KİÇİK CİHADDAN BÖYÜK CİHADA

KİÇİK CİHADDAN BÖYÜK CİHADA

Cihad insanla İslam arasındakı bütün əngəlləri ortadan qaldırmaq üçün çalışmaq, səy göstərməkdir. Bu əngəllər adətən müəyyən bir insan və ya hər hansı bir maddi qüvvə olur. Bəzən isə bu maneə insanın öz nəfsi də ola bilər. İslam birinci mübarizəni kiçik cihad, ikincisini isə böyük cihad adlandırmışdır.

Mövzuya ilk baxışda bu kimi suallar ortaya çıxa bilər: Necə ola bilər ki, canı və malıyla düşmənə qarşı savaşmaq kiçik cihad, nəfslə mübarizə isə böyük cihad adlanır. Bəli, bu bir həqiqətdir ki, hər kəsin öz nəfsi gözlə görünən düşməndən daha güclü və daha hiyləgərdir.

Allah Rəsulunun (s.ə.s) demək olar ki, hər döyüşdən sonra (xüsusilə Təbuk səfərindən qayıdarkən) dediyi: “İndi kiçik cihaddan böyük cihada, yəni nəfslə savaşmağa gedirik!” (Suyuti II, 73) sözü çox düşündürücüdür. Peyğəmbərimizin (s.ə.s) nəfslə mübarizənin əhəmiyyətini bildirən hədislərindən bir neçəsinə diqqət yetirək:

“Mücahid, nəfsinə qarşı cihad edən kimsədir”. (Tirmizi, Fədailul-Cihad2/1621)

“Ağıllı kimsə nəfsinə hakim olaraq onu hesaba çəkən və ölümdən sonrası üçün çalışan, aciz və zavallı kimsə isə nəfsinin istəklərinə tabe olandır”. (Tirmizi, Qiyamət, 25/2459)

“Düşmənlərindən ən təhlükəli olan sənin daxilində olan nəfsindir”. (Kəşfül-Xafa, I 143 (Beyhəqidən)

Uca Allah əhəmiyyətinə görə Qurani-Kərimdə arxa-arxaya yeddi dəfə and içdikdən sonra belə buyurur:

   “Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. (əş-Şəms, 9-10)

Nəfsini günahlardan təmizləyən kimsə  insanları xor görməz, heç kimə yuxarıdan aşağı baxmaz, təkəbbür və lovğalıq xüsusiyyətini qəlbdən çıxardıb atar. Məhz bunun  üçün nəfsini tərbiyə etmək istəyən İslam  böyükləri hər zaman təvazökar olmuş, lovğalıq etməmiş, nəfslərini Allah üçün, necə deyərlər, sındırmışlar. Bütün bunları böyük cihadın, yəni nəfslə mübarizənin nəticəsində əldə etmək mümkündür ki, bu, heç də o qədər  asan deyil.

Bu həqiqətlər Rəsulullah (s.ə.s) dövründə necə real idisə, bu gün də öz reallığını və aktuallığını qorumaqdadır. Məlum 44 günlük Vətən müharibəsində əsgərlərimiz tarix yazdılar. Düşmənlə cihada çıxaraq cəng etdilər. Bu uğurda şəhid oldular. Böyük qəhrəmanlıqlar göstərdilər. Müharibə zəfərlə sona çatdı və qazi əsgərlərimiz artıq kiçik cihaddan böyük cihada döndülər. Ümumiyyətlə, bir  vətəndaş olaraq hər birimiz kiçik cihaddan sonrakı böyük cihadla üz-üzəyik. İndi Qarabağı qorumaq və onu abadlaşdırmaq üçün daha çox çalışmalıyıq. Daha çox şəffaf olmalıyıq. Necə deyərlər, hər növ saxtakarlıqdan çəkinməliyik.  Hər kəsin haqqını verməli, haqsızlıqdan uzaq durmalıyıq. Bu gün bütün bunlara riayət etməyə daha çox ehtiyacımız var. Çünki bizim adımızı məğlub xalqdan qalib xalqa çıxaran, başımızı dik, alnımızı açıq edən şəhidlərimizin qanıdır. Bəhs etdiyimiz bu şəffaflığı təmin etməsək, şəhidlərimizin ruhu bizi bağışlamaz, şəhid analarının üzünə baxmağa üzümüz olmaz.

Yuxarıda bəhs etdiyimiz şəffaflığı təmin edərkən İslamın əmr və qadağalarını da göz ardı etməmək əsasdır. Gəlin qəhrəman əsgərlərimizin qazandığı qələbənin mənəvi ab-havasını maddiyyata qurban verməyək. Halal qələbəmizin təminatçısı olan cəsur əsgərlərimizi harama alət etməyək. Daha açıq ifadə ilə desək, “topçu”nu vodkaya qurban verməyək. Yəqin ki, son cümlələrimdən hər kəs məlum utanc verici hadisəni qəsd etdiyimi anlamışdır.

Bəli, bu məlum hadisə xüsusən də sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu və əsaslı şəkildə tənqid hədəfinə çevrildi.

Məsələn, A. H. adlı istifadəçi haqlı olaraq yazır:

“Bunlar anlamırlar ki, etdikləri hərəkət rəşadətli ordumuza qarşı böyük hörmətsizlikdir. İstifadə olunan şəkil sadəcə bir fərdə deyil, bütünlüklə Müzəffər Azərbaycan Ordusuna aid olduğuna görə, kütləvi istehsalat üçün nəzərdə tutulmuş iaşə məhsuluna aid edilməsi yolverilməzdir və qəti qadağandır! Görün necə əxlaqi çöküş yaşayırıq ki, oğullarımızın can qoyduğu Vətən savaşı kimlərinsə biznesinə alət olur, hansısa içkiyə şüar olur. Kimlərsə bu “vodka”dan içəcək, xoşhallanacaq, sonra da atacaq zibil yeşiyinə… Görəsən, belələri vicdan nədir bilirmi?!”.

Məlumdur ki, məşhur topçumuz İslam dəyərlərinə uyğun bir azadlıq mübarizəsi aparıb. Azərbaycan İslam ölkəsidir. Haqq işimizdə digər İslam ölkələrinin də bizə dəstəyinin hamımız şahidi olduq, Azərbaycanda onların da bayraqlarını qaldırdıq. Belə bir şəraitdə qəhrəman topçumuzun şəklinin İslamın qadağan etdiyi spirtli içkinin üzərinə vurulması nə etik, nə də qanuni cəhətdən doğrudur. Hesab edirəm ki, ümumiyyətlə, bütün istehsalçı müəssisələrin pul qazanmaq məqsədi ilə belə üsullara əl atması böyük səhvdir və yolverilməzdir.

Nəticə olaraq bunları deyə bilərik: Bəli, biz kiçik cihad edib çox əhəmiyyətli bir qələbəni qazandıq. İndi sırada böyük cihadımız durur. Gəlin böyük cihadımızla maddi və mənəvi bütün düşmənlərimizə qalib gələk və  daha böyük, kamil qələbəni təmin edək.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz