HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 13
Yunus Əmrə həzrətləri buyurur:
Ey dün-ü gün Haqq istəyən,
Bilməz misən Haqq qandadır?[1]
Hər qandasam onda hazır,
Qanda baxarsam ondadır.
Allah-Təala ayeyi-kərimələrdə belə buyurur:
وَ لِلّٰهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللّٰهِ
“Şərq də, Qərb də Allahındır. Ona görə də hansı tərəfə yönəlsəniz, Allah oradadır…” (əl-Bəqərə, 115)
وَهُوَ مَعَكُمْ اَيْنَ مَا كُنْتُمْ
“…Harada olursanız olun, O sizinlə birlikdədir...” (əl-Hədid, 4)
Allah-Təala zamandan və məkandan münəzzəh, hər zaman və məkanda hazır və nazirdir.
Haqq-Təala sonsuz qüdrəti ilə yaratdığı bütün varlıqların hər an yanındadır, onlara özlərindən daha yaxındır. Onun iradə və yaratması olmasa, bütün o varlıqlar nə var olar, nə də varlıqlarını davam etdirə bilərlər. Çünki bütün güc-qüdrət sahibi yalnız Allah-Təaladır.
İdrakdan uzaq və mükəmməlin üzərində olan Rəbbimiz hər an qullarını görür, eşidir, onların hər hallarına vaqifdir. Məhz bu şüur və idrak içində qəlbən Allahla bərabər olan Haqq dostlarına bu fani aləmdə gördükləri hər şey ilahi qüdrət və əzəmət təcəllilərini xatırladır.
Arif insan hara baxsa, Allahı xatırlayar. “Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar…” (Ali-İmran, 191) ayeyi-kəriməsindən nəsib alar. Rəbbinin qulunu bir an belə unutmadığını düşünərək qəflətdən çəkinər.
Bizi yaradan, maddi və mənəvi nemətləri ilə təchiz edən, istədiyi qədər yaşadan və sonda yenə öz hüzuruna qaytaran Rəbbimiz haqda belə bir qəlbi oyanıqlıq içində olmaq daima zikr halında yaşamaq deməkdir. Yəni müəyyən bir zaman ərzində deyil, ömür boyu, hər nəfəsdə Allahla bərabərlik şüurunu qəlbə nəqş etməkdir.
Bir hədisi-şərifdə belə buyurulur:
“İmanın ən üstün mərtəbəsi harada olmağından asılı olmayaraq Allahın səninlə bərabər olduğunu bilməyindir”. (Heysəmi, I, 60)
Mənəvi sayıqlıq, fərasət və bəsirətlə hikmət və həqiqətlərə vaqif olmaq yalnız qəlbin Allaha yaxınlığı nisbətində hasil olar.
Bu hadisə bəhs etdiyimiz həqiqəti necə də gözəl izah edir:
Rəvayətə görə, İsa u bədənində alaca xəstəliyi olan və xəstəliyin təsiri ilə gicgahları batan bir nəfərlə rastlaşdı. Həmin adam sanki xəstəliyindən bixəbər halda öz-özünə belə deyirdi:
“Ya Rəbb, sənə sonsuz həmd-sənalar olsun ki, insanların əksəriyyətinə verdiyin dərddən məni xilas etdin!..”
İsa u qarşısındakı adamın idrak səviyyəsini və mənəvi dərəcəsini anlamaq arzusu ilə ona:
“Ey insan, Allahın səni xilas etdiyi hansı dərd var ki?!” - deyə soruşdu.
Xəstə bu cavabı verdi:
“Ey Ruhullah, xəstəlik və bəlaların ən dəhşətlisi qəlbin Allahdan qafil və məhrum qalmasıdır. Şükürlər olsun ki, mən Haqq-Təala ilə bərabər olmağın zövq və feyzindən məhrum deyiləm. Sanki cismimdəki xəstəliklərdən heç xəbərim yoxdur…”
Yunus Əmrə həzrətləri buyurur:
İstəməgil Haqqı iraq,[2]
Könüldədir Haqqa duraq.
