BİR HƏDİS
عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: لَا يَسْتُرُ عَبْدٌ عَبْدًا فِي الدُّنْيَا، إِلَّا سَتَرَهُ اللهُ يَوْمَ الْقِيَامَةِ
Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Bir qul bu dünyada başqa bir qulun ayıbını örtərsə, Allah da qiyamət günü onun ayıbını örtər”. (Müslim, Birr, 72)
İnsan günah və xətaya meyilli bir varlıqdır. Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində Adəm övladlarının xəta və günah etməyə meyilli olduqlarını, lakin xəta edənlərin ən yaxşılarının tövbə edənlər olduğunu açıqlamışdır. (İbn Macə, Zöhd, 30)
Bu hədisdən anlaşıldığı kimi, insanı
n müəyyən vaxtlarda fərqli təsirlər altında qalaraq xəta etməsi təbii bir haldır. Lakin əsas olan xətanı təkrar etməmək və günahda israrçı olmamaqdır. Uca Allah yaxşı əməl sahibi olan müttəqilərdən bəhs edən bir ayədə onların bilərək günahda israr etmədiklərini xəbər vermişdir. (Ali-İmran, 3/135)
Buraya qədər qeyd olunanlardan insanın günah etdikdən sonra tövbə etməsi və etdiyi xətada israrçı olmaması halında Allahın onun günahını bağışlayacağı anlaşılmaqdadır. Əgər Allah tövbə edən bir qulun günahını bağışlayırsa, o zaman insanların da şahid olduqları bəzi xətaları görməzdən gəlmələri və o xətanı ifşa etməmələri önəmli bir addımdır. Həzrət Peyğəmbər (s.ə.s) qeyd etdiyimiz hədisində bu işin əhəmiyyətinə: “Allah da qiyamət günü onun ayıbını örtər”, - buyuraraq diqqət çəkmişdir. Lakin bəzi xətalar var ki, bunlar birbaşa qul haqqı ilə bağlıdır. Belə olduğu təqdirdə o xətanın gizlənməsi başqa bir insanın haqqının qəsb olunması ilə nəticələnər ki, o zaman bu xətanın gizlənməsi deyil, ifşa olunması və düzəldilməsi daha zəruridir.
Hədisi-şərifdən görüldüyü kimi, İslam dini insanların ayıblarını araşdırmağı və insanların gizlətdikləri, utanacaqları qüsurlarını ifşa etmək üçün cəhd etməyi qadağan etmişdir. Dinimizə görə bir kimsənin qüsurlarını örtmək əxlaqi bir davranış və yüksək bir fəzilətdir. Bu səbəbdən də Həzrət Peyğəmbər (s.ə.s) başqasının ayıblarını gördüyü və bildiyi halda gizlədən kimsəyə belə bir önəmli müjdə vermişdir.
Nəticə olaraq, insan sosial bir varlıq olduğu üçün cəmiyyətdə digər insanlar ilə münasibətlərinə zərər verəcək hal və davranışlardan uzaq durmalıdır. Bir insanın ayıblarını araşdırmaq, onda gördüyü ayıbları ifşa etmək həmin insanın qəlbində kin və nifrətin yaranmasına səbəb ola bilər. Lakin bunun əksi, bəzi hallarda, o insanın etdiyi xətadan uzaqlaşmasına və xətaya şahid olub ifşa etməyən insana qarşı qəlbində sevginin yaranmasına səbəb ola bilər. Başqasının ayıbını örtmək fəzilətli bir davranış olmaqla yanaşı, eyni zamanda Uca Allahın əxlaqıyla əxlaqlanmaq deməkdir. Çünki Uca Allah hər bir şeyə şahid olduğu halda yenə də “səttarul-uyub”dur (ayıbları örtəndir).
ŞƏRHLƏR