PAYLAŞMAĞIN SEVİNCİ GÖTÜRMƏYİN SEVİNCİNDƏN DAHA ÇOXDUR
Alimlərdən biri tələbəsi ilə gəzərkən tarlanın yanındakı ağaclardan birinin altında köhnə bir ayaqqabı görür. Görünür ki, ətrafda işləyən birinin ayaqqabısıdır.
Tələbə:
- Müəllim, bu ayaqqabını gizlədək; sahibi gəlib ayaqqabısını tapa bilməyəndə o zamankı halını seyr edək, görək nə edəcək, - deyir.
Alim belə deyir:
- Sevincimizi başqalarının kədərləri üzərində qurmaq doğru deyil. Bu, bizə yaraşmaz. Gəl belə edək; sən zəngin bir ailənin övladısan, bu ayaqqabının içərisinə bir miqdar pul qoy, sahibi gələndə görək necə sevinəcək.
Tələbə bu təkliflə razılaşır və ayaqqabının içərisinə bir miqdar pul qoyur. Müəllimi ilə birgə görünməyəcək şəkildə bir ağacın arxasında gizlənirlər.
Bir müddət sonra ayaqqabının sahibi gəlir. İş paltarlarını dəyişəndən sonra ayaqqabılarını geyinərkən içərisində nəsə olduğunu hiss edir. Ayaqqabının içinə baxdıqda bir miqdar pul olduğunu görür. Ətrafına baxmağa başlayır. Sağa-sola diqqətlicə nəzər salır. Heç kimin olmadığını görüb dizi üstə çökərək əllərini açır: “Ya Rəbbi! Həyat yoldaşımın xəstə, uşaqlarımın da ac olduğu sənə məlumdur. Verdiyin bu nemət üçün sənə sonsuz şükürlər olsun!” - deyib göz yaşlarına qərq olur. Bunu görən alim ilə tələbəsi də ağlamağa başlayırlar.
Sonra alim tələbəsinə dönərək:
- Bu, ilk təklifdən daha gözəl olmadımı, indi daha xoşbəxt deyilsənmi? - deyir.
Tələbə:
- Bəli, müəllim, çox sevincliyəm. İndi daha əvvəl başa düşmədiyim bir məsələni anlamağa başladım: paylaşmağın sevinci götürməyin sevincindən daha çoxdur.
Alim tələbəsinə verdiyi həyat dərsini belə tamamlayır:
- Övladım! Güclü və haqlı olduğun halda əfv etmək: fədakarlıqdır.
Yanında olmadığında qardaşlarına dua etmək: fədakarlıqdır.
Haqsız ikən üzr istəyə bilmək: fədakarlıqdır.
Başqasının namusuna kəm gözlə baxmamaq: fədakarlıqdır.
İnsanların könlünə sevinc əkmək: fədakarlıqdır.
Və sevincimizi başqalarının kədəri üzərində deyil, xoşbəxtliyi üzərində qura bilmək də fədakarlıqdır!
ŞƏRHLƏR