Elşən RZAYEV / ŞƏXSİYYƏT MƏKTƏBİ

    PDF faylını alÇapE-poçt

      Share

       

      Cinsiyyət nəsil artırma qabiliyyəti olan bütün varlıqların xilqətində mövcuddur. Bu, bütün yaradılmışlar aləmini təşkil edən cütlük qanununa əsaslanır. Kainatda nə təkdirsə, o, Yaradan, nə də cütdürsə, o da yaradılandır. Bu xilqət qanunu baxımından ailə qurmaq yaradılmışlığı qəbul etmək, yaradılış məqsədinə təslim olmaqdır. Ailə qurmaq eyni zamanda xilqət və fitrətə hörmət göstərməkdir. Hz. Peyğəmbər: “Nikah mənim sünnəmdir, kim sünnəmdən üz çevirərsə, o, məndən deyil”, -buyuraraq insanlar içərisində xilqət və fitrətə ən çox hörmətkar olan peyğəmbər mövqeyini ortaya qoymuşdur.

      Fitrətin gərəyi olan ailənin yoxluğunu düşünmək qeyri-mümkündür. Ailə olmazsa, insanın ictimai həyatından, insan nəslinin davamından danışmaq olmaz. Ancaq ailə sadəcə nəsil artırma müəssisəsi deyil. İnsan digəri ilə ünsiyyət qurduğu zaman insan olur. İnsan sosial bir canlı olduğuna görə digər canlılar üçün ehtiyac olan baxım və nəzarət altında olma insan üçün zərurətdir. Üstəlik insanın psixoloji, ağlı və ruhi ehtiyacları, bioloji ehtiyaclarından heç də az deyil.

      Bir-birindən dəstək alan, bir-birinə söykənən və arxalanan, biri yıxıldıqda digəri də yıxılan birdən artıq insanın meydana gətirdiyi birliyə ailə deyilir. Bir damın altında yaşayan iki insan bir-birinə söykənmədikcə, arxalanmadıqca, bir-birindən dəstək almadıqca ailə sayılmazlar. Çünki ailə iki nəfərin bir damın altında paralel olaraq yaşadığı deyil, bir-birinə yaslanaraq yaşadığı yerdir. Bir-birinə yaslanmadan yaşanan evlərdə ailəni sağlam tutan dəyərlərin mövcudluğundan söhəbət gedə bilməz.   

      Ailə qurmadan əvvəl “kişi” və “qadın” olaraq adlandırılan cinslər, ailə qurduqdan sonra “ər” və “arvad” olurlar. Ailə qurulduqdan sonra ailənin ilk meyvələri ilə də “ata-ana” adını qazanırlar. Qadın ailədə analıq vəzifəsinə başladığı andan onun məqamı da yüksəlir. Bu məqamın əhəmiyyəti Hz. Peyğəmbərin hədisindən daha gözəl nə ilə ifadə edilə bilər ki: “Cənnət anaların ayaqları altındadır.” (Nəsai, Cihad, 6)

      Təssüflə qeyd etməliyəm ki, Yaradanın ucaltdığı qadının analıq dəyəri müasir dövrün inşa etdiyi zehniyyət tərəfindən aşağılanır. Bu aşağılama nəticəsində bu gün ailələrdə körpənin yerini “it”, evin yerini “hotel”, nikahın yerini “birlikdə yaşama”, nəsil artırmağın yerini “həzz alma” tutur.

      Ailə bir-birinə paralel şəkildə dayanan deyil, bir-birinə yaslanan iki şəxsin meydana gətirdiyi müəssisədir dedik. Burada ailəni qorumaq üçün ər-arvad baş-başa verib, bədəndəki tək baş halına gəlirlər. Necə ki, bədəndəki baş iki ayağn üstündə durursa, ailənin qurulub xoşbəxt həyat yaşaması da baş-başa verən iki şəxsin birlikdə hərəkətinə bağlıdır. Bədəndəki başı daşımaq iki ayağın vəzifəsidir və burada bir ayaq digərinə “mən olmasam sən heç nəyə yaramazsan” deyə bilməz. Çünki ayaqlar bir-birinə dəstək olurlar. Biri o birinə “varlığını mənə borclusan” deyə bilməz. İkisi də bir-birindən ayrı hərəkət edə bilməzlər. Ailəni də bu şəkildə düşündüyümüz təqdirdə “Ailədə kişi qadından üstündür, yoxsa qadın kişidən?” sualının heç bir mənası qalmaz. Çünki ailədə ər və arvad həyat yoldaşıdırlar. Qurani ifadə ilə onlara “zövc” deyilir ki, bunun da ən gözəl tərifi “biri digərinin  yerini tuta bilməyən və bir-birini tamamlayan iki ünsürdən biri”dir.

      Hər müəssisənin bir məkana ehtiyacı olduğu kimi, ailə də məkansız olmaz. Ailə üçün lazım olan məkan isə “ev”dir. Əslində ev “şəxsiyyət məktəbi”dir. Hz. Peyğəmbər ilk dəfə vəhy aldığı zaman “küçəyə” deyil, “evə” gəldi. Çünki ev “haradan başlanmalı?” sualının cavabıdır. Hz. Peyğəmbər də oradan başladı. İmanlı hər kəsi ailəsini cəhənnəmdən qorumağa çağıran Quran ayəsi, əslində evi cəhənnəmin dünyadakı şöbəsi olmaqdan qoruma çağrısıdır. Çünki cənnətin dünyadakı şöbəsi olmayan hər ev, cəhənnəmin dünyadakı şöbəsi olmağa layiqdir.

      “Möminlər ancaq qardaşdırlar” ilahi düsturu iman edən hər kəsi qardaş olmağa məcbur edir. Bu isə o deməkdir ki, möminlər “iman ailəsi”dirlər. Buna Hz. Peyğəmbərin “İman etmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə iman etmiş sayılmazsınız” hədisini də əlavə etdikdə İslamın yer üzündəki hədəflərindən birinin də eyni iman ətrafında dünyanın ən böyük ailəsini meydana gətirdiyini görürük. İslamın bu hədəfini kökləri cənnətdə olan, budaqları isə dünyaya uzanan ağaca bənzətmək mümkündür. Bu ağacın nüvəsi ailə, düşməni təfriqə, günəşi vəhdət, suyu mərhəmətdir.

      İslam etiqadında tövhidin yeri nədirsə, İslam camaatında vəhdətin yeri də odur. Hər ailə tövhid şüuru ilə vəhdətə doğru atılmış bir adımdır.    

       

      • Hits: 1181 clicks

      Tecox component by www.teglo.info