BİR AYƏ
بسم الله الرحمن الرحيم
أَلْهَاكُمُ التَّكَاثُرُ حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ
“Çoxluqla öyünmək sizin başınızı o qədər qatdı ki, hətta qəbirləri də ziyarət etdiniz”. (ət-Təkasür, 102/1-2)
“Çoxluqla öyünmək” şəklində tərcümə etdiyimiz “ət-təkasür” sözü təfsirçilər tərəfindən “ülvi bir məqsəd güdmədən mal-mülk, övlad və bir çox dünya nemətinə sahib olmaqda yarışmaq, bununla fəxr etmək, mənəvi və əxlaqi məsuliyyəti düşünmədən var gücü ilə mal-mülk qazanma hərisliyinə düşmək” kimi izah edilir. Bu hərislik fərdi şəkildə ola bildiyi kimi, ictimai də ola bilər. Bir qisim Quran ayələrini iki şəkildə təfsir etmək mümkündür. Birincisi odur ki, bir səbəbi-nüzula bağlı olaraq o dövrün şərtləri ilə açıqlanıb izah edilər. İkinci olaraq, Qurani-Kərim ümumbəşəri bir kitab olduğu üçün ayələr səbəbi-nüzulun dar çərçivəsindən çıxardılaraq daha ümumi bir konseptdə təfsir edilər.
Yuxarıdakı ayələrin səbəbi-nüzulla izahı belədir ki, İslamdan əvvəlki cahiliyyə dövründə müşrik ərəblər qəbiləçilik təəssübkeşliyi ilə öz aralarında qəbilələrindəki say çoxluğu ilə fəxr edirdilər. Bu öyünmə yarışında uduzan tərəf qəbiləsindəki dirilərlə yanaşı, ölülərin də sayılmasını tələb edir və qəbiristanlığa gedərək öz yaxınlarının qəbirlərini də sayırdı. İkinci ayədə “hətta qəbirləri də ziyarət etdiniz” buyurularaq onların bu yanlış və gülünc əməllərinə diqqət çəkilir.
Bəzi təfsirçilər isə “Təkasür” surəsinin “hətta qəbirləri də ziyarət etdiniz” ayəsini məcazi olaraq “qəbrə girənə qədər” şəklində təfsir etmişlər. Yəni insanlar ölüncəyə qədər mal-mülk və s. yığmaq və bununla fəxr etmək üçün yarışırlar. Onların bu dünyəvi yarışı qəbiristanlıqda sona çatar. Bu isə ayənin ümumbəşəri mesajıdır. Bu mesajın əsrimizdə də açıq-aydın şəkildə təzahür etdiyini müşahidə edirik. İnsanlar daha gözəl ev, daha gözəl avtomobil, daha gözəl xarici görünüş və daha çox pula sahib olmaq üçün qafilanə şəkildə bir-biriləri ilə rəqabət aparırlar. Əsrimizin ən mühüm xüsusiyyətlərindən birinə çevrilən internet aləmində də insanların “daha çox təqibçi” və s. toplamaq üçün bir-biriləri ilə yarışdığını görürük. Kapitalizmin zirvədə olduğu bu dünyada dövlətlər, qurumlar və insanlar sırf dünya malı üçün böyük bir rəqabət içindədirlər. Bunun nəticəsində də cəmiyyətlərdə böyük haqsızlıqlar və ədalətsizliklər baş verməkdədir. Peyğəmbərimiz (s.ə.s) insanların bu xüsusiyyəti ilə əlaqədar: “İnsan oğlunun bir vadi dolusu qızılı olsa, bir vadi də istəyər. Onun gözünü yalnız torpaq doyurar!” (Buxari, Riqaq, 10) – buyuraraq insan oğlunun nəfsinin acgözlüyünə diqqət çəkmişdir.
Uca Allah bizim yalnız axirətdə fayda verəcək əməllər və Onun rizasını qazanmaq xüsusunda yarışmağımızı istəyir və belə buyurur: “Hər kəsin üz tutduğu bir istiqamət (qiblə) vardır. Elə isə siz yaxşı işlər görməkdə yarışın!” (əl-Bəqərə, 2/148)
ŞƏRHLƏR