QAZANDIQLARIMIZ
Həyatda baş verən hər hansı bir hadisə təsadüfən meydana gəlmir. Hər birinin bir səbəbi və nəticəsi olur. İnsanın həyatda əldə etdiyi ən böyük qazanc bu hadisələrdən düzgün nəticə çıxarda bilməsidir.
Qarabağımız 28 il işğal altında qaldı. Torpağımız yağı düşmən tərəfindən zəbt edilərək tarixdə nadir yaşanan bəlalarla üzləşdi. İllərlə qonşuluq etdiyimiz, çörək kəsdiyimiz ermənilər uşaq, qadın, qoca ayırd etmədən önünə keçəni amansızlıqla qətlə yetirməkdən çəkinmədi. Sən demə çörəyimizi bölüşdüyümüz bu mənfur millət içlərində bizə qarşı kin bəsləyir, havadarları tərəfindən silahlandırılırmış. Bunun qarşısında bizlər isə erməni millətinə dostluq, yoldaşlıq, qonşuluq əlini uzatmış, onların daxilindəki pis fikirlərdən bixəbər olaraq qoynumuzda ilan kimi bəsləmişdik. Nəticədə bir tərəfdə əli silahlı amansız düşmən, bir tərəfdə düşmənçilik düşüncəsindən uzaq əliyalın xalqımız; kimisi qətlə yetirildi, kimisi əsir götürüldü, kimisi yaralandı, kimisinin ev-eşiyi dağıdıldı, nəhayət, bir milyon insan doğma yurdlarından didərgin düşdü.
Bütün bu hadisələr yaşadıqlarımızın görünən tərəfi idi. Bir də bundan sonra bizi elə bəlalar gözləyirdi ki, bu, daha betər idi. Belə ki, insanın yeni köçdüyü yerdə, yeni cəmiyyətdə özünə yer tapması illərini alır. İnsan öz şəxsiyyətini uşaqlıq dostlarının, qonşularının, qohumlarının, müəllimlərinin, valideynlərinin baxışları, sözləri və davranışları ilə formalaşdırır. Yəni insanın mənəvi yetişkinliyi onlarla birlikdə meydana gəlir. Bütün bunlar olmadıqda insanın mənəviyyatında sarsılmalar baş verir. Əmisindən, qonşusundan, qohumundan, hətta uşaqlıq dostundan ya qorxduğu, ya da utandığı üçün etmədiyi və ya etdiyi bəzi davranışlar onlar olmadıqda kökündən dəyişmə ehtimalı ilə üzləşir. Çünki insanın nəfsin həva və həvəslərinə uymamasına yardım edən ən böyük amillərdən biri tanıdıqlarıdır. Çox təəssüf ki, qaçqınlıq həyatında insan əxlaqının şəkillənməsində, şəxsiyyətinin formalaşmasında iştirak edən bütün bu amillər bir anda yox oldu. İnsanların illərlə cəmiyyət içində qazandığı hörmət, etibar və digər əxlaqi dəyərlər bir anda məhv olma təhlükəsi ilə qarşı-qarşıya qaldı.
Bütün bu ağrılı-acılı günləri yaşayan bizlər olduqca gözəl hadisələrlə də qarşılaşdıq. Belə ki, tanımadığımız bir çox insanlar qapılarını açıb bizi evlərinə aldılar, çörəklərini paylaşdılar, geyindirib-kecindirdilər, dağlanan ürəklərimizə məlhəm oldular, müharibənin soyuq üzünü isti ürəklərində yox etdilər. Yeni dostluq, yeni qonşuluq, yeni qohumluq əlaqələrimiz yarandı. Aradan keçən bu uzun illər müddətində artıq bir çox qarabağlı uşağın babası, nənəsi, dayısı, əmisi, xalası, bibisi Zaqataladan, Şəkidən, İsmayıllıdan, Lənkərandan, Qubadan, Kürdəmirdən, Bakıdan və s. oldu.
Bir yandan yaşanan bu gözəl hadisələr davam edərkən, bir yandan da hər birimiz doğma torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözlədik, heç bir zaman ümidimizi kəsmədik. Kimi zaman Arif dayının timsalında öz doğma evinə qayıdacağı günün ümidi ilə 27 il, ona təqdim edilən evdən də imtina edərək, məktəbdə yaşadıqlarını; kimi zaman babamın timsalında evlərinin dağıdılmış şəklini görsələr də, bununla barışmayıb həmin evin açarlarını atmayanları; kimi zaman Əli dayının timsalında öz doğma yurdunda camaatının dayağı ikən qaçqın düşdükdən sonra insanlara möhtac qalanları; kimi zaman virtual olaraq Qarabağda gəzdikdən sonra xəyali olaraq Cıdır düzündə Topxana meşəsinin insanı valeh edən mənzərəsini seyr edərkən Allahdan bu xəyalın gerçəkləşməsi üçün dua edənləri oxucularımızla bölüşdük.
Nəhayət, bütün bu arzular, ümidlər həqiqətə çevrildi. Artıq Qarabağ camaatının doğma torpaqlarına qayıtma vaxtı gəldi. Amma bu səfər dostumuzu-düşmənimizi yaxşı tanıyaraq qayıdırıq doğma torpağımıza; bu səfər ayıq olaraq dönürük yurdumuza; bu səfər Azərbaycanın hər rayonunda dostluqlar, qohumluqlar quraraq gedirik, yəni bu səfər çox güclü qayıdırıq, ətə-sümüyə bürünmüşcəsinə bütöv Azərbaycan olaraq dönürük doğma diyarımıza.
Bir qarabağlı olaraq bizə qucaq açan İsmayıllı, Şəki, Bakı, Sumqayıt, Beyləqan və adlarını saymadığım digər bütün rayonlarımızın camaatına səslənmək istəyirəm: “Hər şey üçün çox sağ olun, var olun, sizə minnətdarıq! İndi biz sizi Qarabağda qonaq gözləyirik! İcazə verin, bu səfər biz sizin qulluğunuzda dayanaq!”.
Bütün bu günləri bizə qismət etdiyinə görə Allaha sonsuz şükürlər olsun. Sağ olun, Cənab Ali Baş Komandan, var ol qəhrəman Azərbaycan əsgəri, ruhunuz şad olsun, igid oğullarımız, əziz şəhidlərimiz!
ŞƏRHLƏR