PSİXOLOGİYAMIZI POZAN AİLƏDAXİLİ QAYDALAR
Psixoloji yöndən sağlam olmayan əksər ailələrdə onların xoşbəxtliyinə və ümumi olaraq psixikasına mənfi mənada təsir edən və şüuraltında mövcud olan bəzi qaydalar mövcuddur. Bu qaydalar hər zaman gizli olaraq qalır və üzə çıxarılmır. Eyni zamanda bu qaydalar ailə üzvləri tərəfindən müzakirə edilmədən, olduğu kimi qəbul edilir. Bu kimi ailələrdə ailə fərdlərinin fərqində belə olmadan icra etdikləri qaydaları bu şəkildə izah edə bilərik.
- Davamlı nəzarət və kontrol: Hər zaman nəzarət və kontrol edildiyini düşünən uşaq, duyğu və düşüncələrini ifadə edərkən özünü qorxu içərisində hiss edir. Bu zaman o, ya duyğularını doğru şəkildə ifadə etmir, ya da ki, duyğularını gizlətməyə çalışır. Uşaq söyləyəcəyi sözü əvvəlcədən düşünüb seçmək məcburiyyətində qalır. Çünki o bilir ki, spontan (özü-özündən) baş verən davranışlar ailə fərdləri tərəfindən pis qarşılanacaq və bağışlanmayacaqdır. Bu tip ailələrdəki fərdlər arasında inamsızlıq artır və etimad dərəcəsi minimuma enir.
- Mükəmməllik: Görülən hər işdə və girilən hər imtahanda fərdin mükəmməl nəticələr göstərməsi tələb edilir. Bu zaman hər şey başqalarına göstərmək və başqalarının bəyənməsi üçün edilir. Mükəmməllik fərdin öz həqiqətlərinin heç bir dəyərinin olmadığını, özünün düşüncə və dəyərləndirmələrinin əhəmiyyətsiz olduğunu ifadə edir. Bu mühitdə yetişən uşağın əsas duyğusu ümidsizlik olur. Bir müddət sonra o özünü dəyərsiz və səriştəsiz olaraq görməyə başlayır.
- Günahlandırma: Günahlandırma hadisəsi baş verən hadisələri olduğu kimi qəbul etməməyin nəticəsidir. Edilən günahlandırmalar hər şeyin nəzarət altında olması və mükəmməl olmasının şərt olduğunu göstərir. Bu vəziyyət həmin adamda anksiyetə (təşviş) və utanc duyğuları meydana gətirir. Hər gördüyü işə görə ailə fərdləri tərəfindən günahlandırılan fərdlər həyatının daha sonrakı mərhələlərində özünəxas düşüncələr formalaşdırmaqda çətinlik çəkir və hər dəfə bir iş haqqında qərar verərkən başqalarının fikirlərinə ehtiyac duyurlar.
- Beş əsas duyğu azadlığının inkarı: Psixoloji cəhətdən sağlam olmayan ailələrdə fərdlərin normal olaraq ortaya qoyduqları qavrama (perception), duyğu, düşüncə, davranış, arzu və məqsədlər inkar edilir. “Daxildən gəldiyi kimi deyil, mükəmməlliyyətçi qaydalara tabe olaraq, başqalarının səndən gözlədiyi tərzdə qavra, duy, düşün, davran, arzu et və məqsəd qoy!” Bu vəziyyət fərdin öz həqiqətlərini inkar etməyə səbəb olur. Beləliklə, fərd tamamilə xaricdən gələn əmrlərdən asılı və öz daxili dünyası ilə əlaqəsi kəsilmiş bir robot kimi yaşamağa başlayır. Belə fərdlərin də gələcək həyatlarında xoşbəxt olması mümkün görünmür.
- Danışmağın qadağan olması: Psixoloji cəhətdən sağlam olmayan ailələrdə xüsusilə uşaqların öz duyğu və düşüncələrini ifadə etmələrinə imkan verilmir. Evdə sadəcə böyüklərin söz demə səlahiyyətinin olması, uşaqların haqlı olsalar belə, danışmağa ixtiyarlarının olmaması ailədəki fərdlər arasında ünsiyyəti zədələdiyi kimi, həmin uşaqların şəxsi həyatında da düşündüyünü dilə gətirə bilməmə kimi sosial fobiyalara səbəb olur. Bu vəziyyət daha sonrakı mərhələlərdə uşaqlarda dəyərsizlik duyğularına yol açır.
- Küsülülük və incikliyin davam etdirilməsi: Ailə daxilində küsülülük və incikliyin davam etdirilməsi fərdlərin bir-birini başa düşməsinə mane olur və problemin həllini gecikdirir. Ailədəki fərdlər arasındakı səmimi münasibət isə yarana biləcək hər hansı bir problemin qısa müddət içərisində həll olunmasına kömək edir. Ona görə də valideynlərlə uşaqlar arasındakı hər hansı bir anlaşmazlığın ortadan qaldırılması üçün küsülülük və incikliyin müddətini azaltmaq və səmimi ünsiyyət mühitinin yaradılması ən mühüm şərtdir.
- Heç kimə güvənməmək: Psixoloji olaraq sağlam olmayan ailələrdə heç kim bir-birinə güvənib etibar etmir. Əslində, fərdlər arasında güvənin olduğu zənn edilsə də, ünsiyyətin zəifliyi əsasında güvənsizlik olur. Bu kimi ailələrdə yetişən fərd hörmət və həqiqi sevgi görmədiyi üçün heç kimin ona kömək etməyəcəyinə inanmağa başlayır. Ona həqiqi mənada kömək etmək istəyənlər haqqında da “yəqin ki, bir mənfəəti var, ona görə kömək edir” kimi fikirlərə sahib olur. Ümumi mənada psixoloji sağlam olmayan ailələrdə yetişən fərdlərin özlərinə inamları olmur və bu fərdlər əksər hallarda ətraflarındakı insanlardan asılı vəziyyətdə yaşayırlar.
Nəticə olaraq qeyd edə bilərik ki, bütün sağlam cəmiyyətlərin təməli sağlam ailələrdə atılır. Ailələrdəki fərdlər arasındakı sağlam münasibət həmin ailələrdə yetişən fərdlərin cəmiyyətə verdiyi fayda ilə düz mütənasibdir. Çalışaq ki, özümüzün də fərqində olmadan ailə münasibəti strukturumuza bu və ya digər formada daxil olmuş yuxarıda qeyd etdiyimiz ənənəvi qaydalarla gələcəyimizin təminatçısı olan övladlarımızın həyatını məhv etməyək.
ŞƏRHLƏR