MƏBƏDLƏR TOXUNULMAZDIR!
“İbadət edilən məkan” mənasını ifadə edən məbədlər -istisnalar olmaqla- tarixin hər dövründə müqəddəs yerlər kimi qəbul edilmiş və edilməkdədir. Fərqli tanrı anlayışı və müqəddəs dəyərlərə malik olan hər bir cəmiyyət özünəməxsus məbədlər tikmiş və onları şər qüvvələrdən, düşmən hücumlarından mühafizə etməyə çalışmışdır. Çünki hər bir cəmiyyət üçün onun dəyərləri müqəddəsdir. Bu mənada hər bir məbəd öz mənsubları üçün əvəzedilməz dəyər ifadə edir. Eyni zamanda məbədlər hər bir cəmiyyətin əqidəvi varlıqlarını sonsuza qədər davam etdirən simvollardır. Deyə bilərik ki, bütün konfessiyalar üçün məbədlər “namus” dəyəri ifadə edir. Ona görə də əqidəsindən asılı olmayaraq məbədlərə hörmətsizlik etmək hər dövrdə dəyərlərə önəm verən məfkurələr tərəfindən qətiyyətlə pislənmişdir.
Müsəlmanların məbədləri olan məscidlər İslam mədəniyyətini əks etdirən ən əsas dəyərlərdəndir. Buna görə də tarix boyunca müsəlmanlar tərəfindən fəth edilən bölgələrdə ilk inşa edilən tikili məscid olmuşdur. Məsələn, Hz. Peyğəmbər (s.ə.s) Məkkə şəhərindən Mədinəyə hicrət edərkən Mədinə şəhərinə yaxın bir qəsəbə/kənd olan Qubada bir müddət dayanıb gözləmişdi. Burada qalmasının əsas səbəblərindən biri məhz sözügedən bölgədə məscid tikməsi olmuşdur. On günə yaxın müddət ərzində orada “Quba məscidi”ni tikmiş və oranın sakinlərinə əmanət etmişdi. Eyni şəkildə Mədinəyə çatdığı zaman da ilk icraatların başında məscidin tikilməsi gəlir. Məscidlərin tikilməsi Uca Allahın ona inananlara əmridir. Qurani-Kərimdə bu həqiqət belə əks olunur: “Allahın məscidlərini ancaq Allaha və axirət gününə inanan, namazı tam qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayanlar inşa edərlər”. (ət-Tövbə, 18) Bu ayənin tam əksinə hərəkət edənlər, yəni məscidlərdə ibadət etməyə mane olanlar isə Allah tərəfindən zalım olaraq adlandırılır. (əl-Bəqərə, 114) Odur ki, ibadət edilən məkanlar müqəddəs yerlərdir və oralara hörmət etmək insanlıq borcumuzdur.
Tarix boyunca bir çox sivilizasiyalar və fərqli əqidələrə malik xalqlar müxtəlif millətlərin hakimiyyətində yaşamaq məcburiyyətində qalmışdır. Bu birgəyaşayışda - istər könüllü, istərsə də məcburi olsun - əksəriyyətlə hakim millətlər digərlərinin əqidə və məbədlərini özününküləşdirməyə çalışmış və yaxud dəyişdirmiş, dağıtmışdır. Məsələn, dünya tarixi Roma bütpərəstlərinin xristianlara etdiyi zülmlərə, yəhudi Himyer krallığının xristianlara dinlərini dəyişdirmələri üçün tətbiq etdiyi təzyiqlərə, Əndəlüsdə xristianların müsəlmanlara qarşı törətdiyi etnik soyqırıma şahid olmuşdur. Həmçinin Səlib yürüşlərinin də bu məfkurənin meyvəsi olduğu aşkardır. Ancaq əhatəli dünyagörüşünə, tolerant dəyərlərə qiymət verən cəmiyyətlərdə isə tam tərsinə, hər kəs öz əqidəsinə görə yaşamış və öz məbədində azad şəkildə ibadəti ilə məşğul olmuşdur. Bu məfkurənin əsas predmeti fərqli dil, din və əqidələri zənginlik olaraq görməsidir.
Birmənalı şəkildə deyə bilərik ki, Allah müsəlmanların əli ilə dini abidə və məbədləri zalım təcavüzkarlardan mühafizə etmişdir. İslam ənənəsinə nəzər yetirdikdə bu anlayışın Hz. Peyğəmbər (s.ə.s) tərəfindən necə tətbiq edildiyini rahatlıqla müşahidə edə bilərik. Məlum olduğu kimi, Hz. Peyğəmbər (s.ə.s) Mədinəyə köçdüyü zaman orada yəhudilərin həm ibadətlə məşğul olduqları, həm də təlim-tərbiyə mərkəzi kimi istifadə etdikləri Beytul-midras adında mərkəzləri var idi. Hz. Peyğəmbər (s.ə.s) sözügedən bu havraya gedər, onlara İslamı başa salar, dövlət başçısı vəsfi ilə yəhudilərə məxsus şəriət hökmlərini məhz burada tətbiq edərdi. Hicrətin ikinci ilində yəhudilərlə bağladığı müqavilədə “Yəhudilərin dinləri özlərinə, möminlərin dinləri də özlərinədir” ifadəsinə yer verərək bir növ qeyri-müsəlmanların məbədlərinin qorunmasına zəmanət vermişdir. Eyni zamanda hicrətin doqquzuncu ilində Mədinəyə gələn Nəcran xristianlarının məsciddə ayin keçirmələrinə icazə vermiş və onlarla bağladığı müqavilədə kilsələrə, din adamlarına toxunulmayacağına təminat vermişdir. Ələlxüsus Hz. Peyğəmbərin (s.ə.s) savaş əsnasında din adamlarına və dini məbədlərə zərər verilməməsi tapşırığı səhabələr tərəfindən xüsusi diqqətlə yerinə yetirilmişdir.
Hz. Peyğəmbərdən (s.ə.s) sonrakı dövrlərdə də qeyri-müsəlmanların məbədləri mühafizə edilmişdir. Hz. Ömər dövründə Qüdsdə yaşayan qeyri-müsəlmanlara öz dinlərini yaşamaq üçün tam sərbəstlik verilmişdir. Ömər ibn Əbdüləzizin “Fəth edilən yerlərdəki kilsə, havra və atəşpərəst məbədlərini yıxmayın!” əmri sonrakı dövrlərdə də tətbiq edilmişdir.
Xülasə, Allahın məbədlərini imanlı, insaflı, vicdanlı, mənəvi dəyərlərə malik olan insanlar yıxmaz, dağıtmaz. Məbədləri yıxacaq anlayışa sahib olan, din adamlarını öldürməkdən zövq alan “şəxs” insanlığını itirmiş məxluqdur. Qurani-Kərimin ifadəsi ilə desək, onlar heyvanlardan da aşağı səviyyədədir. Bu gün şahidi olduğumuz bir reallıq olaraq, mənfur “qonşularımızın” ibadətgahlarımıza, milli-mənəvi abidələrimizə qarşı törətdikləri terrorun heç bir insani dəyərlərlə izahı yoxdur. Belələri Allah dərgahında zalımlardır və son mənzilləri cəhənnəm alovudur.
ŞƏRHLƏR