HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 5
Hüdayi həzrətləri buyurur:
Varlıq Sənindir sərtəsər,
Sən xəlq edərsən xeyrü-şər,
Yox qeyridən nəf‘u-zərər,
Səndən Sənə sığınıram!..
Hüdayi həzrətləri bu şeirində Allah-Təalaya belə dua edir:
“Ya Rəbb! Başdan-ayağa bütün kainat Sənə aiddir. Xeyri də, şəri də yaradan Sənsən. Səndən qeyrisinin (həqiqi mənada) nə faydası, nə də zərəri var. (Ona görə də) Səndən Sənə (yəni qəzəbindən rizana, əzabından rəhmətinə) sığınıram…”
Düşünməliyik ki, bütün insanlar mane olmaq istəsələr də, Allahın təqdir etdiyi hər hansı bir xeyrin qarşısını ala bilməzlər. Həmçinin bütün insanlar bir yerə toplaşsa, Allahın təqdir etdiyi hər hansı bir şərin də qarşısını ala bilməzlər. Ayeyi-kərimədə buyurulur:
“Əgər Allah sənə bir zərər toxundursa, Ondan başqa heç kim onu aradan qaldıra bilməz. Əgər Allah sənin üçün bir xeyir diləsə, heç kim Onun lütfünə mane ola bilməz. Onu, bəndələrindən dilədiyi kimsəyə bəxş edər. O bağışlayandır, mərhəmətlidir”. (Yunus, 107)[1]
Həyata və kainata arif nəzərlə baxan Haqq dostları könül gözləri ilə hər hadisənin “gizli və həqiqi faili”nin Allah-Təala olduğunu tamaşa edərlər. Yaxşılığını və ya pisliyini gördükləri fanilərin kölgə varlıq hökmündə olduğunu bilərlər. Başlarına gələn bütün xeyir və şər təcəllilərinin əslində ilahi imtahan olduğunu dərk edərlər.
Bu səbəblə Haqq dostları;
- Fanilərə nə həddən artıq güvənər, nə də onlardan inciyərlər.
- Ruziyə dalıb Rəzzaqı, faniyə aldanıb Baqi olanı unutmaq axmaqlığından uzaq durarlar.
- Dünyaya arxalanıb onun Xaliqini unutma çaşqınlığına düçar olmazlar.
- Səbəblərə təvəssül etməklə yanaşı, onlara həddən artıq etibar edərək “Müsəbbibul-Əsbab”, yəni səbəblərin səbəbkarı olan Haqq-Təalanı unutma qəflətindən qəlblərini qoruyarlar.
Onların qəlb səviyyəsini şair necə də gözəl xülasə edir:
Nə qəhri dəsti-ədadan, nə lütfü aşinadan bil,
Umurun Haqqa tövfiz et, Cənabi-Kibriyadan bil.
Yəni “Nə başına gələn bəla və müsibət kimi qəhr təcəllilərini düşmən əlindən bil, nə də qarşına çıxan yaxşılıq və gözəllik kimi lütf təcəllilərini dostlarından bil! Sən işlərini Allaha həvalə et və hər şeyin Cənabi-Kibriyadan gəldiyinin fərqində ol!..”
Xülasə, qədərə iman gətirən mömin;
- Başına yaxşı və ya pis hadisə gəldikdə hər şeydən əvvəl baş verənlərdəki ilahi murada diqqət etməlidir. Könül gözü ilə ona verilmək istənən mənəvi mesajları oxumalıdır.
- Əgər müsibətlə sınağa çəkilibsə, şikayəti unutmalı, tövbə və istiğfarı artırıb halını islah etməyə çalışmalıdır.
- Daim səbir, riza və təvəkküllə Rəbbinə sığınmalıdır.
