GÜL PARKI

GÜL PARKI

 (“Vətən çağıranda” kitabındakı hekayəyə əlavə ilə)

Bayram ərəfəsində hər kəs xoş bir təlaş içində idi. Evlərdə əlavə təmizlik işlərini qurtaran xanımlar bayram günü gözəl süfrə açmaq üçün bugünkü alış-verişə tələsirdilər. Yollar insan selinə çevrilmişdi. Bazarda böyük bir izdiham var idi. Ard-arda düzülən maşınlar bir-birinə yol verməkdə çətinlik çəkirdi. İnsanlar daşların arasından sıyrılıb axan dağ çayı kimi maşınların arasından axışıb yolu keçir, bütün işlərini bu gün qurtarmaq üçün bir-biriylə yarışırdılar.

Dörd yaşına yenicə qədəm basan balaca qız da anası ilə bazara çıxmışdı. Balaca qız hər gördüyü parıltılı piştaxtaya tərəf can atsa da, anası onun əlindən elə möhkəm tutmuşdu ki, əlindən çıxması mümkün deyildi. Bu qələbəlikdə onu itirməkdən çox qorxurdu. Çünki onu itirsə bütün dünyası boşalar, həyatının mənasını itirərdi. Bir ara anasının əli boşalantəhər oldu. Bunu hiss edən balaca qız tez əlini çəkib yan tərəfdəki dükana, oyuncaq mağazasına qaçmaq istədi. Anası bir anda özündən asılı olmayan qeyri-adi bir çevikliklə onun əlini yenidən tutub yanına çəkdi. Balaca qız gözlərini anasının gözünə zilləyib soruşdu:

- Ana, bazara gəlmişik, amma heç nə almırıq. Axı sən söz vermişdin, mənə oxuyan gəlincik alası idin?

Anası qızının qulağına əyilib dedi:

- Tələsmə, qızım, gedəcəyimiz yerə gedək, qayıdanda mütləq sənə gəlincik alacağam.

Balaca qız razılaşmırdı:

- Bəs satılıb qurtarsa? Axı hamı uşaqlarına gəlincik alır. Birdən bizə qalmasa necə alacaqsan?

Anası təmkinli idi. Tellərini sığallayıb onu razı saldı:

- Narahat olma qızım, axı söz verdim. Qayıdanda alarıq.

Bir az sonra çoxlu güllərin satıldığı bir yerə gəldilər. Rəngbərəng gülləri görəndə gəlincik bir anda balaca qızın yadından  çıxdı.

- Anacan o gülü alaq, ondan da alaq, - deyə anasının əlindən çəkib güllərin arasına qarışdı. Anası onun istədiyi güllərdən aldıqdan sonra bir neçə dənə də qərənfil aldı. Gül mağazasından çıxıb gəldikləri yolla geri qayıtdılar.

Nəhayət, gedəcəkləri yerə çatdılar. Bura da bazar yeri kimi insanlarla dolu idi. Bir çoxu da əlində güllərlə gəlmişdi “gül parkı”na.

Balaca qız anasının əlindən tutaraq yavaş-yavaş irəliləyirdi. Hər tərəfi gözəl çiçəklərlə bəzədilmiş bu gözəl yerə gəldiyi üçün sevincli idi. Ətrafını heyranlıqla seyr edirdi. Üstü çiçəklərlə bəzənmiş daşların arası ilə xeyli gedəndən sonra kənar cərgədəki bir daşın yanında dayandılar. Bir müddət sonra anası qızına uzaqdakı dağları göstərərək dedi:

- Bax qızım, oralar da bizim torpaqlarımızdır. Bizim ata-baba kəndimiz oradadır.

- Bəs orada bizim evimiz varmı, ana?

- Bəli qızım, orada çox gözəl evimiz var. Qabağı eyvanlı, dağ mənzərəli...

- Bəs evimizin bağçası da varmı?

- Bəli qızım, çox gözəl bağçası var. İçində alma, armud, ərik, alça, tut ağacları...

- Bəs orada da bu balaca təpədəki kimi gözəl güllər varmı?

- Bəli qızım, orada çox gözəl güllərimiz var. Bunlardan daha təravətli, daha gözəl...

- Bəs niyə indi oraya getmirik?

- Evimizə vəhşi itlər hücum edib qızım, itləri oradan qovub uzaqlaşdıranda gedərik.

- Bəs deyirdin axı, atam çox güclüdür, niyə gedib itləri qovmur?

- Atan elə o itləri qovmağa gedib. İşi qurtaranda, bizi də doğma evimizə çağıracaq.

Ananın gözlərinə dolan isti göz yaşları yavaş-yavaş yanaqlarından aşağı süzülməyə başladı. Qızının bundan sonrakı suallarını artıq eşitmirdi. Əlindəki qərənfilləri yanında dayandıqları balaca təpəciyin üstünə buraxdı. Qızını qucaqlayıb qalan göz yaşlarını içinə axıdaraq o güllü-çiçəkli təpəciyə bitişik olan başdaşına söykəndi. Ortasında dayandıqları şəhidliyə bir az göz gəzdirdikdən sonra dərin xəyallara dalaraq gözlərini uzaqdakı dağlara zillədi. Söykəndiyi başdaşını əli ilə oxşayaraq ürəyindən keçən ümid və həsrət dolu sözləri bir daha təkrarladı: “Sən canını boş yerə hədər etmədin, mütləq qayıdacağıq doğma torpaqlarımıza, mütləq! O günü gəlib burada bayram edəcəyik, qızınla, səninlə… Bizə görə üzülmə, bizdən ötəri narahat olma! Bilirəm ki, bizi eşidirsən. Bilirəm ki, şəhidlər ölməzlər!..”

Aradan otuz il keçdi. Və bu dəfə ogünkü balaca qız anasının əlindən tutaraq gəldi gül-çiçəkli şəhidliyə. Üzündə otuz ildir hərsət qaldığı nurlu bir təbəssüm olan ana bir-birinə qısdığı dodaqlarında, göz yaşlarına boğulan gözlərində daşıyıb gətirmişdi, qələbə xəbərini, qələbə sevincini. Başdaşına sarılıb sevgi ilə oxşadı, işdən yorğun qaydıb çarpayısına uzandığı vaxtlardakı kimi yavaş səslə qulağına pıçıldamağa başladı: “Gözün aydın, igidim! Kim deyir ki, möcüzələr təkcə keçmişdə baş verirmiş. Dörd ildə itirdiklərimizi qırx dörd gündə geri qaytardıq. Nə yaxşı ki, sənin kimi igidlərimiz var!..”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz