QURANA İMANLA DOLU BİR HƏYAT
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allah (c.c) sözün ən gözəlini ( Quranı, ayələri) bir-birinə bənzər (əmr və qadağaları, xəbər və hekayələri, vəd və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəblərindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (nəsihət və vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu Quran Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi və bəndənin iradəsiylə seçiminə müvafiq olaraq) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz”. (əz-Zümər, 23)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
İlahi xəlqetmə sənətinin müqayisəsiz əsəri olan insan övladının təfəkkür və idrak iflici səbəbindən aləmlərin Rəbbi ilə ünsiyyət mədəniyyəti, miqyası olduqca böyük olan bir qırılma fəlakətini yaşamaqdadır. Bu fəlakət, əbədi yol xəritəmiz olan Quranı anlama, ona iman etmə və hökmlərinə sarılaraq bəşəri münasibətlərin hər bir sahəsinə sirayət edən ədalətli, yeniləyici, inkişaf etdirici kimi üstün keyfiyyətlərinin üzərinə qəflət pərdəsi çəkdiyindən Adəm övladlarını kifayət qədər Rəblərini tanıma haqlarından məhrum etməyə müvəffəq olmuşdur. İnsanlıq aləminin əxlaqı Quran olan və onu yaşama işinin mahir bələdçisi olan Hz. Muhamməd əleyhissalamın irşad mücadiləsinə soyuq və etinasız yanaşma ehtiyatsızlığı bizlərə günəş kimi aydın bir həqiqəti əsla unutdurmamalıdır: Bir zamanlar Adəm övladlarının cəhalətini əbədi səadətə, əxlaqi iflasını isə haqq və ədalət prinsiplərinin rəhbərliyi altında görünməmiş bir mənəvi intibah səviyyəsinə qaldıran və bu imkanların hər birini yaşanacağı təqdirdə bəşəriyyətə yenidən təqdim etməyə hazır olan mübarək dinimizi dünyəvi bəlaların baiskarı kimi müttəhimlər kürsüsünə sıxışdırma cəhdləri bu işə cəsarət edənləri cəhənnəmə doğru uzanan dəhşətverici əzab karvanının əbədi sərnişinlərinə çevirə bilər. Nə qədər acı olsa da, məhəbbət və mərifət səadətini haqq edən mənəvi kimliyimizi qurtuluş limanından qopararaq əzab selinin nəhəng dalğaları arasında məhvə sürükləyən bu həyat faciəsi Quranımıza və onun tələblərinə qarşı laqeyd münasibətimizin məntiqi nəticəsi kimi həyat tərzimizin bir parçasına çevrilməkdədir. Bu səbəbdən zəmanəmizdə görünməmiş psixoloji sarsıntıların cəmiyyəti bürüməsinə baxmayaraq saysız-hesabsız psixoloqlar ordusu intensivliklə artan bu mənəvi sarsıntı epidemiyasının öhdəsindən gəlməkdə acizdir. Quran əxlaqından məsafəli yaşamanın acı həqiqətini mahir bir psixoloq kimi dilə gətirən Gilani həzrətləri bunları söyləyir:
“İbadəti ( Qurana münasibəti) əskik olan kəs dolanışıq sıxıntısına məruz qalar. Evində problemləri meydana çıxar. Qazancı azalar, uşaqları ona qarşı üsyana qalxar. Həyat yoldaşının nifrət duyğusu onu əndazədən çıxarar. Hansı tərəfə yönələrsə ayaqları bir-birinə dolaşar. Bunların hamısı Rəbbinə tam yönəlməmənin, az qulluq etmənin acı nəticələridir. Məlumdur ki, Rəbbinin kəlamına tam bir imanla zinətlənən kimsə hər halda ailəsindən və ətrafından sayğı dolu bir münasibət görər”.
İlahi kəlamın məna dərinliyinə ehtiramla sarılmaqla, həyat nizamımıza elmin, əməlin və rəhmət dolu bir irfanın vəhdətini hakim etməklə hər an könül qapımızı döyməkdə olan rəhmət çağırışlarına qəlbən sarılma səadətini əldə edə bilərik. Əbu Hafs həzrətlərinin ifadəsi ilə: “Əgər könül qapımızı kamil bir insan olma etiyacımızın ödənilməsi naminə ilahi rəhmət cərəyanına açsaq, Rəbbimizlə ülfət edən, Onun sevgisi üzrə birləşən, Onun dostluğu naminə bir araya gələn və Rəbbimizin zikri ilə səmimi dost olan bir qəlbdə heç insan övladının mübarək kimliyini alçaldan pisliklərdən, insanlar arasında kin və düşmənçilikdən bir əsər qalarmı?”.
Əlbəttə ki, qalmaz! Qurani-Kərimin bildirdiyi qulluq ölçülərinə tam bir iman həyəcanı ilə sarılma səylərini daim artıran ərlərin bəla və müsibətləri qarşılama əsnasında tam bir könül təslimiyyəti ilə İlahi təqdirə boyun əymə mədəniyyəti qulu Rəbbinə yaxınlaşdıran, Onun sevgisinə nail edən bir imtahan zəfəridir. Rəbbimiz belə buyurur: “O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun yanına (hüzuruna) qayıdacağıq!” - deyərlər”. (əl-Bəqərə, 156)
Bəli, bu qullar Rəbbimizin fasiləsiz gerçəkləşdirdiyi imtahan səhnələrinin bir parçası olaraq başlarına bundan dolayı bir müsibət gəldiyi zaman Onun qüdrət əlamətlərini və uca sifətlərinin nurlarını müşahidə edər və Rəbbimizə təslim olarlar. Onlar Quranla tam bir könül rabitəsində olduqlarından Yaradanın mülkü olduqlarını və Rəbbimizin hər şeyin üzərində tam bir hökm sahibi olduğunu görünməmiş bir heçlik və məhviyyət iqlimində müşahidə edərlər. Bu əfsanəvi qulluq həyatını onlara yaşadan əsas amil Qurana olan iman məhəbbəti və Allah (c.c) eşqidir.
ŞƏRHLƏR