BATİNİLƏR
Batinilik təkcə hər hansı bir qrup və ya məzhəblə məhdudlaşmır. Bu bir düşüncə sistemidir. Batiniliyin tarixdəki ən yaxşı nümunələrindən biri İsmaililərdir. İsmaililər Cəfər əs-Sadiq daxil ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra (765-ci il) imamətin kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar. Yeddi imamı qəbul etdiklərinə görə, onlara “səbiyyə” (yeddi imamçılar) adı da verilmişdir. Onlar antik pifaqorçuluqdan və yəhudilərin Kabbala adlı mistik təlimindən təsirlənərək rəqəmlərin mistikasına da xüsusi diqqət yetirmişlər. Əsasən “yeddi” rəqəminə böyük əhəmiyyət vermiş və onu müqəddəs hesab etmişlər. Bu məzhəbin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar. İsmaililərə görə, imamlar gizli olsalar da, onlara tabeçilik göstərmək vacibdir.
İsmaililik İraqda ortaya çıxmış, sonra isə İranda və Xorasanda yayılmışdır. İsmaililik hind dinlərinin və zərdüştiliyin dini təsəvvürlərini mənimsəmiş, tədricən onlarla qarışaraq uzlaşdırıcı bir təlimə çevrilmişdir. İslamın başlıca prinsiplərindən o qədər uzaqlaşmışlar ki, hətta bir çox İslam alimləri onları müsəlman hesab etməmişlər.
Məzhəbin əqidəsinə görə, İslam şəriətinin həm “açıq” (zahiri), həm də “gizli” (batini) mənaları vardır. Lakin “gizli”yə daha çox önəm verdiklərinə görə onları “batinilər” (gizli təlimin daşıyıcıları, ezoteriklər) adlandırmışlar. İsmaililiyə görə, şəriətin batinini yalnız məzhəbin imamları bilir. Buna görə də Qurani-Kərim ayələrini məcazi mənada yozaraq iddia edirdilər ki, bütün bu “yozmalar” müqəddəs Kitabın batini mənalarını bilən imamlardan gəlir. Zaman keçdikcə ismaililər dinin zahirinə, açıq-aşkar göstərilən halal-haram məsələlərinə əhəmiyyət verməmiş, onların batini mənalarının dərk olunmasını vacib saymışlar.
İsmaililərə görə, Allah imamları başqa insanlara nisbətən daha üstün tutaraq, onlara varlığın bütün aspektləri haqqında gizli biliklər vermişdir. İmamlar başqalarının xəbəri olmadığı biliklərə sahibdirlər. Hətta özlərini ardıcıllarına və tərəfdarlarına açıq-aşkar göstərməyib, “gizli” də qala bilərlər. Çünki təlimə əsasən onların xalq qarşısına çıxması vacib deyil. Tərəfdarları ilə bağlılıq isə onun xüsusi nümayəndələri tərəfindən həyata keçirilə bilər. Lakin sonda “gizli” imam dünyada peyda olub ədaləti bərpa edəcəkdir. İsmaililərin təlimində yeni platonçuların, qnostiklərin və başqa antik məktəblərin fəlsəfi baxışları da geniş yer almışdır. İsmaililər Platon fəlsəfəsinə uyğun olaraq dünyaya və onda olan hər şeyə ideal (səmavi) aləmin əks olunması kimi baxırdılar. Başqa sözlə desək, onlar əsl varlığın ideal müstəvidə, yerdə isə oradakı hadisələrin təhrif edilmiş şəkildə, güzgüdəki kimi əks olunduğuna inanırdılar. Onlar hesab edirdilər ki, ideal aləm haqqında biliklər batini biliklərdir və o aləmin nümayəndəsi olan imamlara məxsusdur.
İsmaililər Şimali Afrikada və Misirdə hakimiyyətə gəlməmişdən əvvəl irimiqyaslı və uzunmüddətli gizli, bəzən də yarımgizli təbliğat aparmışdır. Bu təbliğatı "ismaili dəvəti" adlandırırdılar. Dəvətin başında “gizli” imamlar duraraq, öz tapşırıqlarını yaxın və sadiq köməkçilərinə verirdilər. Onlar isə bu tapşırıqları yaxın bildikləri “dai”lərə, yəni gizli dəvətçilərə ötürərək, bunların xalq arasında yayılmasını təmin edirdilər. Beləliklə, onlar bu metod sayəsində çox möhkəm siyasi təşkilatlar qurmağı bacardılar.
İsmaililərin gizli dəvətçiləri müsəlmanların elm yığıncaqlarına girib ilahiyyat problemləri üzrə alimlərlə mübahisələr edir, təxribat xarakterli suallar verir və bu üsulla sadə xalqı özlərinə cəlb edirdilər. Onların ideoloqları müsəlmanların dini əsaslarının hansı suallarla şübhə altına qoyulması haqqında nəzəriyyələr tərtib edir, dəvətçilər isə onları həyata keçirirdilər. Dəvətçilərin başında Bab (qapı) dururdu. Babı hətta ismaili təbliğatının ən yüksək nümayəndələri belə tanımırdılar. Onu yalnız “gizli” imam və xüsusi adamlar tanıyırdılar.
Sonuncu Abbasi xəlifələrinin zəifliyindən istifadə edən ismaililər İfriqiyyədə (indiki Tunis) hakimiyyətə gəldilər. Sonra onlar bütün Şimali Afrikanı və Siciliyanı ələ keçirib, hicrətin 347-ci ilində (969-cu ildə) Misiri tutdular. Yeni dövlətin paytaxtı Qahirə şəhəri oldu. Daha sonra Yəmən, Hicaz və Suriya da onun tərkibinə qatıldı. Bu dövlət Fatimilər xilafəti kimi tanınmağa başladı və birinci fatimi xəlifəsi Übeydullah özünü Mehdi elan edərək xilaskar kimi təqdim olundu. XII əsrin sonunda Fatimi xilafəti zəifləyərək ərazilərini itirdiyindən, ismaililərin parçalanma prosesi başladı.
1094-cü ildə Fatimi xəlifəsi Müstənsirin ölümündən sonra onun oğlu Nizar varis elan edilmişdi. Amma xəlifəliyi onun kiçik qardaşı Müstəli ələ keçirdi. Nizar isə İsgəndəriyyəyə qaçıb qiyam qaldırmaq istəsə də, məğlub olub zindanda öldürüldü. Bundan sonra Nizarın tərəfdarları onun nəslindən olanları imam kimi tanıdılar; onları nizarilər, yaxud “şərq ismaililəri” adlandırdılar.
Batinilərin saxta cənnəti Ələmut qalası İranın Qəzvin ostanında, Talış dağlarının və Elbrus dağ sisteminin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala idi. Qalanın adı tərcümədə “Qartal yuvası” mənasını verir. 1090-1256-cı illərdə Ələmut qalası Həsən Səbbah tərəfindən əsası qoyulan Nizarilər dövlətinin paytaxtı olmuşdur.
ŞƏRHLƏR