ƏSASSIZ IDDIALARI ILƏ ERMƏNİ KİLSƏSİ
IV əsrin əvvəllərində xristianlığın Cənubi Qafqazda yayılması daha öncəki tarixi məbədlərin dağıdılması ilə müşahidə edilir. Məsələn, Saint Qriqori Cənubi Qafqazın önəmli məbədlərindən olan Vaqaraşabdakı məşhur və böyük atəşpərəstlik məbədini daş hasara salmış və onu xristian kilsəsinə və daha sonra da erməni kilsəsinə çevirmişdi. Kilsənin Eçmiədzin adlandırılmasını isə belə bir əfsanəyə bağlamışdılar ki, guya Məsih göydən yerə enərək Qriqoriyə görünmüş və onu aydınlatmışdı. Beləliklə, ermənilər 301-ci ildə Qriqorian tərəfindən aydınlandıqlarını söyləyirlər. Ermənilər xristianlığı ilk qəbul edən millət olduqlarını iddia edirlər. Aralarındakı fərqliliklər səbəbi ilə 415-ci ildə Kadıköy konsilində digər xristian icmaları ilə ayrılıqları daha da güclənmiş və ana kilsədən qopmalar başlamışdır. Onlar 451-ə qədər ənənəvi xristianlığı yaşasalar da, o tarixdən sonra özlərinə xas xristianlığı qurmağa və formalaşdırmağa yönəlmişlər. Əksər tarixçilərin fikrinə görə, onlar din vasitəsi ilə tarixdə var olmayan qondarma erməni dövlətini yaratmağın xəyalını qurmuşlar. Bu fikirləri dəstəkləyən bir fikri daha nəzərinizə çatdırmaq istərdim; belə ki, Rusiyanin Van və Ərzurumda olan baş konsulu bu haqda belə deyir:
“Erməni dini liderlərinin fəaliyyəti az qala yox kimidir, lakin bunun müqabilində qondarma milli fikirlərin yayılmasında çox böyük xidmətləri vardır. Bu mənada ermənilərin özlərinə tarix yaratmaq cəhdləri ruhanilər tərəfindən 8-ci əsrdən başlamışdır”.
Qardaş Türkiyədə, təxminlərə görə, ilk erməni missionerlik hərəkatını Sivasda Məkhitar başlatmışdır. O, ermənilər arasında milli şüur yaratmağa çalışırdı. Onların müstəqil kilsə kimi tanınmasında Fransanın müstəsna rolu olmuşdur. Osmanlı dövləti Fransanın təzyiqi ilə 1830-cu ildə erməni kilsəsini müstəqil kilsə kimi tanımışdır.
Bir kilsənin fəaliyyəti nə qədər barbar və nə qədər tolerizmdən uzaq ola bilər?! Yaxın və ya uzaq keçmişə baxdığımız zaman görürük ki, tarixi abidələrin dağıdılması hər zaman bu xalqın barbarlığından, vəhşiliyindən xəbər vermişdir. Bunu uzaq tarixə baxdığımızda atəşpərəstlik və ya buna bənzər digər məbədlərin dağıdılmasında, yaxın tarixə baxdığımızda da Qarabağdakı məscidlərimizdə görə bilərik.
Xristianlığı ilk qəbul etdikləri iddiasının, tarixə baxdığımız zaman, çox ziddiyyətli bir fikir olduğunu görürük. Belə ki, xristianlığın ilkin yayılması Pavel tərəfindən 1-ci əsrdə Antakya - qədim Antioxiya şəhərində təbliğlə başlamışdır. O dövrdə Antakya şəhərinin tarixinə nəzər saldığımızda şəhər Roma imperatorluğunun ərazisində idi və şəhərin əsas etnik mənşəyini ərəblər və romalılar təşkil edirdi.
Bundan əlavə, daha bir əsassız iddianı onların inanclarında görə bilərik. Belə ki, xristianlıqda “əraf” inancı, haqq-hesab gününə inam əqidəsi vardır. Buna xristianların müqəddəs mətnlərində rast gələ bilərik. Barnaba İncilinə baxdığımız zaman görürük ki, Bartelemus belə deyir: “Ey müəllim! Cənnətin nemətləri hər kəs üçün bərabər olacaqmı? Əgər bərabərdirsə, bu, ədalətli olmayacaqdır. Əgər bərabər deyilsə, az olan çox olanı qısqanacaqdır”. İsa belə cavab verir: “Hər kəsə bərabər olmayacaqdır və hər kəs razı qalacaqdır”. Digər bir xristian müqəddəs mətnində belə deyilir: “Məsihin məhkəməsindən hamımızın keçməsi lazımdır ki, hər kəs öz əməllərinə görə istər yaxşı, istər pis olmaqla, etdiyi işlərə görə cavab versin”. Bu mətnlərdən çıxaracağımız ümumi qənaət budur ki, bir haqq-hesab gününün olacağı açıqdır. Bundan əlavə, xristianlığın iki böyük məzhəbindən biri olan katolik məzhəbi bu inancı imanın şərtlərindən biri saymışdır. Erməni kilsəsinə gəlincə, onlar haqq-hesaba çəkiləcəkləri əraf gününün olmayacağını iddia edirlər. Bu da onların əsassız iddiaları ilə, öz mənfəətlərinə görə, dində önəmli bir əsası inkar etdiklərini, məsuliyyətsiz davranışlarına zəmin hazırladıqlarını göstərir.
Bununla bir daha şahid oluruq ki, ermənilərin nəinki Dağlıq Qarabağ haqqında əsassız iddiaları var, hətta müqəddəs saydıqları dinlərinin yaranması tarixində və şəriət qaydalarında belə əsassız fikirləri vardır.
Mənbələr:
M.Kalankatuklu, “Albaniya tarixi”, səh 21-23.
J. Şardon, “Səyahətnamə”, səh 22.
Dr. Yasemin Pehlivan, “Antakyanın tarihi”.
Barnabas incili, səh 308.
Pavlus rəsulun korintoslulara risaləsi, V bab, səh 10.
Prof.Dr. Abdurrahman Küçük, Prof.Dr. Günay Tümer, “Dinlər tarixi”.
E.Kirşehirlioğlu , “Türkiyədə Missionerlik fəaliyyətləri”.
ŞƏRHLƏR