MƏNƏVİYYAT ÇIRAĞIMIZ
MƏNƏVİYYAT ÇIRAĞIMIZ
“Hər bir insan öz mənəviyyatını qorumalıdır”.
Heydər Əliyev
Müasir Azərbaycan Respublikasının memarı, dahi qurucusu, dünya azərbaycanlılarının ümummilli lideri mərhum Heydər Əliyev xalqımızın tarixində sadəcə böyük dövlət adamı, ictimai-siyasi xadim kimi deyil, eyni zamanda mənsubu olduğu xalqın milli-mənəvi dəyərlərinin keşikçisi və həmçinin bu dəyərlərin daha da qorunaraq gələcək nəsillərə çatdırılmasına var gücüylə çalışan, bu sahəyə digər sahələrdən daha çox əhəmiyyət verən şəxsiyyət kimi yerini almışdır.
Uzun illər dinsiz sovet rejiminin əsarətində milli-dini kimliyimizdən uzaqlaşdırılmağa çalışılarkən, daim uğruna çırpındığımız istiqlaliyyətimizi əldə etdikdən sonra əsl kimliyimizi yaşatma imkanına qovuşmuş olduq, çox şükür.
90-cı illərin təlatümlü dövrlərində dahi şəxsiyyətin dərin və geniş təcrübəsi, misilsiz istedadı və uzaqgörənliyi sayəsində ölkəmiz ən çətin günlərini yavaş-yavaş geridə qoymağa başlamışdı. Bir yandan sosial-iqtisadi həyatda yeniliklərə imza atılarkən, digər tərəfdən isə ondan daha da dəyərli hesab edilən, bir millətin varlıq səbəbi olan milli-mənəvi dəyərlərin mühafizəsi və yaşadılması istiqamətində işlər görülməyə çalışılırdı. Hər keçən gün dirçəlməyə doğru iri addımlarla irəliləyən ölkəmiz və xalqımız öz əsil-kökünü, məfkurəsini təkrar dərindən xatırlamağa, bütün komponentlərini həyata tətbiq edərək ona sözün əsl mənasında “can” verməyə başlamışdı. Çünki can verilməliydi ki, o da bizə can versin.
Bütün bunlar, əlbəttə ki, çox asan baş vermirdi. Sistematik və planlı işlərin görülməsi son dərəcə vacib idi.
Belə olan halda Heydər Əliyev dühası bu sahədə də özünü göstərməyə başlamışdı. O bilirdi ki, xalqımız elə bir misilsiz mədəniyyətə, elə bir ülvi dəyərlər kompleksinə mənsubdur ki, atılacaq doğru addımlarla doğru istiqamətdə irəliləməyə nail olacağıq. O bilirdi ki, nə dini, nə də milli adət-ənənələrdən imtina etmək olar. Əksinə, onların önünü açaraq təkrar xalq ilə qovuşmasını təmin etmək lazımdır. Xüsusilə gənc nəslin bu dəyərlərə sadiq yetişməsinin vacibliyini vurğulayırdı:
“Hər bir gənc öz kökünə sadiq olmalıdır. Bizim öz kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik. Hər bir gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir. Eyni zamanda ümumbəşəri, dünyəvi dəyərlərdən səmərəli istifadə etmək, onları öz mənəvi dəyərlərimizə birləşdirmək və xalqımızın mənəviyyatını zənginləşdirmək bizim əsas vəzifələrimizdən biridir. Bu, gələcək üçün bizim strateji yolumuzdur” ifadələri bu həqiqətin ən qabarıq təzahürü idi.
Ölkəmizin ən çətin dövrlərində bütün təzyiq və problemlərə sinə gərməyi bacaran dahi liderimizin: “Mənəviyyatımız nə qədər yüksək olarsa, insanlarda, hər bir azərbaycanlıda, müsəlmanda vətənə, öz amallarına sədaqət, mənəvi saflıq əhvali-ruhiyyəsi tərbiyə edə bilsək, Azərbaycan bu ağır böhran dövründən, çətinliklərdən tezliklə və müvəffəqiyyətlə çıxacaqdır” ifadələri istənilən cür maddi-mənəvi çətinliklərin öhdəsindən gəlməyin ən vacib yollarından birinin məhz milli şüurumuz, mənəvi gücümüz olduğuna dəlalət etməkdədir.
Dahi şəxsiyyətin əsas prioritet hədəflərindən biri də dünya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, İslam ölkələri ilə də sıx əlaqələrin qurulmasından ibarət idi.
1998-ci ildə Bakıda iki böyük İslam toplantısının keçirilməsi bunun əyani sübutu idi. Bunlardan birincisi, həmin ilin sentyabr ayının sonlarında keçirilən “Beynəlxalq İslam Konfransı və Qafqaz Müsəlmanlarının X Qurultayı” adlanan bu toplantı dini-mənəvi dəyərlərə həsr olunmuşdu. Eyni zamanda həmin ilin 9 dekabrında “İslam Sivilizasiyası Qafqazda” mövzusunda keçirilən beynəlxalq simpoziumda mərhum Ümummilli liderimiz “Xalqımız öz tarixi, milli-mənəvi dəyərləri, doğma dili ilə, İslam dininə, mədəniyyətinə, mənəviyyatına mənsub olması ilə fəxr edir” adlı geniş məruzə ilə nitq söyləmişdi. Bu nitq sadəcə Azərbaycan xalqının deyil, eyni zamanda müsəlman xalqların mənəviyyatında, mədəni, milli dəyərlərində İslam dininin roluna verilən qiymət idi. Həqiqətən də, bu ifadələr bu gün məhz uğruna mübarizə apardığımız dəyərlərimizin yaşadılması üçün ən böyük stimul kimi qiymətləndirilə bilər. Və bu anlayışın, bu məfkurənin sistematik təhsil ilə yeni nəsillərə aşılanması və onların bu ruhda yetişməsi son dərəcə əhəmiyyət kəsb edir.
90-cı illərdən etibarən orta ixtisas səviyyəsində dini təhsil müəssisələrinin təsis edilməsi, daha sonra ali təhsil pilləsi üzrə universitet və fakültələrin təsis edilməsi (Bakı İslam Universiteti, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, daha sonra Azərbaycan İlahiyyat İnstitutu) heç də təsadüfi deyildi. Məhz bu müəssisələrdə yetişmiş ixtisaslı kadrların gördüyü işlər sayəsində dəyərlərimizin cəmiyyətimizlə iç-içə yaşadılmasına çalışılmaqdadır.
Bizim mədəniyyətimiz həqiqətən Allaha bağlılıq, saflıq, qardaşlıq, dürüstlük, vəfa, sədaqət, vətənpərvərlik, bayraq və torpaq sevdası, bir sözlə, mənəviyyat üzərinə inşa edilmiş mədəniyyətdir. İstiqbalımız mənəviyyatına sahib çıxan, onu gözü kimi qoruyan və təbliğ edən insanların həssasiyyəti sayəsində formalaşacaqdır.
Uğruna canlar fəda etdiyimiz bu müqəddəs torpaqlarda yaşayan bir vətəndaş kimi hər birimiz bu həqiqəti dərk etməli və bu həqiqətin əlimizdə gələcəyə işıq tutan bir “çıraq” olduğunu unutmamalıyıq.
ŞƏRHLƏR