ZƏFƏRLİ GÜNLƏR
Xalqımız çox çətin imtahandan və mübarizəli prosesdən keçir. Biz heç bir zaman haqlı davamızda, ülvi mübarizəmizdə haqq yolundan çıxmamışıq. Tarix boyunca xalqımız əmin-amanlığın, sülhün yanında olmuşdur. Dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün həmişə haqq-hüquqa riayət etmişik. Əsla təcavüzkarlıq nümayiş etdirməmişik. Hərb meydanında belə bizim ləyaqətimizə, şərəfimizə xələl gətirəcək qeyri-leqal davranışlara, təxribatlara yol verməmişik. Mülki vətəndaşlara, heyvanlara, bitkilərə, təbiətə, bir sözlə bəşəriyyətə ziyan vurmamışıq. Biz heç vaxt başqasının haqqını qəsb etməmişik. Əksinə, düşmənlər tərəfindən təcavüzə məruz qalmışıq. Xalqımıza qarşı törədilən soyqırımlar, qətliamlar hər nə qədər beynəlxalq ictimaiyyətdə öz siyasi qiymətini tapmasa da, tarix səhnəsində qara ləkə olaraq qalır. Bizə qarşı torpaq iddiası ilə ata-babalarımızın əzəldən yaşadığı doğma torpaqlarımızı əlimizdən almaq üçün cəhd ediblər və hələ də edirlər. Biz bir kimsənin burnunun qanamasını, barmağına tikan batmasını istəmirik. Çünki bizim mentalitetdə, mənəviyyatımızda, adət-ənənəmizdə, mədəniyyətimizdə qan tökmək, vəhşilik etmək yoxdur.
Xalqımız səbirli xalqdır. Zülmə uğrasa belə, yenə də səbirli, təmkinli olmağı, rasional davranmağı seçir. Təxribata uymur. Hər nə qədər bizə qarşı haqsızlıq olsa da, bizə qarşı vəhşilik olsa da, biz yenə təxribata uymuruq, vəhşilik etmirik. Biz sadəcə haqq uğrunda mərdliklə mübarizəmizi davam etdiririk. Haqla, hüquqla mücadilə, mübarizə aparırıq. Bizə aid olanı, bizim haqqımızı alırıq.
Otuz ilə yaxındır ki, bizim haqqımızı əlimizdən almışdılar. Torpaqlarımızı işğal etmək bir yana, xalqımıza qarşı ermənilər tərəfindən soyqırım, vəhşilik, təcavüzkarlıq baş vermişdi. Otuz ildir ki, buna dözürdük. Hər şeyin sülh yolu ilə nəticənlənməsini istəyirdik. Dözdük, acıları udduq, bəzi haqsızlıqlara göz yumduq ki, əmin-amanlıq içərisində torpaqlarımızı geri alaq, bir milyon məcburi qaçqın və köçkünlərin öz doğma yerlərinə qayıtmasını təmin edək. Amma bunun heç bir nəticəsi olmadı. Son bir çarə qaldı: Haqq davamızı özümüz həll edək, xalqımızın gücü ilə, dövlətimizin gücü ilə bu işə son qoyaq. Və qoyduq da!..
Öz haqqımızı biləyimizin gücüylə alırıq. Amma bu gücü də haqq çərçivəsində, mərdliklə nümayiş etdiririk. Düşmənin vəhşiliyi kimi sivillərin, mülki əhalinin yaşadığı yerləri atəşə tutmuruq. Müharibə sahəsindən uzağa bir güllə belə atmamışıq. Mülki vətəndaşlara, təslim olan əsirlərə qarşı atəş açmırıq. Təəssüflər olsun ki, düşmənimiz nə mərdlik edir, nə də qarşımızda tab gətirə bilir. “Sülh”, “atəşkəs” olması üçün yalvarıb yaxarır, amma axradan bizə zərbə vurur, yaşayış məntəqələrimizə raket zərbələri endirir, uşaqlarımızı, qadınlarımızı, qocalarımızı, müharibədə iştirak etməyən mülki əhalini hədəf alır. Bu da düşmənin acizliyini, ikiüzlülüyünü, namərdliyini göstərir. Ancaq biz yenə hərb meydanında onlardan qisasımızı alırıq. Çünki bizim xalqımızın qeyrəti var. Onlar kimi qeyrətsiz deyilik. Çünki bizim xalqımız mərddir. Onlar kimi namərd deyilik.
Nəhayət, haqlı davamız bizim zəfərimizlə, şanlı qələbəmizlə nəticələndi. Beynəlxalq hüquq çərçivəsində, heç bir haqsızlığa yol vermədən, mərdi-mərdanə döyüş meydanında öz hünərimizi düşmənə göstərdik. Qisasımızı döyüş meydanında aldıq. Üçrəngli şanlı bayrağımız Azərbaycanın işğal edilmiş əzəli torpaqlarında yenidən dalğalanmağa başladı. İki il ərzində işğal etdikləri torpaqları biz qırx dörd gün ərzində geri almağı bacardıq. Biz gücümüzü onlara göstərdik. Bizim gücümüz haqq gücüdür. Biz haqqımızı almışıq.
Bu zəfərli günləri bizə yaşadan Rəbbimizə sonsuz şükürlər olsun! Canı ilə, qanı ilə vuruşan hər bir əsgərimizə, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və onun rəhbərliyindəki bütün Azərbaycan Ordusuna təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
ŞƏRHLƏR