət anlayışı insanların həvəsləri üzərində formalaşmışdır. Əsəri icra edən sənətkarın əxlaqi durumu onun əsərində təzahür edir. Daha çox insandakı nəfsani duyğulara və nəfsə xitab edir.

      İrfan: Zaur bəy, dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.

      Zaur Orucov: Mən də öz nəvbəmdə sizə təşəkkür edirəm, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən jurnalınıza müvəffəqiyyətlər arzulayıram.          

      • Hits: 830 clicks

      Tecox component by www.teglo.info