ÖMÜR SƏRMAYƏSİ

ÖMÜR SƏRMAYƏSİ

Ömür doğum ilə ölüm arasında keçən bir zaman olub, Uca Allahın insana bəxş etdiyi ən böyük nemət və dəyəri heç bir şeylə ölçülə bilməyən bir sərmayədir. Ömür nemətinin dəyəri, qiyməti həm də ona görə böyükdür ki, insan dünyasını da, axirətini də məhz bu sərmayə ilə qazanmaqdadır. Elə buna görə də insan bu ilahi sərmayəni hədər etmədən Allahın razı olacağı bir şəkildə dəyərləndirməyə çalışmalıdır.

Dinimizdə zamanın, vaxtın qiyməti böyükdür. Hər ibadətin özünə aid bir vaxtı vardır. Hətta vaxt ibadətin şərtidir. Müsəlman içində yaşadığı zamanı dəyərləndirərkən ayıq-sayıq bir şəkildə, ibadət, itaət və xeyirxah əməllərlə keçirməli, Allahdan qafil qalaraq tək nəfəs belə almamağa diqqət etməlidir.

Cüneyd Bağdadi  həzrətləri belə deyir:

“Vaxt çox dəyərli bir şeydir. Əldən getdimi, bir daha geri gəlməz”.

İbn Cövzi isə belə deyir:

“Bir insana yaraşan, zamanın şərəfini, vaxtın qiymətini bilmək, bir anını belə hədər etməməkdir”.

Bir nəfər İbrahim bin Ədhəm həzrətlərindən soruşur:

“Möminin halı necə olmalıdır?”

İbrahim bin Ədhəm belə cavab verir:

“Son nəfəsində necə olacaqsa (nə lazım olacaqsa), hər anı o şəkildə keçməlidir”.

Bir hədisi-şərifdə belə buyurulur:

“İki nemət vardır ki, insanların çoxu bu xüsusda aldanmış, haqqıyla qədrini bilməmişlər: səhhət və boş vaxt”. (Buxari, Riqaq, 1)

Bütün vaxtını bu dünya həyatını qazanmaq üçün sərf edib ibadətə vaxt ayırmayanlar əbədi səadətlərini təhlükəyə atmış olarlar. Zaman sürətlə axıb getdiyi kimi, itirilən bir anı da yenidən geri gətirməyə imkan yoxdur. Bunun üçün bütün dünyanı və dünyalıqları fəda etsək, bir saniyəni belə geri gətirmək mümkün deyildir.

Hər bir insan daha çox yaşamaq istəyər. Bu, təbii bir haldır. Müsəlmanın daha çox yaşamaq arzusundakı məqsəd xeyirli əməllərini çoxaltmaq olmalıdır. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurmuşdur: “İnsanların ən xeyirlisi ömrü uzun olub əməli xeyirli olandır. İnsanların ən şərlisi isə ömrü uzun, əməli pis olandır”. (Tirmizi, Zöhd, 22)

Dedik ki, insanın ən qiymətli sərmayəsi ömürdür. O isə hər nəfəslə birlikdə, hər saat xərclənib gedərək tükənməkdə və hər bir saniyə keçdikcə nemətlərin sonu və hesabı yaxınlaşmaqdadır. İnsan ömrünü boş, faydasız və lazımsız işlərdə tükətməməli, davamlı olaraq əbədi həyatını qazanmağa səy göstərməlidir. Bunun üçün də edilməsi lazım olan bir ibadəti, xeyir əməli və faydalı bir işi gecikdirmədən, vaxtında və ən gözəl şəkildə etməlidir. Çünki şeytan və nəfs davamlı olaraq insana zərər vermək və əməllərini boşa çıxarmaq üçün yaxşı bir işi “sonra etməsini” fısıldayar. Sonraya buraxılan əməllər isə ya unudulacaq, ya da vaxtında edilmədiyi üçün lazımi fayda əldə edilməyəcəkdir. Nə vaxt sona çatacağını bilmədiyimiz bu ömür imtahanında xeyir işi davamlı ertələmək əksər hallarda əcəl anına qədər davam etməkdə və sonra da nəticəsiz qalmaqdadır. Ağıllı insan bu məqsədlə əlindəki ilk fürsəti dəyərləndirən şəxsdir.

Aşağıda qeyd edəcəyim hədisi-şərif ömür sərmayəmizin, həyat nemətinin qədrini bilməyə və faydalı əməllərlə keçirməyə dair lazımi xəbərdarlığı etməkdədir. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Qiyamət günündə insan oğlu bu beş şeydən hesaba çəkilmədikcə Allahın hüzurundan bir yerə ayrıla bilməyəcək. Ömrünü harada və necə keçirdiyindən, gəncliyini necə tükətdiyindən, malını haradan qazandığından, hara xərclədiyindən və bildiyi ilə əməl edib-etmədiyindən”. (Tirmizi, Sifətul Qiyamə, 1)

Gəlin axirət yolçusu olan bizlər də ömür sərmayəmizin, gəncliyimizin qədrini və qiymətini bilək. Ömrümüzü elə yaşayaq ki, Uca Allahın hüzurunda durduğumuz zaman keçirdiyimiz ömürdən peşmançılıq hiss etməyək. Əməl dəftərimiz bir kasetin lenti kimi bizə göstərildiyi zaman üzümüzü güldürəcək və bizi sevindirəcək əməllərə sahib olaq. Üzümüzə gələn ili bizə ibadət və xeyirli əməllər üçün verilmiş yeni bir fürsət, bəlkə də son fürsət olaraq görək və əlimizdən gəldiyi qədər Rəbbimizin qarşısında üzümüzü ağardacaq xeyirli əməllərə sərf edək.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz