SUAL? - CAVAB!
Sual: Bir müsəlmanın duasının qəbul olunması üçün şərtlər varmı, nələrə riayət olunmalıdır?
Cavab: Duaların qəbul edilməsi üçün aşağıda qeyd olunanlara riayət edilməlidir:
1. Duadan əvvəl tövbə və istiğfar edilməlidir. Günah işləyən, haramlardan uzaq durmayan bir şəxsin duası qəbul edilməyə layiq deyildir. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Allah yolunda səfərlər etmiş, üst-başı kirlənmiş bir adam əllərini səmaya qaldıraraq: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvarır. Halbuki onun yediyi haram, içdiyi haram, geydiyi haram, qidası haramdır. Belə bir insanın duası necə qəbul edilsin?!” (Müslim, Zəkat, 65)
2. Duaya Uca Allaha həmd-səna, Həzrət Peyğəmbərə salavat ilə başlanmalı, eləcə də həmd-səna və salavat ilə qurtarılmalıdır. (Tirmizi, Dəavat, 66)
3. Dua səmimi-qəlbdən, təvazökarlıqla və yalvararaq edilməlidir. Uca Allah buyurur: “Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz”. (əl-Əraf 7/55)
4. Dua israrla edilməlidir. Bir müsəlman etdiyi duanın qəbul edilməsi məsələsində tələskən olmamalıdır. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sizdən hər hansı biriniz: “Dua etdim, qəbul edilmədi!” – deyərək tələskənlik etmədiyi müddətcə duası qəbul olunar”. (Tirmizi, Dəavat, 12)
6. Ümid və qorxu ilə dua edilməlidir. Qurani-Kərimdə belə buyurulur: “Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu ilə Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər”. (əl-Ənbiya 21/90)
7. Dua edərkən vaxt seçiminə də diqqət yetirilməlidir. Belə ki, hər vaxt dua etmək mümkün olsa da, bəzi vaxtlarda edilməsi duanın tezliklə qəbul edilməsini təmin edər. Məhz bu vaxtlardan biri də təhəccüd vaxtıdır. Çünki Uca Allah gecələri dua, ibadət və istiğfar ilə məşğul olanları Qurani-Kərimdə tərifləyib mədh edir. (əz-Zariyat, 51/17-18) Bundan əlavə, Həzrət Peyğəmbərimizdən (s.ə.s) hansı duanın daha məqbul olduğu soruşulmuş, o da: “Gecə yarısı və fərz namazlardan sonra edilən dua!” – deyə cavab vermişdir. (Tirmizi, Dəavat, 80)
Sual: Dini xidmətlər (imamlıq, müəzzinlik və digər dini işlərlə məşğul olanların xidmətləri) müqabilində maaş və ya əməkhaqqı alına bilərmi?
Cavab: İslam dinində prinsip olaraq ibadət müqabilində pul almaq caiz deyil. Çünki ibadətlər yalnız Allah üçün edilməlidir. Məsələn, imamlıq sahəsini götürsək, İslamın ilkin dövrlərində şərtləri özündə daşıyan hər bir kəs imamlıq edə bilirdi. Belə olan təqdirdə namaz qılmaq üçün müəyyən şəxslərin təyin olunmasına ehtiyac duyulmurdu. Lakin sonrakı dövrlərdə müsəlman cəmiyyətinin sosial-mədəni səviyyəsinin fərqliliyi, onların hər bir üzvünün müxtəlif işlərlə məşğul olması və müəyyən bir dövrdən sonra artıq namaz qıldırmağı bacaranların azalması kimi səbəblərdən daim məsciddə olacaq müəyyən şəxslərə ehtiyac yaranmışdır. Bunun nəticəsində də hər bir namazı qıldırmalı olan imamlar təyin edilmiş və onların dolanışığını təmin etmək məqsədilə maaş verilməyə başlanmışdır. Odur ki, İslam alimləri imamlıq, müəzzinlik və dinin tədrisi kimi işlər müqabilində maaş və ya əmək haqqı almağı məhz bu öhdəliklərin sahibsiz qalmaması səbəbi ilə məqsədəuyğun hesab etmişlər.
Zəmanəmizdə imam və müəzzinlər namaz qıldırmalarının müqabilində yox, başqa bir işlə məşğul olmayıb məhz bu öhdəliklərə vaxtlarını sərf etdikləri üçün maaş və ya əməkhaqqı alırlar. Çünki namaz yalnız Allah rizası üçün qılınır və qıldırılır. Bundan əlavə, imam və müəzzinlərin öhdəlikləri yalnız namaz qıldırmaqdan ibarət deyildir. Belə ki, onlar vəz və Quran tədrisi kimi dini xidmətlərlə yanaşı, məscidin bütün işləri – məscidin dindarların istifadəsinə təqdim edilməsi, ibadət üçün daim hazır hala gətirilməsi, təmizliyi, baxımı və mühafizəsi kimi çoxlu sayda xidmətləri yerinə yetirirlər.
Odur ki, zəmanəmizdə dini xidmətləri yerinə yetirən imam və müəzzinlərin aldığı maaş və əməkhaqqı halal olmaqla yanaşı, onların qıldırdığı namazlar da etibarlıdır.
Sual: Zəkatını hesablayan bir müsəlman hansı borclarını çıxmalıdır?
Cavab: Zəkat verməsi fərz olan bir müsəlman əlindəki zəkata daxil olan mal-dövlətdən ödəməli olduğu borclarını çıxmalıdır. Hətta borcların ödənmə vaxtının çatıb-çatmaması nəticəni dəyişdirmir. Bu, alimlərin əksəriyyətinin fikridir. Bəzi alimlərə görə isə heç bir borc zəkata daxil olan mallardan çıxılmır. Yəni borcluluq zəkat verməyə əngəl təşkil etmir. Ancaq qeyd etmək lazımdır ki, zəmanəmizdə bəzi borclar uzunmüddətli olduğu üçün və bu kimi borclardan istifadə edən insanlar uzunmüddətli borclarını dərhal ödəmək məcburiyyətində olmadıqları üçün bu borclar bütövlüklə zəkat malından çıxılmamalıdır. Yəni zəkat verilərkən bu kimi borclar bütöv yox, həmin ilə məxsus hissəsi nəzərə alınaraq hesablanmalıdır.
Nəticə olaraq, bir müsəlmanın əlindəki zəkata daxil olan mal-dövlətdən yalnız zəkatın verildiyi ilə aid olan borclar, həmin il vaxtı çatan və ya çatacaq borclar çıxılmalıdır. Çünki zəkat illik bir ibadətdir.
ŞƏRHLƏR