Sən sənliyin əldən burax,
Təndən içəri candadır.
Haqq dostu ariflər belə deyir: “Sən çıxarsan aradan, qalar səni Yaradan”. Yəni mənliyi, ənaniyyəti, qürur və təkəbbürü yenmədən könül aynası nurlanmaz. Nəfs pərdəsinin ardından baxanlar yalnız surət və şəkilləri görər, məna aləminə, sirr və hikmətlərə vaqif ola bilməzlər. Qəlbini nəfsani arzulardan xilas edən, yəni nəfs maneəsini aşaraq Allahın nuru ilə baxanlarsa daima Rəblərini qəlblərində taparlar.
Uca Rəbbimiz ayeyi-kərimələrdə belə buyurur:
وَاِذَا سَاَلَكَ عِبَاد۪ى عَنّ۪ى فَاِنّ۪ى قَر۪يبٌ
“Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam…” (əl-Bəqərə, 186)
وَنَحْنُ أَقْرَبُ اِلَيْهِ مِنْ حَبْلِ الْوَر۪يدِ
“…Biz ona şah damarından daha yaxınıq.” (Qaf, 16)
وَاعْلَمُوا اَنَّ اللّٰهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِه۪
“…Bilin ki, Allah insanla onun qəlbi arasına girər…” (əl-Ənfal, 24)
Həqiqətən, qəlbimizdən keçən duyğu və düşüncələri bizdən başqa heç kim bilməz. Lakin;
“Allah xain baxışları və qəlblərin gizlətdiyini bilir”. (əl-Mumin, 19)
Allah-Təalanın qullarına onların özlərindən də yaxın olduğunu layiqincə idrak edən ariflər öz nəfslərinin arzusuna deyil, hər bir halda ilahi iradəyə ram olarlar. Cüzi iradələrini əsla külli iradənin əksinə işlətməzlər.
Qeyd edəcəyimiz hadisə bu həqiqəti nə gözəl xülasə edir:
XIX əsrin məşhur təsəvvüfçülərindən Şeyx Muhamməd Nurul-Arabinin “bəşəri/cüzi iradə”ni inkar etdiyinə dair dedi-qodular yayılır. Bunu eşidən Sultan Əbdülməcid şeyxin hüzur dərsinə çağırılmasını və bu məsələ haqda orada sorğu-sual edilməsini əmr edir. Hüzur dərsində iştirak edən şeyxə bu məsələ haqda sual etdikdə belə cavab verir:
“Mən ümumi mənada cüzi iradənin olmadığını deyib onu inkar etmədim. Lakin bəzi insanlar üçün onun yox hökmündə olduğunu söylədim. Çünki böyük Allah dostları daima ilahi hüzurda olduqlarının idrakı içində yaşadıqları üçün cüzi iradələrində də söz sahibi olmaları, demək olar ki, yoxdur. Bu səbəblə hər halda öz iradələrinə deyil, mülkündə yaşadıqları Allah-Təalanın iradəsinə tabe olaraq hərəkət edərlər. Əks təqdirdə ədəbə zidd hərəkət etmiş və qüsur işləmiş olarlar.
Məsələn, biz indi padşahın hüzurundayıq. Gəl deyirlər gəlirik, get deyirlər gedirik. İradəmizi bizə hökm edən padşahın iradəsinə rəğmən istədiyimiz kimi işlətmək mümkün deyil. Bir də bu məclisdən uzaq olan qafillərə və digər məxluqata baxın. Tamamilə sərbəst və hür iradə sahibidirlər”.
Aldığı cavabdan çox razı qalan padşah şeyxə iltifat edərək bəxşiş verir.
Xülasə, insanın daima ilahi hüzurda olduğunu hiss etməsi, bu şüurda yaşaması imanın ruhudur. Bütün ibadət və gözəl davranışlarda arzu olunan ixlas, təqva və xüşu halı yalnız bu qəlbi səviyyə ilə əldə edilə bilər. Çünki biz Allahı görə bilməsək də, Onun hər an bizi gördüyü, daima bizimlə olduğu, hətta bizə bizdən yaxın olduğu şüuru ilə işlənən saleh əməl ixlas ağacını böyüdər, təqva çiçəklərini tumurcuqlandırar, xüşu meyvələrini yetişdirər.
Heç bir faninin görmədiyi anlarda belə istiqamət üzrə qalmaq, bəşər nəzərindən uzaq məkanlarda belə günahlardan çəkinmək yalnız: “Rəbbim məni hər zaman və məkanda görür, ilahi kameralar hər halımı çəkir” şüurunu qəlbə nəqş etməklə mümkündür.
Yunus Əmrə həzrətləri buyurur:
Miskin Yunus gözün aç bax,
İki cahan dopdolu Haqq!
Sidq[3] oduna gümanı yax,
Ol aşkara pünhandadır...
Gözün görmək, qulağınsa eşitmək imkanları məhduddur. İnsan bu sərhədlərin xaricində qalan səs və işıqları qavramaqdan acizdir. Haqq-Təala isə o qədər zahirdir ki, zühurunun şiddətindən qaibdir. Yəni Onun uca zatını dünya gözü ilə görə bilmək, dünyəvi imkan və qabiliyyətlərlə idrak edə bilmək mümkün deyil. Çünki Allahın uca zatı bizim üçün qəlbən təsdiq edib təslim olduğumuz qeyb həqiqətidir.
Zaman və məkandan münəzzəh olan Rəbbimiz hər halımızdan xəbərdar və hər əməlimizə şahiddir. Elə isə möminlər olaraq bu həqiqətin şüur və idrakı ilə qulluq ədəbinə yaraşmayan hal və hərəkətlərdən həssaslıqla uzaq olmalı, səmimiyyətlə Allahın riza və məhəbbətini cəlb edəcək saleh əməllər işləməyə çalışmalıyıq.
Bu mənada qəlbin Allahla bərabər olması və insanın hər an özünü ilahi hüzurda hiss etməsi məqbul qulluq həyatı üçün zəruridir.
Bu qissə nə qədər hikmətlidir:
Bir vaiz kürsüdə axirət haqda söhbət edirdi. Şeyx Şibli həzrətləri də camaatın arasında idi. Vaiz qiyamət günü Allahın insandan soruşacağı suallardan bəhs edərək:
“Elmini harada sərf etdiyini soruşacaq! Mal-mülkünü haradan qazanıb hara xərclədiyini soruşacaq! Ömrünü necə keçirdiyini soruşacaq! İbadətlərinin nə halda olduğunu soruşacaq! Halal-harama diqqət edib-etmədiyini soruşacaq!..”
Beləliklə, “filan, filan şeyləri soruşacaq”, - deyərək hər biri əhəmiyyətli olan bir çox xüsusdan bəhs etdi.
Lakin bu qədər təfsilatlı izaha baxmayaraq məsələnin özəyinə diqqət çəkilməməsi üzərinə Şibli həzrətləri mülayim üslubla vaizə səsləndi:
“Ey vaiz, ən mühüm suallardan birini unutdunuz. Allah-Təala əsas bunu soruşacaq:
“Ey qulum, mən hər an səninlə idim (sənə şah damarından daha yaxın idim), sən kiminlə idin?!”.
Qulluğun əsası da məhz bu şüur və idraka sahib ola bilməkdən ibarətdir. İnsan həqiqətən Rəbbi ilə birlikdəliyi nisbətində haqq yol və istiqamət üzrədir. Qəlbi “Allah” deyən bir insan harama əl uzatmaz, bismillah çəkərək başqalarına zərər verməz, Rəbbini zikr edərək könüllərə tikan batırmaz. Yəni ən ağır xətalar, günahlar, mənəvi itki və zərərlər daima Allahdan qafil qaldıqda meydana çıxar. İnsan Yaradanı unutduğu zaman nəfsinin əsarətinə düçar olar, şeytanın azdırmasına məruz qalar.
Rəbbimiz xəbərdarlıq edərək bizə belə buyurur:
“Allahı unudan və buna görə də Allahın onlara özlərini unutdurduğu kəslər kimi olmayın!..” (əl-Həşr, 19)
Ona görə də bizə verilən məhdud saydakı nəfəslərimizi qəflətlə hədər etməmək mühüm məsələdir. Bir hədisi-şərifdə bu barədə belə buyurulur:
“Cənnət əhli başqa heç bir şey üçün deyil, yalnız Allahı zikr etmədən keçirdikləri zamanlar üçün həsrət və peşmanlıq duyacaqlar”. (Heysəmi, X, 73-74)
Yəni biz bu dünyada Rəbbimizi nə qədər zikr etsək, sabah axirət günü ilahi vüsala həmin nisbətdə nail ola bilərik.
Ona görə də ariflər “Hədər olmuş anladıq, Sənsiz keçən saatımız” kəlamının ifadə etdiyi hissiyyatla Allahla qəlbən birlikdə ola bildikləri vaxtları əhya edilmiş ən bərəkətli zaman bilmişlər. Bunun əksinə, Allahdan qafil keçən vaxtları da ən böyük zərər və ziyan saymışlar.
Demək olar ki, bütün hakimiyyət illərini səfərdə keçirən, dərviş xislətli padşah olan Yavuz Sultan Səlimin bu halı da necə ibrətlidir:
Yaxınlarından Həsən Can belə nəql edir:
“Ömrünün son günlərində Yavuzun kürəyinə şirpəncə deyilən bir çiban çıxmışdı. Çiban qısa müddət ərzində o qədər böyüdü ki, kürəyində oyuq açıldı. O qədər dərin idi ki, Yavuzun ciyəri görünürdü. Çox əziyyət çəkirdi. Yaralı aslana bənzəyirdi. Hər şeyə rəğmən acizliyini qəbul etmir, cəngavər əsgərlərinə təlimatlar verirdi. Yanına yaxınlaşdım. Düşdüyü xəstəliyi qəsd edərək:
“Həsən Can, bu nə haldır?” – dedi.
Mən də artıq fani yolçuluğun sonuna, əbədi həyatın ilk mənzilinə yaxınlaşdığını sezdiyim üçün hüznlə:
“Sultanım, hər halda artıq Allahla birlikdə olmaq zamanınız gəldi”, - dedim.
Əzəmətli sultan heyrətlə üzümə baxaraq belə dedi:
“Həsən, Həsən! Sən məni bu ana qədər kiminlə birlikdə zənn edirdin?! Olmaya Allaha münasibətimdə bir qüsur görmüsən?!”
Bu sözlər qarşısında utanaraq:
“Haşa, sultanım! Elə demək istəmədim. Sadəcə içində olduğunuz zamanın digər vaxtlardan fərqli olduğunu ifadə etmək istədim”, - dedim.
Artıq bambaşqa aləmlərə dalan sultan son dəfə mənə Yasin surəsini oxumağı əmr etdi. “Salam” ayəsinə çatanda ruhunu Rəbbinə təslim etdi”.
Xülasə, qulluq ədəbi fani dünyanın keçici sevdalarını və nəfsani cazibələrini qəlbdən çıxararaq könül sarayını ona ən layiq olana, yəni Xaliqinə həsr etməyi tələb edir. İmam Şafei g-nin buyurduğu kimi: “Haqq ilə məşğul olmayan qəlbi batil işğal edər”.
Yunus Əmrə həzrətləri buyurur:
Mən Ayımı yerdə gördüm,
Nə istərim göy üzündə?
Mənim üzüm yerdə gərək,
Mənə rəhmət yerdən yağar…
Mömin ilahi qüdrət və əzəmət qarşısında heçlik və yoxluğun ən gözəl ifadəsi olan səcdələrlə Rəbbinə yaxınlıq səadəti əldə edər. Haqqın hüzuruna üzünü qoyan bir möminə ilahi rəhmət təcəlliləri həmin səcdəgahdan yağmur kimi yağar.
Allah-Təala üzü yerdə olan, boynubükük, alçaq könüllü, təvazökar möminləri sevər. O, sevdiyi qullarına müstəsna lütflər edər. Eynilə yağış sularının yüksək və dik təpələrdə deyil, aşağıdakı çuxurda yığılması kimi.
Şair nə gözəl deyir:
Məzhəri-feyz olamaz düşməyicək xakə nəbat,
Mütəvazi olanı rəhməti-Rəhman böyüdər.
Yəni “Toxum torpağa düşmədikcə boy atıb böyüməz. Bu baxımdan Allah-Təalanın rəhməti (gözü yüksəklərdə olan təkəbbürlüləri deyil, ancaq torpaq kimi) mütəvazi olanları böyüdüb ucaldar”.
Həzrət İsa u bir dəfə yanındakılardan:
- Toxum harda bitər? - deyə soruşdu. Onlar da:
- Toxum torpaqda / yerdə bitər! - dedilər.
Bu cavabı alan İsa u buyurdu:
“Hikmət də belədir. Yalnız torpaq kimi mütəvazi olan qəlbdə bitər”.
Mövlana həzrətləri də:
“Təvazökarlıqda torpaq kimi ol.
Bahar mövsümündə heç daş cücərərmi? Torpaq kimi təvazökar ol ki, səndən al-əlvan çiçəklər yetişsin!..” - buyurur.
Həqiqətən torpağın üstündə gəzən canlılar ayaqları ilə onu tapdalayar və bütün artıqlarını onun üstünə tökərlər. Torpaq isə səssiz-səmirsiz, heç bir etiraz etmədən bütün kiri qoynuna alıb təmizləyər, sonra yamyaşıl bitkilər, ləziz meyvələr ikram edərək üzərində dolaşan bütün məxluqları bəsləyər.
Təvazökar bir möminin qəlbi də beləcə münbit torpaq kimi olmalı, məxluqatdan hansı rəftarı görür-görsün, daima yaxşılıq və gözəllik sərgiləməlidir.
Bu qəlbi dərinlik, bu alicənablıq peyğəmbərlərin, övliyaların və saleh bəndələrin seçkin vəsfidir. O mübarək zatlar məhz bu sayədə Allah qatında ucalmışlar. Onlara əza və cəfanı rəva görən insanları əfv edə-edə ilahi əfvə layiq olmuşlar. Allahın qullarına ikram edə-edə ilahi lütf və ehsana layiq olmuşlar.
Hədisi-şərifdə belə buyurulur:
“Kim Allahın rizası üçün (Allahın qullarına qarşı) bir dərəcə təvazö göstərərsə, bu səbəblə Allah onu bir dərəcə yüksəldər...” (İbn Macə, Zöhd, 16)
Yəni təvazönün bərəkət və lütfü həddən artıqdır.
Hər şeydən əvvəl bilməliyik ki, təvazö halının artması insanın Allah qatındakı dərəcəsinin yüksəlməsinə işarədir. Təvazökarlıq qulluğu kamil edən və bir çox gözəl xislətin bağlı olduğu müstəsna fəzilətdir. Belə ki:
ü Təvazökar mömin səxavətli olar. Çünki özündə heç bir varlıq görməz, əlindəki sərvəti özündən bilməz. Ona görə də Allahdan gələni Onun yolunda sərf etmək təvazökar bir insana ağır gəlməz, əksinə, tərifəsığmaz həzz verər.
ü Təvazökar mömin əfvedici olar. Əfv edə-edə ilahi əfvə layiq olmağa çalışar.
ü Təvazökar mömin başına gələn əza və cəfalara səbir edər. Bunları təzkiyə və əcr vəsiləsi sayar.
ü Təvazökar mömin xidmət əhli olar. Yüksək məsuliyyət duyğusu ilə özünü möhtac din qardaşlarından məsul görər.
ü Təvazökar mömin fədakardır, zərifdir, incə ruhludur…
Bütün bunlar Rəbbimizin riza və məhəbbətinə vəsilədir. Təvazökarlıqdan uzaq kəslər isə bütün bu gözəlliklərdən məhrumdur.
Allahın qullarını xor görərək özünü bəyənmək qədər insanı mənən həlak edib qəhri-ilahiyə düçar edən başqa bir fəlakət yoxdur. Bunun üçün Mövlana həzrətləri bir çox mənəvi təhlükədən qurtulmağın təvazökarlığa bürünməklə mümkün olacağını ifadə mahiyyətində belə təşbeh etmişdir:
“Qılınc boynu olanın boynunu kəsər!.. Kölgə yerə döşəndiyi üçün heç bir qılınc zərbəsi onu yaralaya bilməz”.
Yəni mömin varlıq və mənlik iddiasından vaz keçib kölgə kimi yoxluq və heçliyə nail olarsa, dünyəvi və üxrəvi bəla və müsibətdən əmin olar.
Həzrət Peyğəmbər r belə buyurur:
“Sizə cənnətlikləri xəbər verimmi? Onlar həm zəif olduqları, həm də insanlar tərəfindən zəif görüldükləri üçün heç kimin əhəmiyyət vermədiyi, lakin “belə olacaq” deyə and içsələr, Allahın istəklərini gerçəkləşdirəcəyi kəslərdir.
Sizə cəhənnəmliklərin kim olduğunu deyimmi? Onlar da qatı qəlbli, kobud, xəsis və təkəbbürlə yeriyən lovğa kəslərdir”. (Buxari, Əymən, 9; Müslim, Cənnət, 47)
Bir sözlə, möminə yaraşan ərzi-əndam (boy göstərmək) deyil, ərzi-hal hissiyyatı ilə ömrünün sonuna qədər Allaha qulluq həyatını davam etdirməkdir.
Rəbbimiz hiss və əməllərimizi rizası ilə birləşdirsin. Daimi zikrin feyz və ruhaniyyəti ilə qəlblərimizi hüzura qovuşdursun.
Amin!..
1 spot
Hədisi-şərifdə belə buyurulur:
“İmanın ən üstün mərtəbəsi harada olmağından asılı olmayaraq Allahın səninlə bərabər olduğunu bilməyindir”. (Heysəmi, I, 60)
Haqq-Təala sonsuz qüdrəti ilə yaratdığı bütün varlıqların hər an yanındadır, onlara özlərindən daha yaxındır. Əsas məsələ qulun da bu şüur və idrakda olmasıdır. Yəni mənəvi sayıqlıq, fərasət və bəsirətlə hikmət və həqiqətlərə vaqif olmaq yalnız qəlbin Allahla bərabərliyi nisbətində mümkündür.
2 spot
Qulluq ədəbi fani dünyanın keçici sevdalarını və nəfsani cazibələrini qəlbdən çıxararaq könül sarayını ona ən layiq olana, yəni Xaliqinə həsr etməyi tələb edir. İmam Şafei g-nin buyurduğu kimi: “Haqq ilə məşğul olmayan qəlbi batil işğal edər”.
3. spot
Təvazökarlıq qulluğu kamil edən və bir çox gözəl xislətin bağlı olduğu müstəsna fəzilətdir. Belə ki:
ü Təvazökar mömin səxavətli olar. Çünki özündə heç bir varlıq görməz, əlindəki sərvəti özündən bilməz. Ona görə də Allahdan gələni Onun yolunda sərf etmək təvazökar bir insana ağır gəlməz, əksinə, tərifəsığmaz həzz verər.
ü Təvazökar mömin əfvedici olar. Əfv edə-edə ilahi əfvə layiq olmağa çalışar.
ü Təvazökar mömin başına gələn əza və cəfalara səbir edər, bunları təzkiyə və əcr vəsiləsi sayar.
ü Təvazökar mömin xidmət əhli olar. Yüksək məsuliyyət duyğusu ilə özünü möhtac din qardaşlarından məsul görər.
ŞƏRHLƏR