- Başına gələn qəhr təcəlliləri səbəbi ilə əsla özünü kədər və ümidsizlik burulğanına atmamalıdır. Əksinə, nə qədər böyük müsibətlə imtahan edilirsə edilsin:
حَسْبُناَ اللّهُ وَنِعْمَ الْوَكيلُ
“Allah bizə yetər. O nə gözəl vəkildir!” deyərək könül hüzurunu qorumalıdır.
- Nemət və ya nailiyyət əldə etdikdə isə bunun da ilahi imtahan olduğunu bilib Allaha şükür etməlidir. Beləcə həmd, şükür və riza ilə hər bir halda mənəvi cəhətdən qazanc əldə etməlidir.
Hüdayi həzrətləri buyurur:
Hər nə təqdir etsə ol Qadir ilah,
Cümləsi hikmətlədir bi-iştibah.[2]
Kainatda heç nə əbəs deyil. Heç bir şey boş yerə və hikmətsiz yaradılmamışdır. Haqq-Təalanın hər işində saysız sirr, hikmət və ibrət var. Bütün məxluqat və hadisələr də qəlb gözü ilə oxunmalı olan kövni[3] ayələrdir. Rəbbimiz bunlardakı ibrət və hikmətlərdən agah olmamızı istəyərək buyurur:
اَفَلَا تَعْقِلُونَ
“...Ağıl etmirsinizmi?” (əl-Bəqərə, 44; Ali-İmran, 65; əl-Əraf, 169 və s.)
اَفَلَا تَتَفَكَّرُونَ
“...Heç düşünmürsünüzmü?” (əl-Ənam, 50)
Bununla da, idrakımızı aşan xüsuslarda da ilahi hikmətə qəlbən ram olaraq təslimiyyət göstərməmizi istəyir.
Çünki Haqq-Təala imtahan hikmətinə əsasən bəzi hadisələrin zahirini xeyir kimi təcəlli etdirdiyi halda batinini qəhr olaraq təqdir edə bilər. Bəzən də əksi olur. Yəni bəzi hadisələr kənardan qəhr olaraq göründüyü halda iç üzü xeyir olaraq təqdir edilmişdir.
Bu səbəblə mömin hər xüsusda ilahi əmrlərə ram olmalı, ağlının idrak etməkdə aciz qaldığı məqamlarda da qəlbən təslimiyyət göstərməlidir.
Necə ki, Allah-Təala bir ayeyi-kərimədə belə buyurur:
“…Bəlkə də, xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz”. (əl-Bəqərə, 216)
Həqiqətən də, bir çox insan hikmətini bilmədiyi, qəhr kimi görünən bəzi təcəllilər qarşısında əvvəlcə məyusluğa düşür. Onda gizli olan ilahi rəhməti görmür. Bəzən də lütf kimi görünən təcəllilərə aldanaraq onların içindəki gizli qəhrdən xəbərdar olmur.
Rəvayət edildiyinə görə, aralarında əməlisaleh bir adam olan bir ərəb qəbiləsi vardı. Qəbiləsi onun söhbət, irşad və nəsihətlərinə qulaq asar, beləcə qəlblərini doğru istiqamətə çevirərdilər. Bir gün səhər oyanıb gördülər ki, bütün köpəklər ölüb. Birbaşa həmin saleh adamın yanına gedib məsələni ona açdılar. O da qısa bir təfəkkürdən sonra təvəkküllə bu cavabı verdi:
- Ümid edirəm ki, onların ölümü sizin üçün qurtuluşdur.
Ertəsi gecə bütün xoruzlar qırıldı. Yenə əməlisaleh zatın yanına getdilər, eyni cavabı aldılar:
- Ümid edirəm ki, bu, sizin üçün qurtuluşdur.
Bu zaman aralarından biri soruşdu:
- Köpəklər keşikçimiz, xoruzlarsa müəzzinimiz idi. Onların ölümündə bizim üçün faydalı nə ola bilər?
Saleh adam:
- Bütün sirr və gizlinləri bilən Allah-Təaladır. Əlbəttə ki, O, bu hadisədə ağlımızın dərk edə bilməyəcəyi böyük bir həqiqət gizləmişdir, – cavabını verdi.
Sonrakı gecə isə qəbilədə heç kimin ocağı yanmadı. Hamı başlarına bəla gəldiyini düşünərək təlaşa qapıldı.
Lakin səhər oyandıqları zaman yaşadıqları müəmmalı hadisələrin həqiqəti aydın oldu. Sən demə, sonuncu gecə onların yaşadıqları ərazini düşmən basmış və şəhərləri qarət etmişdi. Bu qəbilənin də yaxınlığına gəlmiş, lakin hər hansı bir köpək səsi, xoruz banı, yanan od görmədikləri üçün onlardan xəbər tutmadan keçib getmişdilər. Beləliklə də, camaat böyük talandan və qırğına məruz qalmaqdan xilas olmuşdu.[4]
İbrahim Haqqı Ərzurumi həzrətləri necə gözəl deyir:
Demə şu neçün şöylə,
Yerincədir ol öylə.
Bax sonunu seyr eylə.
Mövlam görəlim neylər?
Neylərsə gözəl eylər!..
Kainata ibrət gözü ilə baxan arif könüllər başlarına gələn hadisələri üsyan və şikayətlə qarşılamaz, onların batinindəki hikmətə diqqət kəsilərlər.
Bir çox insan yoxluq, çətinlik və məhrumiyyətin mütləq mənada “şər” olduğunu zənn edir. Halbuki bəzi insanların ayağını sabit saxlayan məhz bu məhrumiyyətdir.
Bir çoxları da bolluq və rifahın mütləq mənada “xeyir” olduğunu zənn edirlər. Halbuki əksər insanı yoldan çıxaran amil məhz varlıqla öyünüb həddi aşmasıdır.
Unutmayaq ki, könül dünyamızın hüzuru bizim haqqımızdakı ilahi bölgünün bizim üçün ən xeyirlisi olduğunu idrak etməmizə bağlıdır. Qəhr kimi görünən bir çox hadisə var ki, nəticəsi lütfdür. Ardından cənnət verilən kasıblıq, xəstəlik və müsibət kimi.
Lütf kimi görünən bəzi hallar da var ki, nəticəsi acı xüsrandır. İnfaq edilməyib nəfsaniyyətə sərf olunan, beləliklə, qulu çətin axirət hesabına məruz qoyan sərvətlər kimi.
Ona görə də dünya malından payına az düşən mömin, bəlkə də, artığına sahib olacağı təqdirdə azğınlığa sürüklənəcəyini düşünərək halına şükür etməlidir. Əvvəllər saleh bir bəndə olan Qarun Allahın ehsan etdiyi nemətləri özündən görüb lovğalandığı üçün arxalandığı xəzinələri ilə birlikdə yerin dibinə bataraq həlak oldu.
Digər tərəfdən, böyük miqdarda dünyalıq təqdir edilən bir insan da az nemətə nail olacağı təqdirdə, bəlkə də, üsyana sürüklənəcəyini, nəfsinin ehtirasına əngəl ola bilməyib Rəbbinə qarşı vəzifələrində zəiflik göstərəcəyini düşünərək halına şükür etməlidir.
Xülasə, qəhri də, lütfü də ilahi imtahan bilib qədərə riza göstərmək lazımdır. Eynilə Ömər bin Əbdüləziz g kimi. O arif və müttəqi xəlifə:
- Əfəndim, siz daha çox nəyi sevirsiniz? - sualına bu cavabı vermişdir:
- Mənim sevincim yalnız müqəddəratımadır. Mən Allah-Təalanın haqqımda verdiyi hər hökmünü sevirəm...
Deməli, mömin insan Allahın onun haqqındakı təqdir və bölgüsünü öz arzusundan daha qiymətli görmədikcə əsl riza halına yetişməz. Şeyx Sədinin buyurduğu kimi:
“Qismətinə razı olmayandan Allah da razı olmaz”.
Biz hər şeydən əvvəl Rəbbimizin təqdirindən razı olmalıyıq ki, Allah-Təala da bizdən razı olsun.
Unutmayaq ki, iman və irfan üfüqündən baxdığımız zaman varlıqda, yaxud darlıqda, hansında Allaha daha yaxınıqsa, məhz həmin halı özümüz üçün daha xeyirli görməliyik. Çünki bütün dünya bizə verilsə, lakin Allahın rizasından məhrum qalsaq, bunun nə qiyməti olardı? Nəticədə dünya faniliyə məhkumdur, ömür də müvəqqəti zaman dilimindən ibarətdir. Lakin Allah-Təalanın riza və məhəbbətinə nailiyyətin gətirəcəyi səadət isə əbədidir!..
Hüdayi həzrətləri buyurur:
Haqdan özgə nəsnə yoxdur,
Qeyridən ümidi kəs!
Aç gözün mərdanə bax;
Allah bəs, baqi həvəs!..
Yəni “Allahdan başqa (gerçək) varlıq yoxdur, Ondan qeyrisinə (yəni fanilərə) ümid bağlama! Könül gözünü aç, (həyata və kainata) Haqq ərlərinin gözü ilə bax (və anla ki, qul üçün yeganə sığınacaq və arxa olaraq) Allah kafidir, gerisi müvəqqəti arzulardan (və fani ilğımdan) ibarətdir”.
Allahdan başqa bütün varlıqların əsli “adəm”, yəni “yoxluq”dur. Bütün varlıqlar var ola bilmək və vaqlıqlarını davam etdirə bilmək üçün Vacibul-Vücud olan mütləq varlığın, yəni Allahın lütf-kərəminə möhtacdır.
Dolayısilə “zilli-zəval”, yəni “yoxluğa məhkum kölgələr” hökmündə olan fani varlıqlara deyil, varlığın əsl sahibi və yeganə xaliqi olan Allah-Təalaya güvənmək lazımdır.
Bəqa sifətinin bu aləmdə təcəllisi yoxdur. Onun üçün də dünyadakı hər şey vədəsi gələndə təhvil veriləcək mülk kimidir. Çünki Allah-Təala Bəqa sifətini yalnız ali zatına məxsus qılmış, məxluqatı faniliyə məhkum etmişdir.
Xam nəfslərin mayasında isə faniliyə üsyan var. Çünki nəfs daima əbədi olmaq istər. Dünyadakı fani həyatın dar hüdudlarına sığmağı qəbul etməz. Sonsuzluq həsrəti ilə fanilikdən qaçmağa çalışar. Əbədilik və ölümsüzlüyü arzu etdiyi üçün sahib olduğu nemətlərin əlindən çıxmasını əsla istəməz. Qonaq olduğu dünya mülkünün fani nemətlərindən dördəlli yapışmağa çalışar. Mal-mülk kimi fani imkanların onu qoruyub himayə edəcəyini zənn edər. Sərvətinin gücünə arxalanar, onu öz varlığına hami qılmaq istəyər. Ayeyi-kərimədə buyurulduğu kimi:
“(Vay o kəsin halına ki,) mal-mülkünün onu əbədi saxlayacağını zənn edər”. (əl-Huməzə, 3)
Bəzi insanlar əbədiliyi övlad sahibi olmaqda axtarar, nəslinin qiyamətə qədər davam etməsini istəyər. Bəziləri bədəninə həddən artıq düşkünlük və qayğıda axtarar, əsrlərlə yaşamağa can atar. Bəziləri də özündən sonra qalıcı əsərlər qoyub getməkdə axtarar, adının ölümündən sonra da yaşamasını istəyər.
Halbuki fani dünya üzərində əbədilik axtarmaq və ya nemətlərin heç bir zaman əldən çıxmayacağını sanmaq səhradakı ilğıma aldanmaq kimi boş bir xəyaldır. Fani dünyaya güvənib ondan vəfa, səfa və bəqa gözləmək ən böyük aldanışdır. Bu həqiqət kəlami-kibarda necə də gözəl əks olunur:
“Dünyadan əbədilik istəmə! Özündə yoxdur ki, sənə də versin!..”
Bir şeyi olmadığı yerdə axtarmaq əslində onu axtarmamaq deməkdir. Dolayısı ilə əsl hüzur və səadəti fani varlıqlarda axtarmaq da yanlış yerlərdə yorulmaqdır.
Bu qəflətə düşməmək üçün ölümü və axirəti yaddan çıxarmayıb faniliyin təfəkküründə dərinləşmək lazımdır. Hz. Peyğəmbər r bu qəlbi həssasiyyətlə yaşamağımız üçün hədisi-şəriflərində belə buyurmuşdur:
“Bütün zövqləri kökündən yox edən ölümü tez-tez xatırlayın!” (Tirmizi, Qiyamət, 26)
“Ölümü çox xatırlayın! Çünki ölümü xatırlamaq (insanı) günahlardan təmizləyər, dünyaya qarşı zahid edər. Əgər zəngin ikən ölümü düşünsəniz, sizi zənginliyin bəlalarından qoruyar. Kasıb ikən təfəkkür etsəniz, həyatınızdan razı qalmağınıza kömək edər”. (Süyuti, əl-Camius-Sağir, I, 47)
Bu səbəblə dünyanın faniliyini və əsas həyatın axirət həyatı olduğunu xatırladan ölümü təfəkkür etmək, cənazələrdə iştirak etmək və qəbirləri ziyarət etmək xam nəfslərin tərbiyəsində hədsiz dərəcə təsirli vasitədir. Çünki hər hansı bir qəbiristana baş çəkdikdə yaşca bizdən kiçik olanların qəbirlərini görmək qəlbin dərinliklərinə ölümün yaşının olmadığı gerçəyini nəqş edər. Sükutun sonsuzluğuna bürünən məzar daşlarında yazılan “Huvəl-Baqi” yazıları hal dili ilə bütün canlıların fani, yalnız Allahın baqi olduğunu könüllərə car çəkir.
Hüdayi həzrətləri buyurur:
Gər verilsə bir kişiyə ömrü-Nuh,
Hasil olsa ona ənvayi-fütuh;
Mənzilidir aqibət təhtət-turab,
Kimsəyə baqi deyildir bu xarab…
Yəni “Bir insana Nuh u kimi uzun ömür verilsə və ona saysız zəfər nəsib olsa, sonunda gedəcəyi mənzil torpağın altıdır. Xarabaya dönəcək bu dünya heç kim üçün baqi deyil”.
Həqiqətən də, bir insan Nuh u qədər uzun ömür sahibi olsa, Süleyman u qədər zəngin olsa, Yusuf u qədər camal sahibi olsa, sonunda gedəcəyi yer bu qara torpağın altındakı dar çuxurdur.
Ayeyi-kərimədə buyurulur:
“Onlar qiyaməti gördükləri gün sanki (dünyada) bir axşam, yaxud bir gündüz vaxtı qədər qaldıqlarını zənn edəcəklər”. (ən-Naziat, 46)
Fikirləşməliyik ki, Allah bizə min il ömür versə, məsələn, 1000-ci ildə dünyaya gəlmiş olsaq və 2000-ci ilə qədər dünya nemətləri içində zövq-səfa sürsək, yenə də ömrümüz sona çatmış, hər fani kimi Allahın “dön” əmrinə boyun əymiş olardıq.
Yəni nə qədər uzun yaşasaq da, əsas və əbədi həyat olan axirətin yanında fani dünya həyatı qısa bir fəsildən ibarətdir.
Elə isə bir daha düşünək:
Qısa dünya həyatına verdiyimiz əhəmiyyət nə qədər, əsas və əbədi olan axirət həyatına verdiyimiz dəyər nə qədərdir?!
Unutmayaq ki, axirətdə heç kimin “dünyada az yaşadım, çox yaşadım” dərdi olmayacaq. Hər kəs keçən həyatının nə qədərini xeyirlə, nə qədərini şərlə doldurduğunun dərdində olacaq.
Mərhum atam Musa Əfəndi g belə buyurardı:
“Bir adam Allah-Təalaya ram olaraq ilahi vüslətə nail olmuşsa, hər şeyə nail olmuş sayılır. Allaha ram olmayıb ilahi vüslətdən məhrum qalmışsa -istəyir dünya qədər şöhrəti olsun və bütün dünya onu alqışlasın- həyatın heç bir qiyməti yoxdur, nəticə ziyandan ibarətdir!”
Ona görə də fani imkanlarımıza aldanmamalı, hər an əbədi və əsas həyata hazır olmağa çalışmalıyıq. Əks halda ziyandan qurtulmaq mümkün deyil.
Hüdayi həzrətləri buyurur:
Mülki-Süleyman ilə
Taxtı-İskəndər hanı?
Bildin isə bunları,
Faniyə rəğbət nədən?
Dünyanın faniliyi və Süleyman u-ın əzəmətli səltənətinin də bir heç olması məşhur zərbi-məsəl halına gəlmişdir. Ziya Paşa belə deyir:
Seyr etdi hava üzrə denir taxtı-Süleyman,
Ol səltənətin yellər əsər şimdi yerində!..
Bu dünya heç kimə qalmayacaq. Bir gün tərk edib gedəcəyimiz fani dünyaya bu qədər rəğbət edib əbədi qalacağımız axirəti gözardı etmək necə də həzin qəflətdir!..
Məşriqə və məğribə etdiyi böyük yürüşləri ilə əzəmətli dünya səltənətinə nail olan Həzrət Zülqərneyn u vəfatından əvvəl belə nəsihət etmişdir:
“Məni yuyub kəfənləyin, sonra tabuta qoyun! Yalnız qollarım tabutdan çöldə qalsın! Xidmətçilərim və qatırlara yükləyəcəyiniz xəzinələrim də ardımca gəlsin! Qoy insanlar mənim hədsiz dərəcədə ehtişamlı səltənətimə və mülkümə rəğmən qəbrə əliboş getdiyimi, xidmətçilərimin də, xəzinələrimin də bu dünyada qalaraq mənimlə getmədiyini görsün! Bu fani və yalan dünyaya aldanmasın!..”
Alimlər Zülqərneyn u-ın eynilə yerinə yetirilən bu vəsiyyətini belə təfsir edirlər:
“Ardımca gələn ordularla məşriqə və məğribə hakim oldum. Əmrim altında xeyli xidmətçi və saysız-hesabsız əsgər vardı. Heç biri əmrimdən çıxmadı. Dünya başdan-ayağa mənim idarəmdə idi. Saysız-hesabsız xəzinələrə sahib oldum. Lakin dünya nemətləri əbədi deyil. Gördüyünüz kimi, dünya malı dünyada qaldı, məzarıma əliboş gedirəm! Siz axirətdə faydalı olan işlər görün!..”
Rəsulullah r də Həzrət Zülqərneyn u-ın vəsiyyəti ilə işarə etdiyi həqiqəti belə bəyan etmişdir:
“Ölünü (qəbrə qədər) üç şey təqib edər: əhli-əyalı, malı və əməli. Bunlardan ikisi geri qayıdar, biri qalar. Əhli-əyalı və malı geri qayıdar, əməli (onunla) qalar”. (Buxari, Riqaq, 42; Müslim, Zöhd, 5)
Haqq-Təala hər birimizə iman və saleh əməllərlə taclanan xeyirli bir ömür və əbədi səadət müjdələri ilə gələn son nəfəs nəsib etsin.
Amin!..
ŞƏRHLƏR