SON SÖHBƏT: ÖLÜM

SON SÖHBƏT: ÖLÜM

(Mərhum Əli Çinar müəllimin əziz xatirəsinə)

Ölümlü dünyada fani olduğumuzu və bir gün vaxtımız çatıb öləcəyimizi, gedəcəyimizi çox yaxşı bilirik. Bilirik, amma sanki bilmirmiş kimi yaşayırıq bu vəfasız dünyada.

Bu fani, vəfasız dünyada tanıdığımız, tanış olduğumuz çox insan var. Bu gözəl insanlardan biri də Əli Çinar müəllim idi. Onunla tanışlıq Azərbaycana xidmətə gəldiyi 2004-cü ildə başladı. Çox sevdik onu, yaxud belə deyim, özünü ayrı cür sevdirdi bizlərə; gözəl, qəlbə təsir edən şirin söhbətləri ilə...

İlahiyyat təhsili aldığımız üçün ən yaxşı və rahat danışa bildiyimiz xüsuslardan biri ölüm mövzusudur. Lakin Əli Çinar müəllimin ölüm mövzusundakı söhbəti tam başqa olurdu, ölüm haqqında ən gözəl və ən təsirli danışanımız o idi. İnsan onun ölümdən bəhs edən söhbətini dinləyəndə bir anlıq ölümü yaşayırdı sanki. Ümumiyyətlə, onun bütün söhbətləri çox şirin və bir o qədər də təsirli olurdu. Bu söhbətlərindəki tək məqsədi Allahla bəndələri arasında sevgi bağını möhkəmlətmək, yəni Allahı bəndələrinə, bəndələri də Allaha sevdirmək idi. Bu işi çox da gözəl edirdi, şahidik...

Hər gün ölümü təfəkkür etməyə çalışsaq da, yaxın olduğu insanlar dünyasını dəyişdiyi zaman ölüm insana daha çox təsir edir, insanı daha çox silkələyir. Əli Çinar müəllim də belə yaxınlarımızdan biri oldu.

Əli Çinar xocamızın bir anda bu dünyadan uçub getməsi (bizə görə bu dünyadan vaxtsız köçməsi) hamımızı dərin hüznə qərq etdi. Qardaşının dediyi kimi: “İnsana imtahan olaraq özləmək də yetərmiş”. Mərhum Səməd babanın vəfatından sonra Əli müəllim demişdi: “Baxaq görək, növbə kimdədir”.

Səhv etmirəmsə, mərhum ustad Mahmud Sami əfəndi (r.aleyh) bir söhbətini “susmaq” mövzusunda keçirmiş və ayrılan 40-45 dəqiqə boyunca hamı susmuş, təfəkkürə dalmışdı. Onun fərqli bir bənzəri olaraq Əli Çinar müəllimin (abimizin, xocamızın) da son söhbəti “ölüm” haqqında oldu. Sanki belə dedi: “Qardaşlar, bugünkü söhbətimiz “ölüm” haqqındadır, “təfəkküri-mövt, ölümü düşünmək”. Və təsirli olsun deyə, bu son söhbətini öz ölümü ilə gerçəkləşdirdi.

“İgid ölər, adı qalar” - deyə müdrik bir söz var. Bəli, Əli Çinar müəllim öldü, ancaq adı bizimlə qaldı. Adı elə-belə söz olaraq deyil, həqiqi mənada dillərdə, könüllərdə sevgi ilə, sayğı ilə, unudulmaz xoş xatirələri ilə qaldı. Arxasında yalnız ailəsi və bir neçə qohumunun kədəri ilə deyil, minlərlə onu tanıyan və arxasından onun möminliyinə hüsn-şəhadət edən sevənləri ilə, üz ağı ilə yaddaşlarımızda qaldı. Musa əfəndinin (r.aleyh) dediyi kimi: “Nə mutlu üz ağı ilə axirətə köçə bilənə!..”

Allah məkanını, məqamını ali etsin, ali çinarımız!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz