HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 6

Hüdayi həzrətləri şeirlərinin birində belə buyurur:

Ey dərət Kə‘beyi-ərbabi-nəcat

Qibləti vəchukə fi külli salat

Zati-paki tu münəzzəh zi-cihad

Dərgəhət Kə‘bəyi-əhli-dərəcat.

“Ey qapısı qurtuluş əhlinin Kəbəsi olan (Allahım)!

Üzün hər namazda mənim qibləmdir.

Sənin təmiz zatın yönlərdən münəzzəhdir.

Dərgahın dərəcə əhlinin Kəbəsidir”.

Namazda bədənin istiqamətini Kəbəyə çevirmək lazım gəldiyi kimi, qəlbin istiqamətini də Kəbənin Rəbbinə çevirmək lazımdır. Çünki xüşu ilə əda edilən və qula merac iqlimindən pay bəxş edən məqbul bir namaz üçün qəlb və bədən ahəngi zəruridir. Əslində bu “maddə və məna, şəkil və ruh, zahir və batin” tarazlığı bütün ibadətlər üçün vacibdir. Mövlana həzrətləri belə buyurur:

“Həccə gedənlər orada Beytin (Kəbənin) sahibini axtarsınlar. Onu tapandan sonra Kəbəni hər yerdə taparlar”.  

Yəni imkan sahibi hər möminə fərz olan həcc ibadəti də Allah ilə bərabərliyi qəlbə nəqş edə bilmək nisbətində məqbul və məbrur sayılar, könlə feyz və ruhaniyyət bəxş edər. Allah-Təala ilə bərabər olan qəlb harada olursa olsun, sanki Kəbədəymiş kimi mənəvi füyuzatın hüzur və səadəti içində yaşayar.  

Bunun əksinə, həcc və ya namaz kimi çox mühüm ibadətlərdə belə zahirən və bədənən Kəbəyə yönəldiyimiz halda qəlbən Allahdan qafil qalmaq böyük məhrumiyyət və mənəvi zərər səbəbidir.

Haqq-Təala zaman və məkandan münəzzəhdir. O, sonsuz qüdrəti ilə hər an qulunun yanındadır. Ayeyi-kərimələrdə buyurulduğu kimi:

وَهُوَ مَعَكُمْ اَيْنَ مَا كُنْتُمْ

“…Harada olursanız olun, O sizinlə birlikdədir…” (əl-Hədid, 4)

وَلِلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَاَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللّهِ

“Şərq də, Qərb də Allahındır. Ona görə də hansı tərəfə yönəlsəniz, Allah oradadır...” (əl-Bəqərə, 115)

Ona görə Haqq dostu kamil möminlər yalnız ibadət əsnasında deyil, hər zaman və məkanda özlərini ilahi hüzurda hiss edərlər.

Necə ki,

(O möminlər ki) namazlarını daim qılarlar” (əl-Məaric, 23) ayeyi-kəriməsi zahirən “Möminlər namazlarına riayət edərlər, onu tərk etməz, səhlənkar yanaşmazlar” deməkdir.

Lakin ariflər buna əlavə olaraq ayeyi-kəriməyə işari məna verərək belə buyurmuşlar:

“Bu ayeyi-kərimədən murad namazın ruhu, məğzi və mənasıdır. Çünki qılınan namaz fiziki olaraq davam etməz. Ruhun rüku və səcdəsi var, namazda olan rüku və səcdə mənanın zahirə sirayət etməsidir. Daimi namaz bütün hallarda Allahı xatırlamaqdır”.

Yəni Haqq dostları Allah-Təalanın hüzurunda olmaq şüurunu namazdan sonra da mühafizə edərlər. Başqa bir ifadə ilə desək, hər an ilahi kameraların nəzarətində olduğunu hiss edərək ehsan duyğusunu silinməyəcək şəkildə qəlblərinə həkk edərlər. “Əl karda, könül Yarda” şüuru ilə dünyəvi işlərlə məşğul olarkən də qəlbən Allahla bərabər olarlar. “Xəlvət dər əncümən” düsturu ilə izdiham içərisində də Rəbləri ilə baş-başa könül iqlimində yaşayarlar. Beləliklə, bütün ömürlərini Allah-Təalanın razı qalacağı hal və davranışlarla keçirərlər.

Sanki Haqq dostlarının tərcümanı olan Həzrət Mövlana belə buyurur:

“Elə bir dəstəmaz al ki, heç vaxt pozulmasın. Elə bir namaz qıl ki, əsla bitməsin. Aşiqə beş vaxt kifayət etməz, beş yüz vaxt istər. Əsl aşiq vüsalın sona çatmasını istəyərmi?”

“Bizə doğru yolu göstərən, bizi pisliklərdən uzaq tutan namaz beş vaxt qılınır. Halbuki Haqq aşiqləri daima namazdadırlar. Çünki onların könlündəki eşq və ciyərlərini yandıran o ilahi məhəbbət nə beş vaxta sığar, nə də beş yüz min vaxtla tükənər!..”

Ayeyi-kərimədə belə buyurulur:

“…Məni anmaq üçün namaz qıl!” (Taha, 14)

Deməli, qıldığımız namazların bizə qazandıracağı ən mühüm mənəvi tərbiyə daima özümüzü Haqq-Təalanın hüzurunda bilmək, hər bir halda Rəbbimizlə əlaqəmizi canlı tutmaqdır.

Bu qissə də nə qədər mənalıdır:

Rəvayət olunur ki, Cüneyd Bağdadi həzrətlərinin bütün müridlərindən daha çox dəyər verdiyi bir mü­ridi vardı. Digər müridlər onu qısqanırdılar. Bunu anlayan Cüneyd Bağdadi g;

“İltifat və təvəccöh nəzərlərimizi ona çevirməyimizin səbəbi onun ədəb və anlayışının hamınızdan daha yüksək olmasıdır. Bu halın sizə də məlum olması üçün sınaqdan keçirəcəyəm”, - deyib iyirmi dənə quş gətirmələrini tapşırdı. Sonra da:

“Hər biriniz bir quşu götürüb heç kimin görmədiyi bir yerə gedin və quşları orada kəsib gətirin”, - dedi.

Bütün müridlər bir quş götürüb getdilər, kəsərək geri gəldilər. Yalnız o mürid quşu kəsmədən geri qayıtdı. Cüneyd Bağdadi həzrətləri ondan quşu nə üçün kəsmədiyini soruşduqda bu cavabı verdi:

“Siz quşu heç kimin görmədiyi bir yerdə kəsməyimizi tapşırmışdınız. Lakin hara getsəm, Allah-Təalanı (orada hazır və nazir) gördüm!”.

Cüneyd Bağdadi həzrətləri üzünü müridlərinə çevirərək:

“Yoldaşınızın necə bir düşüncə sahibi olduğunu və aranızdakı fərqi gördünüzmü?” – sualını verdi.

Bu zaman müridlər tutduqları işə peşman olub əfv dilədilər.[1]

Məhz təsəvvüf də qəlbə bu səviyyəni qazandırmaq üçün iman üfüqündən ehsan şüuruna uzanan bir yolçuluqdur. Daima özünü ilahi hüzurda hiss etmək və Haqq-Təala ilə daimi qəlbi bərabərliyi təmin edə bilmək insan üçün ən böyük səadətdir.

Rəvayətə görə, İsa u dəri xəstəliyindən əziyyət çəkən, pərişan hala düşmüş bir nəfərlə rastlaşır. Həmin adam xəstəliyinə əhəmiyyət verməyərək:

“Ya Rəbb, Sənə sonsuz həmd-sənalar olsun ki, məni bir çox quluna verdiyin bəladan xilas etdin!” – deyirdi.

İsa u qəlbi dərinliyini anlamaq məqsədi ilə ondan soruşdu:

- Allahın səndən uzaq tutduğu hansı dərd var ki?

Xəstə bu cavabı verdi:

- Ey Ruhullah, ən dəhşətli xəstəlik və bəla qəlbin Allah-Təaladan qafil və məhrum qalmasıdır. Şükürlər olsun ki, Allah-Təala məni bundan mühafizə edib. Mən Allahın qəlbimə bəxş etdiyi mərifətullah ləzzəti və hüzuru içindəyəm. Ondan savayı heç nəyi, dünya nemətlərini və bəlalarını görmürəm!..

Ataullah əl-İskəndəri g belə bir qəlbi həssaslıqla bu duanı edir:

“Ya Rəbb! Səni tapan nəyi itirdi? Səni itirən nəyi tapdı?..”

Həqiqətən, dünyadakı hər nemət fanidir, bir gün yox olmağa məhkumdur. Lakin qəlbin Allahla bərabərliyinin insana qazandıracağı səadət və əmin-amanlıq əbədidir!..

Məhz bu həqiqəti qəlblərimizə nəqş etməli, qəlblərimizin yalnız Allahı xatırlayıb anmaqla rahatlıq tapacağını, hər iki dünya səadətinin də Rəbbimizlə qəlbi bərabərliyimizə bağlı olduğunu unutmamalıyıq.

Qeyd edəcəyimiz qissə bu həqiqəti necə də gözəl xülasə edir:

Bir vaiz kürsüdən axirətlə bağlı söhbət edirdi. Şeyx Şibli həzrətləri də camaatın arasında idi. Vaiz Allah-Təalanın axirətdə soruşacağı suallardan bəhs edərək:

“Elmini haraya sərf etdiyini soruşacaqlar. Var-dövlətini hara xərclədiyini soruşacaqlar. Ömrünü necə keçirdiyini soruşacaqlar. İbadətlərinin nə halda olduğunu soruşacaqlar. Halal-harama riayət edib-etmədiyini soruşacaqlar… Onu, bunu soruşacaqlar!..” deyə bir-birindən mühüm xüsusları sadaladı.

Lakin bu qədər təfsilatlı izaha baxmayaraq məsələnin məğzinə diqqət çəkilmədiyi üçün Şibli həzrətləri nəzakətlə vaizə səsləndi:

“Vaiz əfəndi, sualların ən mühümünü unutdunuz. Allah-Təala qısacası belə soruşacaq:

Ey qulum, Mən hər an səninlə idim, sən kiminlə idin?”.

Hüdayi həzrətləri buyurur:

“Tövhidin zirvəsinə və Haqqa vüslət mərtəbəsinə yüksələn kamil möminlər Hamid və Məcid olan Allahın yardımına nail olduqları zaman da, xalq arasına qarışdıqları zaman da vəziyyətləri dəyişməz olaraq qalar. Çünki onlar peyğəmbər və vəlilər kimi “Göydə və yerdə heç bir şeyin gizli qalmadığı Allahın”[2] hüzurunda və nəzəri altında olduqlarının şüurundadırlar”.[3]

Heç bir insanın görmədiyi tənha yerlərdə belə istiqamət üzrə olmaq, bəşər nəzərindən uzaqda da günahlardan uzaq durmaq yalnız “Allah məni hər an və hər yerdə görür” şüurunda yaşamaqla mümkündür.

Ona görə təsəvvüfün qayəsi başdan-ayağa bütün üsul və ərkanında qəlbi “ehsan” halına qovuşdurmaqdan ibarətdir. Yəni biz Allahı görməsək də, Onun hər an bizi gördüyünün şüurunda olmağımızı və bu düşüncəni qəlbimizdə sabitləməyi hədəfləyir. Haqq dostları da ömürlərinin sonuna qədər daima bu halı əldə etməyə çalışmışlar.

Haqq dostlarından Səhl bin Abdullah ət-Tüstəri g kiçik yaşlarında ikən dayısı Muhamməd Səvvar həzrətlərinin ona belə tövsiyə etdiyini deyir:

“Daima Allah ilə ol. Hər dəfə yuxudan oyananda:

اَللّهُ مَعِى ، اَللّهُ نَاظِرِى ، اَللّهُ شَاهِدِى

“Allah mənimlədir, Allah məni görür, Allah mənə şahiddir”, - de. Bu kəlmələri söylədikdə məndə mənəvi zövq hasil olurdu…”[4]

Həqiqətən, mənən təkamül edərək Allaha yaxınlıqda məsafə qət edən əməlisaleh insanlar elə bir qəlbi səviyyəyə çatarlar ki, daima özlərini ilahi hüzurda hiss edərlər. Bu sayədə fanilərin görmədiyi ən tənha yerlərdə də, nəfsləri ilə baş-başa qaldıqları zamanlarda da Allahdan həya edər, Onun razı olmayacağı hal və davranışlardan, yəni nəfs və şeytana uymaqdan həssaslıqla uzaq durarlar.

Daima özünü ilahi müşahidə və müraqibə altında hiss etmə şüurunun insana qazandırdığı təqva fəzilətini əks etdirən bu hadisələr çox ibrətlidir:

Bir gecə vaxtı Həzrət Ömər t adət etdiyi kimi Mədinə küçələrində gəzirdi. Qarşısından keçdiyi evdən gələn səslər diqqətini çəkdi. Ana ilə qızı arasında mübahisə gedirdi. Həmin əsnada ana qızına belə dedi:

- Qızım, sabah satacağımız südə bir az su qat!

Qız isə:

- Anacan, xəlifə südə su qatmağı qadağan etmədimi? – deyərək etiraz etdi.

Ana qızının sözlərinə sərt cavab verdi:

- Qızım, gecənin bu vaxtı südə su qatmağımızı xəlifə hardan biləcək?

Lakin qəlbi Allah qorxusu ilə dolu olan qız anasının südə su qatma təklifini qəbul etmədi:

- Anacan, deyək ki, xəlifə görmür, Allah da görmür?! Bu saxtakarlığı insanlardan gizlətmək asandır, amma hər şeyi görüb bilən Allahdan gizlətmək mümkün deyil! 

Rəbbani həqiqətlərlə dolu bir qəlbə sahib olan bu qızın səmimiyyətlə və Allah qorxusu ilə anasına verdiyi cavab Həzrət Ömər t-ı həddən artıq duyğulandırdı. Möminlərin əmiri onu adi bir südçü qadının qızı deyil, qəlbindəki təqvası ilə ələdüşməz qismət bilərək oğlu ilə evləndirdi. Beşinci xəlifə kimi anılan məşhur Ömər bin Əbdüləziz də məhz bu təmiz ailə silsiləsindən dünyaya gəldi. (Bax. İbnul-Cövzi, Sifətus-Safvə, II, 203-204)

Başqa bir misal belədir:

Həzrət Ömərin oğlu Abdullah v yoldaşları ilə Mədinə ətrafına çıxmışdı. Bu zaman yanlarına qoyun otaran bir çoban gəlib salam verdi. Abdullah bin Ömər:

- Gəl, ey çoban, süfrəyə buyur, - dedi. Çoban:

- Mən orucluyam, - cavabını verdi. İbn Ömər:

- Bu şiddətli istidə oruc tutursan, üstəlik qoyun da otarırsan? – dedi.

Sonra çobanın qəlbi səviyyəsini yoxlamaq üçün:

- Bu sürüdən bizə bir qoyun satsan, pulunu ödəsək, ətindən də iftar edəcəyin qədərini sənə versək necə olar? – deyə təklif etdi. Çoban:

- Sürü mənim deyil, bu qoyunlar ağamındır, - cavabını verdi.

İbn Ömər v yenə çobanı sınamaq üçün:

- İtdiyini deyərsən, ağan hardan biləcək? – dedikdə çoban üzünü ondan çevirərək barmağını səmaya qaldırdı və:

- s Allah hardadır?! – dedi.

İbn Ömər v çobanın sahib olduğu ehsan və müraqibə şüurundan çox təsirləndi. Bu fikirlə bir müddət öz-özünə: “Çoban dedi ki, Allah hardadır? Çoban dedi ki, Allah hardadır?” – deyib durdu.

Mədinəyə çatan kimi ilk işi çobanın ağasına xəbər göndərib sürünü və çobanı satın almaq oldu. Sonra qəlbi imanla dolu çobanı azad edib sürünü də ona bağışladı. (İbn Əsir, Usdul-Ğabə, III, 341)

Bütün məsələ daima Allah-Təalanın müşahidəsi altında olduğumuzu, Onun bizə şah damarımızdan daha yaxın[5] və qəlbimizdən keçənlərə vaqif olduğunu[6] dərk edərək yaşaya bilməkdir.

Ayeyi-kərimələrdə buyurulur:

“Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, Lətifdir (ən gizli şeyləri də biləndir), (hər şeydən) xəbərdardır!” (əl-Ənam, 103)

“Məgər (münafiqlər) bilmirlərmi ki, Allah onların sirlərini də, pıçıltılarını da, qeybi (gizli şeyləri) də çox yaxşı bilir?!” (ət-Tövbə, 78)

(Loğman oğluna belə nəsihət etdi:) “Ey oğlum! Şübhəsiz, (etdiyin yaxşı və ya pis bir iş) xardal dənəsi ağırlığında olub bir qayanın içində, yaxud göylərdə və ya yerin içində olsa belə, Allah onu (sənin qarşına) gətirər. Həqiqətən, Allah lətifdir (ən gizli və ən incə işləri də görəndir), hər şeydən xəbərdardır”. (Loğman, 16)

Həzrət Mövlana da Haqq-Təalanın özünü “Alim, Səmi, Bəsir” kimi sifətlərlə qullarına tanıtmasının hikmətini belə izah edir:

“Allah-Təala qorxub fəsad çıxarmayasan və pozğunçuluq etməyəsən deyə özünün Alim, yəni hər şeyi çox yaxşı bilən olduğunu bildirdi.

Ağzını çirkin və pis sözlərə yummağın üçün Səmi, yəni hər şeyi dəqiqliklə eşidən olduğunu bildirdi.

Gizli pisliklərə bulaşmayasan deyə özünün Bəsir, yəni hər şeyi çox yaxşı görən olduğunu bildirdi”.

Həqiqətən, insanların gözləri önündə ədəb və əxlaqa zidd hal və davranışlardan uzaq durduğu halda öz nəfsi ilə baş-başa qaldıqda bu həssaslığı göstərməmək insanın “ehsan” şüurundakı nöqsanlıq və zəifliyinin göstəricisidir.

Nəxşəbi həzrətləri belə bir qəflətə düşməkdən çəkindirmək üçün bu xəbərdarlığı edir:

“Ey qorxubilməz insan! Mərdsənsə, tənhada etdiklərini, çıx, küçədə də et! Xalqdan, yoxsa Xaliqdən qorxduğun bəlli olsun! Əgər Xaliqdən qorxursansa, hər yerdə qorxarsan!..”

Vəhb bin Münəbbih g də:

“Allahdan qorx! İnsanların yanında şeytana lənət edirsən, təkbaşına qaldıqda isə ona itaət edir, onunla dost olursan!” – deyə xəbərdarlıq edərək müsəlmanın hər bir halda Allahdan həya etməsinin zərurətinə diqqət çəkir.

Bu hadisə də nə qədər ibrətlidir:

Bir gün Rəsulullah r zəkat olaraq toplanan qoyunların saxlandığı yerə getmişdi. Qoyunların başında zəhməthaqqı alaraq çobanlıq edən bir nəfər durmuşdu. Peyğəmbərimiz r çobanın yarıçılpaq gəzdiyini görüb dərhal onu yanına çağırdı və:

“Bizim üçün neçə gün işlədin, nə qədər alacağın var?” – deyə soruşdu.

Peyğəmbərimizin bu sualından işinə son veriləcəyini başa düşən çoban təlaşla soruşdu:

“Nə üçün soruşdunuz, ya Rəsulallah? Olmaya heyvanların baxımını və qorumasını yaxşı yerinə yetirə bilmirəm?”

Allah Rəsulu r isə:

“Xeyr, onun üçün deyil! Lakin mən aramızda çalışan insanların təklikdə də Allah-Təalaya qarşı həya edən insanlar olmasını istəyirəm! Yalnız qaldığı zaman Allahdan həya etməyən insanın gördüyü işi istəmirəm!” - buyurdu. (Bax. Beyhəqi, Şuab, X, 196/7370; Mərvəzi, Təzimü Qədris-Saləh, II, 836)

Xülasə, Allah-Təalanın hər an onu gördüyünü, etdiyi hər əməli yazdığını və axirətdə bütün bunların hesabını verəcəyini bilən insan heç kimin görmədiyi yerlərdə də yanlış addım atmaqdan çəkinmə həssaslığına sahib olar.

Hətta fanilərin nəzərində gizli və tənha yerlərdə işlənən saleh əməllərin “ixlas” sirrinə daha yaxın olduğu düşüncəsi ilə belə zaman və zəminləri ilahi rizanı qazanmaq üçün müstəsna fürsət və qənimət bilər.

Hədisi-şərifdə buyurulduğu kimi, heç bir kölgənin olmayacağı qiyamət günündə Allah-Təalanın Ərşi-Əlasının kölgəsində himayə edəcəyi yeddi qrup insandan ikisi “sağ əlinin verdiyini sol əli bilməyəcək qədər gizli sədəqə verən”“tənha yerlərdə Allahı zikr edib göz yaşı tökən” kəslərdir.[7]

Allah-Təala qəlblərimizi daim zikrin feyz və ruhaniyyəti ilə əhya etsin. Uca Zatının və sevdiklərinin məhəbbətini, ixlas və təqva fəzilətini, ehsan və müraqibə şüurunu könüllərimizin tükənməz xəzinəsi qılsın.

Amin!..

 

[1] Bax. Fəridəddin Əttar, Təzkirətul-Övliya, səh. 469-470, İlim ve Kültür Yayınları, Bursa 1984.

[2] Bax. Ali-İmran, 5.

[3] Elm, Əməl, Seyri-Süluk, (Hazırlayan: Prof. Dr. H. Kamil Yılmaz) səh. 166, Erkam Yayınları, İstanbul 2015.

[4] Bax. Fəridəddin Əttar, Təzkirətul-Övliya, səh. 101, Erkam Yayınları, İstanbul, 1984.

[5] Bax. Qaf, 16.

[6] Bax. əl-Ənfal, 24.

[7] Bax. Buxari, Azan 36, Zəkat 16, Riqaq 24; Müslim, Zəkat, 91.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz