İLLAH Kİ MƏRHƏMƏT
Əbrəhə ordusunun həlak olduğu fil hadisəsindən sonra məkkəlilərin on günə yaxın bütlərə sitayiş etməkdən əl çəkərək tək olan Allaha yönəldikləri nəql edilir. 1998-ci ildə Adana zəlzələsi baş verdiyi zaman bir çox həmyerlimin namaz üçün məscidlərə axın etdiyini görmüşdüm. Məkkəyə, Adanaya getməyək, özümüzə baxaq: qorxanda, xəstələnəndə, dara düşəndə duadan yapışmırıqmı? Düşməkdə olan təyyarədə ateist olmaz deyirlər; müharibədə, yanğında, zəlzələdə, yoluxucu xəstəliklərdə, minalanmış ərazidə ateist olarmı? Firon Musanın rəbbinə səcdə etməkdən üz çevirmişdi. Elə ki üstünü alan dalğaları gördü, iman etdi, amma artıq çox gec idi. Hamımızın içində fironluqdan bir parça var, elə deyilmi?!
44 gündə tamamlanan kəm-kəsirsiz Qarabağ qalibiyyətində, şübhəsiz ki, şəhidlərimiz də oldu. Zəfər ilə zərər, zəfər ilə bədəl bir-birindən ayrılmaz. Əmək olmadan yemək olmadığı kimi, şəhid vermədən də qalibiyyət olmur. İrfan jurnalına yazdığım təxminən hər on beş yazıdan birini “vəfat” haqqında yazmışam. Gün gecə ilə gündüzün cəmidir. Günün yarısı dünyadır, yarısı axirət. Yaşamaq və ölmək bir almanın iki yarısıdır.
Telefonla danışdığım qardaşlardan biri (keçmiş tələbəm): “Xocam, düşünürəm ki, mən vəfat etsəm, görəsən, mənim arxamca da vəfat yazısı yazarsınızmı?” - demişdi.
Ağlı başında olan hər insan, bir an belə olsa, ölümündən sonra nələr olacağını düşünməmiş olmaz. Rəsulullahın (s.ə.s) babası Əbdülmüttəlib ölüm döşəyində yatarkən ətrafında olan qızlarına və bacılarına belə demişdi: “Mən öldüyüm zaman arxamca nə söyləyəcəksiniz? Öldüyümü fərz edin, bir ağı deyin, görüm, nə deyirsiniz?”.
“Görəsən, Adəm xoca yazarmı?” – demişdin. Sənin üçün bir fərqlilik edim, sənin haqqında ölmədən yazım. Adını yaza bilmərəm, amma əminəm ki, oxuyacaq və təbəssüm edəcəksən. Təbəssüm etmək və etdirmək peyğəmbər sünnəsi deyilmi?
Xatırlayırsanmı, dərslərin birində ərəbcə kəlmələrin sonundakı “te” hərfinin müənnəslik (qadın cinsi) əlaməti olduğunu öyrətdiyim zaman “məytun” (ölü) kəlməsinin sonundakı “te” hərfinə görə bu kəlmənin müənnəs olduğunu demişdin. Mən də sənə: “Oradakı açıq “te”dir, müənnəslik əlaməti deyil”, - demişdim. Sinifdə soruşduğun kəlmə illər sonra yenidən aramıza girdi. Əslində heç uzaqlaşmamışdı ki!..
Ailəni tanıyırdım. Səndəki oxuma həvəsinin, intellektual marağın, əyin-başındakı səliqə-səhmanın, kənddə belə ağ köynək geyinib gəzmək adətinin ata-anadan keçmə olduğunu bilirdim. Nümunəvi ata-ananın uşağına təsirini səndə görürdüm və bəzən başqa yerlərdə səni misal çəkirdim. Bir dəfə, “Tələbəlik illərimdə məktəbimizdəki kranların isti suyu vardı. Ata-anam evdə soyuq su ilə dəstəmaz alırlar deyərək mən də kranın soyuq suyunu açar, isti sudan istifadə etməzdim”, - demişdin. Bu sözün mənə çox təsir etmişdi. Sevmək və məhəbbət budur!
İşlədiyi müəssisədə günorta yeməyində verilən portağalı, biskviti yeməyərək uşağına aparan mərhəmət dolu analar və atalar var. Dünyada hər şey artır, amma mərhəmət azalır. Dünyanın yeni model telefonlara, maşınlara, daha sürətli internetə deyil, mərhəmətə ehtiyacı var. Osman Nuri Topbaş əfəndi ziyarət etdiyi tədris mərkəzlərində “tələbələrə hansı yeməyi verirsinizsə, bizə də eynisindən verin” deyərdi. Ziyarətinin müəssisəyə əlavə maddi yük gətirməməsi üçün də, getməzdən əvvəl, əlavə olaraq yardım təqdim edərdi. Çanaqqalada Seyid çavuş ağır top mərmisini təkbaşına qaldıraraq (276 kq) düşmən gəmisini batırır. “Səni nə ilə mükafatlandıraq?” – deyirlər. Heç nə istəmir. Davam edən təkidlərdən sonra: “Çörək payımı bir az artırsanız yaxşı olar, çünki doymuram”, - deyir. Seyid çavuşa iki əsgərin payını verirlər. Bir gün sonra ikinci çörəyi geri qaytarır və: “Mən də hər kəsin yediyi qədər yeyəcəyəm”, - deyir. Müharibə qurtardıqdan sonra ona aylıq müavinət veriləcəyini eşidəndə: “Mən müavinət üçün deyil, vətən üçün vuruşdum”, - deyərək verilən pulu qəbul etmir.
Azərbaycanlı şəhid general Polad Həşimov da özünə həddiyyə verilən evi şəhid ailəsinə bağışlamışdı. Özünə verilən evi sataraq son model bir maşın almaq, geyim-keciminə xərcləmək, dünyanı gəzib-dolaşmaq var ikən açarı şəhid ailəsinə təqdim etmək, inşallah, cənnətin açarını əldə etmək və Rəsulullahın (s.ə.s) əlindən kövsər suyunu içməklə nəticələnəcək.
Musa Topbaş həzrətlərinin İstanbul boğazına baxan köşkündə, havanın soyuq olmasına baxmayaraq, isidici sistem işə salınmamışdı. Həzrətdən soruşurlar: “Qənaət edirsiniz?”. Belə cavab verir: “İstanbulun kasıbları hələ sobalarını qalamayıb; biz də bir az üşüyək, onlar kimi olaq”. Musa əfəndi zaman-zaman qırıq düyüdən bişirilən aşdan yeyərmiş...
Əthəm Cəbəcioğlu xocam gecə qalxdığı zaman evinin balkonunda, qarla örtülən Ankaranın soyuğunda üşüyərək təsbeh çəkdiyini danışmış və: “Siz də çıxın, üşüyün; soyuqda vuruşan, keşik çəkən əsgərlər, sobasını qalaya bilməyən kasıblar var”, - demişdi.
Qardaşım! Allah sənə iki cahan səadəti versin! Musa Topbaşdan Osman Nuri Topbaşa, Seyid çavuşdan Polad Həşimova kimi axıb gələn və qiyamətə qədər axacaq olan mərhəmətdən nəsibin var, əlhamdulillah.
Sevdiyini büruzə verməmək və dilə gətirməmək bizim yayğın olan qüsurumuzdur, elə deyilmi? Bu səbəbdən cənazələrin ardından çox peşman oluruq və çox ağlayırıq...
ŞƏRHLƏR